Verdiyev Rəhman Xəlil oğlu, 1935-ci ildə Kəlbəcər rayonunun Yanşaq Kəndində anadan olmuşdur. O, 1951-ci ildə Yanşaq kənd orta məktəbini bitirmişdir. Elə, həmin il Gəncədə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun Aqronomluq fakültəsinə daxil olmuşdur. 1955-ci ildə həmin institutu bitirmiş və ixtisası üzrə Kəlbəcər rayonuna işə göndərilmişdir. Bir il işlədikdən sonra, Azərbaycan LKGİ MK-nə Qarabağ üzrə inspektor dəvət olunmuşdur. O vaxtlar Azərbaycan komsomolu yemçiliyin daha da inkişaf etdirilməsi üçün qarğıdalı əkinini “Şefliyə” götürmüşdü. 4 il də R.Verdiyev bu sahədə Mərkəzi Komitənin göstərişlərini həyata keçirməklə məşğul oldu. Nəhayət, 1960-cı ildə ixtisası üzrə Moskvaya, aspiranturaya oxumağa getmiş və aspiranturanı 1964-cü ildə uğurla başa vurmuşdur. Ümümittifaq Elmi Tədqiqat Kənd Təsərüfatı Təşkili və İqtisadiyyatı İnstitutunun şöbə müdiri, iqtisad elmləri doktoru, professor Labines Vladislav Feliksoviçin rəhbərliyi ilə “Azərbaycanın dağlıq rayonlarında kənd təsərrüfatı istehsalının ixtisaslaşdırılması və sahələrin əlaqələndirilməsi” mövzusunda dissertasiya müdafiə etmiş və iqtisad elmləri namizədi alimlik dərəcəsinə layiq görülmüşdür.
Alim adı ilə Azərbaycana qayıdan Rəhman Verdiyev 1967-ci ilə kimi müxtəlif idarələrdə ixtisası üzrə işləmişdir. 1967-ci ildə Azərbaycan SSR NS-də baş referent təyin edilmişdir. Nazirlər Sovetində işləmək, R.X.Verdiyevin kənd təsərrüfatı ilə əlaqəsinin daha da yaxınlaşdırdı. Belə ki, artıq Nazirlər Soveti aparatında üzümçülük sahələrində onun elmi fikir, göstərişləri əsas götürülür, bunun əsasında müəyyən qərar və sərəncam qəbul olunurdu.
1971-ci ildə R.X.Verdiyevin fəal işçi kimi göstərdiyi müvəffəqiyyətləri nəzərə alınaraq, irəli çəkilmiş, idarə rəisi təyin edilmiş və kolegiya üzvü seçilmişdir.
Üzümçülük və şərabçılıq komitəsində baş idarə rəisi işləyən R.X.Verdiyev Respublikanın Zəngilan rayonundan şimal-qərb istiqamətində, Qazax rayonunadək uzanan ərazidə yeni üzüm bağları salmaq üçün gərgin iş aparmışdı. Üzüm sahələri daha da genişləndirilərək, Respublikada üzüm istehsalı il ərzində 2 milyon tonu ötüb keçdi.
1984-1985-ci illərdə, üzümçülük təsərüffatının ən çox gəlir verən sahəsinə çevrilməsində R.X.Verdiyevin xeyli əməyi olmuşdur.
1977-ci ildə R.X.Verdiyev yenə də elmi işə qayıdır-Respublika Üzümçülük-Şərabçılıq İnstitutunda şöbə müdiri təyin olunur. 1990-cı ildə həmin institutun direktoru vəzifəsinə irəli çəkilir. O, işlədiyi müddətdə elmi fəaliyyətini davam etdirmişdir. Belə ki, həmin dövrdə 50-yədək elmi əsəri yazıb çap etdirmişdir.
R.X.Verdiyevin əsərləri əsasən, Respublikanın kənd təsərüffatında müxtəlif səpgidə heyvandarlıq, birkiçilik, yem istehsalı, üzümçülük və meyvəçilik, gübrələmə sistemi, istehsalın təmərküzləşməsi, səmərəli yerləşdirilməsi, əmək məhsuldarlığının yüksəldilməsi, maya dəyərinin aşağı salınması və s. problemlərin həllinə yönəlmişdir. Həmin elmi əsərlər Azərbaycanda, keçmiş SSRİ-nin müxtəlif şəhərlərində və xarici ölkələrdə çap olunmuşdur. Göstərilən sahələr üzrə Azərbaycan Sovet Ensiklopediyasının I və II cildlərindəki elmi izahlar, yazılar R.X.Verdiyev tərəfində işlənib hazırlanmışdır. Onun əsərlərində dağ və aran rayonlarında kənd təsərrüfatı sahəsinin təbii iqtisadi xaraqteristikası və fərqləndirici cəhətləri, üzümçülükdə üzüm əkini sahələrində və onların tam məhsula düşənədək əmək və vəsait xərcləri normalarının hesablanması, kənd təsərrüfatı sahələrində səmərəli yerləşdirilmə sxeminin hazırlanması işıqlandırılmışdır.
4 hissədən ibarət, “Sənaye emal müəssisələrində əmək haqqının hesablanması” kitablarındakı “üzümçülük” sahəsini məhz R.X.Verdiyev yazıb hazırlamışdır. Üzümçülüyün elmi əsaslar üzrə aparılması üçün, üzüm əkini sxemini və üzümçülüyün tam məhsula düşənədək onlara tələb edilən əmək və vəsait xərclərinin hesablanması normativləri R.X.Verdiyev tərəfindən yazılmış, keçmiş SSRİ Dövlət Plan Komitəsi, Yeyinti Sənaye Nazirliyi və daha sonra SSRİ Nazirlər Soveti tərəfindən bəyənilmiş, təsdiq edilmişdir.
R.X.Verdiyevin elmi əsərlərinin əsasını Kəlbəcər rayonunun təbii və kənd təsərrüfatına həsr edilmiş problemlər və onların həlli üçün vacib cəhətlər təşkil edir. O, elmi fəaliyyəti ilə yanaşı, pedaqoji sahədə də çalışmışdır. Belə ki, o, Azərbaycan Dillər İnstitutunda, Looperasiya və Texnologiya İnstitutunda dosent işləmiş, Azərbaycanlı gənclərin iqtisadi biliklərinin inkişafına böyük köməkliklər göstərmişdir.
R.X.Verdiyevin elmi və əmək fəaliyyəti dövlət tərəfindən qiymətləndirilmiş, bir neçə medal və 1980-ci ildə “ Şərəf nişanı” ordeni ilə təltif edilmişdir. O, iki qız və bir oğul atasıdır.
Commentaires