top of page

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

Writer's picturewww.kalbajar.com

Söz sərrafı, dərd zərrafı


Vəliyəddin MİSİROĞLU (İSMAYILOV) Yazıçı-publisist

"Yaram şəfa tapar loğmanım qənşər gəlsə", - deyib atalar. Zərraf Təhməzoğlu yaman qənşər gəlib, həm şəfa ehtiyaclılarına, həm də söz əhlinə.

Loğman bıçağından şəfa umanlar addım-addım, əl-əl gəzir həkim Zərrafı. Sözdən, şeirdən şəfa umanlar vərəq-vərəq izləyir şair Zərrafı. Çünki onunla bir anlıq ayaq saxlayıb söhbət edən hər kəsin ömrə ümidi artır, dərd-kədəri unudur, özündə mənəvi toxluq, bir ürək qutu tapır.

Zərraf həkimin nəsil şəcərəsindən gəlir bu vergili qismət, bu əvəzsiz tale payı. O, elində-obasında tanınmış, hazırcavab söz ustası, lətifələri dildə-ağızda gəzən İstibulaqlı (Kəlbəcərdə kənd adıdır) Rəfi kişinin kök-köməcində rişələnmiş, boy atmışdı.

Burda şair Zərrafın bu nəsil-kökə xas olan bir yumoru, hazırcavablığı yadıma düşdü. Zərrafın şair dostu Mirsəyyaf Zamanlı bir gün müayinə üçün onun yanına gəlir.

Mən Zərrafı ta gənclik illərindən, ailəlikcə tanıyıram. Atası Təhməz kişi, dayısı Sufi (çoban Sufi) çox zəhmətkeş adamlar idi. İşə can yandırardılar, mərd, mübariz idilər. Daha doğrusu, lap Dədə Qorqud filmindəki Qaraca Çoban kimi. Qoyunçuluğun dilini yaxşı bilirdilər. Mən o vaxtlar Rayon Aqrar Sənaye Birliyinin rəisi idim. Rəhbərçilikdən əlavə, onlarla səmimi münasibətim vardı.

Zərraf tələbə ikən tez-tez Salyan qışlaqlarına atasıgilə gələrdi (O vaxtlar Kəlbəcər rayonunun qoyunçuluq təsərrüfatları Salyan qışlaqlarında mövsümü olaraq yerləşirdi). Sadə əməkçilərnən, cavanlarnan görüşərdi. Hiss olunurdu ki, bu gənc təbiət vurğunudur, kənd həyatına, torpağa bağlıdır. Mən deyərdim ki, o, gününün çoxunu quzuların mələşməsinə, onların böyük sürünün içərisindən öz analarını tapıb əmməsinə baxmaqla keçirərdi. Sanki bu mənzərədən həzz alırdı. Bu əlamətlər onun düşüncəli dərkindən, həyata baxışından, təbiəti olduğu kimi sevməsindən xəbər verirdi. Əlbəttə ki, bunlar şairlik əlamətləriydi. Hətta o vaxtdan deyirdilər ki, Təhməz kişinin o tələbə oğlu qırmızıyanaq kənd qızlarına - çoban qızlarına şeir də yazır. Axı özü də alyanaq, boylu-buxunlu, totuq oğlan idi. Sən demə, elə o vaxtdan üzündən-gözündən puçur-puçur həya təri axan ceyran gözlü qızlara şeir yazırmış:


Yenə cuşa gəldi könül, O gül camalını gördüm. Kəhkaşanın ulduzunu, Göyün hilalını gördüm.


Amma sonradan məlum olur ki, bunu şairin gözü deyirmiş, ürəyi yox. Bu gənc həkim-şairin könül dünyası başqa bir dildarın rübabında səslənirmiş, Salyan qışlağında yox (Bu bir zarafatdır):


Ay gözəl, demə ki, könlüm səndədir, Günah nə məndədir, nə də səndədir. Zərrafın ürəyi özgəsindədir, İki parçalansa yaşayarmı heç?!

