“Üzdə olan bəzi adamlarımız sosial şəbəkələrdən də öz maraqları üçün yararlanırlar, amma həqiqəti onsuz da hamı biləcək” Kalbajar.com xəbər verir ki,uzun illərdir Laçın, laçınlılarla bağlı sosial şəbəkələrdə təmannasız xidmət göstərən Siyavuş Əmirli Modern.az saytına müsahibə verib. - Siyavuş müəllim, uzun illərdir Laçınla bağlı internet resurslarında ciddi fəaliyyətiniz var. Belə demək mümkünsə, dünya sosial şəbəkələrdədir. Bu mənada işğal altında olan Laçını, onun mühiti, insanları barədə sosial şəbəkələrdə yer alan materiallar yetərlidirmi? - Son 6 ilə qədər laçınlılar sosial şəbəkələrdə aktiv deyildi. İndi isə aktivdirlər. Üstəlik gənclərlə bərabər, yaşlılar da sosial şəbəkələrdən istifadə etdiklərinə görə, Laçınla bağlı səhifələrdə yığışıb, maraqlı məqamlara toxunurlar. Laçın əhalisinin keçmiş adətlərindən, özünəməxsus sözlərindən danışırlar, gənclərə keçmiş adətlərimizi aşılamağa çalışırlar. Bir də gənclərin məlumatlılığını artırmaq üçün yurd yerlərimiz haqqında geniş paylaşımlar edirlər. Laçınlıların biri-birinə müraciətdə daha çox işlətdiyi ifadə“əmioğlu” və “qağa”dır. Ağsaqqallar gənclərin Laçının bu cür özünəməxsusluqlarını unutmasını istəmirlər. Ümumən sosial şəbəkələrdə Laçın, laçınlılar barədə geniş materiallar verilir. Ancaq heç şübhəsiz ki, daha çox iş görmək olar. - Laçından çıxanda neçə yaşınız var idi? - 13 yaşında idim. Laçının hər bir nöqtəsi mənim uşaqlıq yaddaşımdadır. İllərdir özümdə bu cür formalaşdırmışam; hər gecə yatmazdan əvvəl xəyalən Laçına gedirəm. Uşaqlığımda gördüyüm yerləri, getdiyim cığırları gözlərimin qarşısına gətirirəm. Laçının hər dağı, daşı yadımdan çıxmasın deyə belə edirəm. Sosial şəbəkələrin, internetin mövcudluğu imkan verir ki, doğma yurd-yuvamızın indiki vəziyyətini də görə bilək. Mən bunu mütəmadi araşdırıram. Hazırda Laçında uşaq bağçasında işləyən erməninin adını belə bilirəm. Orada kimlərin yaşadığını, orta məktəb, internat məktəbi, uşaq bağçası və s. müəssisələrdə çalışan ermənilərin adlarını, onlar haqqında məlumatları əldə etmişəm. Bu məlumatları axtardıqca, öyrəndiyim erməni dilini də inkişaf etdirirəm.
- Bəs, lacin.info saytının yaradılması ideyası necə yarandı? - Biz bu saytı 5 il əvvəl yaratmışıq. Elə yeri gəlmişkən, bu ilin aprel ayında saytımızın 5 yaşı da tamam olur. Saytın yaradılması hər bir laçınlının arzusu olub. Amma maddi imkansızlıq, saytın təminatı məsələsinin problem olması buna imkan vermirdi. Saytın yaradılmasının məqsədi laçınlı ziyalıların tanıdılması, Laçının adət-ənənələrinin, özünəməxsusluğunun qorunması idi. - Laçınlılar bu məsələdə sizə dəstək olurlarmı? - Əlbəttə, laçınlı ziyalıalr, iş adamları, adi vətəndaşlar müəyyən qədər dəstək göstərirlər. Deyə bilərəm ki, bu gün fəaliyyətimiz uğurludur. Əvvəllər biz düşünürdük ki, yalnız rayon çərçivəsində tanınırıq. Amma görünür ki, Lacin.info saytı fəaliyyətini genişləndirə bilib. Saytımızın izləyiciləri arasında tək laçınlılar deyil, bütün ölkə əhalisi var. Hətta xaricdə yaşayan azərbaycanlılar da izləyirlər. - Sosial şəbəkədə hər rayonumuzun çoxlu izləyicisi olan sanballı səhifələri var. Laçına aid olan səhifələr təbliğat baxımından özünü doğrulda bilirmi? - Laçınlıların idarə etdiyi, laçınla bağlı olan veb-səhifələr sosial