Vətən müharibəsi zamanı Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş əsgər və zabitlərimizə, qətlə yetirilən mülki vətəndaşlara və itkin düşmüz soydaşlarımıza ehtiram əlaməti olaraq Bakı şəhərində yürüş təşkil edilib.
Kalbajar.com xəbər verir ki, Neftçilər prospektindən başlayan yürüş Prezident İlham Əliyev tərəfindən bu gün təməli qoyulan Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinədək davam edib.
Yürüşdə Ali Baş Komandan İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Müdafiə Nazirliyinin Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin və Bakı Qarnizonunda yerləşən hərbi hissələrin 3000 nəfərdən çox kursant və hərbi qulluqçusu iştirak edib.
Prezident, Ali Baş Komandan İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, gənc kursantlar və hərbçilər Vətən müharibəsi zamanı Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan igidlərimiz, itkin düşən hərbçilərimiz və Ermənistan dövləti tərəfindən törədilən insanlıq əleyhinə və müharibə cinayətləri nəticəsində qətlə yetirilən mülki əhalimizin hər birinin fotolarından ibarət plakatlarla yürüş edərək xalqın birliyinin daimi və sarsılmaz olduğunu, Vətənə sevgi, şəhidlərimizə ehtiramın sonsuzluğunu bir daha nümayiş etdirib.
Xatırladaq ki, 44 günlük Vətən müharibəsi zamanı 2907 nəfər şəhid olub, 7 nəfər itkin düşüb, Ermənistanın dinc əhaliyə qarşı cinayətləri nəticəsində həlak olan 94 mülki şəxsə şəhid statusu verilib.
Comments