top of page

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

Writer's picturewww.kalbajar.com

"Torpağı əsgər qoruyar,sən əsgəri qoru,torpaq"-Fotolar


Nəsib NƏBİOĞLU Zərraf Təhməzoğlunu lap çoxdan, orta məktəbdə oxuduğu illərdən tanıyıram! Həm qohumuq, həm də yeniyetmə vaxtlarından dostuq.


Bizim nəsil-nəcabətimizdə sənət adamları az deyil, şeir yazan, yaxşı, məlahətli səsə malik insanlar olub. Zərraf savadı, istedadı və mülayim xasiyyəti ilə minlərlə insanın hörmətini qazanmiş eloğlumuzdur. Bəri başdan onu da deyim ki, Zərrafın bir şairlik iddiası da yoxdur. O, sinəsinə döyüb, mən şairəm deyənlərdən deyil. Sadəcə olaraq qəlbinin səsini, duyğularını heç özü də bilmədən sözə çevirir. Zərrafın şeir yazmağını çoxdan bilirdim. Hər görüşümüzdə mənə də şeirlərindən verirdi. Bütün kəlbəcərlilər isə onu yalnız Zərraf doktor kimi tanıyırlar. Onun haqqında neçə dəfə yazmaq fikrimi söyləmək könlümdən keçib, şeirlərini təhlil etmək istəmişəm, amma hər dəfə mənə elə gəlirdi ki, onun mənəvi portretini istədiyim səviyyədə yarada bilməyəcəyəm, düşünmüşəm ki, onun adına layiq olsun! Belə gözəl insanın, həkimin xətrinə dəymək mənim xarekterimə uyğun deyildi.


Zərrafın adının mənası tez başa düşən, tanıyan, bilən, arif anlamındadır. Adam sərrafı (adamtanıyan) - həkim. Söz sərrafı (sözləri yaxşı bilib yerində işlətməyi bacaran adam) - şair. "El gözü sərrafdır" deyib atalar. Elin, millətin, xalqın görən gözü. Zərraf Təhməzoğlu sadə və zəhmətkeş bir ailədə dünyaya gəlib: 1962-ci ildə Kəlbəcər rayonunun Kilsə kəndində doğulub. Ailədə altı qardaş, bir bacı olublar. Ilk təhsilini həmin kənddə alıb. O, şeir-sənətlə nəfəs alan bir ailədə, dağlar qoynunda böyüyüb boya-başa çatıb. Onun yeniyetmə çağları Kəlbəcərin bu dağ kəndində kənd təsərrüfatıyla, əkinlə-biçinlə, maldarlıqla məşğul olan zəhmətkeş, fədakar sadə əmək adamlarının arasında keçib.Və mənə belə gəlir ki, onun həm həkim kimi yetişib, formalaşmasında, həm də şeir yazmasının kökündə bunlar dayanır. Zərraf hələ kiçik yaşlarında ikən Tərtərin, Kilsə çayının, saysız-hesabsız bulaqlarımızın zümzüməsini dinləyib. Bəlkə də öz nəğməsini yan-yörəsi gül-çiçəkdən naxışlanan bilaqların səsinə qatıb, anasının öyüdlərini, atasının nəsihətlərini qulağında sırğa edib. Atası Təhməz kişi el-oba arasında mərd, sadə, qorxmaz və olduqca qonaqpərvər biri kimi tanınıb. Təhsilə, elmə, şeirə-sənətə, mütaliəyə maraq evin təməlində olub. Bir qardaşı Zöhrab həkim, bir qardaşı Elçin isə müəllimdir. Hər ikisi də yaradıcı insanlardır və təsirli, duyğulu şeirlər yazırlar. Şairlik Allah vergisidir, fitri istedad anadangəlmədir, oyanı-buyanı yoxdur. Bu da həyatda hər adama verilmir, hər kəsə nəsib olmur. Allah vergisi olan kəs öz poetik dünyasını kağıza köçürür, nəzmə çəkir. Bu allah vergisi əsl təbii yaradıcı insanlarda olur.


