Əhmədov Yusif Kərəm oğlu, 1941-ci ildə Kəlbəcər rayonunun Kəlbəcər qəsəbəsində anadan olmuşdur. 1948-ci ildə Kəlbəcər kənd orta məktəbinin I sinfinə qəbul olmuş, 1958-ci ildə həmin məktəbi qurtarmışdır. O, 1958-ci illərdə Kəlbəcər rayon mərkəzi pionerlər evinin direktoru işləmişdir. 1959-cu ildə V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin Biologiya-kimya fakültəsinə daxil olmuşdur. 1964-cü ildə institutu bitirdikdən sonra, təyinatla Kəlbəcər 1 saylı orta məktəbinə kimya-biologiya müəllimi kimi işə qəbul olmuşdur. 1965-ci ildən müəllim işləməklə yanaşı həm də Kəlbəcər rayon Xalq Maarif şöbəsində metodist-inspektoru vəzifəsində çalışmışdır. 1966-cı ildən 1967-ci ilə kimi Kəlbəcər şəhər fəhlə-gənclər məktəbində direktor işləmişdir.
Y.K.Əhmədov 1967-ci ildə V.İ.Lenin adına APİ-nin botanika üzrə aspiranturasına daxil olmuşdur. 1970-ci ildə aspiranturanı qurtarıb botanika kafedrasına müəllim qəbul olunmuşdur.
Y.K.Əhmədov 1973-cü ildə “Bitki köklərinin uduculuq fəaliyyətinə sitokininlərin təsiri” mövzusunda dissertasiya müdafiə etmiş, biologiya elmlər namizədi alimlik dərəcəsinə layiq görülmüşdür. Həmin ildən kafedrada baş müəllim, 1977-ci ildən dosent vəzifəsində çalışmışdır.
Yüksək elmi bacarığa malik olan Y.K.Əhmədov,1980-81-ci illərdə Humbolt adına Berlin (ADR) Universitetində təcrübəçi kimi fəaliyyət göstərmiş, professor Xorst Körinq ilə birlikdə Almaniyada və İngiltərədə çıxan “Bitki fiziologiyası” jurnalında geniş elmi məqalələrlə çıxış etmişdir. 1984-cü ildən ADPU-nun botanika kafedrasının müdiridir.
Y.K.Əhmədov 1992-ci ildə professor adı almışdır. Onun yazdığı elmi məqalələr nəinki Azərbaycanda, hətda xarici ölkələrdə-İsrail, Çexoslavakiya, Almaniya, Polşa, Rusiya, Qazaxıstan, Özbəkistan, Ukrayna və Belarusiya elmi jurnallarında çap olunmuşdur. Bunlarla yanaşı Y.K.Əhmədov Moskvada, Leninqradda, Permdə, Kazanda, Daşkənddə, Səmərqənddə, Ufada, Alma-Atada keçirilmiş elmi konfranslarda iştirak etmiş, dərin elmi məzmunlu məruzələr oxumuşdur.
Comments