Əbdüləliyev Qabil Hümmət oğlu, 1968-ci ildə Kəlbəcər rayonunun Başlıbel kəndində anadan olmuşdur. 1985-ci ildə Başlıbel kənd orta məktəbini bitirmiş və elə həmin il Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının baytarlıq fakültəsinə daxil olmuşdur.
O, ikinci kursu bitirdikdən sonra, 1987-ci ildə hərbi xidmətə çağrılmış və 1989-ci ilədək “Hava Hücumundan Müdafiə” qoşunlarında nümunəvi şəkildə hərbi xidmətdə olmuşdur.
Hərbi xidmətdən sonra, təhsilini davam etdirən Q.H.Əbdüləliyev 1992-ci ildə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasını fərqlənmə diplomu ilə bitirmiş və Kəlbəcər rayon Baytarlıq İdarəsində dezinfeksiya dəstəsinin rəisi vəzifəsinə təyin olunmuşdur.
Hələ Akademiyada təhsil alarkən onun, elmə böyük həvəs göstərməsi və bütün imtahanlardan əla qiymət alması professor-müəllim heyətinin diqqətini cəlb etmişdir. Buna görə də Akademiyanın Elmi Şurası onun təhsilini aspiranturada davam etdirməsi haqqında qərar qəbul etmişdir. Beləliklə, 1993-cü ildə o, Azərbaycan Elmi-Tədqiqat Baytarlıq İnstitutunda əyani aspiranturaya daxil olmuşdur. O, professor İ.Z.Eyubovun rəhbərliyi ilə yerinə yetirdiyi “Qobustan yarımsəhrasının biogeokimyavi xüsusiyyətləri və onun qoyunlarda mineral maddələr mübadiləsinin bəzi göstəricilərinə təsiri” mövzusunda dissertasiya işini 1998-ci ildə Azərbaycan, Rusiya, Gürcüstan və İran alimlərinin iştirakı ilə keçirilən İxtisaslaşdırılmış Şurada müdafiə etmiş və baytarlıq elmləri namizədi alimlik dərəcəsini almışdır.
Q.H.Əbdüləliyev 5 elmi əsərin müəllifidir. O, “Yunda mineral maddələrin ümumi miqdarının təyini üçün rentgenfotometrik üsulu”nu ixtira etmişdir.
Ailəlidir, iki oğlu var.
Comments