Yerindən, məkanından asılı olmayaraq qəlbinin çırpıntılarını nəzmə çəkir. Dağlarda da şeir yaza bilir, vətəndən uzaqda səfərlərində də, hətta təyyarədə də şeir yazır. Bu, onun təbinin gəlməsiylə, bağlıdır. İlham pərisi harda haqladı haqladı. İlham pərisi nə vaxt gəlir əvvəlcədən xəbər eləmir. Vaxtı, vədəsi olmur. İstər yerdə ol, istərsə də göydə. Bu baxımdan Zərrafın təyyarədə ilham pərisinə müraciətlə yazdığı "Gəlmisən" şeiri maraqlıdır: İlham pərim, xoş görüşdük, öpürəm, Nədən yenə təyyarədə gəlmisən. Mən uçub gedirəm dərdin əlindən, Bəs sən hansı səyyarədə gəlmisən! Sən mənim ruhumun can sirdaşısan, Doğması, əzizi, qan qardaşısan, Hardasa sıxılsam, söz yaddaşısan, Sevinirəm, ziyarətə gəlmisən! Kəndlərimizin arası 2-3 km olardı. Onların kəndində 4 illik məktəb olduğundan Kilsə kəndinin uşaqları da orta təhsilini bizim kənddə Çaykənddə alırdılar. Kilsə kəndi Çaykənd kənd inzibati ərazi vahidi tərkibində idi. Kilsə kəndinin tarixi çox qədim zamanlara gedib çıxır. Alxaslı tayfalarının məskunlaşdığı on kənddən biriydi, dağətəyi ərazidə yerləşirdi. Bu kəndin əsasını qədim türk tayfalarından olan Qasımlılar, Atlıxanlılar, Şirinlər qoymuşdur. Həmin məşhur nəsillərin davamçılarından hətta Avropada, Rusiyada və digər qonşu ölkələrdə də yaşayanlar varıydı. 1933-cü ildə Kilsə kəndi və onunla qonşuluqdakı 9 kənd məsafə baxımından xeyli yaxın olduğundan bir inzibati ərazi vahidində birləşmişdilər. Kilsə kəndi İstibulaq kəndindən 1,5 km. aralıda Tərtər çayının bir qolu olan Kilsə çayının sol sahilində dərələri arasında Kiçik Qafqaz silsiləsində yerləşir. Dağlar arasında dərədə qədim Alban Türklərinin tarixindən bəhs edən, kilsə vardır. Ətrafındakı qonşu kəndlərlə bitişik halda olan Kilsə kəndi, əslində, bu qonşu kəndlərlə əzəldən qaynayıb-qarışmış, adamların dərd-səri və xeyir-şəri birlikdə keçmişdir. Zərraf sadə ailədə böyüməsinə baxmayaraq, öz şəxsiyyətini özünün yaradıcı enerjisi, fitri istedadı, zəhməti və çalışqanlığı hesabına qazanıb. Zərraf bir həkim kimi həyatını, sağlamlığını, qabiliyyətini, bacarığını insanların həyatda sağlam tərzdə yaşamasına sərf edib. Bundan məsuliyyətli, bundan ülvi nə iş ola bilər. Axı, o, saysız-hesabsız ümidsiz, əlacsız xəstələrə, onların həyatlarının son anında nicat, şəfa vermiş, yenidən həyata qaytara bilmişdir. Bakıda olduğum müddətdə onun müalicə etdiyi xəstələr tərəfindən Zərraf həkimin ünvanına söylənən fikirlər, onlara göstərilən diqqət və qayğıdan razılıq məni bir dost, bir qohum kimi sevindiribdi. Saysız-hesabsız xəstələrin sağalmasında böyük əməyi olub Zərrafın. Neçə-neçə ümidsiz xəstələrin həyatına sevinc qatıb. Zərraf Təhməzoğlu həm də insan taleyinə biganə qalmayan humanist, xeyirxah bir insan kimi, sadə, doğma adamların hər gün üzləşdiyi problemlər, onların acı taleyi