Hər il Kəlbəcərin işğal günü – 2 aprel tarixi yaxınlaşanda daxilimdə qəribə narahatlıq keçirirəm. Vətənimizin dilbər guşələrindən birinin itirilməsində sanki özümü günahkar hiss edirəm, vurnuxuram, yerə-göyə sığmıram. Rastıma çıxan dosta, tanışa o yerlərdən, başımıza gələn maraqlı əhvalatlardan, Kəlbəcər ellərinin duzlu-məzəli sözlərindən-söhətlərindən danışıram. O yerlərin qəlbimə həkk olunmuş təbiətindən – möhtəşəm qayalarından, dağ çaylarının zümzüməsindən, dərdlərin dərmanı, qaynar və bumbuz bulaqlarından söz açıram. Dağların sinəsinə sığınmış kəndlərini, laləzar yaylaqlarını, başı qarlı zirvələrini xatırlayıram. Yaddan çıxmasın, unudulmasın deyə, bir də o yerlərə qayıdaq deyə.
Ötən əsrin 70-80-ci illərində geoloq kimi Kəlbəcər dağlarında filiz yataqlarının axtarışı üzrə geoloji-kəşfiyyat işləri aparırdıq. Kəlbəcər ərazicə böyük rayon idi, toponimiyası (yer adları) da çox zəngindir, təkcə yaşayış məskənlərini sayı 150-yə yaxındır. Təbii ki, onların hamısını indi xatırlamasam da böyük əksəriyyətini hələ unutmamışam. Hər bir toponim ümumi tariximizin, milli sərvətimizin bir hissəsidir. Onları qoruyub gələcək nəsillərə çatdırmaq hamımızın borcudur. Yer adları gələcəyə ötürülən kodlaşdırılmış informasiya mənbələridir. Bu baxımdan coğrafi obyekt adlarının, o cümlədən yaşayış məskəni adlarının (oykonimlərin), dağ-dərə adlarının (oronimlərin), çay-göl adlarının (hidronimlərin) və s. araşdırılaraq ilkin mənalarının dəqiqləşdirilməsi tək elmi deyil, həm də böyük mənəvi əhəmiyyətə malikdir. Xalq kim olduğunu, haradan gəlib haraya getdiyini, yaşadıqları ərazidəki adların kimlər tərəfindən, nə vaxt, nə üçün qoyulduğunu öyrənməli, bilməlidir. Ümumiyyətlə, Kəlbəcərdə yer adlarının böyük əksəriyyəti türk-azərbaycan mənşəlidir və adlarının mənasını, əmələgəlmə səbəblərini araşdırmaq o qədər də çətinlik törətmir. Məsələn: Dəlidağ, Qaraqaya, Mıxtökən, Təkəqaya, Başlıbel, Qamışlı, Qılınclı, Almalıq, İstisu, Nadirxanlı, Zülfüqarlı, Otaqlı, Kilsəli, Alçalı və s. və i.a. Amma bəzi coğrafi adların mənşəyi aydın deyil və onların izahında müxtəlif yozumlar irəli sürülür, fərziyyələr, rəvayətlər söylənilir. Yozumların bəzilərində həqiqətə yaxın işartılar olsa da, bir çoxları inandırıcı görünmür, müxtəlif şübhələr oyadır. Hələ o dövrlərdə orada işləyərkən bəzi toponimlərin sirri-sehri mənim diqqətimi çəkmişdi: Kəlbəcər, Bəzirxana, Tutqun, Lev, Keti, Zar və s. Doğrudur, bu coğrafi adların mənşəyi - etimologiysı ilə toponimistlərimiz araşdırmalar aparıblar, amma istinad ediləsi tam dəqiq mənbələr olmadığından onların izahı ehtimal səviyyəsində qalmaqdadır. Dəyərli alimlərimizin kollektiv əməyinin məhsulu olan “Azərbaycan toponimləri. Ensiklopedik lüğət” adlı sanballı əsərdə ölkəmizin təxminən 7000 minə yaxın yer adı haqqında məlumat verilir və onların arasında Kəlbəcər ellərinin coğrafi adlarına rast gəlmək mümkündür.
