Uzaq tarixə baxanda, siyasət və əxlaq - hər ikisi bir-birinə bağlı, biri-birini tamamlayan, bəşəriyyətin mövcudluğu və inkişafı üçün vacib elementlər kimi insanlığa xidmət edən, amma “quru” terminlərdir. Aristoteldən bəri yaxşı bir siyasətçi olmaqla, yaxşı da bir insan ola bilmək mövzusu bütün dövrlərin gündəmində olub. Qədim Şərq və Avropa filosofları bu mövzunu əsrlər boyu müzakirə edib, hərəsi də özünəməxus ölçüdə şəkilləndirib. Məsələn, Şərqin fəlsəfi fikir insanları birinci dəyəri əxlaqa vermiş, “əxlaqı gözəl olanın əməli də gözəldir“ demişlər. Bu fikir aktuallığını bu gün də saxlamaqdadır. Qərbin bir çox filosofları isə ilk yeri siyasətə vermiş, “əsl siyasət heç bir əxlaqa sığmır” – deyərək bəzən siyasətin əxlaqsızlığına haqq qazandırmağa cəhd etmişlər. Çağdaş dövrdə görürük ki, qərbdə söyüş siyasəti o qədər də qınanılmır, siyasətdə əxlaq kateqoriyası arxa plana keçir. Belə hallar demək olar ki, əksər ölkələrdə adi hala çevrilir. Qarşılıqlı söyüş, təhqir sanki gündəlik həyat tərzinin tərkib hissəsi olub. Bu düşüncələrimi çoxdan bölüşmək istəyirdim, daha doğrusu, bu ilin əvvəlindən... Yaramaz bir söyüş kampaniyasına start veriləndə milli mentalitetimizə yad ünsür kimi soxulan “söyüşçülər” əxlaqa da, siyasətə də tüpürüb qarşılıqlı təhqir, qəbulolunmaz metodlarla atışanda ziyalı təbəqəsi sözünü deməliydi. İndi yaxşı ki, bu dözülməz hərəkətlər səngidi, yəni nisbətən aradan qaldırıldı. Hesab edirəm ki, millətini sevən, dövlətinin güclü, qüdrətli olması, dost və düşmən ölkələrin içərisində biabır olmaması üçün bir daha belə iyrənc üsullardan istifadə edilməz. Bu arada ibrətamiz bir hadisə yazımı davam etdirmək üçün mənə ipucu verdi. Azərbaycan Konstitusiyasına görə yeni seçilmiş prezident ölkənin Baş nazirini və bütövlükdə hökuməti istefaya göndərir. Ölkəmizdə son prezident seçkilərindən sonra bu peosedurun həyata keçirildiyi dönəm idi. Mənə ən maraqlısı 1996-cı ildən hökumət başçısı Artur Rasizadənin öz istefasına münasibəti oldu. Adam sivil qaydada yüksək əxlaqi keyfiyyətini nümayiş etdirdi: “Prezident mənə böyük lütfkarlıq edib əməyimə yüksək qiymət verdi, uzun illərin yorğunluğunu çıxarmaq üçün dincəlməyimi təklif etdi və mən də böyük məmnunluqla qəbul etdim”. Təxminən bu cür yüksək əxlaqi və mədəni münasibət, yəni ziyalı münasibəti!.. Siyasət insan həyatının bir hissəsidirsə, əxlaq, etik davranış onun bütün həyatını əhatə edir. Təəssüflə etiraf edək ki, çağdaş dövrdə insanlar və cəmiyyətlər arasında bu cür dəyərli və etik yanaşmalar az qala nadir hala çevrilib. Çünki müasir dövrün fəlsəfi atmosferində belə bir qavram, fikir yetişdirilib dövrəyə buraxılıb ki, ortada siyasət, mənafe varsa əxlaq və etika yerini siyasi çıxara təslim etməlidir. İllərlə işləyib, özünə babat gün-güzəran, ev-eşik, nəvə-nəticələrinə yüz illik vəsait toplayan bir çox məmurlar vəzifədən azad ediləndə tamam başqa şəkil alırlar. Məncə, onlar Artur müəllimin bu açıqlamasını oxusalar pis olmazdı! Artur müəllimi 1996-cı ildən parlamentdəki