Unudulmaz şair və alim Ənvər Rzanı bir daha ehtiramla yad edərkən...
Qəlbi poetik duyğuluların qəribə bir dünyası var: ümidsizləşəndə, qəlbini qəm-kədər, hətta, sevinc belə çuğlayanda təbiətə üz tutur: gözəllikləri yaşayır, hisslərini digərləri ilə - oxucuları ilə bölüşməyə tələsir. Çünki tutumlu poetik deyimlərdə təbiət gözəlliklərinə çulğaşmış insan mənəviyyatı, fərdi fəal düşüncələri boylanır. Hisslərin təbii axarında meşələr pıçıldaşır, çiçəklər öpüşür, qayaların göz yaşının ətri bulaqlardan dadılır.
Məqsədim heç də onların ümumilikdə haqqında söz açmaq deyil. Azərbaycan ədəbiyyatı tarixinə adları yazılanlardan biri, könlündəki silsilə dağlara söykənib, hələ sovetlər dönəmində Bakıda gözlərini Kəlbəcərə gedən yollara dikən, ulu yurdu üçün qəribsəyən Ənvər Rza ədəbi simalar arasında özünəməxsusluğu ilə sayılıb-seçildi desək, biz də haqqa tapınmış olarıq.
Şairin ədəbi bioqrafiyasına qısa nəzər salmaqla fikrimizə, məram və məqsədimizə körpü salmaq pis olmazdı: Ənvər İsmayil oğlu Rzayev 1939-cu il martın 3-də Kəlbəcər rayonunun Aşağı Ayrım kəndində anadan olub.
1957-ci ildə Azərbaycan Dövlət Pedaqoji Xarici Dillər İnstitutunun İngilis dili fakültəsinə daxil olub. "Göz işığı" adlı ilk şeiri 1962-ci ildə "Ədəbiyyat və incəsənət" qəzetində dərc edilib. 1967-ci ildə məzunu olduğu həmin fakültədə müəllim, 1972-ci ildə kafedra müdiri, 1979-cu ildən isə dosent kimi fəaliyyət göstərib.1985-ci ildə Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul edilmiş şairin ömrü də yolları kimi qısa oldu: 1987-ci il iyunun 8-də Moskvada vəfat edən şair-alim vəsiyyətinə əsasən, öz doğma kəndində torpağa tapşırılıb.
"Göz işığı" adlı ilk şeiri "Ədəbiyyat və incəsənət" qəzetinin 10 fevral 1962-ci il tarixli sayında çıxdıqdan sonra o, bədii yaradıcılığa başlamışdı. Dövri mətbuatda şeirləri və bədii tərcümələri ilə çıxış edən şair Bayronun "Şilyon məhbusu", "Mazepa", "Parizina" poemalarını tərcümə edib, "İngilis poeziyasının Azərbaycan dilinə tərcümə məsələləri" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək alimlik dərəcəsi alıb.
Ənvər Rza qəlbi poetik duyğularla cilalanmış şair və bacarıqlı tərcüməçi-alim idi. V.Şeksprin, G.Bayronun poemalarını ingiliscədən Azərbaycan dilinə tərcümə etmişdi. Bunlardan başqa, o, S.Vurğunun "Vaqif" dramını ingilis dilinə, C.Bayronun "Çayld Haroldun Səyahəti" poemasını Azərbaycan dilinə tərcümə etsə də, vaxtsız ölüm imkan vermədi ki, onları tamamlasın. Ənvər Rzanın indiyədək "Sənsiz" (1969), "Könlümə bahar düşüb"(1970), "Nə yaxşı görüşdük" (1985), "Bəxtəvər dustaq" (şeirlər və poemalar,1994) və "Kəlbəcərə gedən yollar"(2010) nəşr edilib ki, onun da son ikisini özü görməyib.
Sonuncu - "Kəlbəcərə gedən yollar"ında, demək olar ki, şairin külliyyatı toplanıb. Sağlığında o qədər də səxavətlə nəşr edilməyən bütün şeiri, poemaları, həmçinin ingilis dilindən birbaşa tərcümələri də bu kitabdadır. Canlı xalq yaradıcılığının içində böyüyən, dünya ədəbiyyatının klassik və müasir məzmun və mahiyyətini kamil bilən şairin əsərləri əbədiyaşar ədəbi bir irsdir.
