top of page

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

Writer's picturewww.kalbajar.com

"Şairimiz Qəhrəmanov Tofiqin şeir dünyası" - Jalə NAĞIZADƏ təqdim edir

Qəhrəmanov Tofiq Səlim oğlu 01 Aprel 1935 ci ildə Kəlbəcər rayonunun Güneypəyə kəndində anadan olmuşdur. Atası Hüseynov Səlim Qəhrəman oğlu Kəlbəcər rayon Çay Qılınclı kəndində kolxoz sədri işləyib. 1942 – ci ildə Böyük Vətən müharibəsinə gedib, bir daha geri dönməyib. Q.Tofiq iki bacısı ilə birlikdə, anası və bibisinin himayəsində böyüyüb. Orta məktəbi Kəlbəcərin Yanşaq kəndində bitirib. Daha sonra Azərbaycan Xalq Təsərrüfatı texnikomunu bitirib. Əvvəlcə rayon mərkəzində mühasib işləyib. Tütün tədarükü məntəqəsində bir neçə il mühasib, sonra isə müdir vəzifəsində işləmişdir. O, Kəlbəcərin işğalından sonra Bakı şəhərində məskunlaşıb Keşlə tütün kombinatında işləyib.

Qəhrəmanov Tofiq 26 May 2003 cü ildə Bakı şəhərində dünyasını dəyişmişdir. Məzarı Biləcəri qəbristanlığındadır.

Aşıq şeiri üslubunda qoşma və gəraylılar yazıb, həmçinin saz havalarının mahir ifaçısı idi.

Qalaydım

Bu yerləri görüncə mən kaş ölüb

Dəlidağın qucağında qalaydım,

Bir xal olub yapışaydım ömürlük

Kürt qızının yanağında qalaydım.

Həsrət qaldım torpağına daşına

Baxan yoxdu gözlərimin yaşına,

Bülbül kimi dolanaydım başına

Qızılgülün budağında qalaydım.

Əsəydi dağlardan meh sərin sərin,

Tofiq unudaydı kədərin, qəmin,

Dil deyib ağlayan qoca Tərtərin

Bir daş olub qırağında qalaydım.

Dağların

Çoxdandı gözləyir elin, obasın,

Dikilib yollara gözü dağların.

Gördü harayına heç kimsə yetmir,

Dil deyib ağlayır özü dağların.

Saralıb gülləri, solubdu indi

Bahar buludu tək dolubdu indi

Erməni tapdağı olubdu indi

Dərəsi, təpəsi, düzü dağların.

Çoxdan ayrılmışıq biz Kəlbəcərdən

İndi o yerlərə baxırıq gendən

Öpsəm ayağından, barışmaz mənnən

Dönübdü Tofiqdən üzü dağların.

Görürəm

Bir axşam yuxumdan çıxmır Kəlbəcər

Gözü yaşlı dağlarını görürəm.

Ətəyində məskən salmış kəndlərin,

Viran qalmış bağlarını görürəm.

Gecə- gündüz divarları sökülən,

Torpağına yaşıl alov tökülən,

Ciyərinə oğul dağı çəkilən,

Anaların ağlarını görürəm.

Dəlidağı duman gəlsin bürüsün

Kəlbəcərdə nə qalıbsa qurusun,

O dağlarda qoyun quzu sürüsün,

O əvvəlki çağlarını görürəm.

Tofiq, çalış qürbət eldən aralan,

Öz elində, vətənində yaralan,

Çiçək açıb, bar verməyib saralan,

Boynu buruq tağlarını görürəm

Dağlar

Bir şam olub gecə-gündüz,

Qucağında yanam, dağlar.

Qalxam Gəlin qayasına,

“Baş sarıtel” çalam dağlar.

Gedib öpəm ayağından,

Dərəm quzuqulağından,

İçəm Ceyran bulağından,

Sərbəst nəfəs alam dağlar.

Müddətdi bağlanıb yolum

Qırılıb qanadım qolum,

Torpağına qurban olum,

Orda yatır anam dağlar.

Tofiq hələ dözür dərdə,

Sazında yox nə sim, pərdə,

Arzum budur Kəlbəcərdə,

Bircə gecə qalam dağlar.

Dağlar

Təbiət bəxş edib yaradan gündən

Bütün gözəlliklər səndədir dağlar

Nə qədər sağalmaz yaralar varsa,

Hamısı cəmlənib, məndədir, dağlar.

Gözü qıpıb olar vətənsiz gəzən,

Vətən həsrətinə ağlayar bəzən,

Bütün zülmətlərə zillətə dözən,

Zindanda çürüyən bəndədir, dağlar.

Verilsə Tofiqə ölüm fərmanı,

Şad olar sevinər qaralmaz qanı,

Bütün ağrıların dəva dərmanı,

Dumanda, çiskində, çəndədir dağlar.

Qurban olum

Kəlbəcərin dumanına,

Çiskininə qurban olum.

Sevincinə , kədərinə,

Pis gününə qurban olum.

Kaş görəydim bir də yazın,

Dinləyəydim xoş avazın,

Dədə Şəmşir çalan sazın,

Mən siminə qurban olum.

Ümid bağla haqqa doğru,

Orda yoxdu sual, sorğu,

Böyütdüyün vətən oğlu

Bəhməninə qurban olum.

O dağların

Ta bəsdi sinəmə çəkdiyin dağlar.

İndi öz sinənə çək o dağları

Unut xəyalında ömürlük məni

Dolan Leyli kimi tək o dağları

O da sənin kimi vəfasız olsa

Ayrılıq təbini yarımçıq çalsa

Bənövşə nərgizi saralıb solsa

Çevir altın üstə ək o dağları.

