top of page

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

Writer's picturewww.kalbajar.com

Polkovnik Balay Nesibovun 1993-cü ilin dekabrında başlamış Murovdağ əməliyyatı barədə xatirələri.


Müharibə, Sarıqamış bənzəri bir əməliyyatı yaşamış zabitin hekayəsi


1993-cü ilin dekabr ayında biz artıq, Daşkəsən bölgəsinin Zivlən kəndinin yaylaq məntəqəsindəydik. Dayandığımız yer Murov dağının ətəyində yerləşirdi. Mən, baş leytenant Xalid Hümbətov və leytenant Əziz Abbasov minaatan tağımlarına komandirlik edirdik. Əməliyyat planına əsasən bizim taboriki istiqamətdə – Zivlən və Alaxançallı kəndlərindən Murov dağını aşaraq Kəlbəcərin Lev, Bozlu, Təkəqaya kəndlərinə hücum etməli idi. Eyni vaxtda briqadanın digər taborları isə Murovdağ silsiləsinin güzgü aşırımından hücum etməli idi. Düşmənə gözlənilmədən bir neçə yerdən zərbə vurulmalı və irəliləyib Zod-Ağdərə yolunu bağlamalı idik. Əməliyyat planı çox dəqiq və yaxşı işlənmişdi. Lakin nece km məsəfədə qarlı dağları aşmaq və düşmən arxasına hücum etmək həm çətin,həm də qeyri-adi bir əməliyyat idi. Bu əməliyyat zamanı hərbi hissəyə polkovnik-leytenant Valeh Rəfiyev komandirlik edirdi. Daşkəsən bölgəsinin Zivlən kəndinin Murovdağ ətəklərindəki yaylaq yerlərində qalır, yürüşə hazırlıqla məşğul olurduq. Ətraf qarla örtülü idi. Hər gün səhər yuxudan qalxır və əsgərləri də qaldırırdıq. Bir saata qədər idman edirdik və yaxınlıqdakı bulağın buz kimi suyunda yuyunurduq. Əsgərlərin ən çox fiziki hazırlığına diqqət yetirir, döyüş sursatlarını əllə daşıyaraq ora toplayır, silahlardan istifadə qaydalarını bir daha onlara başa salırdıq. Bir aydan çox burada qaldıq. Hücum vaxtını isə dəqiq bilmirdik. Vaxt məxfi saxlanırdı. Qarşıda aşacağımız qarlı dağlar bizi gözləyirdi. Həmin vaxt taborun əsas zabit heyəti vəzifələrə belə təyin edilmişdi: Tabor komandiri kapitan Balay Nəsibov, qərərgah rəisi baş leytenant Fehruz Alışov, müavinlər baş leytenant Ələkbər Bayramov, baş leytenant Nüsrət


Abdullayev, kapitan Firudin Mehdiyev qərərgah rəisinin köməkçisi baş leytenant Akif Mirzəliyev, 1-ci bölük komandiri kapitan Mürşüd Məmmədov, müavin baş leytenant Adil Nağızadə, tağım komandirləri baş leytenant Əhəd İsmayılov, kiçik leytenant Ziyafət Tağıyev, 2-ci bölük komandiri baş leytenant Elşad Nəbiyev, müavin leytenant Hüseyn Nəbiyev, tağım komandirləri baş leytenant Çıraq Bayramov, leytenant Qarayev Vaqif, leytenant İbrahimov İbrahim, 3-cü bölük komandiri leytenant Hüseynov Sahib, müavin leytenant Həsənov Elxan, tağım komandirləri gizir Kamal Hacıyev leytenant Malıyev Alışan, minaatan batareyasının komandiri baş leytenant Xalid Hümbətov, tağım komandirləri leytenant Əziz Abbasov, baş leytenant Akif Kamalov, kəşfiyyat tağımı komandiri gizir Telman Abutalıbov, rabitə rəisi leytenant Nizami Bayramov, qumbaraatan tağımı komandiri gizir Nizami Məhərrəmov, zenit-raket tağımı komandiri gizir Şahin Bəxtiyarov, təminat tağımı komandiri gizir Tofiq Rzayev, maliyyə xidməti rəisi baş leytenant Mayıl Adilov, tank əleyhinə tağım komandiri baş leytenant Qurban Sarıyev… 1993-cü il dekabrın 30-da hərəkətə başlamaq əmri verildi. Bölüklər gecə ikən Murov dağına qalxmağa başlamış, iki bölük Koroğlu dağı istiqamətindən, bir bölük isə Alaxançallı istiqamətindən Murov dağlarını aşmalı idi. Minaatan batareyası isə bölüklərin arxasınca Koroğlu dağının sağ tərəfindən Murovdağı keçməli idi. Minaatan batareyasının Murovdağı