onu düşündürür, onların taleyinə biganə yanaşanlara, öz səlahiyyətlərindən sui-istifadə edənlərə nifrətini bildirir. Vaxtiylə dağlara sığmayan, amma çadırlarda, vaqonlarda talesiz tale yaşayan qaçqın və köçkünlərin, vətəndə vətənsizlərin acısı Zərrafı üzür. Qaçqın düşərgəsində məskunlaşan məcburi köçkünlərin vaqonda nicat tapmalarına münasibətini bildirir, haqsızlıqla barışa bilmir: Bir qatar Vətənə yol gedir, ancaq, Hey gedir, mənzilə yetişə bilmir. Ey ədalət divan, adlı məhkəmə, Bizim də bu vaqon dərdimizə bax! Xalqların bir damla dərdi olanda, Bizim vaqon-vaqon dərdimizə bax! Vaqonlar sükunət tarazlığında. Vaqonlar qatardan ayrılıb nədir? Ağdama çatası olan bu qatar, Görün neçə ildir, hələ yol gedir. Qaçqınların, köçkünlərin taleyi sanki ona divan tutur, rahatlıq vermir. Şairi məngənə kimi sıxan, taleyi acı Kəlbəcərin, köksü qubar-qubar olan yurdumuzun, əsirlikdə qalması, yağılar əlində yağmalanması şairi üzür. Nə qədər ki, yurd dərdi var, nə qədər ki, dağlarımızın həsrəti var. Şairlərimizin qəlbindən bu nisgil, bu qəm silinəsi deyil: Laçınların düşüb səndən aralı, Yurddaşların bu həsrətdən saralı, İnsafdırmı, tərlan yurdun sar alıb, Hər addımda özün öyə, Laçın qaya! Yaxud: Nə qədər səbr olar, səbr yeri yox, Allah bundan betər cəbr yeri yox, Atanın özünün qəbir yeri yox, - Torpaqsız kişi! Zərraf Təhməzoğlu istər elmdə, istər yaradıcılığında, istərsə də tibbi fəaliyyətində kifayət qədər uğurlar qazanmış və qazanmaqdadır. Ən azından 60 mindən artıq sayı olan kəlbəcərlilərin sevimlisinə, onların ümid, pənah yerinə çevrilib. Nə yaxşı ki, sadədir, özündən razılıq, yekəxanalıq Zərrafa yaddır. Amma əslində, bu, onun daxili aləminə tam bir əksdir. Zərraf Təhməzoğlunun yaradıcılığında vətən, yurd həsrəti, el-oba sevgisi, xalq qəhrəmanlarının igidliyi, qəhrəmanlar, Kəlbəcərin bənzərsiz təbiətinin gözəlliyi, məhəbbət əsas yer tutur. Onu sevgi ilə səsləşən şeirləri sanki bir nəğmə çələngidir. Onun hələ gənclik illərində Kəlbəcərdə, eləcə də daha sonralar qələmə aldığı sevgi şeirləri maraq doğurur. "Yoxuymuş" adlı şeirinə nəzər salaq: Məhəbbət odunda əlləri yandı, Demək, ürəyində sevgi yoxuymuş. Çətinliyə düşdü, eşqini dandı, Demək, ürəyində sevgi yoxuymuş! Şeiriylə özümdən qopardı məni, Sirli bir aləmə apardı məni! İstəsə axtarıb tapardı məni, Demək, ürəyində sevgi yoxuymuş. Yaxud "Varmış" şeirində: Sənin gözlərinin qarası kimi, Mənim taleyimin qarası varmış. Dedim yaşamaram, ölərəm sənsiz, Demə, sənsizliyin çarası varmış. Gözü kor olurmuş ilk məhəbbətin, Korun hərəkəti çəliksiz çətin, Ayrılıq adında dəli həsrətin, Məndən sənə qədər arası varmış. Ancaq ilk baxışda sadə görünən bu sözlər əslində, çox da adi, sadə olmayan dərin məna yükü daşıyır. Şair şeirlərinin bir qismində inamın, ümidin üstünlüyünü açıb göstərir: