OVÇU SALAHIN MUROVA OVA GETMƏSI
BDU doktorantı Jalə Xəlil qızı Nağıyeva
Cavan vaxdarımıydı, bərk ova-quşa meyl eləmişdim. Alaçıx evimiz dağdaydı. Günnərin bir günü dədəm dedi ki, qonağımız gəlejeh. Get dağdan bir heyvan gətir, qonağa kəsəh. Bu Murov da həmişə duman-çən olur. Belə baxdım ki Murov elə gözəl açılıf, nə duman var, nə çən var. Hələ qonağın gəlməyinə bir gün varıydı. Fikirrəşdim ki, gedim Murova bir ov vuruf aparım qonaxlara, bu daha yaxşı sovqat olar onnar üçün. Nənəmə dedim ki, nənə gedejəm Murova, gedim görüm bir ov vura bilərəmmi, ətinnən qonaxlara aparam ov ətinnən. Dedim mana bir az çörəh bağla, gör kohnə paltar varsa ver geyinim. Nənəm dedi, ay bala, get yat, gejənin bir şəri durğuzaram gedərsən. Dedim, yox, yatsam durammıyejəm. Durum yavaş-yavaş gedim. Dağın ətəyində bir yerdə mülgülüyərəm. Tüşdüm yola, gedif Murovun döşünə çatdım. Fikirrəşdim ki, daşın kahasında birəz yatım, işıxlaşanda Murovun başına çıxaram, keçini otduyanda görüm, çünkü gün olanda keçi dolur daşdarın çatdarına, görmək mümkün olmur. Bu minvalnan kahada yataram, bir vədə görüm qulağıma tütəh səsi gəlir. Elə bildim vayğa gördüm. Bir az qulax verif gördümkü yox, vayğa dəyil. Başımı qaldırdım ki günorta oluf, dört tərəfim sürüdü, çovan tütəh çalır. Deməli, dağın gözəl havası məni nətəhər yuxuya tutufsa, yatıf qalmışam. Fikirrəşdim ki qalası dəyiləm, axşama harda olsam qayıtmalıyam. Dedim yox, ta getməyin adı yoxdu, qayıdım. Durdum yavaş-yavaş qayıtdım həmən çəmənnihnən yuxarı. Orda təhlə ovası var, onnan bir az aralı aran camahatı gəlif çoxlu çadır quruf. Ovadan yuxarı böyük daşın dalı dərədi. Dedim elə bu dərə aşağı gedəm, məni görən olmasın. Həmi çiynimdə qanunsuz silah var, həmi də geydiyim paltar köhnə cır-cındır, qənşərə çıxası gündə dəyiləm. Dərə aşşağı yendim, bərk də suzdamışdım, dərənin əyəğində bir bulax var. Dedim gedif o bulaxdan su içim, ordan da o tərəfə çıxım gedim. Elə bulağın qənşərinə yenəndə gördüm ki bulağın üstündə bir dəstə qız-gəlin orda sulaşır, zarafatdaşıllar. Mən bunnarı gördüm, bunnar da məni. İstədim üst tərəfdən keçif gedəm, heç bunnarın yanına yenmiyəm, bir də fikirrəşdim ki deyejehlər oğurudu, quldurdu hay vurejehlər obuya, həmi də fikirrəşdim ki, məni burda kim tanıyır, su içim ordan da gedim. Axırı yendim bunnarın yanına. ədəb-ərkannan hal-xoş elədim, hallarını soruşdum. Soruşdular ki, ay qardaş, hardan gəlif harya gedirsən? Dedim, a bajı, ova çıxmışdım Murova, ovçuyam, ov tapa bilmədim, gedirəm. Bu qızdardan biri dedi ki, ay bajı ,çinindəki silah nejə də gözəldi, mən belə bir silah görməmişəm. Dedim, a bajı, qavınız varsa maa bir az su verin içim. Onakən qızdarın içinnən biri yeridi əyənnən bəri. Dedi, əyə, sən Salah dəyilsən? Dedim, ay bajı, Salah kimdi? Ə, dedi Məhəmmədəli kişinin oğlu Salah dəyilsən? Gördüm bu məni sənöl tanıdı. Dedim, a bajı, sən onnarı hardan tanıyırsan, nətəhər tanıyırsan? Dedi ki, sən təhlə Bahadurgilə gəlməmişdin dədənnən? Gördüm tanıdı, dedim, a