Gənc olmasına rəğmən ədəbi mühitdə çox yaxşı tanınan, möcüzə diyar Kəlbəcərin igid oğlu Eyvaz Əyyub günüdür bu gün. Tanrı onu söz dünyasının sakini etməklə mükafatlandırıb. Kəlbəcərdən bir neçə aylığında çıxan E. Əyyub oraları görməsə belə, yurdunu ruhunda, şeirlərində yaşadıb. Şərəfli bir peşənin sahibi olaraq da hörmət sahibidir. Müəllimdir, orta məktəbdə Azərbaycan dili və ədəbiyyat fənlərini tədris edir. Ümumiyyətlə, Eyvaz istedadlı, savadlı, fəal gəncdir. Tədris etdiyi fənn üzrə müəllifi olduğu test mətnləri dilimizin dərindən öyrənilməsinə xidmət edir. 44 günlük Vətən müharibəsi Eyvazı qəhrəman əskər kimi də tanıtdı bizə. O həm söz, həm döyüş meydanında layiqincə döyüşüb hər iki cəbhənin qəhrəmanı olmağı bacardı. Üzünü görmədiyi Kəlbəcərini geri qaytardı. Bu gün qəhrəmanımız doğum gününü qeyd edir. Və bu gün özəl günündə, 28 ilə yaxın əsirlikdə qalan ana yurdun azadlığı sevincini də yaşayır. Şair, müəllim, qazi Eyvaz Əyyub! Tarix yazan şanlı əskər, Kəlbəcərli doğum günün mübarək!
Sevinc QƏRİB
Gedirəm
Çıxıb bu şəhərdən gedəcəm bir gün,
Sənin xəyalın da getməyən yerə.
Bütün xatirələri qoparıb burdan,
Köç edib gedəcəm yad bir şəhərə.
Baxıb pəncərəndə yanan işığa,
Əlvida söyləyib sakit gedəcəm.
Gecə də gecədən keçdiyi zaman,
Şəhər yatan vaxtı xəlbət gedəcəm.
Inan gedişimə dözməyib səma,
Bulud da gözünü sıxacaq o gün.
Qışın oğlan çağı tökülən yağış,
Tək səni yandırıb yaxacaq o gün.
İlan vuran yatar, sənsə yatmarsan,
Bilə bilməyəcən nə olub sənə.
Sinən nəfəsini tanımıyacaq,
Deyəssən, ilahi, nə olub mənə?!
Düşüb bu şəhərin küçələrinə,
Məni axtaracan, məni gəzəcən.
Içində baş alıb qopan tufana,
Özün bu ağrıya sinə gələcən.
Və birdə aradan illər keçəcək,
Saçının dənində anassan məni.
Hər il də FEVRALIN İYİRMİSİNDƏ,
Mənim ad günümdə anassan məni.
“Bir cüt əsgər çəkməsi ”
(Bu şeir 2010-cu ildə Kəlbəcərdə məşhur fotoqraf
Charles O,Rearin çəkdiyi bir cüt əsgər çəkmələrinə yazılıb)
Dözümün də bizdən çoxmuş,
Gözdəməkdən bezməyirsən.
Sığınıb dogma torpağa
Kök atmısan, gəzməyirsən.
Sahibini soraqlayıb,
Ağacdan, güldən sorursan.
Bəlkə bir gün dönər geri
Deyib xəyallar qurursan.
Yurd daşında silahsız da,
Yaraqsız da yaşıyırsan.
Düyünlənən dərdimizi
Qaytanında daşıyırsan.
Bir əsirn dördən birin
Yola saldın, hələ sağsan.
Bir vətən daşıdır yerin,
Göyərən qara torpaqsan.
Nədir səni isti tutan?
Qışda soyuqdan donmadın,
Yayın qızmar günəşində,
Nə yaxşı ki, sən yanmadın.
“Gedbdir bir ordu bada”,
Qoşundan üstün olmusan.
Yanında bir palıd sınıb,
palıddan mətin olmusan.
Canında var hələ təpər,
Yolumuzu gözləyərsən.
Meşənin lal sükutunda,
Dil açarsan, söz deyərsən.
Kəlbəcərin torpağıdı,
Sənə qüvvət, dözüm verən.
Durduğun yer qucağıdı,
Xoşbəxtsən, ay orda duran.
El yanında üzün ağdı,
Fələk bəxtin qara yazıb.
Bəlkə də sahibin sağdı,
Haradasa yolun azıb.
Sən ayaqdan yetim qaldın,
Mən isə vətəndən yetim.
Sən meşədə məskən saldın,
Bəs mən hansı səmtə yetim?!
.
“Sazım qaldı Kəlbəcərdə”
(Şair Elşən Əzimə)
Neçə ildi bahar gəlmir,
Yazım qaldı Kəlbəcərdə.
Çiçəklərə naz satardım,
Nazım qaldı Kəlbəcərdə.
Həsrəti sözə düzürəm,
Əlimi yurdan üzürəm.
Misralara söz gəzirəm,
Sözüm qaldı Kəlbəcərdə.
Əkdiklərim burda bitmir,
Əlim bara daha yetmir.
Əzablara tab gətirmir,
Dözüm qaldı Kəlbəcərdə.
Qucaqlayıb bir yatdığım,
Təzənəylə oyatdığım.
Simin qırıb, ağlatdığım,
Sazım qaldı Kəlbəcərdə.
Bu nə nalə, bu nə səsdi,
Ay Eyvaz, dözdüyen bəsdi..
Murov aramızı kəsdi,
Gözüm qaldı Kəlbəcərdə.
Kimi
Əllərin nə yaman qırışıb sənin,
Don vurub saralan yarpaqlar kimi.
Əlindən tutanda əllərim dondu,
Qışda buz baqlayan buzlaqlar kimi.
Ayrıldıq o vaxtdan gözlərin yaşdı.
Bəs belə yaşamaq de, sənə xoşdu?!
İndi də tənhasan, ətrafın boşdu,
Sakini olmayan otaqlar kimi.
Yenə də havadan hicran yağırdı,
Kimi islanırdı, kimi baxırdı.
Məni görən kimi rəngin ağardı,
Yazı yazılmamış varaqlar kimi.
Etdiyin əməllər yolunu kəsir,
Səni özlərinə eyləyir əsir.
Ümidün qırılır, əllərin əsir,
Piltəsi qurtaran çıraqlar kimi.
Deyil ki
Ruhum ruhuna həmdəmdi,
Cismim uzaq, qəm deyil ki..
Aşiqə həsrət yaraşar,
O da məndə kəm deyil ki..
Gözüm yox boyda, buxunda,
Hər yerdə sənsən baxanda.
Nə uzaqsan, nə yaxında,
Sənsiz bu mən tam deyil ki!
Soyuq sanır görən məni,
Səndə tapsın soran məni,
Sinəndəki vuran məni,
Dinlə, möhtəşəm deyil ki?
Bu dəli sözün aşiqi,
Ruhunda sazın aşiqi,
Olmuş bu qızın aşiqi,
Bu ürək mənim deyil ki!
Eyvaz Əyyub
Dalidag.az
Comments