Səndən ayrı biləsən, ay mələyim, Ağlamışam, ağlayıram hələ də. Ürəyimi həsrətinin qorunda, Dağlamışam, dağlayıram hələ də. Ürəyimdə ürəyinin səsini, Çağlayan qanını, şux həvəsinə, Gözlərimdə gözlərinin əksini. Saxlamışam, saxlayıram hələ də. Xəzan çağım, solğun yarpaq olmuşam, Xəstəhalam, yanar dodaq olmuşam, Eşqindən bir coşğun bulaq olmuşam, Çağlamışam, çağlayıram hələ də. Zərrafam, naləli, sızlayan kaman, Ələndi üstümə bu qədər hicran, Ürəyimda sevgi adlı bir dastan, Bağlamışam, bağlayıram hələ də. Sən olmusan şeirinə nəzər salaq: Ruhuma odsalan ala gözlərə, Məni həsrət qoyan sən olmusan, sən! Nə deyim əhdindən dönən kəslərə, Gör məndən nə qədər gen olmusan sən. Kimi sevəcəksən görən, yar kimi, Kimi edəcəksən bəxtiyar kimi, Ömrün baharında yağan qar kimi, Ələnib saçımda dən olmusan sən! Keçən il dekabrın 16-da Bakıda "Azərkitab" Kitab Təbliğat mərkəzində Zərraf Təhməzoğlunun "Gorumuza sarı gedək" kitabının təqdimatı oldu. Xöşbəxtlikdən o tədbirdə iştirak etmək mənə də nəsib oldu və bəzi fikirlərimi deyə bilmişdim. Bu, şairin ikinci şeirlər toplusudur. Kitabın qeyri- adi adı oxucuları çaş-baş salmasın deyə izah etmək qərarına gəldim. Azərbaycanda çox müqəddəs yerlərə and içirlər: od-ocağa, duz-çörəyə, haqq-salama, pirlərə, imamlara, atamın əziz canı üçün, atamın goru haqqı, atamın qəbrinə and olsun, balalarımın canına and olsun, dədəmin goruna and olsun deyənlər də az deyil... Bu gün yurdlarımız erməni tapdağı altındadır. Babalarımızın, nənələrimizin, qohum-əqrabalarımızın qəbirləri mənfur ermənilər tərəfindən dağıdılıb. Şair uzun illərdir erməni işğalı altında qalan torpaqlarımızın azad olunması uğrunda başlayan hərbi əməliyyatlarda iştirak etməyə hər an hazır olduğunu önə çəkir. Azərbaycan bayrağının düşmən tapdağı altında qalan torpaqlarımızın hər bir yerində dalğalanmasını səbirsizliklə gözləyir. Ermənistan silahlı qüvvələrinin tapdağı altında qalan, ruhları perik düşən məzarlarımıza tərəf getməyi dilə gətirir. Qədim Türk Oğuz yurdu, əzəli Azərbaycan torpağı olan Kəlbəcərə haraylayır. Murdar ermənilərin tapdağı altında qalmış qəbirlərimizi xilas etməyə çağırır. Bu torpaqlar dədələrimizin, nənələrimizin, ulu əcdadımın vətənidir, bu torpaqlarda bizim doğmalarımızın qəbirləri uyuyur, onların narahat və nigaran ruhları Azərbaycan adlı bir vətənin səmasında dolaşır. Qarabağın bir parçası olan Kəlbəcər kimi dilbər guşə düşmən tapdağı altında olduğu bir halda biz heç vaxt özümüzü rahat hiss edə bilmərik. Bu gün vətənimiz Azərbaycanın qəlbindəki Qarabağ dərdi, Qarabağ nisgili ən ağrılı yerimizdir. Biz mütləq Qarabağ torpağını azad edəcəyik. Əlbəttə ki, ən böyük arzumuz odur ki, ulu Tanrı torpaqlarının azadlığı uğrunda ədalətli savaşa qatılan igidlərimizə qalibiyyət nəsib etsin. Bu qələbə mütləq olacaq. Biz