bajı, sən kimsən? Dedi ki, mən təhlə Bahadur un bajısıyam, adım da Məxmərdi. Əyə gördüm bu məni tanıdı, mən də bunu tanıdım, görmüşdüm. Bahadurnan dədəm dostuydu, gedirdih, gəlirdih, gedif ov vururdux. Bahadurun arvadı deyirdi bizi ov ətinə örgətdiniz, başqa ət ağzımızda dadmır. Ona kimi bu Məxmər dedi ,ayə, üstünə od tökülməsin bu nə gündü, nə libasdı, nə paltardı? Dedim, a bajı, ovun qanı-zadı bulaşır paltara, fikirrəşdim ki kimdi məni görən. Qızdara dedi bunun bir dədəsi var, deyərsən Koroğludu, varrı-dövlətdi. Bahadurnan da dostdu, həmişə gedif-gəlillər. Dedi, ayə, bunun şairriyi də var. Dedilər onda bizimkini Allah yetirif. Dedim a bajı şair nədi, zat nədi, mən hardan oldum şair? Dedi əə, Bahadur gildə bir Dağlar şeyiri saa dedirtmədilər? Dedim ay bajı yəqin Ələsgərin, Qurvanın dağlar şeyirindən demişəm, mən nə bilirəm dağlar şeiri deməyi? Dedi yox eey, özün dedin, öz adınnan da bağladın, şeyirini də bəyəndilər. Dedim, ay bajı, bir qurtum su istədim heç onu da vermiyin,amma qoyun gedim. Dedilər əə hara bıraxırıq ee səni? Qadına silah hərrəməzdər, hərə bir qapaz vurejeh qalasan buralarda. Dedim nolar boğazım quruyuf, bir qurtum su verin içim,görüm nətəhər eliyirəm. Dedilər yox su olmaz, dedim, a bajı, nətəhər deyim,nə deyim,mən sizi tanıyıf eləmirəm, mən sizə nətəhər şeyir deyim? Deyejəm indi pisdən-yaxşıdan o da xoşunuza gələr-gəlməz, özünüz bilərsiniz. Çaram kəsildi, bunnar bulağ üstə gəlif.
Bulaq üstə gələn dəstə gözəllər,
Siz gələndə dünya xoş bahar olur.
Həyatın mənası, məlhəmi sizsiz,
Dünya siziniylə bərqərar olur.
Dedilər yox, xoşumuza gəlmir, dedim qoy birində deyim:
Sizə baş əyməyib Sultanlar, Xanlar?
Bundan böyük rütbə deyin harda var?
Alırsız canımı canalan canlar,
Sizə baxan gözlər bəxtiyar olur.
Dedilər bu da xoşumuza gəlmədi, arada bir yerdə dilin topux vurdu, özünü gözdə haa...
Dedim qızlar bir-birindən göyçəksiz,
Təzə tərsiz, yeni açmış çiçəksiz.
Vallahi ki, çiçəkdən də gözəlsiz,
Bəzənib ətrafı laləzar olur.
Dedilər bax indi su verməy olar, bu xoşumuza gəldi. Biri yönəldi bu verməyə, o biri dedi yox mən verejəm. Bir neçəsi qalxdı əyəğə, qarışdılar bir-birinə. Dedim, qoyun birin də deyim sorasına baxarıq.
Sizi bir-birindən seçə bilmirəm,
Könlümün mətləbin aça bilmirəm,
O cəhlili suyu içə bilmirəm,
Məcazi məhəbbət biilqar olur.
Qızdarın içində bir hündürboylusu varıydı,dedi qardaş, Allah bunnarı qırsın, gərək birimiz gətirəydih o suyu,o da ürəyincə olardı-olmazdı, orası da var. İndi sən əlini uzat bunnarın birinə gedif o gətirsin suyu. Fikirrəşdim ki, mən əlimi nətəhər uzadım birinə ki, suyu o gedif gətirsin? Dedim, ay bajı, şeyirnən deyim,gətirər-gətirər, gətirməz özü bilsin. Amma bunnarın içində biri var, dimməzcə duruf baxır, gördüm gözünün qulağında, qaşının altında bir qara xal var. Dedim elə bunu istinad verim,gətirər gətirər, gətirməz özü bilər:
Çətin sual oldu söz arasında,
Bağrım kabab oldu köz arasında,
Qara xal qaşıynan göz arasında,
Əhdə vəfa qılsa düz ilqar olur.
