Ramazanov Eldar Babaxan oğlu, 1941-ci ildə Kəlbəcər rayonunun Yellicə kəndindən anadan olmuşdur. O, 1957-58-ci tədris ilində Kəlbəcər qəsəbə orta məktəbində təhsilini başa vurmuş və həmin il Azərbaycan Texniki Universitetinin İnşaat fakultəsinə daxil olub. 1963-cü ildə həmin universiteti fərqlənmə diplomu ilə bitirib. “Sənaye və multi tikintilər üzrə inşaatçı-mühəndis” adı almışdır.
E.B.Ramazanov 1964-cü ildə sınaq imtahanlarını müvəffəqiyyətlə verib, V.V.Kuybışev adına Moskva İnşaat Mühən-disləri İnstitutunun “Metal Konstruksiyaları” kafedrasının aspiranturasına daxil olub. O, burada görkəmli alim, RF-nın Əməkdar elmi xadimi, professor Evqenni İvanoviç Belenyanın rəhbərliyi altında əvvəlcədən gərginləşdirilmiş korpuslu polad rezervuarların tədqiqi üzrə apardığı tədqiqat işləri əsasında namizədlik disertasiyasını yazaraq müdafiə etmiş və 1969-cu ilin oktyabr ayında ona Müdafiə Şurasının qərarı ilə texniki elmlər namizədi alimlik dərəcəsi adı verilmişdir.
E.B.Ramazanov dissertasiyasının mövzusunun həyatı əhəmiyyəti olduqca böyükdür. Amma bu sahə elmi cəhətdən olduqca az işlənmişdir. Buna səbəb bir tərəfdən vərəqə poladlardan hazırlanmış silindirik konstruksiyalarda əvvəlcədən gərginliyi çətinliklə yaradılması idisə, digər tərəfdən bu sahədə elmi tədqiqat işlərinin kifayət qədər olmaması idi. Bu iş Azərbaycan neft və qaz sənayesi üçün də olduqca əhəmiyyətli olduğundan, həmişə E.B.Ramazanovun tədqiqatlarının əsasını təşkil etmişdir. Onun tədqiqatlarından ən dəyərli olanlarından biri o olmuşdur ki, nəinki əvvəlcədən gərginləşdirilmiş korpuslu rezervuarların tikintisi texniki cəhətdən mümkündür, eyni zamanda sübut etmişdir ki, bu çox əhəmiyyətlidir, iqtisadi cəhətdən əlverişlidir-hətta köhnə, sıradan çıxmış rezervuarların yenidən istismara qaytarılması da mümkün olmaqla yanaşı, iqtisadi cəhətdən milyon manatlarla qənaətə gətirib çıxara bilər. Bu məqsədlə 1980-ci illərdə Respublika neft və qaz sənaye nazirliyinin rəhbərliyinə dəfələrlə müraciət edilmişdir və nəticəsiz qalmışdır.
E.B.Ramazanov öz tədqiqatlarını 1977-78-ci tədris ilində İtaliyada elmi məzuniyyətdə olarkən daha da dərinləşdirib, çox həyati əhəmiyyətli nəticələr əldə etmişdir. İtaliyalı mütəxəssislər onun elmi nəticələrinin gələcəyini nəzərə alaraq, bu sahədə dövlətlərarası saziş bağlamağı və bu işin nəzəri əsaslarının Ramazanov tərəfindən aparılmasını təklif etmişdilər. Bu məqsədlə SSRİ Xarici İşlər Nazirliyi və eləcə də SSRİ Elmi və Texniki Komitəsinə müraciət etsələr də, çox təəssüf ki, müraciətlər cavabsız qalmışdır.
E.B.Ramazanovun elmi tədqiqatlarının nəticələri nəinki, ölkə daxilində, hətta müxtəlif xarici jurnallarda çap olunmuşdur. Elmi-texniki və beynəlxalq konqreslərdə müzakirə edilərək mütəxəssislər tərəfindən yüksək qiymətləndirilmişdir. Bu baxımdan onun İtaliyalı həmkarı professor F.Mozalani ilə ingilis dilində, 1980-ci ildə çap edildiyi “Əvvəlcədən gərhinləşdirilmiş alimunium boruların dayanıqlığı”, 1971-ci ilin payızında Leninqradda “Əvvəlcədən gərginləşdirilmiş metal konsrtuksiyalar”a həsr edilmiş Beynəlxalq konqreslərdə “Əvvəlcədən gərginləşdirilmiş korpuslu polad rezervuarların tədbiqinin əsaslandırılması” haqqında çıxışlar etmiş və bu çıxışlar bir sıra jurnallarda çap edilmişdir.
