top of page

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

Writer's picturewww.kalbajar.com

SƏMAVİ SƏLTƏNƏTDƏN ƏSİNTİLƏR


Böyük şair Bahaəddin Qaraqoçla Ərzurumda keçirdiyimiz sazlı-sözlü günlərdən kiçicik bir xatirat


Ərzuruma əslində kefə getmişdik,doğrudan, kefə. Bu səmavi səltənətin torpağı, səması, rüzgarı kef ovqatı yaradır insanda Bir cənnət busatı yaşanır burda. Ərzurum, sözün həqiqi mənasında, uca ruhların başımız üzərində qanad çalıb, pərvaz etdiyi bir cənnət məkandır.

Bu keflər öz yerində, bir də, həqiqətən elliklə keçiriləcək təntənəli bir düyünə müsafir çağırılmışdıq.

Ərzurumda fəaliyət göstərən “GÜNƏŞ” vəqfi (xeyriyə cəmiyəti) özünün növbəti ildönümünə həsr olunmuş BÖYÜK TÜRK ŞÖLƏNİNƏ Azərbaycandan, Türkmənistandan, Qazağıstan və Qırğızstandan, ürəyini və bütün hissiyatını öz xoyratlarına (baya-tılarına) tapşırmış yaralı Kərkükümüzdən, Təbrizimizdən, Borçalı ellərimizdən, Anadolunun aşıqlıq ənənəsi indi də yaşamaqda olan dürlü bölgələrindən gəlmiş alimlər elmi ilə; şair və yazıçılar bədii sözün seçmə örnəkləri ilə; aşıqlar sazları və avazları ilə, sözün, həqiqi mənasında, yarışmağa buraya cəm olmuşdular.

Bu mötəbər məclisdə Azərbaycanımızı saz- söz yönündən biz təmsil edirdik: saza könül vermişlərdən böyük Ədalətdən sonrakı Ədalətimiz: yəni dəli-dolu cavan aşığımız Ədalət Dəlidağlı idi; bədiyi sözə həssaslığı, söz seçiminə vasvasalığı ilə seçilən, klasik aşıqlarmızın zəngin ənənəsindən faydalanmağa çalışan gənc aşıq Elburus idi; bir də bu sətirlərin müəllifi olan mən: Məmməd Aslan.

Ərzurum tanrıvergili bir məkandır: yüzilliklər boyu torpağı çiçəkdən daha çox söz yetirib. Nə qədər bədii söz zərgəri burdan baş qaldırıb. Bircə kəndin timsalında dediyimi sübuta çalışım: dağ kəndlərindən olan Həsənqala köyü (kəndi) zəngin türk poeziyasına üç möhtəşəm klassik şair bəxş etmişdir: böyük zəkası və ilhamı sayəsində Ərzurumlu İbrahim Həkki həzrətləri; həyatı başdan-başa ictimai qasırğalar içində keçmiş şair Nəfi və elat həyatının tərənnümündə əvəzsiz ilham sahibi olan Kamaləddin Kamu Kami.

Hələ başdan-ayağa hikmətlə dolu Ziya Paşa, İstambulun işğalı və qurtuluşu ilə bağlı ən böyük vətənpərvərlik örnəkləri sayıla biləcək “Gəl bahar”, “Get bahar” şeirlərinin müəllifi Xalidə Nüsrət Zorlutuna, Həqqi İbrahim Həqqi oğlu kimi mümtaz şairlər; bu gün belə Anadoluda; həttda Azərbaycanda sözləri dildən düşməyən Aşıq Əmrah və digər aşıqlar, yəqin ki, bütün zamaların könül tacidarı olaraq qalacaqlar.

Ərzurumda sazıyla-sözüylə özünü göstərmək, əlbəttə, asan iş deyil. Amma böyük xatircəmliklə deyim ki: Ədalət Dəlidağlının sehirli barmaqları, aşıqlar arasında bu gün səsinin canayatımlı ləngəri və şirin avazı ilə seçilən, klassik aşıqlarımızdan başqa həm də bu gün yaşamaqda olan şairlərimizdən, qəlbləri sehrləyən qoşma və gəraylılar oxuyan Aşıq Elburus həssas tamaşaçı olan ərzurumlulara özlərini qədərincə sevdirə bildilər.