Könlümə-gözümə, sözümə yazılan Ənvər Rza haqqında ustad Aşıq Qəmkeş Allahverdidən, şair müəllimim İdris Verdiyevdən, bacısı oğlu Bahadur Sadıq oğlundan (sonralar isə Azərbaycan Dillər Universitetinin müəllimi Səfər İsgəndərlidən, daim yana-yana danışan "Azərnəşr"in baş redaktoru Əlövsət Ağalarovdan, şair-alim Adil Cəmildən, filologiya üzrə fəlsəfə doktoru İlham Məmmədlidən, şair Yusif Hüseyndən, alim-şair Mirvari Verdiyevadan...) eşitdiklərim şairi mənə bir az da sevdirdi. Ona görə də istəyirəm ki, Əlövsət müəllimin fikirlərinə söykənim. Deyir ki, "Ənvəri yadına salırsanmı heç"? Bu sərlövhə ilə yazısını oxumaq olmur Əlövsət müəllimin. Açığı, göz yaşlarıma hakim kəsilə bilməyib sona kimi oxuyuram. Öz yazımı yarımçıq saxlamaq istəyirəm, Ənvər Rzanın qısadan-qısa, lakin dərin mənalı, nakam ömrü kimi. Nə yaxşı ki, qədirbilənlərimiz az deyil. Əlövsət müəllim deyir ki, cəmi üç dəfə görüşü olub şairlə. Hər üçü də qəlbinə ən əziz və unudulmayacaq xatirə kimi yazılıb.
Şairimizin adlarını yuxarıda çəkdiyim kitablarının hər birini, sadəcə, vərəqləməmişəm. Ənvər Rza şeirlərinin dillər əzbəri olmasına kimsənin şübhəsi varsa, ən azı, kəlbəcərliləri dilləndirsin! Lakin bu yazını qələmə almaq üçün şairin 1994-cü ildə "Azərnəşr"də oğlu Pərvizin tərtibçiliyi, Əlövsət Ağalarovun redaktorluğu ilə işıq üzü görmüş "Bəxtəvər dustaq" kitabını yenidən vərəqlədim. Kəlbəcərdən didərgin düşdüyümüz 24 il ərzində bəlkə də şair bu qədər mənə doğma olmamışdı. Göz yaşlarımla suladığım hər səhifədən dağçiçəyi, novruzgülü, nərgiz, bənövşə cücərirdi, sanki... Kəlbəcərin bu məsum baxışlı çiçəkləri də Ənvərsizləşib elə bil, solğun idilər. Amma şeirləri elə təzətərdir ki:
Yaddaşımı xatirələr kötəklər,
Yaddaşımda pöhrələnər kötüklər.
Qayıdanda yol verməyə gədiklər,
Bir bəxtəvər dustaq olam dağlara.
Aman Allah! Bakıdan Kəlbəcərə - ata yurduna dönəndə imana-dinə gələn şair geri qayıtmamaq üçün özünə ölüm diləyirmiş. Hələ bir siz şair fəhminə, duyumuna baxın: dağların yağı əlinə keçəcəyini o zamanlardan hiss edirmiş:
Dağlar oğlu, dağa qoyma yağını,
Aldatdılar, uzaq sandıq yaxını.
Əritmişəm ürəyimin yağını,
Ay batanda çıraq olam dağlara.
Əlövsət müəllim düz yazıb ki, Ənvər Rza Azərbaycan və ümumən bütün türk dünyasının əvəzsiz şairidir.
Həmin kitabın ön sözünü şirin söhbətləri, şeiriyyəti, söz xəzinəsi incilərindən ərmağanları qalmış Məmməd Aslanımız yazıb: "Quzeydə qar sulandı". Yenə də orijinal deyim, yenə də tapıntı, yenə də Məmməd Aslan özünəməxsusluğu.Xatırlayıram ki, şair Yusif Hüseynin də bir kitabının ön sözünə də qeyri-adi bir sərlövhə seçmişdi: "Qarəməngül". Amma açmasında yazmışdı ki, mart ayında qarı deşib boylanan həmin gülə Kəlbəcərdə peşəməngül də deyilirdi. Yusifi isə həmin gülə bənzədir, lakin onun dərdi eləcə əmib boylanan, böyüyən kimi təqdim edirdi:
Quzeydə qar sulandı,
Ürəyim qarsılandı.
Yaz gəlməyib, yalandı,
Anamsız da yaz olar?!
Ənvər Rza ruhunu hiss etdinizmi? Təbiəti də doğma anası kimi sevən şair anasızlığın ağrı-acısını şeirə görün necə hopdurub?
Nə yaxşı görüşdük, nə yaxşı yenə!
Dağlar mövzusu Ənvər Rza poeziyasının ana xətti olub. Şəhərdə kənd üçün qəribsəyən Ənvər müəllimin burnunun ucu bilirsiz nələrdən ötrü göynəyirmiş? Doğulduğu el-oba, uşaqlığı, sadə insanlar, qohumlar-dostlar, ana təbiətin füsunkar guşələri...
Bu da yəhərləyib mindiyim boz daş,
Kövrəlmə, ürəyim, tab gətir, tablaş.
Ömrümün ləzzəti - a köhnə dam-daş,
Nə yaxşı görüşdük, nə yaxşı yenə!
