Əsgərov Elşad Köçəri oğlu
1974-cü ildə Kəlbəcər rayonu Geştək kəndində dünyaya gəlib. Kəlbəcər şəhər 3 N-li orta məktəbi bitirdikdən sonra 1992-ci ildə Bakı Dövlət Universitetinə daxil olub.1998-2001-ci illərdə AMEA Zoologiya İnstitutunun əyani aspirantı olub.
2002-ci ildən Ümumdünya Təbiəti Mühafizə Fondunda (WWF) layihə koordinatoru kimi işlə başlayıb. Azərbaycanın nadir və nəsli tükənmək təhlükəsində olan növlərinin qorunmasına, sayının bərpasına yönəlmiş layihələrə rəhbərlik edib. Nəsli az qala tükənmiş hesab olunan Qafqaz bəbirlərinin Zəngəzur və Talış dağlarında qaldığını aşkarlayıb, ilk dəfə olaraq fotolarını əldə edib və onların qorunması üçün 15 il ərzində proqrama başçılıq edib. 2010-cu ildə H. Əliyev Fondu, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə başlanmış proqram çərçivəsində ceyranların tarixi yaşayış məskənlərinə qaytarılması layihəsinə WWF tərəfindən rəhbərlik edib.
Foto 1. Təbiətə buraxılan ceyranları müşahidə etmək üçün boğazlarına radioxaltalar bağlanır.
2011-ci ildə H. Əliyev Fondunun vitse prezidenti Leyla Əliyeva tərəfindən təsis olunan İDEA İctimai Birliyi bu layihələrə ciddi dəstək verməyə başlayıb və artıq respublikanın 5 ərazisində Şirvan milli parkından gətirilmiş ceyranlar artıb çoxalmağa başlamışdır.
Foto 2. İDEA İctimai birliyinin təsisçisi Leyla Əliyeva Ümumdünya Təbiəti Mühafizə Fondu (WWF) Azərbaycan nümayəndəliyinin rəhbərinə vəhşi təbəti müşahidə etmək üçün xüsusi kameralar təqdim edir.
Haşiyə 1. Ceyran (Gazella subgutturosa) Azərbaycanın folklorunda, ədəbiyyatında, incəsənətində geniş yer almış Azərbaycanın Qırmızı kitabına daxil olunan heyvandır. Unudulmaz şairimiz S. Vurğunun ceyran haqqında yazdığı şer dillər əzbəridir. Keçən əsrin əvvəllərində Mərkəzi Aran və dağətəyi bölgələrimizdə onların sayı 50-60 min baş olmuşdur. 1960-cı ildə alimlərin apardığı sayğı nəticəsində ölkədə cəmi 200 baş ceyran qaldığı məlum oldu. Akademik Həsən Əliyevin təşəbüsü ilə təcili yaradılmış qoruq və yasaqlıqların hesabına ceuranların sayı bərpa olmağa başlamışdır. Hazırda tək şirvan milli parkında 5 mindən artıq ceuran vardır. H. Əliyev Fondu, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İDEA İB və WWF bu nadir növün tarixi arealının bərpası üçün uzunmüddətli proqram icra edirlər.
Artıq 8 ildir ki, E. Əsgərov baş idarəsi isveçrədə yerləşən WWF təşkilatının Azərbaycan nümayəndəliyinin rəhbəridir. Rəhbərlik etdiyi layihələr çərçivəsində milyonlarla ağac tingləri əkilərək yüzlərlə hektar meşə bərpa olunmuşdur. Vaxtı ilə tək-tək rast gəlinən Qafqaz bəbirlərinin artıq 11 fərdi qeydə alınmışdır və onların respublikamızda bala verməsi, artıb çoxalması müşahidə olunmuşdur. Son 2 ildə Naxçıvanda bir ana bəbir 3 balası ilə, Talış dağlarında isə 2 balası ilə kameralara düşmüşdür.
Haşiyə 2. Qafqaz bəbiri (Panthera pardus) pişikkimilər fəsiləsindən olan yırtıcı heyvandır. Vaxtı ilə geniş arealı olsa da, hazırda yalnız Naxçıvan və respublikanın Cənub bölgəsində rast gəlinir. Kəlbəcər dağlarında da rast gəlinmişdir. Ötən əsrin 70-ci illərində Kəlbəcərin qarşı tərəfində “Donuz damı” adlanan yerdə bir fərdin öldürüldüyü barədə məlumat vardır. Kəlbəcərdə Pələngə adlanan binə yerləri mövcuddur. Həmin yerlərdə vaxtı ilə bəbir olması və yerin adı bu heyvanla bağlı olduğu güman olunur (bu heyvan adı dilimizə fars dilindən tərs gəlmişdir, hazırda farslar bəbirə pələng, pələgə isə bəbir deyirlər. Qədim türk dillərində adı qaplan, bars olub, hazırda Naxçıvanda da qaplan deyirlər).
Foto 3. Dağlarımızın vüqarı – bəbir. Naxçıvan MR.
Fondun Qafqaz regionu və Azərbaycanla planları genişdir. İri layihələrdən birininçərçivəsində qoruqlar, milli parkların arasında heyvanların sərbəst miqrasiyasını təmin etmək üçün öz torpaqlarında vəhşi heyvanların yaşamasını, miqrasiyasını təmin edən torpaq sahiblərinə müqavilə əsasında maddi dəstək göstəriləcəkdir. Bu layihə Böyük Qafqaz təbii vilayətində başlamışdır və ərazilərində vəhşi heyvanların miqrasiya etdiyi torpaq sahibləri ilə artıq danışıqlar aparılır.
E. Əsgərov elmi və pedaqoji fəaliyyətini davam etdirir, elmi tezislərlə bir sıra beynəlxalq konfranslarda çıxışlar etmişdir, dünyanın mötəbər elm ocaqlarında, Fransada, İsveçrədə, Almaniyada kurslar keçmişdir.
Bakı Dövlət Universitetinin Ekologiya və Torpaqşünaslıq fakültəsində savadlı tələbələr yetişdirmişdir. Onun tələbələri hazırda Avropanın bir sıra universitetlərində təhsillərini davam etdirirlər.
Qeyd edək ki, E. Əsgərov Kəlbəcərin sevimli şairləri Əlövsət Saldaş və Əbülfət Sarıoğlunun bacısı oğludur. Rus, ingilis dillərinə mükəmməl sahib olmuşdur. Azərbaycan ədəbi dilini mükəmməl bildiyinə görə də şair dayılarına minnətdardır.
Ailəlidir, 3 övladı var.
Comments