QISA TANITMA
Namiq Dəlidağlı Kəlbəcərdə anadan olub. İxtisasca jurnalist-filoloqdu. Hələ orta məktəbdə oxuduğu illərdən şeir və məqalələri mətbuatda dərc edilib. Kəlbəcərdə çıxan "Yenilik" adlı rayon qəzeti ilə sıx əməkdaşlıq edib, həmin qəzetin ştatdankənar müxbiri kimi fəaliyyət göstərib.
1993-cü ildən dövri mətbuatda çalışır. Müxtəlif qəzetlərdə müxbir, parlament müxbiri, şöbə müdiri işləyib. “168 saat”, ”Hər şey Sizin üçün”, və “Dəlidağ” qəzetlərinin baş redaktoru olub. Ədəbi yaradıcılıqla məşğuldu. Şeirləri “Ədəbiyyat qəzeti”, “Yeni Azərbaycan”, “Ədalət”, “Kaspi”, “168 saat”, “Şəhriyar”, “Murovdağ”, “Vaxt”, “Yeni Dünya”, “Səhifələr”, “Sumqayıt” və.s qəzetlərdə, o cümlədən, “Xəzər”, “Ulduz”, “Cahan” və digər dərgilərdə, internet saytlarında dərc edilib. Həmçinin bir sıra şeirləri ölkəmizdə və xaricdə nəşr edilən ədəbi toplularda işıq üzü görüb. Beş publisistik kitabın müəllifi, həmmüəllifi, “Ağ gecənin nağılı”, “Otel otağından reportaj” şeirlər kitablarının müəllifidi. Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdü. Bir sıra ədəbi və media mükafatlarına layiq görülüb. Hazırda “Manevr.az” və “Sumqayitfakt.az” xəbər saytlarının rəhbəri, qardaş Türkiyədə fəaliyyət göstərən “Karsamhaber” xəbər portalının köşə yazarıdı.
ŞEİRLƏRİ
APARAMMIRAM (Anama etiraf) Nə umub küsürsən, qurbanın olum, Bağlanıb bənd, bərə, aparammıram. Məndə təpər yoxdu, düşməndə insaf, İncimə boş yerə, aparammıram. Söndü o yuvanın odu, ocağı, Yoxdu bizdən daha bir umacağı, Unut Dəlidağı, “Novlu bulağ”ı, Öyrən bu şəhərə, aparammıram. Yanırsan, göylərə bülənddi tüstün, Görürəm, çox vədə vurmuram üstün, Çəmənlər pərişan, çiçəklər küskün, Qan tökür dağ, dərə, aparammıram. Ta demirəm sağlıq olsun, ay ana, Boşalanlar birdə dolsun, ay ana. Namiq adlı oğlun ölsün, ay ana, Səni Kəlbəcərə aparammıram.
*****
ÜŞÜYÜR Düşmən gülləsindən qaya çapılıb, Həsrətdən dağların qaşı çatılıb. Sınıq pəncərəli, sınıq qapılı, Allah, evimizin daşı üşüyür. Dəli bir haraya kökləndi qəlbim, Dərd yükü çəkməyə köhnədi qəlbim. Dərin bir ah çəkdim, göynədi qəlbim, Ağladım, gözümün yaş üşüyür. Gədiklər, bərələr tar bağlayıbdı, Tavana əl dəymir, tor bağlayıbdı. Yolları, izləri qar bağlayıbdı, bu fəsil bir kəndin qışı üşüyür. Bu yaram sağalmaz, loğman, ha sarı, Toxunsan artacaq ağrım-azarım- Orda, yad əlində ata məzarı, Burda ürəyimin başı üşüyür.
Comments