19 may 2017-ci il tarixdə Gəncə şəhərində Kəlbəcərlilərin yerləşdiyi qəsəbədə Mədəniyyət evində Dəlidağın nəğməkar şairi Əyyub Cabbarın yubileyi qeyd edilmişdir.
Xatırladaq ki,Əyyub İmran oğlu Cabbarov 1937-ci il mart ayının 5-də Kəlbəcər rayonunun Məmmədsəfi kəndində anadan olub. Hələ gənc yaşlarından lirik şeirlər müəllifi kimi ad-san qazanıb. Onun məhşur "Əyyub və Sənəm" dastanı isə aşıqların dillərinin əzbəri olub. AYB-nin üzvü olan Əyyub Cabbarov "Ayrılıq görüşdən qabağa düşdü", "Günahlı dünya", "Ay arxadan baxan illər", "Duz yüklü ömür karvanı" kimi bir-birindən maraqlı və zəngin ədəbiyyat nümunələri olan kitabların müəllifidir. Hazırda Gəncə şəhərində məcburi köçkün həyatı yaşayan el şairinin bu gün də ədəbi yaradıcılığını dayanmadan davam etdirir. Hələ televiziyanın ucqar dağ rayonu olan Kəlbəcərdə olmadığı dövrlərdə adı dillər əzbəri olan, şeirləri əl-əl gəzən Əyyub Cabbarov "el şairi" statusu qazanmışdı. 1970-80-ci illərdə isə bütün el məclislərində onun şeirləri el məclislərində böyük rəğbət və ehtiramla oxunurdu. Onun yaradıcılığında klassik ənənəyə bağlılıq bütün şeirlərində hiss olunur, dillər əzbəri olan gəraylıları, qoşmaları, təcnisləri hamının marağına səbəb olmuşdu.Əyyub Cabbarovu həm də “Məhəbbət şairi” adlandırırdılar. Ana haqqında yazdığı neçə-neçə şer isə xalqın yaddaşında möhkəmlənib.
Foto: Babək Mirzəyev
Comments