fəaliyyətimlə bağlı tanımışam. İlk görüşüm Baş nazir təyinatından bir həftə sonra oldu. Qaçqın və məcburi köçkünlərin işləyən kəsimindən gəlir vergisi tutulurdu. O dövr üçün ağır məhrumiyyətlərə düçar edilmiş 1 milyondan artıq qaçqın və məcburi köçkünlərdən tutulan vergi onların ailə büdcəsi üçün böyük itki sayılırdı. Seçicilərimlə görüşlərimdə daima bununla bağlı müraciətlər, təkliflər dinləyirdim. Bir neçə dəfə Milli Məclisin həm komissiya, həm də ümumi iclasında bu məsələni qaldırmağıma rəğmən hər dəfə müxtəlif bəhanələrlə israrlı təkliflərim müzakirəyə çıxarılmırdı. “Büdcədə vəsait yoxdur, ona görə bu qərarı ləğv edə bilmərik” – cavablarıyla kifayətlənirdilər. Bir gün məcbur olub Artur müəllimə müraciət etdim. Təmkinlə dinləyib dərhal tapşırıq verdi ki, bu qərarın ləğvi üçün Milli Məclisə məktub yazsınlar. 5-10 dəqiqənin içində məktub hazır oldu və mən təşəkkür edəndə: “Nə təşəkkür, bu bizim səhvimiz olub, indi təşəkkür sənə düşür ki, vaxtında ədalətsiyliyi aradan qaldırdın” dedi. Milli Məclisə gəlib məktubu verdim və növbəti iclasda bütün qaçqın və məcburi köçkünlərdən tutulan gəlir vergisinin ləğvi haqqında qanun qəbul edildi. Təkcə bu xidmətinə görə bütün qaçqın və məcburi köçkünlər Artur müəllimə minnətdar olmalıdırlar. Bir məqama diqqəti yönəltməyi borc bilirəm, çünki bir sıra adamlar Artur müəllimin Azərbaycan dilində danışa bilməməsini xüsusi vurğulayırlar. Guya ki, Artur müəllim ana dilində danışa bilmir. Aramızdakı danışıq təmiz Azərbaycan dilində, özü də səlis dildə olduğundan əminəm ki, Artur müəllim dilimizi bilir və kim onunla doğma dilimizdə danışırsa, o da adekvat cavab verir. Bir neçə epizod da xatırlayacam, onda deyərsiniz ki, Allah bu kişiyə millətini, dövlətini, xalqını sevmək üçün böyük ürək verib. Əlbəttə, hər bir azərbaycanlı ana dilini mükəmməl bilməlidir – bunu yalnız alqışlamaq lazımdır. Dilimizi gözəl bilib bülbül kimi cəhcəh vuran o qədər milli satqınlarımız, xəyanətkarlarımız var ki! Az görmüşük, tarixdən az oxumuşuq belələri barədə?! Dili bilməmək hələ vətənə xəyanət deyil! Xəyanət – dili gözəl bilib Vətənə nifrət etməkdir! Rəhmətlik Valeh Bərşadlı ömrü boyu Rusiyada – Sovet ordusunda xidmət etmişdi, general-leytenant rütbəsinə qədər yüksəlmişdi, amma dilimizi məcburən işlətmədiyi üçün əsasən rus dilində danışırdı. Azərbaycana adi zabit belə, hava-su kimi lazım olanda düşdülər o kişinin üstünə ki, səndən müdafiə naziri olmaz, sən dilimizdə danışa bilmirsən... O da bircə cümlə dedi: “Vətəni qorumaq üçün hərbi səriştə və böyük ürək lazımdır!” Allah xatirinə, Valeh Bərşadlıda bunun hər ikisi də vardı! Azərbaycanın görkəmli siyasi xadimi, diplomat, hüquqşünas, çar Rusiyası birinci Dövlət Dumasının üzvü, Bakıda Müsəlman Milli Şurasının Müvəqqəti İcraiyyə Komitəsinin üzvü, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin Sədri Əlimərdan bəy Topçubaşov da Azərbaycan dilini bilmirdi. Amma o, 1918-ci ldə yeni yaranmış milli dövlətin Xarici İşlər nazirliyinin funksiyalarını