22:20 | 25.09.2018
Çağdaş ədəbi prosesin ağırlıq mərkəzində qərarlaşan yazarlarımızdandır Nuridə Misir. Nəzərə alsaq ki, müasir ədəbi prosesin inkişaf dinamikası təzadlarla doludur, onda Nuridənin nə qədər ağır missiyası olduğunu görərik. Müasir dövrü bəzən elektron əsri, elektron dövrü adlandırırlar. Elə bundan dolayı da müasir gənclik vaxtının çoxunu demək olar ki, kompüter qarşısında sosial şəbəkələrdə keçirir. Kitabla təmas bir az arxa plandadır. Ona görə də hər yazılan oxunmur. Bu günün oxucusu bir az tələbkar, bir azca da ciddidir. Elə bundan dolayı da müasir yazar qarşısında böyük tələblər qoyulur. Yazı oxucuda onun ürəyinə, qəlbinə yaxın hisslər oyatmalı, fikrinə, duyğusuna hakim olmalı, oxucunu arxasınca çəkib aparmalıdır. Sadalanan kriteriya varsa yazar da oxunacaq və seviləcəkdir.
Şeirin təsir gücü böyükdür. Şeir sadəcə sözlərin, misraların lal düzülüşü deyil. Burda bir harmoniya, bir gözəllik var. Fikir var, duyğu var şeirdə. Hisslərin aydınlığı, fikirlərin, düşüncənin tamlığı var şeirdə. Hər şeir bir yaşantı, hər şeir bir ürək döyüntüsüdür.
Kəlbəcər gözəli , şairə Nuridə xanım Misir yaradıcılığında da bir müasirlik, bir naturfəlsəfə - təbiət aşiqliyi duyulmaqdadır. Onun insanı ovsunlayan , duyğulandıran və duyğulandırdıqca da düşündürən poeziyasından sərt, əzəmətli Kəlbəcər dağları, quşqonmaz sıldırım qayalar, dişgöynədən lilpar bulaqları, minillər yaşıdı palıd meşələri, çəmənləri, vətənpərvər insanları boylanır.
O sərxoş küləklərin Əlində əsir qalan, Övladlari didərgin, Malı- mülkü talanan, Sinəsi tapdalanan, Ürəyi parçalanan Kəlbəcər. Ruhumu sığallayıb, Ağladıb güldürənim. Məni ömrə bağlayib Həyata sevdirənim. Cismimə toxunmayib Ruhumu öldürənim Kəlbəcər. Sənə övlad olmadım, Külünü qoy başıma. Suyu "timsah göz yaşi", İnanma göz yaşıma. Məmməd Aslanım demiş, " Daş vermə başdaşıma" Kəlbəcər...
Bir vətəndaş mövqeyi özünü göstərir Nuridə Misir şeirlərindən. Dahi şairimiz Bəxtiyar Vahabzadə yazırdı ki, təyyarənin uçması üçün ona enerji lazım olduğu kimi , insanın da yaşaması üçün ona od lazımdır, ürək odu.! Bu od isə yalnız sevgidir, Vətən sevgisi!
Nə biləsən,bəlkə bir gün Yenə sənə qayıdacam? Bulaq olub,saf su kimi, Gözlərinə qayidacam. Uca dağsan,Murov dağım, Saflığımsan,həm vüqarım. Zirvənin qadasin alim, Düzlərinə qayıdacam. Güneyinə sünbül əkib Ətəyində bir ev tikib Şeriyyata gülab töküb Sözlərinə qayıdacam. Bir gün “Anam”deyib gəlib Saçlarımı hörüb gəlib Nuridəni alib gəlib, Dizlərinə qayidacam.
Nuridə Misir yurd nisgilli, yurd həsrətli şairə xanımımızdır. Daim vətəndaş mövqeyi sərgiləyir şeirlərində Nuridə xanım. İgidlər oylağı, Oğuz yurdu Kəlbəcərimiz bu gün yağı yağmasında olsa da, biz o torpaqlara qayıdacağıq bir gün. O torpaqdan yağıya Vətən olmaz.
Həyatım sükuta bələnib gedir, Ayrıla bilmirəm düşüncələrdən. Bir qərib durnanın həsrəti qədər Sənin varlığına həsrətəm, Vətən!
Qoy bütün Vətən həsrətli, torpaq qoxulu nəğmələrinizdən boylanan arzularınız çin olsun, reallaşsın Nuridə xanım!
Malik Balaşov publisist
Comentarios