Dünya bir pəncərədir, hər gələn baxar gedər, - deyib babalarımız. Hər gələn baxırmı bu pəncərədən? Zənnimcə, yox.
Könlünün qapısını, pəncərəsini bağlı saxlayıb heç kəsə baxmayan, heç kimi o qapıdan, pəncərədən içəri buraxmayan o qədər adamlar var ki... Amma nə xoş ki, evinin-eşiyinin, ən əsası da könlünün qapı-pəncərəsini insanların üzünə açan, dünya evinin pəncərəsindən hər kəsin üzünə şəfqətlə, mərhəmətlə baxan nur üzlü insanlar da var. Dünya da elə bu insanlara görə yaşamını davam etdirir, insanlar da bu cür insanlara görə yaşamaq istəyir bu gəlimli-gedimli dünyada. Azərbaycanın görkəmli ziyalısı, Miskin Abdal, Ağdabanlı Şair Qurban ocağının yetirməsi, ustadlar ustadı Dədə Şəmşirin yadigarı, bu günlərdə şərəflə yaşadığı ömrünün səksən beşinci aşırımına qədəm qoyan Qənbər Şəmşiroğlu belə nur üzlü insanlardandır. Böyük bir elin ağsaqqalı, yol göstərəni olan Qənbər Şəmşiroğlu ömrün səksən beşində də gənclik həvəsi, gənclik ruhu ilə yazıb-yaradır, ictimai fəaliyyətini davam etdirir. Qənbər Şəmşiroğlu öz ziyalılığı, xalqına, Vətəninə bağlılığı, dövlətçiliyə sədaqəti ilə bu gün çoxları üçün bir nümunədir. Qənbər Şəmşiroğlu ömrün bu məqamına tanınmış şair, yazıçı, publisist kimi gəlib. O, istər bir şair kimi şeirləri, istər bir nasir kimi roman, povest və hekayələri, istərsə də publisist kimi oxunaqlı məqalələri ilə usta qələm sahibi kimi adını ədəbiyyat tariximizə həkk eləyib. Miskin Abdalın, Ağdabanlı şair Qurbanın bulağından, Ustad Dədə Şəmşirin əlindən su içmiş, şeir-sənət məbədində böyümüş bir insanın ömrünü şeirə, sözə verməsi əslində, çox təbiidir. Qənbər Şəmşiroğlu şeir yazmaqla mənsub olduğu ünvana bağlılığını, sadiqliyini uca səslə - poeziyanın dili ilə bəyan edir. Aşağıdakı misralar onun soy-kökünə, tarixin o başından, yüzilliklərin dərinliklərindən yön alıb gəldiyi ünvanına bağlılığın poetik ifadəsidir: Ulu babam Miskin Abdal, Qurban böyük dərya-kamal, "Şəmşiroğlu" - deyib hər hal: Ünvanımı gəzdirirəm! Ünvanımı gəzdirirəm. Qənbər Şəmşiroğlu sənətkarlar nəslinə mənsub olub, ustad ailəsində doğulmaqla yanaşı, Kəlbəcər kimi şeir-sənət məbədi olan bir məmləkətdə dünyaya gəlib və bu əzəmətli dağlarda, quşqonmaz zirvələrdə, Səməd Vurğunun vəsf etdiyi "kəklikli daşların" cazibəsində şair olmamaq, şeir yazmamaq mümkün deyil. Doğulduğu, boya-başa çatdığı mühitin, eləcə də təbiətin yaradıcı insana təsiri şəksizdir və bu mənada Qənbər Şəmşiroğlunu da nəsil şəcərəsindən gələn ilahi təb, Dədə Şəmşirdən aldığı ustad dərsləri ilə yanaşı, Dədə Ələsgərin dediyi kimi, "xeyri də, şəri də yaxşı olan" Kəlbəcər mühiti və əsrarəngiz Kəlbəcər təbiəti şair etmişdir. Qənbər müəllim özü də bunu şeirlərində ustalıqla ifadə edir: Bizə şair deməsinlər, Kəlbəcər özü şairdi. Sərt qayası, uca dağı, Dərəsi, düzü