Nəyə vurğun olubsa onun poetik ifadəsini elə verib ki, qəlbimizə, köksümüzə bulaq suyu kimi süzülüb:
Vurğundur buy ala, yamaca Ənvər,
Meyl edər yarpıza, umaca Ənvər.
Ay quzu otaran balaca Ənvər,
Nə yaxşı görüşdük, nə yaxşı yenə!
Ənvər Rza poetikasının özünəməxsusluğu bir də ondadır ki, şairin şeirlərinə bəstələnən mahnılar zaman keçdikcə sanki müasirləşir, gənc nəslin ruhunu oxşayır və dillər əzbərinə çevrilir. Mərhum müğənnimiz Nəzakət Məmmədovanın ifasında "Elə baxma…" mahnısı isə özgə bir ovqat yaradır insanda. Baxışların söhbəti, sevginin, lal məhəbbətin tərənnümü dinləyicidə bax elə həmin müqəddəs anları yaşadır.
Nəhayət, onu da deməyi borc bilirəm ki, bu sətirləri ağ kağıza köçürməmişdən bir gün öncə Nazirlər Kabinetindən gələn zəng məni həm diksindirdi, həm də kövrəltdi. Ənvər Rza poeziyasını sevən, Kəlbəcərin ədəbi mühitinin təbliğində yorulmayan, kəlbəcərlilərin didərginlik illərində daim yanlarında olan, dərdlərini bölüşən Qurban Sadıqov idi bu dəfə zəng edib şairin doğum gününü unudub-unutmadığımızı soruşan. Sağ olsun. Amma bilmirdi ki, şairin "Kəlbəcərə gedən yollar" şeiri ilə mən onsuz da bir mənəvi yol başlamışdım, üzü dağlara.
Kəlbəcərin həsrətindən qovrulan şair onun yollarını elə incə notlarla təsvir edir ki, sanki qoşulub onunla o dağlara gedirsən. Amma birdən fikrin dolaşır, dumana düşüb azırsan. Haralardan keçib getmir ki, bu yollar:
Min bulaqdan içib gedir,
Qayaları biçib gedir.
Ürəyimdən keçib gedir,
Kəlbəcərə gedən yollar.
"Qala dərdim" kitabımda şairin bu şeirinə üz tutub yazdığım "Kəlbəcərə gedən yollar" rədifli gəraylı ilə fikrimə nöqtə qoyur və Ənvər Rzaya bir daha əbədilik, ölməzlik, kəlbəcərsizliyə dözməyənlərə isə həsrətlərinə son qoyulmasını arzulayıram.
Yazda əriş-arğac olur
Kəlbəcərə gedən yollar.
Yayda örüş-arxac olur,
Kəlbəcərə gedən yollar.
(Ənvər Rza)
Gör neçə ildi bağlıdır,
Kəlbəcərə gedən yollar?!
Sinəmiz kimi dağlıdır
Kəlbəcərə gedən yollar.
Haçalanmır neçə kəndə,
Yolçusu yox bircə bəndə.
Bir yaxşı bax, gör nə gündə,
Kəlbəcərə gedən yollar.
Düşməni azdıra bilmir,
Qəbrini qazdıra bilmir,
Yazısın yozdura bilmir
Kəlbəcərə gedən yollar.
Ot basıbdı, yoxdu izim,
Qırılıb taqətim, dizim,
Qurban olum sizə özüm,
Kəlbəcərə gedən yollar.
Sizdən keçib atam, anam,
Sizdən keçib, bacım, sonam,
Sizdən ötrü xəstə canam,
Kəlbəcərə gedən yollar.
Yox, deyəsən belə olarsa dağların bəxtəvər dustağının ruhu bizdən inciyər. Elə ilk və son söz də Ənvər Rzamızınkı olsun:
Dağlar elsiz, çöl tütəksiz, çəmən lal,
Mən bu dərdi oxlamağa gəlmişəm.
Yazda nə var, yaylaqların payızda,
Vəfasını yoxlamağa gəlmişəm.
Susuzyurdum tək məcməyi, tək sini,
Şair kimi sözlə hörüb köksünü.
Gözlə çəkib bu dağların əksini,
Ürəyimdə saxlamağa gəlmişəm.
Göy təpələr sarı örpək bürünür,
Duman, çiskin ayağıma sürünür.
Ata yurdu, qardaş yeri görünür,-
Bir doyunca ağlamağa gəlmişəm.
Naxış olur biçinçinin hər vəri,
Qızıl payız ilhamımın sərvəri.
Xəzan vaxtı bahar bilin Ənvəri,-
Dağ çayıyam, çağlamağa gəlmişəm.
Məhəmməd NƏRİMANOĞLU
525-ci qəzet.- 2017.- 2 mart.- S.6.
Comentarios