Anadolunun, sözün hər iki mənasında, diri şairlərindən Bahaəddin Qaraqoç da bu maraqlı şölənin baş müsafirləri arasında idi. Bu şair bütünlüklə xalqın əzizi olmağı bacarmışdır.Onun poetik əmr və göstərişləri, duzlu zarafatları, bəzən dəlib keçən atmacaları, hətta nazı belə xalq arasında doğmalıqla tutulur. Bu möhtərəm şair xalq arasında da, iqtidar yanında da eyni dərəcədə mötəbər bir dədə şair kimi qarşılanır. Aşıq Elburusun çağdaş şairlərimizdən bol-bol söz çalıb-çağırması, həm də oxuduğunu səriştə ilə izah etməsi Bahaəddin bəyi düz-əməllicə sehirləmişdi. Sazla şairin bu cür qucaqlaşmasına çox böyük dəyər verdiyini söləyirdi. Bizdə sazla sözün ülfəti nə qədər ürəyincə idi. Qaraqoç deməkdən doymurdu ki, aşıqla şair gərək sizdəki kimi sarmaş-dolaş olsun ki, sözümüz də geniş kütləyə lazımınca çatdırıla bilsin.

Bahaəddin Qaraqoç bu arzusunun, yəqin ki, təsiri altında kitablarından bir qom çıxarıb Aşıq Elburusa uzatdı və dedi:

--Bunların içərisindən nəfəsinə və sazına yatan bir şey tapıb oxuya bilsən, çox məmnun qalardım.

...Toplantı böyük və unudulmaz coşquyla keçdi. Onun təfsilatına varmağı qarşıma məqsəd qoymadığımdan şairlə aşığı, inşiallah, yaxunlaşdıracaq bir gəraylı və üç qoşmasını bizim oxuculara çatdırmaq istədim.

O Türk Şölənindən çox da zaman keçməmiş Aşıq Elburus, Qaraqoçun yadigar kitablariyla yanıma gəldi. Onların içindən şairin “Mən sənin Yusifin olmuşam” kitabından bir neçə gözəl lirik şeirini ürəkdən bəyəndiyini söylədi. Aşıqla birlikdə

onları Azərbaycan türkcəsinə uyğunlaşdırdıq. Aşıq Elburusun böyük vəcdə ilə oxuduğu bu gəraylı və qoşmalar, yəqin ki, aşığın keçirdiyi məclislərdə Bahaəddin Qaraqoçla dinləyicilərimiz, arasında bir mənəvi tanışlıq körpüsü yarada biləcəkdir. Həmin şeirlərin həm də “525-ci qəzet”də dərc olunması ürəyimdən keçdi. Çünki “525” mənim içimdən dışıma boylandığım mənəvi pəncərədir.

Məmməd Aslan

Bahaəddin QARAQOÇ

İSMARIC

Sanki bulud altdan ay doğar kimi Sən çıx ki, qəlbimə işıqlar dolsun! Gəldiyin yerlərdə bahar var kimi-- Gələrkən əlində bir qom gül olsun.

Qamaşdır gözümü əlvan işıqla! Öpüşsün bənövşə ağ sarmaşıqla, Taqqıldat qapımı bir gur şəfəqlə, Bir damla sevincim artıb, göl olsun.

Pəncərəmdə quşlar çırparkən qanad, Səsinlə ölümsüz nəğmələr yarat! Gəl ki, sərxoşluğu qollarımda dad;

Varlığın dəryamda bir sandal olsun.

Coşsun fərəhindən toxunduğun su, Yayla-yayla gəlsin dəniz qoxusu... Gün kimmiş?- tanısın bu gündoğuşu, Səni görənlərdə dürlü hal olsun.

