Salahov Ənvər Sadiq oğlu, 18 aprel 1958-ci ildə Kəlbəcər rayonunun Başlıbel kəndində anadan olmuşdur. Orta təhsilini başa vurduqdan sonra, 1975-ci ildə Bakı şəhərində D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna (indiki Azərbaycan Dövlət İqtisad İnistitutuna) daxil olmuş və 1979-cu ildə oranı bitirərək, təyinatla Kəlbəcər rayon istehlak cəmiyyətinə işə göndərilmişdir. 16 avqust 1979-cu ildən ata yurduna gəlmiş, 1aprel 1993-cü ilədək Kəlbəcər şəhərində yaşamışdır. Bu müddətdə o, Kəlbəcər rayon istehlak cəmiyyətində mühasib, böyük mühasib, iqtisadçı, böyük iqtisadçı, hüquq məsləhətçısı və baş mühasib vəzifələrində işləmişdir.
Ə.S.Salahov 1984-cü ilin aprel-noyabr aylarında Azərbaycan KP Kəlbəcər Rayon Komitəsində baş mühasib vəzifəsində işləmiş, o illərdə aspiranturada qiyabi təhsil aldığı üçün Azərbaycan KP MK-da təsdiq edilmədiyindən, yenidən rayon istehlak cəmiyyətində işləmişdir. 1984-1988-ci illərdə Azərbaycan Dövlət İqtisad İnistitutunun aspiranturasında qiyabi təhsil almışdır. 27 noyabr 1990-cı ildə İ.Djavaxişvili adına Tibilisi Dövlət Universitetində namizədlik dissertasiyası müdafiə etmiş və ona iqtisad elmləri namizədi alimlik dərəcəsi verilmişdir. Bina baxmayaraq, o, Bakıya gələrək, institututlardan birində işləməkdənsə, Kəlbəcərdə yaşamağı üstün tutmuşdur. Ə.S.Salahov Kəlbəcərin azğın erməni düşmənləri tərəfindən işğal edildiyi günlərədək orada yaşamışdır.
Ə.S.Salahov Kəlbəcər rayonu işğal edildikdən sonra, Bakıda məskunlaşmiş və Azərbaycan Kooperasiya İnstitutunda işləməyə başlamışdır. Hal-hazırda Mühasibat üçotu və audit kafedrasının dosenti vəzifəsində işləyir. Evlidir. iki övladı var.
Ə.S.Salahov bir çox məqalələrin və “Kooperasiya sistemində mühasibat uçotu” adlı dərs vəsaitinin müəllifidir. Azərbaycan Kooperasiya Sisteminin iqtisadiyyatına, təsərrüfat iqtisadiyyatına, mühasibat uçotunun təşkilinə və təkminləşdirilməsinə, uçotun avtomatlaşdırılmasına və komputerləşdirilməsinə dair bir çox problemlər, onun müxtəlif qəzet və jurnallarda dərc edilmiş məqalələrində öz həllini tapmışdır. Bu problemlər üzrə, respublika elmi-nəzəri konfranslarda etdiyi çıxışlar həmişə maraqla qarşılanmışdır. Hal-hazırda mühasibat uçotunda komputer texnikasının tətbiq edilməsi problemləri üzərində elmi tədqiqat işi aparır. O, bu sahədə tələbələrin və magistrantların elmi-tədqiqat işlərinə, eləcə də, dissertasiya işlərinə elmi rəhbərlik edir. “Azərbaycanda mühsibat uçotunun komputerləşdirilməsi problemləri” mövzusunda doktorluq dissertasiyası üzərində işləyir. Bu mövzuda yazdığı “Mühasibat uçotunun komputerləşdirilməsi məsələləri” adlı kitab nəşriyyata verilmişdir. Yaxın vaxtlarda işıq üzü görəcək bu kitab, həm mühasiblər, həm tələbələr və həm də kompuuter texnikası ilə maraqlanan bütün oxucular üçün qiymətli bilik mənbəyi olacaqdır.
Ə.S.Salahov elmi və tədris fəaliyyəti ilə yanaşı, həm də praktik işlə məşğul olmağa vaxt tapır. O, hal-hazırda Azərbaycanın ən qabaqcıl özəl müəssisələrindən biri olan “İmproteks-Qrupp” Kompaniyası Mailliyə İdarəsinin meneceri vəzifəsində çalışmaqla, orada mühasibat uçotunun komputerləşdirilməsi və kompaniyanın maliyyə fəaliyyəti üzrə idarəedici funksiyalarını yerinə yetirir.
Ənvər müəllimin gələcək yaradıcılıq planlarının əsas hissəsini iqtisadi idarəetmə və mühasibat uçotu sahəsində kompuuter texnikasının tətbiq edilməsinə dair silsilə əsərlər yaratmaq təskil edir. O, Azərbaycanın bütün müəssisə və təşkilatlarında mühasibat uçotunun daha mükəmməl, daha sadə və daha müasir vəziyyətdə olmasını istəyir. Onun ən böyük arzusu Azərbaycanın bütün işğal edilmiş torpaqlarının azad edildiyini görmək və Kəlbəcərin bərpa və inkişaf etdirilməsində şəxsən iştirak etməkdir.
Comments