Tofiqlə ömrünü vurmadın başa

Bağladın əlini qara bir daşa

Dönüb bir qartal ol üç yüz il yaşa

O tildən bu tilə sən o dağları.

Mən

Ta dostu, tanışı görə bilmirəm,

Qanadı qırılmış quş olmuşam mən.

Əcəllə üzbəüz durmuşam daha,

Ömrüm sona yetib, puç olmuşam mən.

Heç kim çəkə bilməz mən çəkən dərdi,

İtirib zərini bəxtimin nərdi,

Nə qədər axtardım, tapmadım mərdi,

Namərd gülləsinə tuş olmuşam mən.

Tofiqəm, danışıb gülmürəm daha,

Axan göz yaşımı silmirəm daha,

Qürbətdə dayana bilmirəm daha,

Dolaşıb xəyalım, huş olmuşam mən.

Olubdu

Elə bil zülümkar şah olmaz bil ki,

Sənin zülmün ondan betər olubdu,

Yolunda çəkdiyim əzab əziyyət

İndi görürəm ki hədər olubdu.

Gedirəm az qalıb vaxtıma mənim,

Gülüb naz eyləmə taxtıma mənim

Ağ gün yazılmayıb baxtıma mənim

Alnıma yazılan kədər olubdu.

Hələ yaranmayıb mənim tək yanan

Susuz məhlə kimi saralıb solan

Verdiyin çörəkdə, yağ bal da inan

Tofiqin ağzında zəhər olubdu.

Fələk

Çox yalvardım sənə mən gecə gündüz

Baxmadın bir dəfə sözümə fələk

Çəkib imtahana möhkəm sıxırsan

Dünya tor görünür gözümə fələk.

Aldın qərarımı, aldın səbrimi,

Günü gündən artırırsan dərdimi

Ölməmişdən mənə özcə qəbrimi

Özün qazdırırsan özümə fələk.

Deyirlər sağalmaz onun azarı,

İncitmə Tofiqi tez öldür barı

Dağıdıb düzlərə dövləti varı

Təzədən dizimə döyürəm fələk

Mən

Bir qara pul etdin atdın səhraya

Ayaq altda qalıb əzilirəm mən

Elə bir qurtarmaz dərdə düşmüşəm

Uşaq tək kövrəlib üzülürəm mən

Saralıb saralıb solmuşam indi

Bahar buludu tək dolmuşam indi

Uşaq oyuncağı olmuşam indi

Əllərdə saplara düzülmüşəm mən

Tofiq, yaman düşdün elin gözündən

Başın bəla çəkir sözün düzündən

Elin təhnizindən elin sözündən

Nazilib nazilib büzülürəm mən.

....

Təlatümlü olur könlüm dəryası,

Nədəndi bir axıb durulmadı heç,

Mən qocaldım ahu-fəğan çəkməkdən

Məhəbbət utanıb yorulmadı heç.

....

Mən söz atdım o dinmədi,

Gözüm qaldı dodağında,

Bülbül kimi tez gizləndi,

Qızılgülün budağında.

Göyçəyiydi gözəllərin,

Vurğunuyam ağ əllərin,

Arzum budur o dilbərin

Canım çıxa qucağında.

O qız məni naşı sandı,

Onunçün mətləb uzandı,

Tofiq, qəlbin nə tez yandı,

Məhəbbətin ocağında.

Gəl öldür

Məni öldürməyə yaranmısan sən

Bir az gecikmisən indi gəl öldür

Çəkinmə heçkimdən, qorxma heçkimdən

Bəxtim tənəzzülə döndü gəl öldür.

Naxələflik yoxdu mənim sözümdə

Bütün arzularım qaldı gözümdə

Ta yaşamaq istəmirəm özüm də

Yaşadığım bekar gündü gəl öldür.

Yaman zülm eylədin ey qafil mənə

Qərq etdin ömrümü dumana çənə

Bəlkə ürəyimdə sözüm var sənə

Bir kəlmə Tofiqi dindir, gəl öldür.

Döndüm

Məhəbbətin ocağında,

Yandım-yandım külə döndüm.

Elə soldum, saraldım ki,

Şaxta vurmuş gülə döndüm.

Fələk mənə nakam baxdı,

Varlığımı daşa çaxdı,

Gözlərimdən qan yaş axdı,

Köpüklənmiş selə döndüm.

Tofiq deyər, dərdim boldu,

Bağım, bağçam vaxtsız soldu,

Yaralarım göz-göz oldu,

Bir burulğan gölə döndüm.

Ayrılaq

Bir az dayan, qəm sazımı kökləyim,

Bir “ Yanıq Kərəmi” çalım, ayrılaq,

Sən keçmiş günləri bir an xatırla,

Mən də bir xəyala dalım, ayrılaq.

Yoruldum yolunda dağın, aranın,

Gördüm etibarın vəfasız yarın,

Ürəyimə sən vurduğun yaranın,

Dərmanını kimdən alım, ayrılaq?

Çoxdandı görmürəm dumanı, çəni,

Almışam çiynimə kədəri, qəmi,

Tofiq ta yad bilir özünə səni,

Get, ay zalım qızı zalım, ayrılaq.


Hazirladı: Jalə Nağıyeva, BDU Filologiya fakultəsi, doktorant


Commentaires


Kalbajar.com YouTube kanalın istifadəyə vermişdir. Kanala abunə olaraq izləmə sayını artırın və maraqlı videolardan yararlanın!

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

bottom of page