aşmaq cəhdi həmin gün baş tutmadı. Dağlarda borana düşən batareya iki ədəd minatanı və onun 80 ədəd mərmisini daşıya bilməyərək geri qayıtdı. Həmin gün dincəldikdən sonra biz yenidən-dekabrın 31-də axşam saat 9-da-minaatan batareyasına hərəkətə başlamaq əmri verdik. Çadırda bir ədəd minaatan, xeyli avtomat və pulemyot güllələri, yatacaqlar qaldığından mən əsgər Vidadi Allahverdiyevi və Rafiqi orada saxlamağı lazım bildim. Lakin Vidadi orda qalmaqdan imtina edərək döyüşə gedəcəyini bildirdi. Mən onun yerinə qızıldaşlı Həsrət adlı bir əsgər saxladım. Gecikməz olmazdı, çünki biz olmasaq əməliyyat pozula bilərdi. Bir ədəd 81 mm-lik minaatanı sökərək üç hissəyə ayırdıq və altı əsgərəyüklədik. Onun 80 ədəd mərmisini isə digər əsgər və zabitlərə payladım. Hərəmiz iki-üç mərmi götürməli olduq. Digər minaatanı isə aparmağı lazım bilmədim. Onsuz da yükümüz həddən artıq ağır idi. Əlavə olaraq çörək, konserv, əl qumbaraları və patron götürdük. Mən 4 ədəd avtomat darağı ilə avtomat götürmüşdüm. Arxa çantamda isə üç ədəd minaatan mərmisi, 300 patron, iki əl qumbarası, iki çörək, üç konserv, bir az şokalad və bir yun qofta var idi. 31 dekabr 1993-cü il axşam saat 9 radələrində dağa qalxmağa başladıq. Mən özümüzlə bərabər təsərrüfat tağımının 20 əsgərini də aparmağı lazım bildim. Onlar bizdən bir gün əvvəl Murova doğru hərəkətə başlamış taborun bölükləri üçün ərzaq aparırdı.



Bu yürüşdə bizə Kəlbəcərin Qanlıkənd kəndindən oan könüllü döyüşçü, iki əsgər atası Mehdiyev Sabir Əbülfət oğlu bələdçilik edirdi. Onun iki oğlu-Nəsimi və Fəxrəddin də bizim taborda döyüşürdülər. Zirvələrə qalxa-qalxa öz-özümə fikirləşirdim: İlahi, hansı qüvvə idi ata və iki oğulu döyüşə aparan, hansı qüvvə idi amansız dağlarda qar və şaxta, aclıq və susuzluqla ölüm-dirim mübarizəsi edə-edə keçilməz zirvələri, qanlı dağları aşmağa bizi məcbur edən? əlbəttə, Vətən idi bizi çəkib aparan. Murov dağının o üzünə-Kəlbəcər torpağına ayağımızın tez dəyməsinə tələsir, bircə qurtum Kəlbəcər suyunu içməyə can atırdıq. 25-30 kiloqramlıq arxa çantası ilə qarlı dağa qalxmaq olduqca çətin idi. 5-6 addımdan sonra gücümüz tükənir, dincimizi alıb yenidən qalxırdıq. Bəzi yerlərdə qayalıqlara dırmaşır, bəzən bilmədən qayaların qarla örtülü yarıqlarına düşür, bəzən 40-50 metr hündürlükdə qarla dolu dərələri keçərkən boğaza qədər qara batır, köməkləşib bir-birimizi çıxarır, həddindən çox əzab-əziyyətlə hərəkət edirdik. Üstəlik minaatan və onun mərmiləri bizim hərəkətimizi çətinləşdirirdi. Yüksəkliklərə qalxdıqca əsgərlərdən bəzisi tamamilə addım ata bilmir, hərəkətsiz halda yerə yıxılırdı. Mən onların daha bizimlə gedə bilməyəcəyini yəqin etdikdən sonra məcbur olub onları geri qaytarırıdım. Onların çantalarındakı minaatan mərmilərini isə digər əsgərlərə paylayırdım. Çünki sursatın aparılmasını çörəkdən də vacib bilirdim. Artıq minaatanı əsgərlərdən Vidadi və Qənimətlə özüm götürürdüm. Murovdağın zirvəsin isə hələ çox qalırdı. Kəlbəcər taborunun bu yürüşü Azərbaycan ordusunun tarixinə qızıl hərflərlə yazılmalı bir yürüş idi. Bu yürüşdə iştirak edən bütün əsgər və zabitlər qarşısında baş əyirəm. Yurd-yuvasız hey yanıram, Demə vaxtsız sönəsiyəm. Çox susmuşam, çox dözmüşəm, Vallah bir gün dinəsiyəm! Vermərəm mən o cənnəti, Fikrim qəti, sözüm qəti. Götürmərəm bu töhməti, Səngərlərə sinəsiyəm! Telli sazla oxşadığım, Min gülünü qoxladığım. Ondan ötrü ağladığım, Kəlbəcərə dönəsiyəm!

