8 may 2019-cu il tarixində Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 27-ci ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Serbiyadakı səfirliyində anım tədbiri keçirilib.
Kalbajar.com modern.az-a istinadən xəbər verir ki, tədbirdə Belqradda fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin, Serbiya-Azərbaycan Dostluq Cəmiyyətinin, Serbiya-Azərbaycan ticarət-iqtisadi Palatasının rəhbərliyi və üzvləri, Serbiya Parlamentindəki Azərbaycanla dostluq qrupunun üzvləri, Serbiyada yaşayan və təhsil alan azərbaycanlılar iştirak ediblər.
Səfir Eldar Həsənov tədbirdə çıxış edərək, Ermənistanın ölkəmizə qarşı təcavüzü, əzəli və tarixi torpaqlarımız olan Dağlıq Qarabağ bölgəsi və ona bitişik yeddi rayonumuzun, eləcə də Azərbaycanın tarixi mədəni beşiyi olan Şuşa şəhərinin işğalından bəhs edib. İşğala qədər Şuşada 20579 insan yaşadığını, onların 19036 nəfərinin azərbaycanlılar (92.5%) və 1 377 nəfərinin (6.7%) isə ermənilər olduğunu qeyd edərək, Ermənistan silahlı qüvvələrinin havadarlarının birbaşa iştirakı ilə Azərbaycanın digər yaşayış məskənlərinin işğalı zamanı törətdikləri vandalizm və vəhşilikləri Şuşa şəhərinin işğalı zamanı da təkrarladığını söyləyib. Səfir Şuşa şəhərində Ermənistan silahlı qüvvələrinin mülki əhaliyə qarşı amansız davranaraq onları kütləvi şəkildə qırmasından, girov götürməsindən, işgəncələrə məruz qoymasından, etnik təmizləmə həyata keçirməsindən, tarixi və mədəni abidələri dağıtmasından danışıb, bu cinayətlərin silahlı münaqişə qanunlarının kobud pozuntusu olduğunu və bu kimi əməllərə görə cinayət məsuliyyətinə cəlbetmə müddətinin tətbiq edilmədiyini bildirib. Səfir bu cinayətlərin Ermənistanın dövlət ideologiyasının ana xəttini təşkil edən və nasizmdən ruhlanaraq yaranan njdeizmin məntiqi nəticəsi olduğunu vurğulayıb.
Şuşa şəhərinin tarixən azərbaycanlıların yaşayış məskəni, Azərbaycanın mədəni və elmi mərkəzlərindən biri olduğunu qeyd edən səfir, Şuşanı işğal etməklə, şəhəri etnik təmizləməyə məruz qoyan ermənilərin, bu ərazidə azərbaycanlıların mədəni irsini dağıtmağı hədəf kimi seçdiklərini söyləyib.
Ermənistan silahlı qüvvələrinin Şuşaya hücumunu və şəhərin işğalını Tehranda Ermənistan və Azərbaycanın o zamankı rəhbərlərinin münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında dinc yolla nizamlanmasına dair razılaşma əldə etdikləri günün gecəsi həyata keçirdiyini qeyd edən diplomat, işğaldan 27 il ötməsinə baxmayaraq Ermənistanın rəsmi öhdəlikləri ilə real hərəkətləri arasında bu günədək müşahidə olunan uyğunsuzluğun münaqişənin dinc yolla nizamlanmasına əngəl törətdiyini vurğulayıb. Şuşa şəhərini, eləcə də Azərbaycanın digər tarixi ərazilərini müvəqqəti işğal altında saxlamaqla və azərbaycanlı məcburi köçkünlərin öz yurdlarına qayıtmasına imkan verməməklə, Ermənistanın heç vaxt arzuladığı siyasi nəticəni əldə edə bilməyəcəyi birmənalı qeyd edilib. Səfir Azərbaycan torpaqlarının işğalına son qoyulması, BMT TŞ-nin müvafiq qətnamələrinin tələblərinin yerinə yetirilməsi üçün dünya dövlətlərinin və beynəlxalq ictimaiyyətin rolunun artırılmasının vacibliyini vurğulayıb.
Tədbirin sonunda Şuşanın işğalı haqqında sənədli film nümayiş etdirilib.
Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 27-ci ildönümü ilə əlaqədar Azərbaycanın Bosniya və Herseqovina və Monteneqrodakı diplomatik nümayəndəlikləri tərəfindən də anım tədbirləri keçirilmişdir.
Comments