Ey dünya gözəli, cənnət qaçqını! Dünyaya dəyişməm sənli üç günü! Qapıya gəlməmiş məhşər-köç günü, Qaraqoçla ol ki, zəhər bal olsun!

Bahaəddin QARAQOÇ

DƏLİCƏSİNƏ

Dağlar qardan-buzdan tutmuş yükünü, Kəsdirmiş qapını qış dəli-dəli. Hər ağac dibinə yığar kökünü, Vurnuxar yuvasız quş dəli-dəli.

Ənginlərə yağmur, yüksəklərə qar, Vaxt-vədə demədən yağar, ha yağar... Göydə bir çatışma, bir qovğamı var?!--

Yuvarlanıb gələr daş dəli-dəli.

Dost deyincə ahım alov almada, Könlüm dərin xülyalara dalmada, Nəyim varsa, getdi; kədər qalmada, Axır gözlərimdən yaş dəli-dəli.

Mürgülü Ay fürsət gəzir yatmağa, Mən alışdım hər acını dadmağa, Könlün varsa, dost əlindən tutmağa, Heç dəvət gözləmə, uç dəli-dəli.

Yağan qəmə duman demə, sis demə, Axışar sel kimi əfkar* üstümə, Hərəsi bir yandan durub qəsdimə: Kiprik dəli-dəli, qaş dəli-dəli.

Qaraqoçam, şirin xəyal quraram, Hər kimdən nə duysam, xeyrə yoraram, Bu dəli rüzgardan səni soraram, Dayanma, yollara düş dəli-dəli...

________________ *əfkar-qəm-kədər dolu bir qərəmət basma.

Bahaəddin QARAQOÇ.

BİR O DAĞDAN, BİR BU DAĞDAN

Haray çəkdim, geri gəldi, Bir o dağdan, bir bu dağdan. Qarşı getdi, bəri gəldi, Bir o dağdan, bir bu dağdan.

Gün tutuldu, silah sixdım, Dünya yoxdu, mən də yoxdum... Gül-çiçək dərməyə çıxdım, Bir o dağdan, bir bu dağdan.

Qar da, çiçək də bəhanə, Könlüm gəzər xanə-xanə. Dost qazandım dənə-dənə Bir o dağdan, bir bu dağdan.

Yol qalxar, zirvədə bitər, Gün doğar: zülmət itər.

Xallı kəklik “qaq-qaq” ötər Bir o dağdan, bir bu dağdan.

Yürüsəm, buludlar yürür, Əsən külək tozu kürür. Sanki Koroğlu hönkürür Gah o dağdan, gah bu dağdan.

Tər basar, köynək islanar, At çapmasan, nal paslanar. Dadaloğlu hey səslənər Bir o dağdan, bir bu dağdan.

O DAĞLARIN ARXASINDA

Dərzi əsəriylə öyünüb dursun, Əynimə tikdiyi mənə dar gəldi. Halaylar qurulsun, davullar vursun, Kasıb xanəmizə bu gün yar gəldi.

Məni səslər bu dağların arxası, Mən varınca, dolu gələr arxa su.

Qorxmaz ki bu könlüm, nədən qorxası, Yar ilə birlikdə növbahar gəldi.

Qoç qurban kəsildi şölən quruldu, Boz- bulanıq axar sular duruldu. Qəlbimizə eşq möhürü vuruldu, Kərəm təki kənar durmaq ar gəldi.

Qaytara bilsəydim ötən illəri, Silərdim könlümdən bu nisgilləri. Dost çağırar, qədər kəsər yolları, Günü saymaq dustaqlıqdan zor gəldi.

Qaraqoçam, həsrət kəsib yanımı, Mən yar üçün əsirgəməm canımı. Əllərinə xına yaxsın qanımı, Axır ki, qaşları zülfüqar gəldi.


Comments


Kalbajar.com YouTube kanalın istifadəyə vermişdir. Kanala abunə olaraq izləmə sayını artırın və maraqlı videolardan yararlanın!

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

bottom of page