1 yanvar 1994-cü il səhər açılanda Murov dağının zirvəsinə çatdıq. Bütün gecəni dayanmadan qarlı zirvələrə, qayalara dırmaşırdıq. Bu qədər məsafəni isə Kəlbəcər istiqamətinə aşağı enməli idik. Murovun zirvəsindən baxanda dağın ətəklərində qarışqa boyda görünən adamları gördük. Lakin ratsiya olmadığından tabor komandiri və ya bölüklərlə əlaqə saxlaya bilmirdik. Aşağıdakıların bizimkilər və ya düşmən olduğunu ayırd etmək çətin idi. Fikirləşə-fikirləşə qalmışdıq. Əgər onlar bizimkilərdirsə, bəs onda niyə açıq-aşkardadırlar? Niyə düşmən arxasında ola-ola gizlənmirlər? Yox, əgər düşməndirsə, onda bizimkilər hardadırlar? Buna görə də aşağı enmək təhlükəli idi. Oradakı əsgərlərin bizimkilər olmasını dəqiqləşdirmək lazım idi. Həm də kəşfiyyatsız getsək, düşmənlə qarçılaşa bilərdik. Buna görə mən batareyanın əsgərlərini dağın zirvəsində saxlayıb baş leytenant Xalid Hümbətov və leytenant Əziz Abbasovla məsləhətləşdim. Razılığa gəldik ki, mütləq kəşfiyyat aparmaq lazımdır. Mən əsgər Qənimət Süleymanov və daha bir əsgərlə kəşfiyyat aparmaq məqsədi ilə Murovdağdan aşağı enməyə başladıq. Batareya isə danışdığımız kimi bizim işarəmizlə zirvədən enməli idi. Biz mümkün qədər gizli olaraq qarlı dərələrlə enir, düşmənin duyuq düşməsinə imkan verməməyə çalışırdıq. Aşağı enmək heç də asan deyildi. Hər addım atdıqca qurşağa qədər qara batırdıq. Bəzi yerlərdə qarın üstü ilə sürüşürdük. Bəzən dayanır ətrafı müşahidə edir, yenidən aşağı enirdik. Artıq Təkəqaya kəndinin yaylaq damlarına yaxınlaşmışdıq. 3 saat idi ki, Murovdağın zirvəsindən enirdik. Bir az dincimizi almaq və çörək yemək üçün bir bulaq başında oturduq. Bulaq qarın altından axırdı. Bir konserv açdıq və çörək kəsib yedik. Qənimət çantasından bir butulka araq çıxardı və hərəyə 50 qram içdik. Çörək yeyə-yeyə ətrafı bir daha diqqətlə gözdən keçirdim. Ətraf tamamilə qarla örtülmüşdü. Qarın üzərində maral və dağ keçilərinin izi qalmışdı. Bizdən bir qədər sağda 1992-ci ildə bizim döyüşçülər tərəfindən vurulmuş bir erməni vertalyotu görünürdü. Qarşı tərəfdəki Susuzluq dağının və sağ tərəfdəki Təkəqaya dağının zirvələrinə bir daha göz gəzdirdim. Təkəqaya dağının zirvəsində də əsgərlər görünürdü. Təqribən 15-20 nəfər olardılar. Bundan başqa bizdən 800-1000 metr aşağıda-yaylaq damlarının ətrafında da əsgərlər gözə dəyirdi. Lakin onların bizimkilər olmasını heç cür aydınlaşdıra bilmirdim. Fikirləşdim ki, iki bir-birindən uzaq məsafədə olan dəstələrdən yalnız biri bizimki ola bilər. Biz bir az da aşağı endik və yaylaq damlarına 6-7 yüz metrədək yaxınlaşdıq. Mənim işarəmlə bizim arxamızca hərəkət edən batareya Murovdağının yamacları ilə aşağı enirdi. Birdən Təkəqaya dağının zirvəsindəki əsgərlərin yavaş-yavaş bizə tərəf aşağı endiklərini müşahidə etdik. Məsafə uzaq olduğundan onların kim olmalarını aydınlaşdıra bilmədim. Biz-üç nəfər cəld dağ yamacındakı hündür bir təpəlikdə mövqe tutaraq Təkəqaya dağından enənləri müşahidə etməyə başladıq. Əgər düşmən olsa, batareya bizə köməyə gələnədək döyüşməli idik. Lakin döyüşmək və ya güllə atıb səs-küy salmaq olmazdı. Çünki biz düşmən arxasına gizli gedirdik. Bu zaman yaylaq damları tərəfdən gözləmədiyimiz halda bizə xeyli yaxınlaşmış 5-6 əsgər sol tərəfdəki qayalıqdan bizi çağırdı. Biz əvvəlcə çaş-baş qalsaq da onları tanıdıq və onlara tərəf getməyə başladıq. Həmin əsgərlər isə bizim kim olmamızı müəyyən etmək üçün pusqu quraraq bizə yaxınlaşmışdılar. Onlardan öyrəndim