Atam, Sadıqov Rza Zeynal oğlu 15 iyun 1929-cu ildə Kəlbəcər rayonunun Qılınclı kəndində ata yurdu Kövşən binəsində anadan olmuşdur. Ailə həyatı qurduqdan sonra Nadirxanlı kəndində yaşamışdır.Ermənistanın hərbi təcavüzü nəticəsində 2 aprel 1993-cü il tarixdə ailəmiz Kəlbəcər rayonunun Nadirxanlı kəndindən məcburi köçkün düşərək Bakı şəhərində müvəqqəti məskunlaşmışdır. 28 fevral 2004-cü il tarixdə avtomobil qəzası nəticəsində ciddi xəsarət almasına görə bir neçə dəfə ağır tibbi əməliyyatlar keçirmiş, 10 fevral 2005-ci il tarixində Bakı şəhərində vəfat etmişdir. Bu gün vəfatından 19 il ötür. Anamla birgə yaşamagımız heç olmasa bizi ovundurur və onun saglam yaşamasını Allahdan arzu edirik.
Sənin üçün çox darıxıram ata! Anamla birlikdə bizi -böyük ailəmizi halal zəhmətinizlə böyütdünüz. Tibb bacısı oldugu üçün anam bütün kənd sakinlərinə gecə və gündüz təmənnasız tibbi xidmət göstərirdi.Bu gün də səni tanıyanların hamısı xoş xatirələrindən, zəhmətkeşliyindən,mərdliyindən, qonaqpərvərliyindən, qohumpərəstliyindən,imkansızlara əl tutmağından, dostluga sədaqətindən,hamının xeyir-şər işlərində iştirak etməyindən,yaxşı qonşulugundan ,vətənpərvərliyindən, xeyirxahlığından , qəlbinin genişliyindən ağız dolusu danışaraq, sənin əziz xatirəni dərin hörmətlə anırlar.
Yaşadığımız kənddə çox böyük əziyyətlə səninlə çiyin-çiyinə gözəl bir ev tikdik, hərtərəfli şərait yaratdıq. Təəssüf ki, erməni vandalizmi nəticəsində bizim də evimiz dağıdıldı, viran qoyuldu.
Ata ağıla ilk gələn əzəmətdir, gücdür, qüvvədir, etibardır. Ata bu güclü keyfiyyətlərlə ən zərif, ən incə, ən kövrək duyğulara malik bir varlıqdır.
Ata, ailənin təməlidir. O, nəslin həm kökü, həm davamıdır…
Ata ucadır, zirvədir, dağdır – amma qarlı-buzlu yox. Oğlu üçün sevgisi ilə sarılacağı, kürəyini güvənclə söykəyəcəyi, qızı üçün isə güllü-çiçəkli, aydın günəşli bir dağdır.
Ata Uca Yaradanın övlada böyük bir lütfüdür. Zamanında bu lütfün qədrini, dəyərini bilmək hər kəsə nəsib deyildir. Ataya, valideynə dəyər verməyən nə keçmişinin, nə də gələcəyinin qədrini bilməz, milli varlığımıza, mənəviyyatımıza sahib çıxmaz.
2020-ci ilin payızında 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezindenti, Müzəffər Alı Baş Komandan cənab İlham Əliyev Kəlbəcəri də işğaldan azad etdi. 2023-cü ilin sentyabr ayında bir günlük antiterror tədbirləri nəticəsində bütün ərazilərimiz işğaldan azad edildi. Hazırda işğaldan azad olunan bütün yaşayış məntəqələrində Azərbaycan Respublikasının Dövlət Bayrağı dalğalanır, genişmiqyaslı quruculuq, abadlıq, tikinti işləri intensiv şəkildə davam etdirilir. Möhtərəm cənab Prezidentimiz digər işğaldan azad olunan ərazilər kimi, Kəlbəcəri də dünyanın möcüzəsinə çevirir. Torpaqlarımızın işgaldan azad olunmasına ,suverenliyimizin və ərazi bütövlüyümüzün bərpa olunmasına görə ən başlıcası şəhidlərimizin ruhuna borcluyuq. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Ruhları şad,məkanları cənnət olsun! Allah qəhrəman qazilərimizi qorusun!
İndi ruhun şaddır. Məkanın cənnət olsun , ATA!
Comments