Bir az süküt çökdü, gedif qolunnar tutdular çəkdilər bəri. Dedi, ayə qardaş, bunun adı Məleykədi, elə özü də məleykədi düz seşmisən. Qavı verdilər dedilər get su gətir, getməy isdəmədi, zornan qavı əlinə verib suya göndərdilər. Suyu gətirif verdi maa, çar-naçar su işmək dəyil, zulumdu, suyu işdim, qalanını töhmədim,qarşımda duruf gözdüyürdü, qavı verdim buna, bu da töhmədi. Qavı götürüf əyənə gedəndə qızdar töküldü bunun başına,dedilər sən işməlisən, işmək istəmədi. Yoxa-yox qızdar üstünü kəsdilər,suyu işdi. Dedilər, ə qardaş, ta siz dehləşdiniz. Məleykə sənin artığını işdi. Görən dünyada eşq-məhəbbətdən şirin nə ola bilər? Dedim düz buyurursunuz, bizdən uzax olsun,amma ajı tərəfi də var.
İcazə versəniz şeyirnən deyərəm.
Məcnun leyli dedi, səhrada qaldı,
Şirin eşqi ilə Fərhad dağ yardı.
Kərəm Əsli sevdi yandı,yaxıldı,
Gör neçə məhəbbət tarimar oldu?!
Dedim siftə gələndə bu qızdarın biri xətirimə dəydi. Dedilər niyə, o hansı qızıydı, nə dedi sana? Dedim onu da şeyirnın deyim.
Silahı gözəldi, sahibi pisdi,
Sahibi o qızdan incidi-küsdü.
Astarı qızıldı, üzlüyü pisdi,
Naşıymış sərrafı, aşikar olur.
Qızdarın biri genə yeridi irəli,dedi, ayə qardaş, düz buyurdun. Məxmər yaxşı ki burda oldu. Olur ki bir qız bir oğlan sevişir, ya oğlan tərəf razı olmur,ya qız tərəfi. Onnar qovuşa bilmir. Ya sənin tərəfin razı olmaz, ya Məleykənin tərəfi,sizin sevdanız baş tutmaz. Gətir burdan belə bu qızın qolunnan tut get. Biz də axşama kimi yuvanax, axşam deyək qaçırtdılar. Məxmərin deməsinə görə də dədən yaxşı imkannıdı, orda yaxşı toy eliyərsiniz,bizi də toya çağırarsınız. Dedim yox bajı, onu eliyə bilmərəm. Dedi niyə,qorxursan? Dedim yox, bu ova tökülsə onu mənim əlimnən ala bilməz. Onsuz da şeyirimiz tamamlanmıyıf, qoyun niyəsini də şeyirnən deyim.
Ovçu Salah qorxu nədi bilmərəm,
Məcazi danışıb, yersiz gülmərəm.
De mən gedərgiyəm, bir də gəlmərəm,
Belə yüngül sevda ucuzvar olur.
İndi ayrılmax vaxtı gəldi çatdı. Dedim ay qızdar, biri varıymış bir abbası verif dindiriflər, iki abbası verif kiridə bilmiyiflər. Elə mən onun gününə tüşdüm. Deyirəm sizə bir salamat qalın da deyim:
Görüşmək asanmış, ayrılmaq çətin,
A sular sonası, salamat qalın.
Nə yaman dərdliymiş ayrılıq dəmi,
Ciyərim parası, salamat qalın.
Bir ov kimi gəldim düşdüm bərəyə,
İmkanım olmadı dönəm geriyə,
Varımdı əmması, salamat qalın.
Bir ov üçün bu dağları dolandım,
Xoş ətirli gül-çiçəyə bulandım,
Gəlmək üçün libasımdan utandım,
Bu idi əsası, salamat qalın!
Vaxt dolanır, siz də bir gün anasız,
Qıymaram ki, saralasız,solasız,
Halal süd əmmişə qismət olasız,
Bir şair duası, salamat qalın!
Sizi nurdan xəlq eyləyib ilahi,
Üstünüzdə olsun haqqın pənahı,
İmtahan etdiniz ovçu Salahı,
Xaldı nişanası salamat qalın!
Salahov Salah Məhəmmədəli oğlu,
1932-ci ildə Kəlbəcər rayonunun Bağarsaq kəndində anadan olub
2022-ci ildə Gəncə şəhərində dünyasını dəyişib.
Comments