ki, Təkəqaya dağının zirvəsindəki və oradan bizə tərəf gələnlər də bizimkilərdir, kəşfiyyatdan gəlirlər. Mən Murovdağdan enən batareyanı işarə ilə başa saldım ki, təhlükə yoxdur və onlar dayanmadan aşağı ensinlər… Axşam biz artıq müvəqqəti qərərgahda-yaylaq damlarında idik. Tabor əməliyyata başlamaq üçün orada bir bölüklə bizi gözləyirdi. Orada tabor komandiri, zabit yoldaşlarla və əsgərlərlə görüşdük. Mən komandirə məlumat verdim və minaatanı, onun 80 ədəd mərmisini, üstəlik də çörək və ərzaq gətirdiyimizi bildirdim. Onlar bildirdilər ki, bir sutkadan çoxdur ki, acdırlar. Bir azdan minaatan batareyası da gəlib çıxdı. Biz ərzağı və çörəyi əsgərlər arasında bölüşdürdük. Axşam əməliyyatı keçirmək üçün biz -zabitlər son məsləhətləşmələr apardıq. Komandir bildirdi ki, kəşfiyyat aparmışıq, bizim qarşı tərəfimizdəki Susuzluq dağının zirvəsində və Təkəqayası dağında düşmənlərin postu yoxdur. Ona görə düşmən heç yerdən buranı görmür. O, düşmənin Bozdu, Təkəqaya və Babaşlar kəndində 5-6 zirehli texnikasının və 100 nəfərədək əsgərinin olduğunu da bildirdi. Sonra komandir yuxarı komandanlıqla ilə əlaqəyə girdi və döyüşə hazır olduğumuzu bildirdi. Bizim çağırış ”Göyçə-1” idi. Ratsiya ilə şifrlənmiş məlumat aldıq: “Göyçə-1 əvvəlcə Bozlu və Təkəqaya kəndlərini hücumla götürür, sonra irəliləyərək Qanlıkənd və Dəmirçidam kəndlərinə daxil olur, Göyçədən Ağdərəyə gedən avtomobil yoluna nəzarəti öz əlinə alır. Hər cür kömək ediləcək”. Məlumat bütün zabitlərə çatdırıldı və biz son hazırlıqlara başladıq. Kəlbəcər polislərindən 60 nəfər də bizimlə bərabər döyüşə gəlmişdi. Gündüzdən aparılan kəşfiyyat məlumatlarına əsasən Bozlu, Babaşlar və Təkəqaya kəndlərində azı bir bölük, 2-3 ədəd tank, PDM və digər zirehli texnika var idi. Hava işıqlanana qədər biz kəndi mühasirəyə almalı və gözlənilmədən hücum etməliydik. Mən təkid etdim ki, gecikə bilərik, çünki hər tərəf qarla örtülüdür, qarlı cığırlarda isə hərəkət etmək çətindir, saat ikidə hərəkətə başlayaq. Lakin tabor komandiri mənim təklifimlə razılaşmayaraq, səhərəyaxın-saat 4 radələrində əməliyyata başlamaq üçün əmr verdi. Saat 4-dək dincəlmək üçün icazə verildi. Leytenant Abbasov Əziz, gizir Abutalıbov Telman, əsgərlərdən Allahverdiyev Vidadi, Şükürov Nemət, Süleymanov Qənimət və minaatan batareyasının digər əsgərləri ilə qazma yaylaq evlərinin birində ocaq yandırıb, tüstüdə boğula-boğula ayaqqabılarımızı və paltarlarımızı qurutduq, yemək yedik və iki-üç saat dincəldik. Saat dördün yarısında əsgərləri qaldırdım və onların silah- sursatını bir daha yoxladım. Digər bölüklər də hazır vəziyyətə gətirildilər. Hərəkətə başlamaq əmri verildi. Biz bir cərgə ilə irəlidə gedən bölüyün arxasınca dağ yamacı ilə səssiz gedirdik. Minaatanı və mərmilərini də aparırdıq. Yolda polislərin komandiri öz döyüşçülərini də geri çağıraraq döyüşməkdən imtina etdi. Lakin Kəlbəcər polislərindən Ayaz, Arzuman, Xəyyam, İlqar, Elman, İlham, Əliyəddin, Qalib, Vaqif bizdən ayrılmadan bizimlə bərabər döyüşməyi qərara aldılar və komandirlərinin çağırışı ilə geri qayıtmadılar. Polis komandirinin bu hərəkəti bizim əsgərlərə də çox pis təsir göstərdi. Mən əsgərlərə onlarsız da döyüşə biləcəyimizi bildirdim və “İrəli” komandası verdim. Artilleriya zabiti baş leytenant Hicran Abbasov, rabitəçi əsgər Aqil və kəşfiyyatçı Qurban Susuzluq dağına qalxırdılar. Onlar Daşkəsənin Zivlən kəndində yerləşdirilmiş qrad və toplarla düşmən mövqelərini və düşmənin