Güldür Ay Allah, ümidim bir sənə qalıb . İllərdir gülməyən üzümü güldür . Könlümdə kədərdən dərya yaranıb , Yol salıb gözümə gözümü güldür . Vətən girov qalıb, el nalə çəkir, Tərtər cuşa gəlib, sel nalə çəkir, Saqqalım ağarır, tel nalə çəkir, Pünhan tüstülənən közümü güldür. Elə kövrəlmişəm, elə dolmuşam, Həsrətin şaxtası vurub solmuşam. Bütöv yurdum deyib qaçqın olmuşam , Yarımçıq kəsilən sözümü güldür. Ayrılıq yelidi üstümdən əsən, Qəlbimin sevincin doğrayan, kəsən. Ahımdan, nələmdən kövrəlib küsən, Bezib uzaq qaçan dözümü güldür. Rəsulam dərdimin yoxdu tanımı, Hicran zəli kimi sorur qanımı. Ya öldür biryolluq qurtar canımı , Ya mənə yad olan özümü güldür .
QARDAŞIM Dünyada dünyalıq qalmayıb daha, Dolanır başında bəla, qardaşım. Tülkü quyruğuyla əm(i)rlər verir, Başını soxubdu kola, qardaşım. . Uca zirvələrə "kəf gəlir" yamac. Nəzər çoxalıbdı gözdən uzaq qaç. Nəzir qoy ağaca, budaqdan sap aç,- Götür barmağına dola, qardaşım. . Qara çıraq olub hicranın şamı,- Piltəsi arzular, ürəkdi camı. Bəşərin ağzının qaçıbdı tamı, Salıbdı meylini kala, qardaşım. . Rəsulun ümidi tuş gəlib daşa, Könlü nökər olub, dərdləri paşa. Zamanla, dövranla dil tapıb yaşa, Birtəhər yola ver, yola, qardaşım
DƏRDLƏRİM QOL AÇIB KƏLBƏCƏR DEYİR Evim gorum olub, dörd divar sıxır, Dərdlərim qol açıb Kəlbəcər deyir. Körpə arzularım düşüb dumana, Gözümdən yol açıb Kəlbəcər deyir.
Xəyalım ürpənir dərin yuxuda, Tapmır itirdiyi yerin yuxuda. Balam da səksənir şirin yuxuda, Hər gecə dil açıb Kəlbəcər deyir.
Əkdiyim bənövşə sözümə bənzər, Vərəqlər üstündə düzüm-ə bənzər, Boynu bükük qalıb özümə bənzər, Hər bahar gül açıb Kəlbəcər deyir.
Rəsulun könlündə qəm qurub dəyə, Birtəhər yaşayır yurd deyə-deyə. Yenə dilənçitək yalvarır göyə, Allaha əl açıb Kəlbəcər deyir.
HƏR GÜNÜM QARLI QIŞ, ÜŞÜYÜRƏM
Hər gün Xocalıyam, hər gün faciə, Yaramı tuturam əlim üşüyür. Hər gün öz qanımı yalayıram mən. Dodağım yarılır, dilim üşüyür.
Hər gün çevrilirəm donan körpəyə, Arzusu süngüdə solan körpəyə, Dönürəm odlarda yanan körpəyə, Yanıb kül oluram, külüm üşüyür.
Hər gün kövrəlirəm, hər gün doluram, Dünyada dünyasız, nakam qalıram, Anamın bətnində uşaq oluram, Anamın bətnində ölüm üşüyür,
Hər gün qismətimdə min ağrı, acı, Belimə bağlayır qızarmış sacı. Körpə bacıların kəsilən saçı, Namusdan ayrılan telim üşüyür.
Hər gün çan çəkirəm, üzülür canım Rəsulam, qan üstə süzülür qanım. Xocalı dərdindən Azərbaycanım, Xocalı adında elim üşüyür.
Rəsul MUROVDAĞLI
Comments