şəbəkələrdə kifayət qədər çoxdur. Fərdi şəxslərin idarə etdiyi səhifələrdən əlavə, Laçın.info saytının və “Laçın yurdu” jurnalının veb-səhifələri də yaradılıb. Uşaqlıq, gənclik illəri Laçında keçən şəxslər özlərinin xatirələrini, orada çəkilən şəkilləri səhifələrdə bölüşürlər. Gənclər isə daha da irəli gedərək, rayonumuzun bugünkü görüntülərini əldə edir, paylaşırlar. Əvvəllər kəndlərdə, “kəndin ortası” adlandırdığımız yerlər olardı. Kənd əhli bir yerə yığışıb, müxtəlif mövzuları orada müzakirə edirdi. Bu gün sosial şəbəkələrdə mövcud olan veb-səhifələr laçınlılar üçün “kəndin ortası” rolunu oynayır. Laçın sakinləri biri-biri ilə ən asan şəkildə ünsiyyət yaradır. Elə insanlar var ki, Laçından çıxmadan əvvəl yazdıqları gündəliklər hələ qalır. Qeyd etdikləri xatirələri hissə-hissə sosial şəbəkələrdə paylaşırlar. Bunu döyüşçülər daha çox edirlər. Laçının işğalından bir müddət əvvəlki hadisələri, gördüklərini, qeyd etdiklərini bizimlə bölüşürlər. Bu, tariximizdir və maraqla qarşılayırıq.
- Sosial şəbəkələrdə pərakəndə fəaliyyət göstərilməsi təbliğat məsələsində vahid idarəçiliyə ehtiyac yaradırmı? - Sosial şəbəkələrdə ilk yaradılan “Laçın və laçınlılar” adlı qrup oldu. Biz bir neçə dost birləşib bunu yaratmışdıq. Qrupun məqsədi bu idi ki, siyasi mənsubiyyətindən asılı olmayaraq, heç bir siyasi təbliğat, paylaşımlar olmasın. Bu, fikir ayrılığı yarada, Laçın haqqında məlumatların arxa plana keçməsinə səbəb ola bilərdi. Amma tələbə əməl etməyən dostlar da olurdu. Fikir müxtəlifliyi olduqca, alternativ qruplar yaratdılar, hərə öz marağını təbliğ etməyə başladı. Buna baxmayaraq, indi də izləyiciləri Laçın haqqında məlumatlara kökləyib, vahid idarəçilik formalaşdıra bilərik. Bu məqamda bir məsələni mütləq vurğulamalıyam ki, bəzən üzdə olan adamlarımız sosial şəbəkələrdən də öz maraqları naminə arzuolunmaz işlərlə məşğul olurlar. Bu məsələ barədə indi danışmaq istəmirəm. Amma həqiqəti onsuz da hamı biləcək. İndi elə zamanda yaşayırıq ki, heç nə gizlədilə bilməz. Sosial şəbəkələrdə istənilən təklifin mahiyyəti Laçın, laçınlılığımızı qorumaq, öz doğma yurd-yuvamıza sahib çıxmaq olmalıdır, şəxsi mənafelər yox. - Laçının təbliğatı məsələsində gənclər üzərinə düşən öhdəliyi yerinə yetirə bilirlərmi? - Bəli, gənclər çox aktivdirlər. Bir şeyi də qeyd edim ki, onların izləyiciləri də çoxdur. Laçınlı Mirkazım adlı fəal gəncin bir neçə gün əvvəl “Youtube” sosial şəbəkəsindəki profilinə baxmışdım. Təkcə bu şəbəkədə Mirkazımın 41 min izləyicisi var. O profilində Laçın haqqında məlumatları, şəkilləri, videoları paylaşır. Bəzən gənclər erməni dilində hansısa məlumatı oxuduqda, başa düşmürlər. Mənə göndərirlər ki, tərcümə edim. - Ermənilər də Lacin.info saytını izləyirmi? - Mən deyərdim, hətta ən çox izləyən elə ermənilərdir. Dəfələrlə sayta xaker hücumları etməyə çalışıblar. Sosial şəbəkələrdə pisləyiblər. Xüsusilə, Aprel döyüşləri zamanı Lacin.info saytının üzərinə düşürdülər. Biz buna görə saytımızı yeniləməyə, fəaliyyətini daha da yaxşılaşdırmağa çalışırıq. Lacin.info yalnız Azərbaycan dilində fəaliyyət göstərir. Məqsədimiz əvvəl saytın rusdilli bölməsini, sonra isə ermənidilli versiyasını yaratmaqdır. Düşünürəm ki, bu yeniliklərin tam reallaşması təxmini 1 il çəkər. Ermənilər