görünməyən hədəflərini vurmaq üçün oradan müşahidə aparıb məlumat verməli idilər. Səhərəyaxın idi. Hər tərəf səssizliyə qapılmışdı. Ayağımızın altında xırpıldayan qardan, əsgərlərin pıçıltılarından və bir də aşağıdakı meşədə qaratoyuğun səsindən başqa bir səs eşıdilmirdi. Səhər açılanda biz artıq Bozlu kəndinə yaxınlaşmışdıq. Lakin, bir qədər gecikmişdik. Səhər açıldığından kəndi mühasirəyə almaq mümkün olmadı; düşmən bizi görə bilərdi. Ermənilər kəndin salamat qalmış bir evinin qarşısında arxayın odun doğrayırdılar. əvvəlcədən hazırlanmış əməliyyata uyğun olmasa da bölüklərə sağ, sol və düzünə kəndə hücum əmri verildi. Bir dəstə dayanmadan kəndin üst tərəfindən keçərək Çəpli kəndi istiqamətinə gedən rabitə xəttini kəsməli və sol təpəliyi ələ keçirməli, ikinci dəstə- kəşfiyyatçılar (komandir Abutalıbov Telman) sağ cinahdan kəndin aşağı tərəfinə enməli, üçüncü dəstə (komandir kapitan Mürşüd Məmmədov) isə yamacla kəndə hucuma keçməli idi. Minaatan batareyası isə döyüşən bölüklə hücum edərək, kəndin yuxarısındakı təpəlikdə mövqe tutaraq atəş açmalıydı. Belə də etdik. Əsgərlər “Ura” qışqırtıları ilə atəş açaraq kəndə girdilər, düşmən gözlənilmədən yaxalanmışdı. Mən leytenant Abbasov Əzizlə və əsgərlərlə tələsik minaatanı döyüşə hazırladıq, birinci mərmi atılmadı, lülənin içərisinə qar dolaraq buz bağlamışdı. Minanı çıxarıb lüləni sildik, ikinci dəfə də mərmi atılmadı. Dörd dəfə lüləni sildikdən sonra ilk atəş açıldı. Bu bir neçə saniyə ərzində baş verdi. Elə bu vaxt arxa tərəfdə-Susuzluq dağında atəş səsləri eşitdik. Ora baxdıqda orada güclü döyüş getdiyini gördük. Əvvəlcə nə baş verdiyini başa düşmədik. Kim idi oradakılar? Qarlı zirvədə iki nəfər dağın zirvəsindən qaçaraq özlərini qarlı dərəyə atdıqlarını və onlardan bir qədər sonra 15-20 silahlının onların arxasınca qaçdıqlarının şahidi olduq. Sonra həmin əsgərlərin qayıdaraq dağın zirvəsində oturduqlarını müşahidə etdik. Onların düşmən olduqlarını yəqin etdim. Bir neçə saniyə ərzində baş verən bu döyüşü uzaqdan izləyirdik. Düşmən keçdiyimiz yolun 200 metrliyində, arxa tərəfimizdə mövqe tutmuşdu. Orada düşmən mövqelərinin olmasını isə bizim kəşfiyyatçılar aşkar edə bilməmişdilər. Deməli biz gecənin qaranlığında dağın yamacı ilə düşmənin iki yüz metrliyindən keçmişdik. Məsafə uzaq olduğundan avtomat güllələri səmərəsiz idi. Birdən düşmənin mövqe tutduğu zirvədən xeyli aşağıdan dərədən baş leytenant Hicran Abbasovun məni və Xalidi çağırdığını eşitdik. O, düşmənin arxadan gəldiyini bizə bildirdi və qarlı dərədə görünməz oldu. Hər şey aydın oldu. Sən demə, artilleriya zabiti baş leytenant Hicran Abbasov iki əsgərlə-Qurban və Aqil Heydərovla dağa qalxarkən qəfildən ermənilərlə qarşılaşmışdı. Döyüşə-döyüşə geriyə çəkilərkən rabitəçi Aqil düşmən gülləsinə tuş gəlmiş və həlak olmuş, H.Abbasovla Qurban isə özlərini qarla dolu dərəyə ataraq xeyli aşağılara yumalanmış və labüd ölümdən xilas olmuşlar. Mən minatanı arxa tərəfə-həmin Susuzluq dağındakı ermənilərə tərəf-tuşlamağı əmr etdim. Dalbadal atılan mərmilərdən bir neçəsi düşmən mövqelərinə düşərək onları pərən-pərən saldı. Düşmən ölən və yaralananları qoyaraq qaçdı və dağın o biri üzünə aşaraq görünməz oldular. Lakin ermənilər dağın yüksəkliyini hələ də əllərində saxlayırdılar. Ratsiyada komandir bizi çağırırdı: “Göyçə-2, mən Göyçə birəm, qəbul”. Biz cavab verdik, komandir minaatanı kəndə gətirməyi əmr etdi. Biz arxa tərəfimizin-dağın zirvəsinin ermənilər