Sazın və sözün beşiyi olan Kəlbəcər mahalı ustad aşıqları, istedadlı şairləri ilə tanınıb. Tarixən Göyçə mahalı ilə qonşu olan, qaynayıb-qarışan, xeyir-şər məclislərini birgə keçirən Kəlbəcər elləri taleyin amansız illərini – didərginlik ömrünü də bir yaşamalı oldular. Kəlbəcər-Göyçə aşıqlarının ifa sənətindəki eynilik, eləcə də bu bölgədə yaşayıb-yaradan el şairlərinin poeziyasındakı üslubi və ruhi yaxınlıq eyni kökə söykənən ədəbi mühitdən xəbər verir.
Heç də təsadüfi deyil ki, Aşıq Alı, Aşıq Ələsgər, Növrəs İman kimi əslən Göyçədən olan görkəmli saz və söz sənətkarları həmişə Kəlbəcərlə, onun qonaqpərvər və qədirbilən insanları ilə təmasda olmuş, illərlə bu gözəllik məskənində məskunlaşmaqla yeni-yeni əsərlərini yaratmışlar. Dədə Ələsgər bihudə yerə deməmişdir:
Gəşt eylədim bu dünyanı dolaşdım,
Kəlbəcərin xeyri-şəri yaxşıdır…
Dədə Ələsgərin Kəlbəcərdə ən yaxın dostu Ağdabanlı Qurban olmuşdur. Qüdrətli saz və söz sənətkarı Qurbanın kökü-soyu Şah İsmayıl Xətainin müasiri olan Miskin Abdala gedib çıxır. XIX əsrin sonu, XX əsrin əvvəllərində Kəlbəcər ədəbi mühiti Ağdabanlı Qurbanın yaratdığı «Qurban bulağı» adlı ədəbi birliklə tənzimlənirdi. Aşıqlar, el şairləri bu məclisə toplaşaraq bir-birlərinə yeni şerlərini oxumuş, ədəbi mübahisə, mülahizə və təhlillərini ortaya qoymuşlar. Aşıq Ələsgər, Aşıq Bəsti kimi saz-söz sənətkarları da «Qurban bulağı» məclisinin fəal üzvləri olmuşlar.
Görkəmli folklorşünas alim M. Təhmasib apardığı tədqiqatlardan belə qənaətə gəlir: «Qurban öz zəmanəsinin və mühitinin yaxşı saz və söz ustalarından biri olmuş, məlahətli səsi, məlahətli barmaqları, iti hafizəsi, dastançılıq qabiliyyəti, xüsusi gözəl qoşmaları, gəraylıları, divani və müxəmməsləri, müxtəlif tipli təcnisləri ilə şöhrət qazanmış və babalarına layiq bir övlad olduğunu sübut etmişdir. Qurban savadlı olması ilə müasirləri – Göyçə, Kəlbəcər, Gədəbəy aşıqlarının əksəriyyətindən fərqlənmişdir».
Belə bir mühitdə dünyaya göz açan balaca Şəmşir şair Qurbanın oğlu və şəyirdi kimi tez bir zamanda sazı, sözü və səsi ilə bu sənətdə özünü təsdiq etmiş, el-obada məşhurlaşmışdır. Aşıq Şəmşir atası Qurbanın, ulu babası Miskin Abdalın layiqli davamçısı olmaqla, aşıq sənətinin dədəlik mərtəbəsinə qədər ucalmışdır. Çox erkən sənət aləminə qədəm qoyan, Aşıq Ələsgər, Növrəs İman, Aşıq Bəsti və atası Ağdabanlı Qurban kimi görkəmli sənətkarlarla ünsiyyətdə olan Aşıq Şəmşir bu ustadlardan öyrəndiklərinə və eldən-obadan aldıqlarına, əxz etdiklərinə şəxsi mütaliəsini də əlavə etməklə kamil bir şair kimi formalaşmışdır. O, ilk dərsini atasından almış, sonra mollaxanada oxumuşdur. Kifayət qədər savadlı Aşıq Şəmşir klassik ədəbiyyatımıza, folklorumuza dərindən bələd olmuşdur. Kəlbəcər-Göyçə, Qarabağ-Gəncəbasar bölgələrində yaxşı tanınan Aşıq Şəmşirin daha da məşhurlaşmasında, bütün Azərbaycanda tanınmasında xalq şairi Səməd Vurğunun xidməti olmuşdur. İstisuya qonaq gəlmiş Səməd Vurğun Aşıq Şəmşirdəki fitri istedada heyran olmuş, onun əsərlərinin nəşri qayğısına qalmışdır. Bu görüşdən sonra çox az yaşayan Səməd Vurğunun vəfatı Aşıq Şəmşiri məyus etmiş, o, ömrünün sonuna kimi xalq şairini kədərli şerləri ilə xatırlamışdır.