Nə səmimi etirafdır! Bu, şairin saflığından, iç dünyasından gələn paklıq səsidir. O, saxta məhəbbət yolçusu olmaq istəmir. Hər sevənin və sevilənin bir məhəbbət gərdəyi var deyir. Onlar bu gərdəyin arxasında bir-birinin nəfəsinə, hənirinə qızınır, ürək sözlərini pıçıldayırlar. O gərdəyin hər qırçınlı qotazında bir sevgi düyünü asılıb. Onu hər kəsin öz məhəbbət tacidarı sığallayıb açmalıdır.

Saf məhəbbətinə və istəyinə sadiq olan şair bir şeirində özünü sevgilisinə inamla təqdim edir, bu hisslərdən çox-çox uzaq olduğunu deyir:


Dilbərim, inan ki, xoşdur Zərrafa, Çəksə bu sevgidən illərlə cəfa. Yarama məlhəmsən, dərdimə dava, Keçirt imtahandan, xar olmaram mən, Özgə bir gözələ vurulmaram mən.


Şair Zərraf gəncliyindən pərvazlanan, təbiətdən güc alan coşqun şairdir. O, sevgini də, məhəbbəti də, münasibəti də təbiət kimi rəngarəng və saf görmək istəyir. Təbiətin yaratdığı nə varsa, onun hər birinin özünəməxsus bir məhəbbət dili, birinin digərinə ehtiyacı var. Bir-birlərinə mehr salırlar. Bütün gül-çiçəklərin də telini küləklər darıyır, yarpaqları silkələyib pıçıldaşdırır. Bunları ürəkdən duyan şair küləklərlə də danışır, onu özünə məhəbbət həmdəmi bilir, sual-cavab eləyir:


Zərrafın yolunu niyə kəsirsən? Nədən güc almısan, belə əsirsən? Yoxsa sən də görüşə tələsirsən, Yolunu gözləyən dilbərinmi var?


Təbiətinin sadəliyi kimi bədii təfəkkürü də, qələmi də sadədir, əndazalı fikirlər axtarmır, içindən gələn duyğuları qələminə taxır. Onun şair kimi təbiətə vurğunluğu, Azərbaycanın hər qarışına sevgisi çox  səciyyəvidir.

Milin, Muğanın ceyranlı çöllərində ayaq izləri olan böyük şairimiz Səməd Vurğuna ithafən yazdığı şeirində dediyi kimi:


Mil-Muğanı dolandıqca duyuram, Bir ovçunun izi qalıb bu yerdə. Ovlağında ovu durur hələ də, Ocağının közü qalıb bu yerdə. ................................................ Yol gözləyir, sanki yenə gələcək Ceyranların gözü qalıb bu yerdə.


Zərraf Şirinov həm də vətənpərvər şairdir. Bu, onun şeirlərində daha qabarıq şəkildə özünü büruzə verir. Özünün də vətənpərvərliyini təkcə şeirində yox, həyatı sübutla göstərir. Öz ailəsində bunun bünövrəsinin qoyulduğunu deyir.


Zərrafam,  gəl quraq Vətən qalası, Olmaz qisas qiyamətə qalası. Şəhid olsam ana yurdun xilası - İki ər böyüyür dizimin üstə.


XX əsrin sonlarında xalqımızın başına gətirilən bəlaların, təcavüzlərin, işğalların şahidi olan şair, həm də bir həkim kimi tökülən şəhid qanlarının yuyulmasının, yaralıların şəfa tapmasının iştirakçısı olmuşdur. Bu küləklərin hardan əsdiyini, dünyanın fırlanan siyasət çarxının kimlər tərfindən qurdalandığını öz siyasi dünyagörüşü ilə dərk edərək siyasi proqnozlu şeirlərində şair qələmini döyüşçü silahı kimi düz tuşlamışdı səbəbkar hədəflərin üstünə:


Moskvadan soyuq küləklər əsir, Dolumu yağacaq, qarmı yağacaq?! Məzlum millətləri Allah qorusun, Qafqaz dağlarına mərmi yağacaq. Qoca Qafqazlılar, verib əl-ələ, Kəsək qapısını bu nadanlığın. Gəl, bərpa eyləyək öz evimizdə Sülhü, ədaləti və insanlığı.