tərəfndən tutulduğunu komandirə bildirdik. Komandir yenə əmr etdi ki, biz minaatanı söküb kəndə gətirək. Biz minaatanı cəld söküb kəndə tərəf endik və yenidən minaatanı quraraq düşmənin qaçıb uzaqlaşan döyüş maşınına atəş açdıq… Bozlu, Babaşlar və Təkəqayası kəndləri 20 dəqiqəlik döyüş zamanı düşməndən azad edildi. Düşmən 30 nəfər itki verərək qaçdı. Döyüşdə Telman Abutalıbov, Qalib Məmmədov, Nadir Əkbərov, Əziz Abbasov, Vidadi Allahverdiyev, Nemət Şükürov, Qənimət Süleymanov, Mürşüd Məmmədov, Mikayıl Rzayev daha çox qoçaqlıq göstərdilər. Iki əsgərimiz-Yusiflə, Vüqar yaralandı. Kəndin yüksəkliklərində mövqe tutmuşduq. Biz-zabitlər bir-birimizi qələbə münasibəti ilə təbrik edirdik. Ac və yorğun idik. Dincəlmək əmri verildi. Mən komandirin yanına gələrək qələbə münasibəti ilə onu təbrik etdim. Təpəlikdə oturduq. Leytenant Z.Hüseynov mənə dedi ki, əmin oğlu Habil də burdadır. Əsgər Kamalov Habili çağırıb görüşdüm. O, bildirdi ki, hospitaldan qayıdaraq birbaşa döyüşə gəlib. Əsgər və zabitlər çantalarında olan axırıncı tikələrini çıxarıb bölüşdürdülər. Bu çox az idi: hərəyə bir tikə düşdü. Ermənilərdən az miqdarda yağ və şəkər əldə etmişdik. Çörək yox idi. Bundan da vacib olan isə güllələrimizin azalması idi. Yuxarı komandanlıqla ilə əlaqə saxladıq; tapşırığın yerinə yetirildiyini və hücumu davam etdirmək üçün çörək və patron lazım olduğunu bildirdik… Taborun qərərgah rəisi Fehruz Alışovla və onun dəstəsi ilə heç bir əlaqə yarada bilməmişdik. Onlar Alaxançallı istiqamətindən Murovdağ silsiləsini aşaraq İlyaslar və Lev kəndinə hücum etməli idilər. Onlar nə ratsiya ilə çağırışlara cavab verir, nə də İlyaslar kəndi istiqamətində görünürdülər. Axşamüstü ermənilər 4 ədəd zirehli texnika və 500 nəfərədək ehtiyatda olan canlı qüvvə ilə hücuma keçdilər; onlar itirilmiş mövqelərini geri qaytarmaq istəyirdilər. Lakin yüksəklik bizdə olduğuna görə düşməni yaxına buraxmır, itkilərə məruz qoyurduq. Minaatanın mərmisi və güllələrimiz azalmışdı. Yalnız pulemyotlardan atəş açırdıq. Düşmən artıq toplarla və minaatanla mövqelərimizi vururdu. Biz yuxarı komandanlıqdan patron və kömək istədik. Briqada qərərgahından bizə heç bir köməyin gəlməyəcəyini və sursatın göndərilməsinin qeyri- mümkün olduğunu bildirdilər. Biz vertalyotla yaxınlığa patron gətirilməsini xahiş etdik. Lakin vertalyotlarla da bizə patron göndərmədilər. Biz mühasirədə döyüş apardığımızı və vəziyyətin çıxılmaz olduğunu, bizə çörək yox, patron lazım olduğunu bir daha bildirdik. Bu vaxt ermənilər yenidən əks-hücuma keçdi. Düşmən minaatanla atəş açırdı. Mən kəndin içərisində bir evin qarşısına toplaşmış zabit və əsgərləri evin arxasına çəkilmələri üçün komanda verdim. Biz evdən bir qədər uzaqlaşmışdıq ki, düşmən mərmisi bayaq bizim dayandığımız yerə düşdü. Hər tərəf tüstü və toz içində qaldı. Tüstü çəkiləndə biz bir qədər yuxarı qalxmışdıq. Heç kim yaralanmamışdı, itki yox idi. Leytenant Əziz Abbasova minaatanı yuxarı təpəliyə çıxarmağı və düşmən mövqelərinə və yola atəş açmağı tapşırdım. Elə bu vaxt ermənilərin Bozdu kəndinin aşağısından dərə ilə irəlilədiyini gördüm. Düşmənin qarşısını kəsmək üçün Bozlu kəndinin quzey tərəfində dərənin kənarında qarlı meşədə mövqe tutmaq üçün dörd əsgərə-Vidadi, Nemət və daha iki əsgərə tapşırıq verdim və özüm də onlarla qarlı dərəyə endim. Buradan kəndin aşağı tərəfi aydın görünürdü. Oradan arxa tərəfimizə keçmək istəyən erməniləri atəşə tutduq. Ermənilər pulemyotla