Quliyev Asəf Calal oğlu, 1941-ci ildə Kəlbəcər rayonunun Qamışlı kəndində anadan olmuşdur. O, 1942-ci ildə Qılınclı kənd orta məktəbinə daxil olmuş, 1957-ci ildə həmin orta məktəbi bitirmişdir.
Məktəbi bitirdikdən sonra Asəf Quliyev hərbi xidmətə çağrılmış və 1964-cü ildə ordudan tərxis edilmişdir. Elə, həmin il Bakıya gələrək, qəbul imtahanlarını müvəffəqiyyətlə verib, N.Tusi adına ADPU-nin kimya fakültəsinə qəbul edilmiş və 1969-cu ildə həmin fakültəni fərqlənmə diplomu ilə qurtarmışdır.
A.C.Quliyevin elmə olan həvəsini və çalışqanlığını nəzərə alaraq, kimya fakültəsinin Elmi Şurası onun Ümumi kimya kafedrasında müəllim saxlanmasını məsləhət bilmişdir.
1969-cu ilin sentyabr ayında fakültənin və Universitet elmi şurasının qərarına əsasən, Azərbaycan Respublikası Təhsil Nazirliyinin 229 saylı əmri ilə Asəf Quliyev ümumi kimya kafedrasına müəllim təyin edilmişdir.
O, pedaqoji fəaliyyəti ilə yanaşı, 1969-cu ildən başlayaraq Moskva Dövlət Pedaqoji İnstitutunun professoru, bir çox dərsliklərin- “Qeyri- üzvi sintez”, “Kimya texnologiyası”, “Kompleks birləşmələr kimyası” və s.samballı elmi əsərlərin müəllifi, tanınmış alim Nikolay Qriqoryeviç Klyunikovun rəhbərliyi ilə metal ionlarının hidrolozi ilə kompleks birləşmələrinin öyrənilməsi sahəsində bir sıra elmi tədqiqat işləri aparmışdır.
A.C.Quliyevin aldığı nəticələr elmi əsərlər toplusu kimi bir çox elmi ədəbiyyatlarda nəşr olunmuşdur. Onun əsərlərinin çoxu keçmiş Sovet İttifaqının, SSRİ EA nəşri olan “Qeyri-üzvi kimya”, “Ümumi kimya”, “Fiziki kimya”, “Tətbiqi kimya”, “Koordinasiya kimyası”, “Elektrokimya”, jurnallarında və Azərbaycan Elmlər Akademiyasının “Xəbərlər” və “Məruzələr”, jurnallarında nəşr edilmişdir.
A.C.Quliyev müxtəlif illərdə, keçmiş SSRİ-nin müttəfiq respublikalarının bir sıra şəhərlərində və Azərbaycanda keçirilmiş Elmi-praktik konfranslarda elmi məruzələrlə çıxış etmişdir. Məruzələri həmin elmi konfransların əsərlərində nəşr edilmişdir.
A.C.Quliyev 1975-ci ildə “Dəmir ailəsi elementərinin hidrolozi ilə bəzi kompleks birləşmələrin sintezi və tədqiqi” mövzusunda dissertasiya müdafiə edib, kimya elmləri namizədi alimlik dərəcəsi almışdır.
O, hal-hazırda sevdiyi iş yeri olan, N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetində kimya elminin əsaslarını azərbaycanlı gənclərə öyrətməklə məşğul olur.
A.C.Quliyevin atası Quliyev Calal Böyük Vətən Müharibəsinə getmiş, geri qayıtmamışdır. Anası Quliyeva Güllü iki oğlu və bir qızını çox çətinliklə “əsgər ailəsi” adı altında böyütmüşdür. Lakin, Kəlbəcər rayonu xəyanət quranı olub, işğal olunandan-1993-cü ildən sonra doğma ocağından didərgin olmuş və Bakı şəhərinə sığınmışır.
Asəf müəllim evlidir, üç övlad atasıdır.Həyat yoldaşı Quliyeva Mətanət bioloqdur. Oğlu,Quliyev Hikmət kimyaçıdır. Böyük qızı, Quliyeva Lalə İstanbul-Mərmərə Universitetini bitirmişdir. Hazırda “Avroasiya” qəzetinin əməkdaşıdır. Kiçik qızı, Quliyeva Cəmilə orta məktəb şagirdidir.
Comments