neçə-neçə qeyrətli, vətənpərvər igidlərimizin ruhunu şad etməli, onların qanını yerdə qoymamalıyıq. Deməsinlər qaçaq soyuq, Biz ər soyuq, qoçaq soyuq! Qəribə hər bucaq soyuq, Yurdda yanar qorumuz var! Qorumuza sarı gedək! Dədələrdən bizə qismət, Altı sərvət, üstü ziynət. Kimsəyə qıyılmaz cənnət Torpaq adlı varımız var! Varımıza sarı gedək! Dünya işin bilmək olmaz, İzimizi silmək olmaz! Qəriblikdə ölmək olmaz! Orda bizim gorumuz var! Gorumuza sarı gedək! Şair qəlbinin həzin duyğularla zəngin qəlbi doğma xalqımızla bağlıdır. Onun böyük sənətkarımız Dədə Şəmşirə həsr etdiyi şeir fikrimi tamamlayır: Güllü çəmən gülür üzə, Laləyə bax, dönüb közə, Quşlar ötür dağdan düzə, Bir şeir yaz, Dədə Şəmşir! Pənah gətirək ocağa, Səsin düşsün düzə, dağa, Bülbüllə dodaq-dodağa Öt, xoşavaz Dədə Şəmşir! Hər kəlmən bir ürəkdədir, Burda dağlar min rəngdədir, Sən gedəli köynəkdədir, Darıxır saz, Dədə Şəmşir! Bu şeirləri oxuyanda onun həssas, incə, eyni zamanda, kövrək qəlbi ilə tanış oluruq. Onun şeirlərində dilimizin və ruhumuzun layları sözün sehrkar qüdrəti ilə qat-qat açılır. Zərraf şeirlərinin ana laylası kimi qəlbimizə yatan, şirin və dəyərli olmasının əsas səbəbi onun heca vəznində olmasından irəli gəlir. Şeirlərini xalq-aşıq şeiri ruhunda qələmə alir, bu onun ənənəvi heca vəzninə sadiq olduğunu göstərir. Yaradıcılığında Azərbaycan folkloruna, onun ən böyük və zəngin qolu olan aşıq poeziyasına söykənir. Təbii olaraq folklorumuzu kamil bilən bir qələm sahibi kimi bu ruhda çoxsaylı şeirlər yazmışdır. Onun sadə bir dillə qələmə aldığı qoşma və gəraylıları, təcnisləri, qoşayarpaq müxəmməsləri, hətta cinaslı rübailəri, cinaslı bayatıları var: Yurda sarı, Yollanaq yurda sarı. Yurdsevənin poladdan, Gərəkdir yurd ha sarı. Dağ olur, Dərd yığılsa dağ olur. Qürbətdə dağ oğlunun, Ütəyi dağ-dağ olur. Yurd daşına, Qoymasıq yurd daşına! Dönüb Yurdda yaşayaq, Çevrilək yurd daşına. Qəribə, Dünya, işin qəribə. İnsanlar öz yurdunda, Dönübdülər qəribə. Tər-tərdi, Dərdlərimiz tər, tərdi. Elsiz qalan yurdların, Göz yaşları Tərtərdi. İlk baxışdan sadə görünür bu misralar, amma düşündürücüdür. Hər bir kəlbəcərli şairin yaradıcılığında olduğu kimi Zərrafın şeirlərində də qəmli notlar vardır, amma bu qəmli notlarla yanaşı, gələcəyə ümid, inam da var. Ümidvaram ki, şair nikbin şeirləri daha çox yazacaq, həyatın gözəlliklərini tərənnüm edəcək, onun kövrək duyğuları, qələbə ruhlu şeirləri doğma Qarabağımıza, Kəlbəcərimizə, Şuşamıza, Laçınımıza dönmək ümidlərini möhkəmlənəcəkdir. Bu yolda Zərrafa uğurlar arzulayıram. 17.02.2018, Moskva

Comentarios


Kalbajar.com YouTube kanalın istifadəyə vermişdir. Kanala abunə olaraq izləmə sayını artırın və maraqlı videolardan yararlanın!

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

bottom of page