Həyatda elə peşə sahibləri var ki, hamımızın həyatında xüsusi önəm daşıyır. Təcili işimiz düşəndə və ya qəfləti hadisəyə düçar olanda ilk yadımız düşən həmin peşə sahibləri olur ki, hər kəsdən öncə onları haraylayırıq. Elə ilk səsimizə səs verən, köməyimizə tələsən də məhz onlar olur. Yanğınsöndürənlər, təcili yardımın əməkdaşları, 101 çağrı mərkəzindəki polislər, 112 fövqəladə halların əməkdaşları və bir də telefonçular.
Kəlbəcərin Rabitə qovşağındakı telefonçuların üzünü görməsək də, daima mehriban səslərini eşidirdik. Elmira, Elza, Sona, Kəklik, Mehriban, Sədaqət, Hamayıl, Validə. Bu adları Kəlbəcərdə tanımayan yox idi. Onlar 1980-ci ildə Kəlbəcərdə açılmış 6 aylıq kursu bitirib eyni vaxtda işə başlamışdılar. Uşaqdan böyüyə hər birimiz onlardan bizi uzaqda olan əzizlərimizlə danışdırmağı xahiş edirdik. Onlar da “Bu saat!”, “Baş üstə!”, “İndi calaşdırıram!”, “Danış!”-deyə, məlahətli səsləri ilə hər birimizin qəlbində özlərinə sevgi oyatmışdılar.
Tələbəlik illərində təhsilimiz barədə ailəmizə xəbəri də məhz bu telefonçu qızların vasitəsi ilə çatdırırdıq. Hətta imtahan qiymətlərimizi də soruşub ilk təbrik edən də onlar olardı.
İllər ötdü… Kəlbəcərdə yeni Rabitə qovşağı yaradıldı-müasir tipli ATS quruldu. Telefonçu qızlar da təzə binaya köçüb, təzə avadanlıqlarla işləməyə başladılar. Təzə məkanda cəmi 2 ay işlədilər…
Mirzəyeva Validə Süleyman qızı telefonçu qızlardan biridir. 26 aprel 1960-cı ildə Kəlbəcərdə zəhmətkeş bir ailədə doğulub. Ömrünün 15 ilini Kəlbəcərin Rabitə qovşağında işləyib. 10 ilini isə didərgin kimi məskunlaşdığı Gəncədə Telekommunikasiya idarəsində teleqrafist işləyib. 2 qızı, 1 oğlu, 9 nəvəsi var. Hal-hazırda təqaüdə çıxıb. Lakin o günləri ürək ağrısı ilə xatırlayır…
Rabitə qovşağının ən çətin iş rejimi Kəlbəcərin mühasirə illərində oldu. Fasiləsiz işləmək onları yormurdu, zastavalardan gələn həyacan dolu çağırışları qəbul edib, lazım olan insanlarla calaşdırmaq daha çətin olurdu. Kimisə yerində tapmayanda, kimsə telefonun dəstəyini qaldırmayanda, kimsə verilən məlumatı əsassız sayanda, kimsə acı xəbəri eşitmək istəməyib, telefonun dəstəyini çırpanda, kimsə çağırışlara laqeyid qalanda telefonçu qızların dünya başına dar gəlirdi. Müxtəlif kanalların vasitəsi ilə də olsa, çalışırdılar ki, məlumatı lazım olan şəxsə çatdırsınlar. Validə xanım deyir:
-Kəlbəcərin mühasirə illərindəki işlədiyim müddətdə:-1989-1993-cü illər iş fəaliyyətimin ən ağır illəri kimi yaddaşıma həkk olub. Kəlbəcərin sərhədlərinə erməni basqınları başlayan gündən bizim də işimizin həyacanlı günləri başladı. Əhalinin xarakterinə uyğunlaşmağa çalışırdıq. Xəttin o başında qışqırtı, ağlamaq səsi, yalvarışlar, qəzəb dolu sözlər, əmrlər, təlaşlı səslər, həyəcan dolu çağırışları eşitmək olduqca çətin idi. Bəzən zəng edən kiminlə danışacağını belə söyləmirdi. O zaman biz diqqətimizi toplayıb həmin şəxsi lazım olan insanla calaşdırmalıydıq. Zəng edənlərin səsindəki həyəcan, qorxu, əsəb bizə də sirayət edirdi. Lakin peşəmizin xarakteri özümüzü ələ almağa və məlumatı lazım olan insana çatdırmağa sövq edirdi. Elə anlar olurdu ki, zəng edən məlumatı bizə deyib, onu lazım olan şəxslə calaşdırmağı gözləmədən telefonun dəstəyini yerə qoyurdu. Belə vaxtlarda biz düşünüb aldığımız xəbərin və ya məlumatın kimə veriləcəyini təyin etməyə çalışırdıq. Bəzən də zəng edən özü də bilmirdi ki, kiminlə danışmalıdır. Belə olan məqamlarda biz ona təsginlik verə-verə lazım olan şəxsi özümüz təyin edirdik. Xəttin o biri başında kimin necə danışmağından asılı olmayaraq, biz səbrimizi, dözümümüzü səfərbər edib, məlahətli, mehriban səslə danışanı sakitləşdirməyə çalışırdıq. Kəlbəcərin işğalı ərəfəsində 3-cü övladıma hamilə idim və o qədər həyəcan keçirmişdim ki, oğlum yarımçıq-yeddiaylıq doğuldu…
Hal-hazırda Validə xanım Gəncədə salınmış Kəlbəcər şəhərciyində yaşayır. Lakin o da bütün kəlbəcərlilər kimi doğma Kəlbəcərinə dönəcəyi günü həsrətlə gözləyir.
Mirvari Verdiyeva
ADPU-nun dosenti, fəlsəfə doktoru
Comentarios