E.B.Ramazanovun elmi tədqiqat işlərinin nəticələri bütövlükdə olmasa da, böyük bir hissəsi, elmi rəhbəri professor E.İ.Belenyanın vaxtilə aspirant həmkarı, onunla demək olar ki, eyni mövzu üzərində işləmiş dosent S.M.Astryabla birlikdə 1976-cı ildə Moskva “Stroyizdat” nəşriyyatında çap etdirdikləri “Əvvəlcədən gərginləşdirilmiş vərəq polad konstruksiyalar” monoqrafiyasında toplanmışdır. Onun tədqiqatlarının məhsulu olan “Rezervuarların əvvəlcədən gərginləşdirilmiş korpuslarında böhran gərginliyinin təyini düsturu” layihələndirmədə geniş tətbiqini tapdığı kimi, ali-ixtisas məktəblərinin də tədris proqramına daxil edilmişdir.
E.B.Ramazanovun fəaliyyətində elmi-tədqiqat işləri bir-birini tamamlamış, müəyyən mənada onlardan biri digərinin istiqamətlən-diricisinə çevrilmişdir. O, hələ Moskvada aspiranturada oxuduğu illərdə, elmi tədqiqat və və eləcə də pedaqoji fəaliyyəti ilə məşhur olan akademik N.S.Streletski, professorlardan E.İ.Belenya, K.K.Muxanov və başqa alimlərin mühazirələrini dinləmiş, onlarla birgə kurs və diplom layihələri üzərində işləmişdir. Bütün bunlar E.B.Ramazanovun tədqiqatçı bir mütəxəssis alim və pedaqoq kimi formalaşmasında müstəsna rol oynamışdır.
E.B.Ramazanovun yazdığı aşağıdakı elmi kitablar dost Tunis ölkəsində fransız dilində çap edilmiş, Tunus ali məktəblərində tədris olunur:
1.Metal konstruksiyaları. Tunis, 1995.
2.Yükdaşıyan metal konstruksiyalar. Tunis, 1998.
E.B.Ramazanovun pedaqoji fəaliyyətinin böyük bir hissəsi dost ərəb ölkələrində milli inşaatçı kadrların hazırlanması ilə bağlıdır. Bunun üçün o, 1981-82-ci tədris ilində fransız dilini öyrənmiş və onun əlifbasından, bədii sənət əsərlərinin təhlilinə qədər mənimsəmişdir. O, 1982-86-cı illərdə Əlcəzair Xalq Demokratik Respublikası və 1990-cı ildən indiyə qədər bu ölkələrdə inşaat elm və texnikasına aid olan ədəbiyyatın kasadlığını və eləcə də özünün elmi pedaqoji səviyyəsinin artıq püxtələşdiyini nəzərə alıb, son 5 ildə müxtəlif elmi və npedaqoji əsərlərin müəllifi olmuşdur. Onun əsərlərləri Tunis elm xadimləri içərisində böyük maraqla qarşılanmışdır.
Professor E.B.Ramazanov bu ölkədə inşaat konstruksiyalarına aid olan müxtəlif normativ–texniki sənədlər hazırlayan komissiyaların üzvü, məsləhətçi, ali məktəblərə kadrların seçilməsi üzrə Dövlət Konkurs Komissiyasının üzvüdür.
E.B.Ramazanov deyir:-Mən həyatda az çox nəyə nail olmuşamsa, bütün bunlara görə Kəlbəcərdə mənə dərs demiş öz doğma həmyerlim olan müəllimlərimə borcluyam. Heç vaxt onları unutmaram.
Eldar Ramazanov evlidir. Həyat yoldaşı Kərimova Şəfiqə Azərbaycan Tibb Universitetinin pediatriya fakültəsini qurtarıb. Qızlarından Ülviyyə Azərbaycan Dövlət Universitetinin Riyaziyyat fakültəsini, Aynur Azərbaycan İMU-nun İqtisad fakültəsini və Külkinə isə Tunis Universitetinin fransız dili və ədəbiyyat fakültəsinin II kurs tələbəsidir.
Comments