Mən bununla o vaxtın gənc şairi Zərrafın bədii yaradıcılığını siyasiləşdirmirəm. Sadəcə olaraq onun qələmini bu sahədə sınadığını və hədəfə düz vurmağını oxuculara çatdırıram. Və əminəm ki, o, gələcəkdə bu sahədə daha yetkin fikirli şeirlərin müəllifi kimi oxucuların görüşünə gələcək.

Şairin yaradıcılığı ilə tanış olarkən görürsən ki, hər səhifədə, hər bir vərəqdə bir vətən sızıltısı, bir vətən həsrəti var. Şairin hər misrasının mübtədası vətəni Azərbaycanla, doğma yurd-yuvası ilə başlayıb, xəbəri ora qovuşacam deyə-deyə bitir:


Erməni əsarətində olan Kəlbəcər, Doğulub, böyüdüyüm doğma məkan. Laçın, Şuşa, qara bəxtim - Qarabağ, Arazla bölünmüş yaralı Azərbaycan!


Loğman Zərraf içində olan vətən həsrətini, yurd göynərtisini səngitmək üçün bir dərd şəriki axtarır. Özünə həmdəm bildiyi nə varsa, ondan bir çarə umur, onunla həmsöhbət olmaq istəyir. Şair təxəyyülü ilə sızlayan kamanla danışır. Axı, kamanın da səsi ahlı-naləlidir. Rəvayətə görə, o da "bir nakam gözəlin hörüklərindən qopan tel"in yadigarıdır. İllərlə inildəyib bir nakamın taleyini ağlayır:


Sızım-sızım sızıldama, Ürəyimi oyma, kaman! Çəmənimdən qovulmuşam, Sən də məni qovma, kaman, Ürəyimi oyma, kaman!

Ha biçildik, ha calandıq, Başqalaşdıq, haçalandıq. Oba-oba parçalandıq, Olduq qıyma-qıyma, kaman, Ürəyimi oyma, kaman!


Bununla ürəyi soyumayan şair dağların gül-çiçəyindən, təmiz havasından, türfə gözəllərindən yadigar gətirdiyi göz nurunu kağızlara tökərək azaltdığını görüb heyifsilənsə də, qoşa gözlü (bir gözü mənfi, bir gözü müsbət) eynəyini haraya çağırır. Onu özünə həmdəm bilir (Necə ki, korifey sənətkarımız mərhum Şövkət Ələkbərova deyirdi: "Göygölün gözüylə cahana baxım"). İndi də şair Göygöldən Murova eynəklə baxır: - Ay eynək! Vətən dərdi məni qocaltdı, - deyərək onunla danışır:


Qovdular dağlardan mərdi, comərdi, Zərraf, içimizdə həsrət göyərdi. O qədər uzandı Qarabağ dərdi, Vətənə eynəkdən baxası oldum.


Bütün bunlarla yanaşı, şair nikbindir. O, heç də hissə qapılıb lal dayanmağı xoşlamır. Hamını vətən uğrunda, işğalda olan torpaqlarımızın azadlığı uğrunda mübarizəyə çağırır. Gərək dərdi, kədəri, həsrəti qurdalayasan, qarışdırasan ki, dağıla, uça, gedə.

Belə bir atalar misalı var: "Qaynayan qazana milçək qonmaz". Gərək biz də vətənimiz üçün, torpaqlarımız üçün, gələcəyimiz üçün aşaq-daşaq ki, düşmən yaxın gəlməsin. Onun üçün şair yazır:


Tən tutmasaq anamızla, Bağlanmasaq canımızla, Suvarmasaq qanımızla, Torpaq bizə vətən olmaz! Ömür sürüb qarımasaq, Bəhrəsindən yarımasaq, Üstdə gəzib qorumasaq, Altı bizə kəfən olmaz.