Laçının adını dəyişib, Berdzor qoyublar. Bizim saytımız yaranmazdan bir il əvvəl ermənilər Berdzor.ru adlı sayt yaratmışdılar. Bu saytın fəaliyyəti uzun çəkmədi. Tək Laçının deyil, digər bölgələrimizin də saytlarını yaradıblar. Amma bizim də işğalda olan rayonlarımızın veb-saytlarını yaratmağımız onların qarşısını alır. İstəyim budur ki, Laçın işğaldan azad olunsun. Mən əvvəl əlimdə silah, döyüşə gedim. Sonradan saytın fəaliyyətini elə Laçında davam etdirim. Əslində o qədər aludəçisi olmuşam ki, sosial şəbəkələrdəki erməniləri çox diqqətlə izləyirəm. Məsələn, kiməsə bir nəfərə əvvəllər yaşadığı Laçının hansısa hissəsindən şəkil lazım olanda, bilirəm ki, hazırda orada yaşayan filan erməni şəkil paylaşa bilər. Bunu gənclərə də aşılamışam. Özüm ixtisasca tarixçi olduğuma görə, ən çox Laçının tarixi ilə maraqlanıram. Bu, sovet dövründə də ağrılı tərəfimiz olub. Laçının tarixini yaxşı öyrənə bilmədik. Artıq bu məqamları yavaş-yavaş işıqlandıra bilirik. Laçının adının haradan yaranmasını dəqiqləşdirə bilmirik. Rayon ərazisində çoxlu alban abidələri var. Ermənilər onların üzərində aktiv tədqiqatlar aparırlar. Böyük xəzinələr, maddi mədəniyyət nümunələri tapıblar. Bütün rayonların, kəndlərin adlarını dəyişib erməniləşdiriblər. Bizim kəndin adını Əriyavan qoyublar. Kəndi, eləcə də, bütün Laçını qədim erməni torpağı kimi təqdim edirlər. Saxta tarix yazırlar. Yalan məlumatları ingilis dilində hətta tərcümə edirlər.
- Bütün bunlardan sonra necə düşünürsünüz, informasiya müharibəsində uduzmuruq ki? - Bu məsələdə ilk olaraq Vikipediya ağıla gəlir. Ermənilər bu müstəvidə kifayət qədər aktivdirlər. Təkcə qondarma erməni soyqırımını dünyaya tanıtmaq üçün 45 mindən artıq məqalə linki yaradıblar. Bizdə isə Laçın haqqında nə isə axtaranda Vikipediya-nın rus versiyasında ermənicə məqalələr də çıxır. Bunu dəyişdirmək üçün Rusiyanın Vikipediya-sına müdaxilə etmək çox çətindir. Hər hansı məlumatı dəyişmək üçün həddindən çox mənbə tələb edirlər. Google xəritələrdə də Azərbaycanın işğal olunmuş rayonlarını axtaranda ermənicə çıxır. Sual olunur, qondarma Dağlıq Qarabağ respublikasını heç bir ölkə tanımayıb, hər kəs bilir ki, Azərbaycan torpaqları işğal olunub. Amma yer adlarımızın Google xəritədə adlarını dəyişmək üçün rəsmi addım atılmır. - Düşmənə təbliğat sahəsində zərbə vurmaq üçün başlıca şərt nədir? - Başlıca məsələ düşmənin dilini öyrənməkdir. Erməni arxivlərində Azərbaycanla, tariximizlə bağlı istənilən qədər məlumat var. Ermənilərin öz arxivindən materiallar götürərək, Azərbaycan ərazilərində erməni dövlətinin olmadığını sübut etsək, ermənilərin də deməyə sözü qalmayacaq. Bizdə isə bu sahədə fəaliyyət çox azdır. Daha çox istifadə etdiyimiz rusdilli, ingilisdilli mənbələrdir. Mən özüm erməni dilini öyrəndiyim ərəfədə evdə övladlarıma məsləhət görürdüm ki, birlikdə öyrənək, hərdənbir ermənicə danışaq. İnanırsınızmı, mən dilimə yatması üçün onların yanında ermənicə danışanda belə mənə düşmən gözündə baxırlar. İctimai nəqliyyatda erməni dilində kitab oxuyanda ətrafdakılar doğru anlamır. Hesab edirəm ki, hər birimiz erməni dilini bilməliyik. Halbuki, ermənilər Azərbaycan dilini öyrənirlər. Bizi sevdiklərindən deyil, təbii ki. Bizi vurmağın yollarını axtarırlar.
Bình luận