Şükürov Malik Əvəz oğlu, 1950-ci ildə Kəlbəcər rayonunun Zülfüqarlı kəndində anadan olmuşdur. 1956-cı ildə kənd orta məktəbinə daxil olmuşdur. 1966-cı ildə həmin məktəbi bitirmişdir. Məktəbi bitirdiyi ildə də N.Nərimanov adın ATU-nin müalicə-profilaktika fakültəsinə daxil olub və 1972-ci ildə universiteti bitirib. 1972-78-ci illərdə Azərbaycanın Yevlax, Kəlbəcər və Bakı şəhər-lərində cərrah işləmişdir. 1978-ci ildən indiyə qədər ATU-də akademik B.A.Ağayevin rəhbərlik etdiyi Cərrahi xəstəliklər kafedrasında elmi-praktik fəaliyyət göstərir. Əvvəlcə, kliniki ordinator, sonra aspirant, 1984-cü ildən 1991-ci ilə qədər asistent vəzifəsində çalışmışdır. 1991-ci ildən indiyə qədər Cərrahi xəstəliklər kafedrasının dosentidir.
M.Ə.Şükürov 1986-cı ildə “Kəskin bağırsaq keçməməzliyində mikrosirkulyasiya dəyişikləri və onların bərpası” mövzusunda dissertasiya müdafiə etmişdir. Müasir cərrahlığın aktual məsələlərinə həsr olunmuş 52 elmi məqalənin və bir kitabın müəllifidir. Onun “Cərrahlıqda deontologiya” adlı kitabı Azərbaycan dilində bu sahəyə həsr olunmuş ilk orjinal əsərdir. Kəskin bağırsaq keçməzliyinə, öd yollarında rekonstruktiv və bərpaedici əməliyyatlara, postxolesistektomik sindroma həsr olunmuş elmi məqalələrində xeyli yeniliklər vardır.
M.Ə.Şükürovun əsərləri təkcə respublikamızda deyil, bir çox xarici şəhərlərdə , o cümlədən, Moskvada, Sank-Peterburqda, Kiyevdə, Odessada, Ankarada, İstanbulda və başqa şəhərlərdə çap olunmuşdur.
Pedaqoji fəaliyyətə xüsusi diqqət yetirən dosent M.Ə.Şükürov ATU-nin 4-cü, 5-ci və 6-cı kurs tələbələrinə dərin məzmunlu, yüksək səviyyəli mühazirələr oxumaqla onların rəğbətini qazanmışdır.
M.Ə.Şükürov işlədiyi müdətdə daimi olaraq müalicə işi ilə məşğul olur. Cərrahlıq fəaliyyəti dövründə 5000-ə qədər cərrahi əməliyyat icra etmişdir ki, bunlardan da ən azı 2600-ə qədəri qaraciyərdə, öd yollarında, mədəaltı vəzidə, mədə və bağırsaqlarda aparılan böyük həcmli əməliyyatlardır.
M.Ə.Şükürov akademik B.A.Ağayevin tələbəsi və yetişdirməsi kimi, onun rəhbərliyi ilə yaradılmış “Qaraciyər, öd yolları və mədəaltı vəzi cərrahlığı mərkəzi”nin aparıcı əməkdaşlarından biridir. Avrasiya Qastroentoloji konqresində və keçmiş Sovetlər Birliyinin bir neçə cərrahlar qurultayında maraqlı elmi məruzələrlə çıxış etmişdir.
Dos. M.Ə.Şükürov elmi-praktiki və tədris fəaliyyətinin bü gün də müvəffəqiyyətlə davam etdirir.
Comments