bacarıqla yerinə yetirir, 1918-1920-ci illərdə Azərbaycan Cümhuriyyətinin xarici siyasəti ilə bağlı bütün məsələlərdə açar-sima kimi çıxış edirdi. Versal Sülh Konfransında Azərbaycan nümayəndə heyətinin başçısı kimi gənc dövlətin de-fakto tanınmasına məhz Əlimərdan bəy Topçubaşov nail olmuşdu. Həyatının sonuna - 1934-cü ilə qədər bütün məhrumiyyətlərə baxmayaraq, millətinin sözçüsü rolunda çıxış etmişdi. İkinci epizod: Qaçqın və məcburi köçkünlərin övladlarından dövlət ali məktəblərində ödəniş tələb olunurdu. Dönə-dönə Milli Məclisdə bu məsələnin gündəliyə salınıb müsbət həll olunmasını təklif etsəm də, hətta ali məktəblərin qarabağlı professor-müəllim deputatları da ədalətli çağırışıma əngəl törədirdilər. İndi ad çəkməyəcəyəm, çoxları artıq deputat deyil. Aralarında indi istefada olan bir məmur-deputat (səlahiyyət sahibi) mənə irad bildirirdi ki, “Əlövsət Ağalarov təhsildə güzəştin tərəfdarıdır, təhsildə güzəşt olmaz!” Bəzi məmurlara xas amiranə tərzdə dediyi sözə cavabım sərt oldu: “Bəli, mən də təhsildə güzəştin əleyhinəyəm, onda ay hörmətli deputat-məmur, gəlin sizin uşaqlarınızla qaçqın-köçkün uşaqlarının yaşayış fərqlərini aradan qaldıraq, hər iki kateqoriyadan – yəni sizin və köçkün uşaqlarının geyimi, evi, dolanışığı eyni olsun, ondan sonra mən bunlara imtiyaz, güzəşt istəsəm, namərdəm. Sizin uşağınızı maşın, mühafizəçi aparıb gətirir, evində hər cür rahatlığı, yemək-içməyi, əyin-başı var, amma bu zavallı qaçqın uşaqları yarıac, yarıtox dərs qurtaran kimi bazarlara qaçır, yük daşıyır, maşın silir, yəni hər cür ağır fiziki iş görüb qazandıqları qəpik-quruşu ailələrinə gətirib valideynlərinə kömək edirlər. Bu bərabərliyi təmin edək, görək kimin uşağı qəbulda yüksək bal toplayıb ödənişsiz məktəblərə qəbul olunar”. Təbii ki, məmur-deputatın sözü adi deputat olan mənim sözümdən “hörmətliydi”. Bu minvalla o şəxsin sayəsində aylarla apardığım mübarizə effektsiz qaldı. Məcbur olub yenə də Baş nazirə müraciət etməli oldum. Hörmətli Artur müəllimə yuxarıda yazdığım epizodu olduğu kimi danışdım. Adəti üzrə təmkinlə dinlədi və dedi ki, mən bu barədə cənab Prezidentə məruzə edəcəm. Təsəvvür edin, iki gün keçməmiş Heydər Əliyev ədaləti bərpa etdi və bu günə qədər bütün qaçqın-köçkün övladları dövlət ali məktəblərində ödənişsiz təhsil alırlar və bu qərara görə hər iki şəxsi minnətdarlıq hissi ilə xatırlayırlar. Beləcə, Milli Məclisin deputatı olduğum dönəmdə xidməti işimlə və əsasən köçkünlərdən ibarət olan seçicilərimin sosial problemləri ilə bağlı bir neçə dəfə görüşdüyüm Baş nazirlə söhbətim tərtəmiz Azərbaycan dilində olurdu və qaldırdığım problemlərə həddən artıq həssaslıqla, qayğıyla yanaşırdı. Bir epizodu da indi Serbiya, Bosniya və Herseqovina və Monteneqroda Azərbaycan Respublikasının Fövqəladə və səlahiyyətli səfiri Eldar Həsənov mənə danışmışdı. Xatırlamasam, olmaz. Demək, Eldar müəllim Rumıniyada səfir olarkən beynəlxalq bir tədbirdə ermənilərin rəhbərliyi iştirak edirmiş. Həmin tədbirdə Azərbaycanı Baş nazir