Kəlbəcər-Ağdərə yolundakı qeyri-bərabər döyüş, Qarabağ müharibəsinin ən unudulmaz səhnələrindən biridir. O zaman savaş təzə-təzə közərirdi. Amma düşmən onu alovlandırmaq üçün fürsət axtarırdı. Bu od-alov sıradan insanları qətl etməklə dördbir yanı yandırmazdı. Və mayor Şahlar Şükürov təsadüfən seçilməmişdi.
Nəinki el-obada, regionda, bütün respublikada ad-san, hörmət, cəsarət, sahibi Əvəz Şükürovun oğlu düşmən hədəfində idi. Bir neçə maşından ibarət karvanda Dədə Şəmşirin yeganə qızı Çimnaz xanım da vardı. Və elə bu yerdə yaranmış vəziyyətə bir daha diqqətlə nəzər salın.
Gülnaz xanım Dədə Şəmşirin yeganə qız övladı idi. Neçə qardaşın bir bacısı, bir ana, bir gözəl xanım olan Çimnaz xanım. O qadın Dədə Şəmşirin ən gözəl canlı şeiri kimi yaddaşlardan silinməyib. Ona qəsd etmək yalnız bir el-obaya deyil, bütün Azərbaycana göz dağı vermək idi. Savaşa, qan tökməyə bundan savayı təhrik planlaşdırıla bilməzdi. Beləliklə, iki insana - misraları dillər əzbəri olan Dədə Şəmşirə və cəsarəti, qoçaqlığı ilə seçilən Əvəz Şükürova övlad acısı yaşatmaq QƏLƏMƏ və QILINCA qarşı bir düşmən həmləsi, bir erməni şərəfsizliyi idi.
Nəinki yerli, qohum, hətta yad bir qadına belə güllə atanlara qarşılıq verməmək çiynində paqon daşıyan bir azərbaycanlı zabitin səbri, kişiliyi, vəzifə borcu xaricindədir. Ən adi bir vətəndaş belə olsa, Şahlar bunu cavabsız qoymazdı. Buna namusu, şərəfi, ailə tərbiyəsi də yol verməzdi.
Amma döyüş namərdcə qurulmuşdu. Erməniliyin ən alçaq niyyəti ilə başlanmışdı. Dördbir yandan, avtomat silahlar qarşısında bir tapança ilə son damla qanına qədər vuruşmaq hər oğulun işi deyildi. Qeyri-bərabər döyüş davam etdikcə onun bütün varlığını qəzəb, intiqam hissi bürüyürdü.
Ermənilər bir həqiqəti əlbəttə, bilirdilər. Bilirdilər ki, Əvəz Şükürovun oğlu onların qarşısında təslim olmayacaq. Bunu qüruruna sığındırmayacaq. Son gülləsinə qədər vuruşacaq. Qorxurdular, amma onlara bu tapşırıq verilmişdi. Böyük bir el-obanı sarsıtmaq üçün güllələri yağış kimi yağdırırdılar.
Şahları görənlərə, onunla oturub-duranlara bir məsələni elə bu an xatırlatmaq istəyirəm. O gənc mayor uca boyu, yaraşıqlı bədən quruluşu, siması, hərəkətləri, çox zaman susqunluğu, qeyri-adi davranışları ilə hər kəsin diqqətini cəlb edirdi. Sakit olduğu qədər də qətiyyəti, cəsarəti, çox zaman mərhəməti ilə də seçilirdi. Bu qədər keyfiyyətləri bir zabitin dünyasında yer alması əlbəttə, hər an rastlaşa bilmədiyimiz cəhətlərdir. Və bəzən düşünürəm - düşmən Azərbaycanın yalnız təbiət gözəlliyinə, sərvətlərinə deyil, həm də yaraşıqlı övladlarına da paxıllıq edirlər.
Bu günlər Şahların anım məqamlarıdır. Unudulmaz Şahların! Azərbaycanın Milli Qəhrəmanının! Əlbəttə, şəhidlər ölmür. Mən həmişə dediyimi bir daha təkrar edirəm - Azərbaycan Ordusunun bütün döyüşlərində Şahlar kimi əsgərlərimiz də ruhları, amalları ilə vuruşurlar. Onlar torpağa səpilən qəhrəmanlıq, igidlik toxumlarıdır. Və hər dəfə belə günlərdə qeyri-iradi pıçıldayırsan:
- Xoş gördük, qardaşım! Səni anmaqla nur içində yatan bütün şəhidlərimizi yad edirik.
İgid eldən gedər. Amma onu itirən atanın-ananın övlad acısını heç nə azalda bilməz. Atəş ən çox düşdüyü yeri yandırar. Birimiz onu dost, başqa birimiz qardaş, Vətən bir əsgər kimi xatırlayır, fəxr edir və istər-istəməz köyrəlir.
Gör neçə illər keçib. Bu sətirləri yazarkən Şahları bir daha gözlərim önünə gətirib, dərdləşdim. Və birdən onun çiyinlərinə baxdım.
Biz yalnız mayor Şahlar Şükürovu deyil, bu günlərdə rütbəsini alacaq olan bir generalı anırıq.
Milli Qəhrəmanı, generalı!
Və indi onun oğlu atasının yolunu şərəflə davam etdirir. O od-ocaqdan, o ailədən, o eldən-obadan igid əskik olmaz!
Qoy bunu düşmən unutmasın! İntiqam anı uzaqda deyil! Hidayət ELVÜSAL
Comments