bizə atəş açdılar. Tozağacına söykənib atəş açırdım. Düşmən bizim atəşimizlə dayandırıldı və yüksəklikdən istifadə edərək sağ cinahda nəzarəti öz əlimizə aldıq. Bizim durduğumuz yerdən bizimkilər görünmürdü, lakin atəş səslərindən məlum olurdu ki, sol cinahımızda-kənddə güclü döyüş gedir. Bir azdan batareyanın əsgərləri minaatanla da atəş açmağa başladılar. Ermənilər yaxınlaşmağa cürət etmədilər. Bir neçə dəqiqədən sonra atəş səsləri kəsildi və Bozlu və Təkəqaya dərəsinə sükut çökdü. Əsgərlərdən birini göndərib komandirə məlumat vermək istədim. Meşənin yuxarısına qədər qara bata-bata çıxmış əsgər oradan bizi çağırdı ki, tabor geriyə çəkilir, tez yuxarı çıxın. Biz qarlı meşə ilə ağac və kol budaqlarından tutaraq yuxarı qalxdıq. Bozlu kəndini məcburi olaraq tərk etmiş tabor artıq dağ cığırı ilə Murovdağın ətəklərinə qalxırdı. Tabora əlavə qüvvə və sursat verilmədiyindən geriyə çəkilməyə məcbur idi. Biz də onların arxasınca Murov dağına tərəf üz tutduq. Geriyə çəkilməyi biz heç vaxt ağlımıza gətirməzdik. Çünki əzab- əziyyətlə nece kilometirlerle qarlı dağları aşaraq bir neçə kəndi düşməndən azad etmişdik. Döyüşü davam etdirmək üçün bizə sursat lazım idi. Hərbi sursatı göndərmək üçün yuxarı komandanlıq heç bir iş görmədi. Ələ keçirdiyimiz mövqeləri tərk etmək bizim üçün çox çətin idi. Mühasirə vəziyyətindən çıxmaq və bundan başqa ac, yorğun, yuxusuz, şaxtada, qarın içərisində təzədən amansız Murov dağına qalxmaq-ölüm demək idi. Əfsanəvi bir yürüş edib, döyüşərək azad etdiyimiz mövqelərdən geriyə-Murova doğru çəkilirdik. Mərmisi qurtarmış minaatanı götürməyə taqətimiz qalmadığı üçün onu Bozlu kəndinin üst tərəfində qarın içərisində gizlətdik. Susuzluq dağının yamacı ilə gedir, dağın zirvəsində mövqe tutmuş ermənilərlə hər an qarşılaşacağımızı fikirləşirdik. Başqa yolumuz yox idi. Aşağı uçurum, qarla dolmuş keçilməz dərə idi. Döyüşə-döyüşə dağ yamacını keçməli idik. Düşmən mövqelərinə 5-6 yüz metr qalmışdı. Bu zaman qar çovğunu başladı. Hər tərəfi qar-boran bürüdü. 5-6 metr məsafə güclə görünürdü. Külək qar dənələrini üzümüzə çırpır, hərəkətimizə maneçilik törədirdi. Lakin bu çovğun düşməndən yayınmaq üçün bizə tanrı tərəfindən verilmiş bir fürsət idi. Biz ermənilərin mövqe tutduqları Susuzluq dağının zirvəsindən 200 metr aşağıdan yarım saat ərzində keçdikdən sonra qar-boran dayandı. Yaylaq damlarının yanına çatanda artıq qaranlıq düşmüşdü. Düşmən bizi top atəşinə tutmuşdu. Ünvansız olaraq atılan və dağ yamaclarında partlayan mərmilər isə itkilərə səbəb olmadı. Hələ qarşıda 60 km-dən çox qarlı Murovdağ aşırımı dururdu. Ac, yorğun, yuxusuz, şaxtada qarla tamamilə örtülü dağa qalxmaq demək olar ki, mümkün deyildi. Mən yeddi əsgərlə-Allahverdiyev Vidadi, Şükürov Nemət və digərləri ilə- yaylaq damlarına çatanda artıq taborun bölmələri ayrı-ayrı istiqamətlərdən pərakəndə şəkildə Murovdağ silsiləsinə qalxırdı. Bir az yuxarı qalxdıqdan sonra qarın üstündə oturub dincimizi aldıq və əsgərlərdən çantalarında çörək olub-olmamasını soruşdum. Çörək olmadığını dedilər və üç ədəd konserv çıxardılar. Mən isə arxa çantamda ehtiyat saxladığım yarım buxanka çörəyi çıxarıb 8 yerə bərabər böldüm və axırıncı çörək tikələrini əsgərlərlə yeyib Murovdağa doğru hərəkətə başladıq. Gecə Murova qalxırdıq. Hər tərəfdən külək qarı sovurur, dərələrə doldururdu. Biz qarı yara-yara bir-birinin izi ilə hərəkət edirdik. Bəzən qayaların yarıqlarına, çökək yerlərə yıxılır, dərələrə