Ənvər İsmayil oğlu Rzayev 1939-cu il martın 3-də Kəlbəcər rayonunun Aşağı Ayrım kəndində anadan olub.
1957-ci ildə Azərbaycan Dövlət Pedaqoji Xarici Dillər İnstitutunun İngilis dili fakültəsinə daxil olub. "Göz işığı" adlı ilk şeiri 1962-ci ildə "Ədəbiyyat və incəsənət" qəzetində dərc edilib. 1967-ci ildə məzunu olduğu həmin fakültədə müəllim, 1972-ci ildə kafedra müdiri, 1979-cu ildən isə dosent kimi fəaliyyət göstərib.1985-ci ildə Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul edilmiş şairin ömrü də yolları kimi qısa oldu: 1987-ci il iyunun 8-də Moskvada vəfat edən şair-alim vəsiyyətinə əsasən, öz doğma kəndində torpağa tapşırılıb.
"Göz işığı" adlı ilk şeiri "Ədəbiyyat və incəsənət" qəzetinin 10 fevral 1962-ci il tarixli sayında çıxdıqdan sonra o, bədii yaradıcılığa başlamışdı. Dövri mətbuatda şeirləri və bədii tərcümələri ilə çıxış edən şair Bayronun "Şilyon məhbusu", "Mazepa", "Parizina" poemalarını tərcümə edib, "İngilis poeziyasının Azərbaycan dilinə tərcümə məsələləri" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək alimlik dərəcəsi alıb.
Ənvər Rza qəlbi poetik duyğularla cilalanmış şair və bacarıqlı tərcüməçi-alim idi. V.Şeksprin, G.Bayronun poemalarını ingiliscədən Azərbaycan dilinə tərcümə etmişdi. Bunlardan başqa, o, S.Vurğunun "Vaqif" dramını ingilis dilinə, C.Bayronun "Çayld Haroldun Səyahəti" poemasını Azərbaycan dilinə tərcümə etsə də, vaxtsız ölüm imkan vermədi ki, onları tamamlasın. Ənvər Rzanın indiyədək "Sənsiz" (1969), "Könlümə bahar düşüb"(1970), "Nə yaxşı görüşdük" (1985), "Bəxtəvər dustaq" (şeirlər və poemalar,1994) və "Kəlbəcərə gedən yollar"(2010) nəşr edilib ki, onun da son ikisini özü görməyib.
Sonuncu - "Kəlbəcərə gedən yollar"ında, demək olar ki, şairin külliyyatı toplanıb. Sağlığında o qədər də səxavətlə nəşr edilməyən bütün şeiri, poemaları, həmçinin ingilis dilindən birbaşa tərcümələri də bu kitabdadır. Canlı xalq yaradıcılığının içində böyüyən, dünya ədəbiyyatının klassik və müasir məzmun və mahiyyətini kamil bilən şairin əsərləri əbədiyaşar ədəbi bir irsdir.
Gəlmişəm Dağlar elsiz, çöl tütəksiz, çəmən lal, Mən bu dərdi oxlamağa gəlmişəm. Yaza nə var, yaylaqların payızda, Vəfasını yoxlamağa gəlmişəm. Susuz yurdum, tək məcmahı, tək simim, Şair kimi sözlə hörüb köksünü. Gözlə çəkib bu dağların əksini, Ürəyimdə saxlamağa gəlmişəm. Göy təpələr sarı örpək bürünür, Duman, çiskin ayağına sürünür. Ata yurdu, qardaş yeri görünür, Bir doyunca ağlamağa gəlmişəm. Naxış olub biçinçinin hər vəri, Qızıl payız ilhamımın sərvəri. Xəzan vaxtı bahar bilin Ənvəri, Dağ çayıyam, çağlamağa gəlmişəm. Bir bax Tez ol, şan-şan eylə ox, nəştər ilə Bəlkə yatan bəxtim oyana, bir bax. Həsrət məqamında ox! Nəştər ilə Deşib ürəyimi oyana bir bax! Təbib davasıyla yaramı gözlər. Süzülüb dikildi yaramı gözlər? Min yol təzələsə yaramı gözlər, Demərəm: Ay zalım, oyana bir bax. Ənvəri eyləmə hədəf düşmənə, Gen gəzib gözümdən, uzaq düş mənə. Dönsəm ilqarımdan asi düş mənə Deyim dərdli-dərdli: oy, ona bir bax. *** Uşaq idim, ay qonşu, Şıltaq idim, ay qonşu! Bağçadakı gülünün İlkini mən dərərdim, Qapındakı qoyunu, Quzunu hürküdərdim. Dalımca söyərdin də, Tutanda döyərdin də. “Uşaqları oddur, od” Deyib yazıq atamdan, Anamdan da əyərdin, Kölgəm görünən kimi “Vurulasan” – deyərdin. Uşaq idim, ay qonşu! Yox kədərim, yox dərdim, Dəcəlliyi sevərdim. Elə sözlər danışıb, Elə işlər görmüşəm! İnək sağdığın yerdə Papağımı tullayıb, Südünü tökdürmüşəm. Acığından, Hirsindən Dodağını yemisən, Sözün elə bu olub: “Vurulasan!” – demisən.. O günlərin üstünü Duman alıb hardasa, O günlər muncuq kimi Düşüb qalıb hardasa. Qonşu, qonşu, qulaq as, Sözün yetib yerinə, “Vurulasan” – deyərdin, Vurulmuşam barmağı Məndən üzük istəyən Qızlarından birinə!
Comments