"Yaradıcı insan üçün formanın fərqi və önəmi yoxdur. Yaradıcılıq prosesinin özü çətindir. Bəzən elə olur ki, on səhifəlik hekayəni bir günə yazmışam, üç bəndlik şeri isə üç aya yazmışam".
Bu sözləri Metbuat.az-a müsahibəsində şair Ələmdar Cabbarlı söyləyib. Söhbət əsnasında oxucular üçün maraqlı olacaq bir çox məsələyə toxunan şairin daha geniş müsahibəsini sizlərə təqdim edirik: - Neçə yaşınızdan şeir yazırsınız? Kəlbəcər ədəbi mühiti elədir ki, əlbəttə orada yetişən biri lap uşaqlıqdan cızma-qaralar etməmiş olmaz.
-2002-ci ildə mənim ikinci kitabım – “Özümlə bir ətək daş gəzdirirəm” çapdan çıxdı, həmin kitabın üz qabığında belə bir cümlə vardı ki, 6 yaşından şeir yazmağa başlayıb. O vaxt bəziləri inanmadı buna. Ancaq həqiqətən 6 yaşımdan şeir yazmışam. Siz cızma-qara dediniz, lakin mənim ən bəxtəvər şeirlərim onlardır. Çünki onları Kəlbəcərdə yazmışdım. İlk şeirlərim Kəlbəcər dağlarının vəsfinə həsr olunmuşdu. İndi Kəlbəcərin həsrətinə şeir yazıram... Onlar zəif şeir olsa belə, hətta cızma-qara da olsa bəxtəvər şeirlər idi, çünki Kəlbəcərdə yazılmışdı.
-Olubmu ki, şair kimi yaradıcılığa fasilələr vermisiniz?
-Bəli, yazmadığım, fasilə verdiyim vaxtlar olub. Dediyim kimi, 6 yaşımdan şeir yazırdım, Kəlbəcərdə bir dəftər şeirim qaldı. Şeir dəftərimi gətirə bilmədim, buna görə şeirdən küdüm. 93-96-cı illərdə heç nə yazmadım. Beynimə gələnləri də yazıya köçürmədim. Sonra gördüm ki, belə alınmır, başladım yazmağa, indi bilmirəm, düz etmişəm, ya səhv. 2000-ci ildə ilk kitabım çıxdı, sonra isə bir-birinin ardınca kitablar gəldi, qəzetlərdə, jurnallarda dərc olundum.
-Şeir yazmaq həvəsi yəqin ki, mənsub olduğunuz yurdla bağlıdır. Sualı belə verək, sizi şeir yazmağa nə həvəsləndirdi?
-Şeir yazmaq həvəsi ifadəsini qəbul eləmirəm, şeir yazmaq həvəs deyil. Həvəskar şairlər də şair deyil. Şeir yazmaq Allahın sənə verdiyi vergidir, istedaddır. Anadan şair olmaq lazımdır.
-Bildiyim qədəri ilə sizi də Səməd Vurğun kimi ədəbiyyata xanım gətirib. Və ya yazıb-yaratmaq eşqini daha da alovlandırıb.
- Səməd Vurğunu ədəbiyyata xanımın gətirdiyini düşünmürəm. Elə özümü də. İlk şerimi 6 yaşımda yazdığımı dedim. Səməd Vurğunu da ədəbiyyata təbiət, dağlar gətirib, özü də deyir: İlhamını sizdən aldı, Mənim sazım, sözüm dağlar.
-Bir şerinizdə yazmısınız ki, müəllimdən xahiş edirsiniz icazə üçün, çünki görüşə tələsirsiniz. Ancaq müəllim insafsız olur. Oxucularımıza maraqlı olar, siz də müəllim kimi bu cür insafsızlıq edirsinizmi?
- Yox, deyəsən mən müəllimimdən insaflıyam. Bir dəfə tələbəm məndən xahiş etdi ki, müəllim, getməliyəm. Soruşdum niyə gedirsən, dərsim maraqlı deyil? Dedi ki, müəllim, həyat daha maraqlıdır. Mən onu başa düşdüm və icazə verdim.
-Kitablarınıza seçdiyiniz adlar çox maraqlıdır; “Özümlə bir ətək daş gəzdirirəm”. O daşları nə məqsədlə gəzdirirsiniz? İnsanları düz yola gətirmək üçünmü?
-İnsanı daşlamaqla yola gətirə bilməzsən. Hətta ən çətin adamı belə sevgi ilə düz yola gətirmək olar. Kitabın adı ordakı şeirimin adıdır. Həmin daşı şeytana atmaq üçün gəzdirirəm. Məncə, hər kəsin cibində, əlində şeytana atmaq üçün hazır daşı olmalıdır və ən çox da insan həmin daşları öz içindəki şeytana atmalıdır.
-Kitabınızın birinin adı “...Və bir gün”dür? Və bir gün dedikdə...
-Hər bir insanın ağlında, fikrində, arzusunda bir dənə “və bir gün” var. Biri üçün bu yüksək vəzifəyə getməkdir, biri üçün övladı haqqında bir diləyin gerçəkləşməsidir, bir üçün torpaqların işğaldan azad olunmasıdır və sairə və sairə...
-Sizin üçün “və bir gün” nə deməkdir?
-Mənim üçün “və bir gün”ün görünən və görünməyən tərəfləri var. Görünəntərflərindən biri, birincisi gedib kəndimdə ölməkdir. Görünməyən tərəfləri isə qoy elə sirr qalsın.
-Bu da kitabınızın adıdır: “Yaşasan çoxdur bu ömür”. Doğrudanmı ömür çoxdur?