sürüşüb düşürdük. Oradan çıxana kimi taqətimiz tamam kəsilirdi. Bir-birimizə kömək edirdik. Dincimizi alarkən iki-üç dəqiqədən artıq dayandıqda isə qurşaqdan aşağı su olan ayaqlarımız donmağa başlayırdı. Gecənin qaranlığında dağlarda yolu itirmiş əsgər və zabitlərə də rast gəlir, onları da çağırıb toplayır, öz dəstəmizə qoşurduq. Mən onlara yolu tanıdığımı və gəldiyimiz yerlə onları sağ-salamat qaytaracağımı deyirdim. Ancaq qar işığında uzaqda qaralan dağların zirvəsini səmt tutub irəliləyir, digər əsgər və zabitləri öz arxamca aparırdım. Bir az getdikdən sonra mən də yolu itirdim. Bəzən qayaların yarıqlarına düşür, tamamilə qara batırdım. Əsgərlər köməkləşib məni çıxarır, təzədən başqa istiqamətdə irəliləyirdik. Dağa qalxdıqca yerimək daha da çətinləşirdi. Bəzən əsgərlər daha çox dayanmaqla dinclərini almaq və bəzən də yatmaq istəyirdi. Amma mən onlara yatmağa imkan vermirdim. Çünki çox dayanmaq və ya yatmaq ölüm demək idi. Yeridikcə ayaqqabılarımız qarla dolur və qar əriyərək ayaqlarımız su içərisində qalırdı. Hərəkətsiz qaldıqda isə şaxta vurarkən ayaqlarımız donurdu. Taqətimiz də yox idi ki, bir-birimizə kömək edək. Mən xeyli müddət iz açaraq qabaqda getdiyimdən artıq yorulub hamıdan geriyə qalmışdım. Könüllü döyüşçü olan İlqar Əliyev cibinə doldurduğu şəkər tozundan bir ovuc mənə vermişdi. Şəkər tozunu yalayaraq gedir, arxadan onlara çatmağa çalışırdım. Məndən təqribən 200 metr qabaqda irəliləyən əsgərlərin izi ilə gedir, izi itirməməyə çalışırdım. Külək qarı sovurduğundan izlər də görünməz olurdu. Artıq taqətim tam tükənmişdi, addım ata bilmirdim. Çantamda ehtiyat üçün saxladığım bir şokaladı çıxarıb yedim ki, gücümü bərpa edəm. Yenə də yeriyə bilmədiyimi hiss edərək zabit yoldaşları: Ulu tanrım, xalqımın döyüĢ ruhunu özünə qaytar! Adili, Nizamini və İlqarı çağırdım. Bir neçə dəfə çağırdıqdan sonra onlar səsimi eşitdilər və mənə hay verdilər. Dedim ki, “Yorulmuşam, məni gözləyin”. Qaranlıqda-ayın və qarın işığında çətinliklə addımlayaraq onların yanına çatdım. Hamısı dayanıb məni gözləyirdilər. Onların yanına çatanda isə dayanmamağı bildirdim. əsgərlər dona bilərdilər. Çünki artıq dayanmaq-donmaq demək idi. Gücümüz qalmasa da hərəkət etmək lazım idi. Ayağa duranda əsgərlərdən bir neçəsinin qarın içərisində yatdığını gördüm. Mən onları-Vidadini, Mirzəlini və iki başqa əsgəri qaldırmaq istədim, qalxmadılar. Bu əsgərlər donmaq təhlükəsi ilə üzləşmişdilər. Aclıq və yuxusuzluq onları taqətdən salmışdı. Mirzəli isə silahını aparmağı və onu tərpətməməyi məndən xahiş etdi. Vəziyyət olduqca çətinləşmişdi. Onları heç vaxt burada qoymaq olmazdı. Dəstə isə yenidən xeyli bizdən uzaqlaşmışdı. Mən yenidən arxa çantamı açıb orada qalmış, axırıncı beş ədəd şokaladı çıxarıb əsgərlərə payladım və onları bir-bir ayağa qaldırdım, bizdən xeyli aralanmış dəstənin arxasınca irəliləməyə başladıq. Səhər açılanda Murovun zirvəsinə çatmışdıq. Oradan daş körpü adlanan yerə doğru dərə ilə ac və taqətsiz səkkiz saat yol getdik… Bu əməliyyatda 24 nəfər əsgər və polis acından, yorğunluqdan gələ bilməmiş, dağlarda donub həlak olmuş, 40 nəfərədək əsgər və zabit donvurmadan hərbi hospitala müalicəyə göndərilmişdi.

Məlumatlara görə Zamin Çıraqova minnətdarıq.

Comments


Kalbajar.com YouTube kanalın istifadəyə vermişdir. Kanala abunə olaraq izləmə sayını artırın və maraqlı videolardan yararlanın!

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

bottom of page