Kəlbəcər şəhəri və rayonu. Həmin lüğətdə bu oykonimin etimologiyası haqqında yekdil elmi fikrin olmadığı bildirilir. Bəzi tədqiqatçılar onun ilkin formasını “Kevliçer” kimi qəbul edib qədim türk dillərində “çay üstündə qala” kimi mənalandırırlar. Digər mütəxəssislər isə Tərtər çayı boyunca mövcud olan süni mağaralara əsaslanaraq, onun “kevil” (farsca “mağara”) və “cər”(türk dillərində “qaya” sözlərindən əmələ gəldiyini və “mağaralı qaya” anlamında olduğunu bildirirlər. Yerli əhali isə bu adı daha çox “Kərbəlayi Həcər” adlı bir şəxslə və şəhərin salındığı yerdə torpağın münbitliyini önə çəkərək “gəl, becər” ifadəsi ilə izah edirlər. Təbii ki, burada araşdırmalı məqamlar yetərincədir. Bəzirxana kəndi. “Bəzir” sözü kətan bitkisinin bir adıdır, ərəbcə “bəzr” (“toxum” və ya “kətan toxumu”) sözündəndir. Azərbaycanın qərb bölgələrində, Göycə mahalında, hətta Türkiyənin Qars, İqdır vilayətlərində ona “bəzir”, “zəyərək” və “zeyrək”, ondan çəkilən yağa isə “bəzir yağı” deyirlər. Ehtimal ki, vaxtı ilə bu yerlərdə məhsuldarlığı yüksək olduğuna görə zəyərək (kətan) bitkisi əkilir, toxumlarından da bəzir yağı çəkilirmiş. Bəzirxana kəndinin yaşlı nümayəndələri ötən əsrin 70-ci illərinə qədər köhnə dəyirmanın yerində atılıb qalmış bəzir yağı çəkilən dəyirman daşlarını xatırladıqlarını və sonralar həmin daşların, eləcə də daşdan yonulmuş qoç abidələrinin ermənilər tərəfindən oğurlandığını və ya dağıdıldığını söyləyirdilər. Bəs, bəzir yağını nə üçün çəkirlərmiş? Deyilənə görə əkinçiliklə məşğul olan əhali bu yağdan əsasən kotanın qayışını yağlamaq üçün, başqa bir məlumata görə isə neft, kerosin olmayan yerlərdə ondan qəndil (asma lampa, çıraq) yağı kimi də istifadə edirlərmiş. Sonralar kotanları traktorlar, çıraqları da elektrik lampaları əvəz etdi, artıq nə zəyərəkə, nə də bəzir yağına ehtiyac qaldı, dəyirmanlar da baxımsızlıqdan dağılıb məhv oldular. Tutqun (Tutqu, Tutxun) dərəsi, çayı. Tuneldən başlayaraq Dəlidağın ətəklərinə doğru uzanıb gedən bu dərə el arasında “Qoturlu dərə” və “Qoturlu çay” kimi də tanınır. Bu çay Tərtərçayın ən böyük qoludur və dərədə 40-a yaxın kənd yerləşmişdi. Ehtimal ki, “Qoturlu” adı dərə boyu bir neçə yerdə qaynayıb çıxan və qotur xəstəliklərinin müalicəsinə kömək edən mineral və termal sulara görə deyilmişdir. Yuxarıdan baxanda dərənin qəribə görünüşü var, sanki ağzı büzülmüş torbaya bənzəyir: hər tərəfdən hündür, qövsvari dağ – cənubdan Mıxtökən, şərqdən Çilqaya və qərbdən Sarıbulaqdağ silsilələri ilə əhatələnibdir, şimalda isə dar bir boğazla Tərtər çayının dərəsinə birləşir. Düşünürəm ki, bu səbəbdən, əvvəl çaya, sonra isə dərəyə “tutqun”, yəni “tutulmuş”, “saxlanılmış” deyiblər. Hərçənd ki, yerli adamların sözlərinə görə dərədə çox vaxt duman, çən, yəni hava tutqun, bəziləri isə çay suyunun çox vaxt bulanlıq, tutqun olduğundan belə demişlər. Ensiklopedik lüğətdə isə deyilir: “Sahil qayalarının kölgəsi dar dərələrdə axan çayın rəngini tutqunlaşdırdığından ona belə ad verilmişdir”. Keti dağı. Yerli əhali arasında formalaşmış bir rəvayətə görə Keti dağının adı, əslində Keytidir. Deyilənə görə çox qədim zamanlarda Keyti və Mehdi adlı iki qardaş olub. Bir gün onlar indiki Keti dağı səmtində ova çıxırlar, ovda hərəsi bir tərəfə gedir. Keyti bir ayı (və ya maral) öldürüb onun dərisinə bürünür və qardaşına sarı gedəndə, qardaşı Mehdi onu ayı (maral) zənn edib öldürür və sonra peşmançılıqdan özünü də öldürür. Xalq da qardaşların həlak olduğu həmin dağa Keyti adını verir. Faciəli sonluqla bitən bu rəvayət, o qədər də inandırıcı görünmür. Əvvəla, azərbaycanlılar