- Dediyim kimi, yaşaya bilsən çoxdur, ola bilər ki, iki ili elə yaşayarsan ki, bir ömürlük bəs edər. Bu da bir şeirimin adından götürülüb, o şeirdə deyirəm ki, ömrü ürəyin istədiyi kimi, ürəyin istəyən yerdə, ürəyin istəyən insanların əhatəsində, yaxşı bir mühitdə yaşasan, bəsdir.
-Adətən insanlar günahı olanda qorxurlar, ancaq son şeir kitabınızı “Günahı olan qorxmasın...” adlandırmısınız...
-Bilirsiniz, günahsız insan yoxdur. Bu qədərindən asılı olaraq az və ya çox ola bilər. Mən isə şeirdə bunu çatdırmaq istəyirəm ki, günahı olanlar günahım var deyə qorxmasınlar, günahlarının bağışlanması üçün savab işlər görsünlər, çünki şeirdə dediyim kimi: Allahın lütfü böyükdür, Günahı olan qorxmasın. Çalışıb o lütfə layiq olmaq lazımdır.
-Sizin üçün günah nədir?
-Mənim üçün günah insanın qəlbini qırmaqdır, birinin haqqını yeməkdir, zəifi əzməkdir və təkəbbürdür.
-Kəlbəcər ədəbi mühitində nəzmlə yazanlar daha çoxdur, bunun sirri nədədir ?
- Düzdür, bu mühitdə daha çox şeir yazılır, bu da məncə dağlardan və sazdan gəlir. Bu mühitin ənənələri var. Folklorda da bunun işartıları var, amma əlbəttə ki, Kəlbəcər ədəbi mühiti geniş anlamda Ağdabanlı şair Qurbandan başlayır. Şair Qurban Dədə Şəmşirin atasıdır. 1955-ci ildə Səməd Vurğunla Dədə Şəmşirin Kəlbəcərdəki görüşündən sonra bu mühit daha da böyüdü, Kəlbəcərdən Məmməd Aslan, Ənvər Rza, Şamil Dəlidağ, Qənbər Şəmşiroğlu, Qəmkeş Allahverdi, Bəhmən Vətənoğlu, Sücaət, Yusif Hüseyn, Adil Cəmil, Məhəbbət Kəlbəcərli, Namiq Dəlidağlı, Elşən Əzim, Elməddin Nicat kimi söz adamları çıxdı. Amma nəsr nümunələri də var. Buna ən yaxşı örnək kimi Dədə Şəmşirin övladı Qənbər Şəmşiroğlunun yaradıcılığını göstərmək olar. Onun digərlərindən fərqi odur ki, bu mühitdən çıxsa da, gözəl şeirləri ilə yanaşı, çox yaxşı nəsr əsərləri də var. “Caninin etirafı” romanı var, “Bir gözəlin taleyi” povesti var, “Qızlardan muğayat olun” povesti var, hekayələri var və mən onların hamısını həvəslə oxumuşam. İstəyərdim ki, bu mühitdə nəsr əsərləri də çox yazılsın, çünki Kəlbəcər ədəbi mühitinin nəzm dili nəsrə gəlsə, bu, nəsrimizi xeyli zənginləşdirər. Onu da deyim ki, mövcud və hardasa daşlaşmış poeziya ənənələrinə baxmayaraq bu mühitdə nəsr əsərləri üçün də potensial və dayaq nöqtələri var. Çünki Kəlbəcərdə dastançılıq ənənəsi də var. Bizim toylarda, məclislərdə aşıqlar həmişə dastanlar danışardı.
- Sizin də nəsr yaradıcılığınız da var, son kitabınız “Qızıl”da povest və hekayələriniz toplanıb. Sizin üçün nəsrdə yazmaq daha rahatdır yoxsa nəzmdə yazmaq ?
-Yaradıcı insan üçün formanın fərqi və önəmi yoxdur. Yaradıcılıq prosesinin özü çətindir. Bəzən elə olur ki, on səhifəlik hekayəni bir günə yazmışam, üç bəndlik şeri isə üç aya yazmışam.
-Nəsr kitabınız “Qızıl” adlanır. Deyəsən, Qızıl kənddəki itinizin adıdır. Kitaba başqa ad vermək olmazdımı? Bununla topluma hansı ismarıcı vermək istəyirsiniz?
- Topluma mesajı adla yox, mətnlə verirsən. Həmin kitabda povest və hekayələr toplanıb və ad seçimində ən uğurlu ad kimi həmin hekayənin adı kitaba verilib. Qızıl, doğrudur, bizim kənddəki itimizin adıdır. Həmin hekayənin baş qəhrəmanı da elə Qızıldır. Hekayədə belədir ki, Qızıl erməni ilə çarpışır və ona qalib gəlir. Hekayədəki hadisələrin böyük əksəriyyəti real hadisələrdir.
-Bu sualı məcburi köçkünlərə tez-tez ünvanlayırlar, tutduqları mövqedən asılı olmayaraq. Torpaqlarımız işğaldan azad olunanda gedib yenidən doğulduğunuz yurdda yaşayarsınızmı?
-Birincisi işğaldan azad olunanda yox, döyüşüb torpaqlarımızı azad edəndə! İkincisi, əlbəttə ki, heç şübhəsiz mən babalarımın məzarı olan yurdda yaşamağı heç nəyə dəyişmərəm. Ənvər Rzanın belə misraları var, doğulduğu kəndə yazıb, deyir: Cıraram alimlik diplomumu da, Sən məni özünə çoban götürsən. Mən də eyni fikirdəyəm. Amma mənə elə gəlir, kəndimizə qayıtsam, elə o kəndin girəcəyində – Müzəffərin körpüsünün yanında sevincdən ürəyim partlayar. Ancaq bunu da xoşbəxtlik sayaram.
Metbuat.az
Comments