23:10 | 02.10.2018
Mərhum şair Sücaətin qardaşı – tanınımış jurnalist Hidayət Elvüsal anım günündə Sücaətin indiyədək heç yerdə çap olunmamış bir şeirini Facebook səhifəsində paylaşıb. Kalbajar.com həmin şeiri təqdim edir: EY DOST Düşüb sorağına xoş gələcəyin Ac-susuz azadlıq gəzirik, ey dost. Yarımız vaylarda donub qalmışıq Yarımız toylarda süzürük, ey dost. Yurdumuz, yuvamız gedəndən bəri Gəzirik, tapmırıq bir ümid yeri. Vətən həsrətiylə can verənləri Soyuq məzarlara düzürük, ey dost. Oğul, qız yanında üzümüz qara, Taleyimiz şikəst, qəlbimiz yara. Xarici banklara pul yığanlara Çıxdaşıq, xırdayıq, nəzirik, ey dost. Namusu, qeyrəti, arı itirib, Aşotu, Sərkisi qonaq gətirib, Utanmaz-utanmaz qələm götürüb “Şanlı səhifələr” yazırıq, ey dost. Deyirik əllidir yüz görə-görə, Əyri danışırıq düz görə-görə. Ağıl kəsə-kəsə, göz görə-görə, Bir-birin başını yozuruq, ey dost. Ərşin əyiləndə dözə bilmirik, Haqlı söyüləndə dözə bilmirik. Düz söz deyiləndə dözə bilmirik, Yaralı şir kimi qızırıq, ey dost. …Sücaət, məhşərə çəkiblər bizi, Əyiblər, qırıblar, büküblər bizi. Yığıb qan gölünə töküblər bizi, Bilmirik hayana üzürük, ey dost. Sücaət Yunus oqlu Əhmədov 4 iyun 1943-cü ildə Kəlbəcərdə fizika müəllimi Yunus Əhmədovun ailəsində anadan olub. 2002-ci ildə Gəncə şəhərində ağciyər çatışmazlığından vəfat etmişdir. Məzarı Göy-Göl rayonundadır.
コメント