Əliyev Qəmbər İmamqulu oğlu ali məktəbə daxil olana kimi, öz həyatını belə təsvir edir:
-1939-ci il Kəlbəcər rayonunun Kəlbəcər kəndində anadan olmuşam. Uşağlığım çox ağır və əziyyətlə keçmişdir. Bu yəqin ki, bir tərəfdən dövrün, zamanın ağırlığı ilə, digər tərəfdən isə bizim ailənin atasız olması ilə izah olunur. Mən ailədə 4 qardaşın ən kiçiyi və sonbeşiyi olmuşam. Anam bizi çox zəhmətlə böyütmüşdür. Mən bu gün keçmiş uşaqlıq illərimi böyük hörmət və ehtiramla yada salıram. Deyirəm bəlkə də, belə çətinliklər olmasaydı, bu günkü az-çox nailiyyətləri qazana bilməzdim...
Q.İ.Əliyev 1947-ci ildə Kəlbəcər qəsəbə orta məktəbinə daxil olmuş, 1957-ci ildə həmin məktəbi qızıl medalla bitirmişdir. Orta məktəb illərində ona dərs demiş bir sıra müəllimlər hələ də, Qəmbər Əliyevin xəyalında əbədi bir fəxri heykəl kimi canlanır. Onların arasında Müseyib müəllimi, Surxay müəllimi, məktəbin direktoru-ədəbiyyatçı əməkdar müəllim Cəfər müəllimi, İdris müəllimi, Muxtar müəllimi, Bəhmən müəllimi, kimyaçı Aslan müəllimi, Feyzulla müəllimi hələ də unutmadığını söyləyir.
Q.İ.Əliyev 1957-ci ildə, o vaxtkı K.Marks adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna sənədlərini verib. Qıızl medalla gəldiyi üçün, onu imtahansız qəbul edərək, Maliyyə-kredit ixtisası üzrə tələbələrin sırasına daxil edirlər.
1958-1959-ci illərdə həmin institut üç yerə parçalanmış, Q.İ.Əliyev S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin “İqtisadiyyat” fakültəsində təhsilini davam etdirmişdir. O, 1962- ci ildə həmin universiteti fərqlənmə diplomu ilə bitirmişdir. Gənc mütəxəssislərin bölgüsü ilə məşğul olan Dövlət Komissiyası, Qəmbər Əliyevi uğurlarına görə aspiranturaya tövsiyyə edir. Lakin, adətən aspitanturaya qəbul oktyabr-noyabr aylarında olduğundan, onu müvəqqəti olaraq o vaxt mövcud olan Respublika Tikinti Bankının sərəncamına göndərirlər. Əmr üzrə Sumqayıt Tikinti Bankı şöbəsinə “kredit inspektoru” vəzifəsinə təyin olunur. Sonra isə, Tikinti Bankının şəhər idarəsinə köçürülür. Burada Q.İ.Əliyev Tikinti Bankının komsomol təşkilatı katibi seçilir. Onun burada göstərdiyi müvəffəqiyyətlərə görə, kollektivin hörmətini qazanır, partiya sıralarına qəbul olunur. Tezliklə, ona hətta iki otaqlı mənzil də verirlər. Bunlara baxmayaraq, onun elmə həvəsi günü-gündən artır. Elə bu həvəs-arzu Q.İ.Əliyevi 1968-ci ilin aprel ayında, Dövlət Plan Komitəsinin İqtisadiyyat İnstitutuna gətirir. Burada, əvvəl elmi-tədqiqat qrup rəhbəri, sonralar sektor müdiri və şöbə müdiri işləyir. Bu İnstitutda Q.İ.Əliyev dissertant kimi elmi iş üzərində çalışmış və 1973-cü ildə “Azərbaycan Tikinti Materiallarının inkişafı, yerləşdirilməsi problemləri” mözusunda dissertasiya müdafiə edib, iqtisad elmləri namizədi alimlik dərəcəsi almışdır. Bu illərdə o, həmin institutda ixtisası üzrə müəllimlik fəaliyyəti ilə məşğul olmuşdur.
1970-1973-cü illərdə Dövlət Plan Komitəsi Elmi-Tədqiqat İnstitutunda partiya təşkilatı katibi işləmişdir. 1977-ci ilin noyabr ayında baş müəllim, 1982-ci ildə dosent seçilmişdir. Bunlarla yanaşı, Q.Əliyev İnşaat Mühəndisləri Universitetində çalışdığı illərdə fakültə partiya və həmkarlar təşkilatı katibi, fakültə Elmi Şurasının üzvi seçilmişdir.
Q.İ.Əliyevin elmi fəaliyyəti illərində 40-a yaxın elmi məqalə, diplom layihəsi, və kurs işləri yazılması üçün metodik göstərişlər və s. çap olunmuşdur. O, bütün bu illər ərzində hər tədris ilində tələbələrin diplom qabağı və istehsalat təcrübələrinə rəhbərlik etmişdir.100-dən çox gənc onun rəhbərliyi ilə “Mühəndis-iqtisadçı” diplomu qazanmışdır.
1987-1988-ci illərdə bir qrup əlaçı tələbələrlə Çexoslovakiyanın Bratislava Texniki Akademiyasında bir aylıq təcrübə mübadiləsində olmuşdur. Bu cür fəaliyyətinə görə Q.İ.Əliyev SSRİ Dövlət Plan Komitəsinin 60 illiyi ilə əlaqədar olaraq SSRİ Dövlət Plan Komitəsinin Fəxri Fərmanı və medalı ilə təltif edilmişdir.
Q.İ.Əliyev bir alim kimi müxtəlif illərdə Moskva, Leninqrad, Kiyev, Vilnüs, Rostov, Odessa, Tbilisi, Yerevan və s. elmi mərkəzlərində ixtisası üzrə elmi konfrans və simpoziumlarda elmi mühazirələr oxumuşdur.
Commentaires