şairdi. Qənbər Şəmşiroğlu yaradıcılığını mənsub olduğu nəslin, doğulduğu ailənin və eləcə də böyüdüyü mühitin ənənələrindən fərqləndirən bir cəhət də var. Bu ailədə, bu mühitdə çoxları şeir yazır, amma o, hamıdan fərqli olaraq həm də nəsr əsərləri - roman, povest və hekayələr də yazır. Müəllifin "Tale oxşarlığı" kitabında yer almış "Bir gözəlin taleyi", "Adam kimi ölməyib", "Bütövləşmək istədim", "Qızlardan muğayat olun" povestləri və hekayə janrında qələmə aldığı əsərləri özünün orijinal təhkiyə üsulu, zəngin obrazlar sistemi və canlı xalq dilinin, xalq həyatının ədəbiyyata gətirilməsi baxımından olduqca maraqlıdır. Ümumiyyətlə, onun əsərləri kəlbəcərlilərin həyat tərzini, folklorunu, Kəlbəcər tarixinin böyük bir dövrünün salnaməsini özündə əks etdirir. Kəlbəcər onun həyat tərzi, içdiyi su, udduğu havadır. Elə təsadüfi deyil ki, Qənbər Şəmşiroğlu publisistik üslubda yazdığı kitabını "Kəlbəcər: ömrüm, həyatım" adlandırıb. Həmin kitabda Kəlbəcərin adət-ənənənələri, toponomikası, zəngin fauna və florası öz əksini tapmışdır. Bu kitab bütövlükdə Kəlbəcərin tarixini öyrənmək üçün zəngin və əvəzsiz bir mənbədir.
Qənbər Şəmşiroğlunun ən böyük mənəvi keyfiyyətlərindən biri və birincisi insanlara yaxşılıq etməsi, doğru yol göstərməsi, savab əməllərin sahibi olmasıdır. Məhz bu mənəvi keyfiyyətlərinə, özünəməxsus xarakterinə görə böyük bir el, mahal onu özünə ağsaqqal hesab edir. Azərbaycan kinematoqrafiyasının qızıl fonduna daxil olmuş "Axırıncı aşırım" filmində Abbasqulu bəy Şadlinskinin Kərbəlayi ilə görüşmək üçün Qarabağlara gəlməsi səhnəsində maraqlı bir məqam var. Yol kənarından, evlərin doqqazından boylanan insanlar Abbasqulu bəy haqqında deyirlər: "Həmişə dar gündə bu kişi bizim köməyimiz olub". Kəlbəcərin xeyir-şər məclislərində insanlar bu səhnəni dəfələrlə görüblər. Kəlbəcərlilərin ağsaqqalı olan Qənbər Şəmşiroğlu hansı məclisə gəlirsə, insanlar Qənbər müəllim tərəfə boylanır və: "Həmişə dar gündə bu kişi bizim köməyimiz olub" - sözlərini deyirlər. Əminliklə söyləmək olar ki bu, hər kəsə nəsib olmayan xoşbəxtlikdir. Və bir insanın Süleymana qalmayan dünyada əldə etdiyi ən böyük qazanc da elə budur. Ən mühümü də odur ki, Qənbər Şəmşiroğlu bütün bu yaxşılıqları təmənnasız edir. Bu əxlaq isə ona yaşadığı həyat tərzindən, mənsub olduğu soy-kökdən, atası Dədə Şəmşirdən, babası şair Qurbandan, ulu babası Miskin Abdaldan keçibdir. Qənbər müəllimdən isə bu həyat tərzini başda Cavid müəllim olmaqla bütün övladları öyrəniblər. Səksən beş yaşını haqlayan Qənbər Şəmşiroğluna ömrünün bu müdrik çağında Ulu Tanrıdan uzun və sağlam ömür diləyirəm. 85 yaşınız mübarək, aqibətiniz xeyir olsun, əziz Qənbər müəllim! Ələmdar CABBARLI Filologiya üzrə fəlsəfə doktoru, Bakı Dövlət Universitetinin dosenti
Comments