arasında Keyti adına indi niyə rast gəlinmir, və ya ova çıxmış insan nə üçün ovladığı heyvanın dərisinə bürünüb ovçu yoldaşına tərəf getməlidir?! Məqsəd nə idi? Məntiqə görə dağa, məsuliyyətsiz Keytidənsə, fədakar Mehdinin adı verilməli deyildimi? Hər halda, bu oronimin mənşəyi ciddi elmi araşdırmalar tələb edir. Bəlkə, “Keti” sözünü “Gədəbəy” toponimi ilə birgə araşdırmaq lazımdır? Bəzi tədqiqatçılara görə bu sözdəki “gədə” tərkibi qədim türkcədə “keşikçi”, “gözətçi məntəqəsi” və ya “qala” mənasını verən “kət”, “ket” və “keta” sözünün transformasiyasından yaranmışdır. Keti ətrafda ən hündür (3426 m) dağlardan biridir və ulu babalarımız üçün həmin funksiyanı daşıya bilərdi. Ensiklopedik lüğətdə bu oronimin türk dillərindəki “kat”(dağın meşəsiz, gündüşən tərəfi, pilləvari, sıra” mənalarında) sözündən əmələ gəldiyi ehtimal edilir. Lev kəndi, çayı və qalası. Lüğətdə bu adın dəqiq mənsının müəyyən edilmədiyi bildirilir. Yerli əhalinin rəyinə görə kəndin və çayın adı sıldırım qayada tikilmiş qədim Leh, Lök və ya Löküm qalasının adından götürülmüşdür. Qalanın adını isə farsca “lök” (dəvə) sözü ilə izah edirlər. Rəvayətə görə dərə boyu yol gedən dəvə karvanları qalaya yaxın yerdə dayanıb dincəlirmişlər. Bu səbəbdən də qalaya (başqa versiyada qalanın başı dəvə belinə oxşadığına görə), sonralar isə yaxınlıqda salınan kəndə və çaya “Lök” və ya “Leh” demişlər və bu da ruslar tərəfindən “Lev” kimi yazılmışdır. Zəif izahdır, bu ad “lök”(dəvə) ilə bağlı olsa idi, çox ehtimal ki, dalınca aydınlaşdırıcı bir söz (formant) olardı: məsələn, “Lökdayanan”, “Lökyatan” və s., yəni “Lökbatan” kimi. Əgər elədirsə, onda, çaya dəvə adının verilməsi, məncə, qalaya görə deyil, çay dərəsinin planda dəvə hürgücünə oxşadılması ilə izah oluna bilər. Bu da bir versiyadır. Zar kəndi, çayı. Ağduzdağ (əslində “Ağduzlağ”) dağının ətəklərində salınmış bu kənd Kəlbəcər rayonunun ikinci ən böyük kəndi idi. Ensiklopedik lüğətdə bəzi tədqiqatçıların onu İranın şimal-qərbindən köçüb gəlmiş “zar” tayfası ilə əlaqələndirdiyi və mənbələrdə 13-cü əsrdən adı çəkildiyi bildirilir və çayın adını da kəndin adıyla bağlayırlar. Yerli əhali arasında yayılmış fikrə görə isə çay, sonra kənd öz adını farsca “qızıl” mənasını verən “zər” sözündən almışdır. Rəvayətdə deyilir ki, qədimdə insanlar ətrafda mövcud olan qızıl yataqlarından çoxlu qızıl əldə edirmişlər və nəticə etibarı ilə çayın sahilində, indiki Zar kəndinin yerində “Şəhri-Zər” (“Qızıl şəhər”) adlı zəngin şəhər salınmışdır. Həqiqətin necə olduğunu demək çətin olsa da fakt ondan ibarətdir ki, indinin özündə Kəlbəcər dağlarında, o cümlədən yaxınlıqdakı Ağduzdağ dağında qızıl yatağının və oradan axıb gələn çayda qızıl dənələrinin olması geoloqlara yaxşı məlumdur.
Göründüyü kimi, bu gün işğal altında olan Kəlbəcər dağlarının altında və üstündə nə qədər düyünləri açlmamış sirlər yatır. Onların bir qismi də ümumi milli sərvətimiz olan toponimlərimizdir. Ümid edirəm ki, dilçilərimizin, tarixçilərimizin, etnoqraflarımızın, coğrafiyaçılarımızın birgə səyi və məsələyə maraq göstərən hər bir kəsin köməyi ilə mənşəyi qaranlıq qalmış bu sirli-sehirli coğrafi adlarımız daha diqqətlə öyrəniləcək və onların düyünləri ilmə-ilmə açılacaqdır. Bu yazını düşmən tapdağı altında inildəyən yurd yerlərimiz unudulmasın, yaddan çıxmasın harayına dəstək olsun deyə yazdım, çünki daxili bir inam bizim o yerlərə qayıdacağımıza, özü də mütləq qayıdacağımıza məndə əminlik yaradır. Rəşid Fətəliyev, geologiya - mineralogiya üzrə fəlsəfə doktoru Bakı, 28.03.2016-cü il.
Modern.az
Comments