Artur Rasizadə təmsil edirmiş. Eldar müəllim deyir ki, Artur müəllim elə kəskin, məntiqli cavab verdi ki, tədbirdə iştirak edən bütün hökumət rəhbərləri (təbii ki, ermənilərdən başqa) bizim mövqeyimizi, yəni ədaləti dəstəklədilər. Artur müəllim o qədər sərrast və sərt danışdı ki, mən sonralar ona bu qətiyyətli çıxışına görə təşəkkür etdim: “Artur müəllim, çox sağ olun, siz bu şərəfsizlərə əsl qarabağlı köçkünün yanğısıyla cavab verdiniz”. Cavabı anidən verdi: “Eldar, hesab elə ki, mən elə göyçəli qaçqınam, qarabağlı köçkünəm!”. Bu məqamda Artur müəllimin böyük Hüseyn Cavidin yaxın qohumu olduğunu və onun belə sağlam mövqeyinin bir səbəbinin də o soydan gəldiyini unutmamalıyıq. Bir epizodu da xatırlamasam, özümə bağışlaya bilmərəm. Hacıkənddə məskunlaşmış bir kasıb kəlbəcərli ailəsinin evi bütün əşyalarıyla yanıb külə dönmüşdü. Üstümə gəlmişdilər, təkcə deputatları kimi yox, bir az da jurnalist həmkarım və dostum Məhəmməd Nərimanoğlunun qohumları olduqlarına görə ərklə gəlmişdilər. Durumları gerçəkdən bərbad idi. Köçkünlüyün dördüncü iliydi, vəziyyət ağır idi. Təbii ki, bir çox imkanlı dostlarımı işə saldım, sağ olsunlar, hərə imkanı daxilində kömək elədi. Amma bütün evi yanmış ailəyə bu çox az yardım idi. Yenə də hökumətə üz tutası oldum. Artur Rasizadəyə müraciət etdim. Bilirdim ki, əliboş qaytarmaz. Qəlbinə, mərhəmətinə arxayın idim. Müavinlərindən birinə daxili nömrəylə zəng edib tapşıranda oradan nə cavab gəldiyini eşitmədim, amma Artur müəllim əməlli-başlı hirslənmişdi: “Sənə deyirəm, adamın evi kül olub, nə yorğan-döşək?! İynə-sapdan tutmuş, soyuducu, pal-paltar, televizor, “voobşe”, bütün ev ləvazimatlarını yığın, göndərin Hacıkəndə!” Elə amiranə dedi ki, arxayın olmaqdan başqa çarəm qalmadı... Siyasətdə də, idarəetmədə də əxlaqın, mənəviyyatın aşılanmaması budur! Əvvəldə yazdığım sözləri təkrar edirəm: Artur müəllim istefaya göndəriləndə dediyi sözlər əsl əxlaqlı siyasətçinin, məmurun vicdanının, qəlbinin dərinliklərindən gəldiyinə zərrə qədər də şübhə yeri qoymur. Örnək budur, dünyagirliyə, vəzifə hərisliyinə antimünasibət budur, dövlətinə və rəhbərinə əsl sədaqət budur! Heç eşitdinizmi hansısa mətbuat yazsın və ya kimsə desin ki, Artur Rasizadənin filan yerdə filan qədər obyektləri, villaları, restoranları, mağazaları var və ya dövlətin filan qədər vəsaitini mənimsəyib?! Xeyr, kimsə eşitmədi, çünki belə bir fakt yoxdur. Artur müəllim həyatı boyu, lap gəncliyindən bir çox yüksək vəzifələrdə çalışıb, ömrü boyu xalqına ləyaqətlə və vicdanla xidmər edib. Sonda demək istədiyim səmimi arzularım: Hörmətli Artur müəllim, arxayın istirahət edin, bilirəm, tam arxayın olmayacaqsınız – Qarabağ dərdi sizi heç zaman yalnız buraxmayacaq, amma neyləməli – bu da taleyin bizim hamımıza acı bir ironiyasıdır. İnşallah, torpaqlarımızı mənfur düşməndən, murdar məxluqlardan təmizləyəndən sonra siz də, biz də hamılıqla rahat təqaüdçü ömrü yaşayacağıq! Əlövsət AĞALAROV, “Azərnəşr”in baş redaktoru
Moderator.az
Commentaires