Qara baxtım, qara bağrım, Odda yandı qara bağrım. Zərraf,  getsə Qarabağım, Olmaz başsız bədən, olmaz, Qarabağsız vətən olmaz!.


Şair həm də çarxı hər an dəyişkən fırlanan indiki zamanda yad ünsürlərin bizə də ayaq açmasından narahatdır. Bəzən dilimizə, ədəbiyyatımıza, adət-ənənələrimizə, gənclərin tərbiyəsinə mənfi təsir edən hallara da rast gəlinir. Şair belə hallar üçün gözüaçıqdır. Bu sahədə satirasını və yumorunu əsirgəmir. Dininizdən, kökünüzdən, nəsil-nəcabətinizdən qopmayın deyir. "Qloballaşan dünya" şeirində dediyi kimi:


Göz-qaş, kirpik süniləşib, Gözlərdən əsər qalmayıb. Üzlər o qədər sürtülüb, Sözlərdə kəsər qalmayıb.

Çox dinən dil lal olubdu, Zərraf əhli-hal olubdu. Dünya qlobal olubdu, Mən görən bəşər qalmayıb.


Şair Zərraf ata-baba qəbirlərinin girov, müasirlərimizin qəbirlərinin isə qərib olduğuna çox heyifsilənir. Daşlarını mamır basmış qəbirlərin nə vaxtsa doğma-əzizlərinin yanına köçürüləcəyini arzulayır və ümid bəsləyir. Həmçinin də doğma və əzizlərin, ata və balanın bir yerdə dəfn edilməsinin mümkünsüzlüyünü düşünərək bəzi hallarda bizləri "torpaqsız kişi" adlandırır:


Nə qədər səbr olar, səbr yeri yox, Allah, bundan betər cəbr yeri yox. Atanın, ananın qəbir yeri yox - Torpaqsız kişi!..


Zərraf Təhməzoğluna şairliyi ilə yanaşı, həm də tibb sahəsində sözünü deməyi, sənətdə gücünü göstərməyi bacaran alimdir, tibb elmləri doktorudur. Həm də o, cəmiyyətdə yeri olan intellektual səviyyəli ziyalıdır. İctimai fikirli, yetkin dərrakəli, dünyəvi baxışlı, gözüaçıq, əqidəli adamdır. Günü-gündən çiçəklənən günəşli Azərbaycanımızın, müstəqil dövlətimizin tarixi inkişafı yolunun və gələcək uğurlarının tərənnümçüsüdür. Vətəndaş bir alim kimi cəmiyyətimizin daha da saflaşmasını, yad ünsürlərdən qorunmasını və firavanlığın daha da geniş vüsət almasını hər an görmək istəyir.

Mən Zərraf Təhməzoğluna daha böyük yaradıcılıq uğurları arzulayıram. Və ona şair qələmin iti, insanlara şəfa verən cərrah bıçağın düşərli, əlin sayalı və yüngül olsun deyirəm.

Mən yazımı onun 1979-cu ildə Kəlbəcərdə yazdığı şeirin bir parçası ilə bitirirəm və istəyirəm ki, hamı onu o vaxtkı "eşq sərrafının divanə cavan Zərrafı" kimi görsün:


Aydan arı, sudan duru Baxışına bal ələnib. Eşq sərrafı - mən Zərrafı Eləyib divanə, baxın.


"Kəpəzdən boylanan bir çəngə bulud"un şehi kirpiklərimizdə sır-sıra bağlasın. Murovu o üzə aşaq, qıyqacı Ay yerini dan üzünə verəndə biz bir-birimizə əl verək, - Salam həsrətli Kəlbəcərimiz, xoş gördük! - deyək.

Comments


Kalbajar.com YouTube kanalın istifadəyə vermişdir. Kanala abunə olaraq izləmə sayını artırın və maraqlı videolardan yararlanın!

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

bottom of page