"Maşallah, mənə elə gəlirdi ki, sizin uzaqbaşı, 55, 60 yaşınız tamam оlur, Vəliyəddin müəllim..." "Allah hər gördüyümüzdə üzümüzə işıq saçan simanızdan nur və təbəssümü əskik etməsin!.." “İliklərinədək azərbaycançılıqla, milli-mənəvi dəyərlərimizlə yoğrulmuş xalq adamı, el oğlu..." Vəliyəddin İsmayılovun adı çəkiləndə öncə ağlıma gələn bu düşüncə olur. Kəlbəcər dağlarının ucalığını, vüqarını, havasının, suyunun saflığını, təmizliyini öz xislətində, xarakterində, davranışında, həyat tərzində cəmləşdirib bu gözəl insan... Xeyli yaş fərqimizin olmasına rəğmən yoldaşlıqda, dostluqda o qədər səmimi, təvazökar, mehribandır ki, həmişə Vəliyəddin müəllimlə həmyaşıd olduğumuzu sanmışam... Gözəl ailə başçısı, gözəl ata, öz Vətənini, torpağını, hər şeydən uca tutan bir vətəndaş... O, yazdığı şeirlərdə, publisistik yazılarda ifadə etdiyi duyğular kimi həddindən artıq incə, gerçəkdən şair qəlbli bir insandır. Dostluq, yoldaşlıq münasibətlərində Vəliyəddin müəllim qədər etibarlı, səmimi, həssas, münasibətlərdə hər şeyi zərgər dəqiqliyi ilə ölçüb-biçib nəzərə alan ikinci bir adam çətindir tapmaq... Tanımayan biri Vəliyəddin müəllimlə günlərlə səfər yoldaşı olsa, qətiyyən hiss etməz ki, bu adam gənclik illərindən üzü bəri neçə-neçə vəzifə kürsüsündə əyləşib: Kəlbəcərdə komsomol təşkilatının 1-ci katibi, rayon partiya komitəsində təşkilat şöbəsinin müdiri, rayon xalq nəzarət komitəsinin sədri, kənd təsərrüfatı idarəsinin rəisi, “aqroprom”un sədri, Bakıda “Azərsu” Səhmdar Cəmiyyətində məsul vəzifə, Prezident seçkilərində Ulu Öndər Heydər Əliyevin Qarabağ regionu üzrə səlahiyyətli nümayəndəsi və s. və i.a. Hələ doğma Laçında yaşayarkən o zaman Kəlbəcərdə çalışan Vəliyəddin müəllimin daim xoş sorağını eşitmişik. Şəxsi tanışlığımız isə o, Prezident seçkilərində Ulu Öndər Heydər Əliyevin səlahiyyətli nümayəndəsi olarkən başlayıb... Neçə illərdir ki, biz ayrılmaz 3 dostuq: Vəliyyəddin İsmayılov, Füzuli rayonunun sabiq icra başçısı Nəbi Muxtarov və mən. Daim biri-birimizin xoş günündə də, çətin günündə də bir yerdə olmağa çalışırıq... 3 övladı, 7 nəvəsi var Vəliyəddin müəllimin. Allah qorusun! Qızı həkim, oğlunun biri hüquqşünas, digəri müəllimdir. Xanımı da müəllimə olub. Bir sözlə, ziyalı, alicənab bir ailə sahibidir. Övladları da, nəvələri də Vəliyəddin müəllimin yolunu Azərbaycan cəmiyyətində, el arasında ləyaqətlə davam etdirirlər... İnsan vaxt baxımından 100 il də, 150 il də yaşaya bilər. Ancaq sizin həyatınız boyu gördüyünüz işlər insan ömrünə sığmayan işlərdir, Vəliyəddin müəllim!.. Maşallah, mənə elə gəlirdi ki, sizin uzaqbaşı, 55, 60 yaşınız tamam olur, əziz dost. Allah sizi daim belə gümrah saxlasın! Çox fikirləşdim və belə qənaətə gəldim ki, bu, belə də olmalıdır. Çünki Kəlbəcərdə yaşadığınız dövrdə udduğunuz büllur hava, içdiyiniz göz yaşı kimi saf su doğma yurddan uzaq yaşadığınız illərdə də tükənməz enerji, həyat mənbəyiniz olub... O da var ki, belə cavan qalmağınızda o dağlarımızın havası, suyu ilə yanaşı, sizi hər cəhətdən anlayan, qayğıkeş həyat yoldaşınızın və ağıllı, ismətli övladlarınızın olmasının da böyük rolu olub. Belə bir ailənin varlığı daim ürəyinizi dağa döndərib... Dəyərli Vəliyəddin müəllim, nadir insanlara xas olan keyfiyyət və məziyyətlərinizdən saatlarla, günlərlə danışmaq olar. Hələ qarşıda bizi neçə-neçə tədbirlərimiz, görüşlərimiz gözləyir. Allah hər gördüyümüzdə üzümüzə işıq saçan simanızdan nur və təbəssümü əskik etməsin!.. Sizin 75 illik yubileyinizi Yaradandan umulan ən ülvi arzularla öncədən təbrik edir, cansağlığı, uzun ömür, sönməz həyat eşqi diləyirik. Ən böyük arzumuz odur ki, inşallah, tezliklə hər dağında, çəmənində, bulağında, hər yolunda, cığırında, hər daşında, qayasında əziyyətiniz, zəhmətiniz olan, xatirələriniz yatan, həsrəti ilə 27-ci ili yaşadığınız doğma Kəlbəcər elinə dönə biləsiniz və növbəti 80, 90, 100 illik yubileylərinizi o vüqarlı dağlar qoynunda, o zümrüd yaylaqlardakı büllur bulaqlar başında qeyd edək. Allah amanında, böyük dost! Dərin hörmət və sayğılarla:
Ramiz Cəbrayılov.
Comments