Dədə Şəmşir aşıq şerinin bütün forma və şəkillərində dəyərli sənət nümunələri yaratmış, özündən sonraya klassik irs qoyub getmişdir. Lakin 1992-ci ildə Ağdaban kəndinə kafir qonşularımızın basqını nəticəsində bu irsin çap olunmayan bir hissəsi, eləcə də şair Qurbanın əlyazmaları yandırılıb külə çevrilmişdir.
1993-cü ildə Kəlbəcər işğal olunduğundan Dədə Şəmşirin 100 illik yubileyini keçirməyə imkan yaranmadı. 2003-cü ildə Respublika Prezidentinin sərəncamı ilə Aşıq Şəmşirin 110 illik yubiley mərasiminin keçirilməsi qərara alındı. Dövlət səviyyəsində keçirilən yubiley tədbirləri bütün respublikamızı əhatə etdi. Xanlarda ustadın büstü qoyuldu, nəfis tərtibatla kitabları nəşr olundu və s.
Dədə Şəmşir Kəlbəcərdə sonuncu aşıq məktəbinin banisi olaraq, yüzlərlə şəyirdini bu sənətə hazırlamış, öz duru, mənalı şerləri ilə neçə-neçə şairin yetişməsinə təsir göstərmişdir. Kəlbəcərdə yaşayıb-yaradan el şairləri – Bimar Əli, Qamışlı Rüstəm, Zal Cabbarlı, şair Firudin, şair Salman, Dəmrçi Abbas, Bəhmən Vətənoğlu, Sücaət, Əli Qurban Dastançı, Əlqəmə və eləcə də çağdaş poeziyamızın Ənvər Rza, Məmməd Aslan, Şamil Əsgər Dəlidağ kimi söz sənətkarları Aşıq Şəmşir poeziyasından bəhrələnməklə özlərinin fərdi yaradıcılıq yolunu müəyyənləşdirmişlər. Aşıq Allahverdi (Qəmkeş), Aşıq Qardaşxan, Aşıq Xalıqverdi və b. onlarla aşıq isə Dədə Şəmşirdən bu qədim və ulu sənəti birbaşa öyrənən şəyirdlərdir ki, sonradan özləri də şəyird hazırlayan ustada çevrilmişlər.
Başlanğıcını Ağdabanlı Qurban ocağından götürən Kəlbəcər ədəbi mühitinin çağdaş mənzərəsi əlvan və çoxçalarlıdır. Oxuculara təqdim etdiyimiz antologiyada yüz müəllifin yaradıcılığından örnəklər verilib. Ona görə də elə hesab edirəm ki, bu nəşrin adını «Yüz şairin bir kitabı» qoymaqda yanılmamışıq. Təqdim olunan müəlliflər həm yazılı, həm də şifahi ədəbiyyatımızın klassik ənənələrinə rəğmən yazıb-yaradan insanlardır. Biz onları eyni müstəvidə birləşdirməklə Kəlbəcər ədəbi mühiti, Kəlbəcərin söz dünyası haqqında müəyyən bir təsəvvür yaratmaq istədik. Lakin bu yüz nəfər hələ Kəlbəcər ədəbi mühitini tamamilə əhatə etmir. Biz diqqətimizi daha çox el arasında tanınan, mətbuatdan imzası bəlli olan, kitabı nəşr edilən, bir sözlə, ədəbi ictimaiyyətin diqqətini cəlb edən müəlliflərə yönəltdik. Bəli, bu gün Kəlbəcər fiziki mənada bizim üçün yoxdur. Lakin mənəvi baxımdan o yaşayır, söz-sənət estafeti nəsildən-nəslə, zamandan-zamana ötürülür. Ədəbiyyatımıza yeni gələn Elşən Əzim, Nadir Məmmədli, Əbülfət Sarıoğlu, Ələmdar Cabbarlı, İsməli Dağlaroğlu kimi gənc şairlərimiz Kəlbəcər poetik ənənəsinin və duyumunun istedadlı ötürücüləridir. Kəlbəcərli şairlərə yeni-yeni yaradıcılıq uğurları diləyirik.