"Şairlər bəşəriyyətin ən məsum hissəsidir" deyirlər. Hələ bu məsumluğa bir az da payız kövrəkliyi qarışsa, o yaradıcı insanın misralarını bahar xiffətli xəzan yarpağı ilə müqayisə edə bilərik. Bu nisgili, kədəri şeirlərində daşıyan insanlardan biri gənc (özü gənc olmasa belə) şair Namiq Dəlidağlıdır.
Öncə kiçik bir xatırlatma verərək demək istəyirəm ki, Namiq Dəlidağlı Kəlbəcər rayonunda anadan olub.
İxtisasca jurnalist-filoloqdur. Hələ orta məktəbdə oxuduğu illərdən şeir və məqalələri mətbuatda dərc edilib. 1993-cü ildən dövri mətbuatda çalışır. Müxtəlif qəzetlərdə müxbir, parlament müxbiri, şöbə müdiri işləyib. “168 saat”, “Hər şey Sizin üçün” və “Dəlidağ” qəzetlərinin baş redaktoru olub. N. Dəlidağlı jurnalistlik fəaliyyəti ilə yanaşı, ədəbi yaradıcılıqla da məşğuldur. Şeirləri “Ədəbiyyat qəzeti”, “Yeni Azərbaycan”, “Ədalət”, “Kaspi”, “168 saat”, “Şəhriyar”, “Murovdağ”, “Vaxt”, “Yeni Dünya”, “Səhifələr”, “Sumqayıt” və s. qəzetlərdə, o cümlədən, “Xəzər”, “Ulduz”, “Cahan” və digər dərgilərdə, interner saytlarında dərc edilib. Həmçinin, bir sıra şeirləri ölkəmizdə və xaricdə nəşr edilən ədəbi toplularda işıq üzü görüb. Şeirlərinə mahnılar bəstələnib. Altı publisistik və şeir kitabının müəllifi və həmmüəllifidir. Bir sıra ədəbi və media mükafatlarına layiq görülüb. Prezident təqaüdçüsüdür. Hazırda “Manevr.az” və “Sumqayitfakt.az” xəbər saytlarının rəhbəri, Türkiyədə fəaliyyət göstərən “Kapsamhaber” xəbər portalının köşə yazarıdır. Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. Bütün bunlarla yanaşı demək istərdim ki, 29 sentyabr N. Dəlidağlının doğum günüdür. Bu arada ürəyimdən şairi doğum günü münasibətlə təbrik etmək, ona həm məni, həm də oxucularını maraqlandıran bir neçə sual ünvanlamaq keçdi. Sonunda Namiq bəylə səmimi söhbət və maraqlı müsahibə baş tutdu. Həmin sorğunu diqqətinizə çatdırıram. İlk sualım: -Birinci şeirinizi neçə yaşında və hansı münasibətlə yazmısınız? Şeir yazmağa başlarkən kimdən təsirlənmisiniz?-oldu. -O vaxtdan illər keçdiyi üçün dəqiq deyə bilməsəm də, orta məktəbin aşağı siniflərində oxuyandan şeir yazmağa, əslində qaralamağa başladığımı xatırlayıram. İlk iki şeirimin mövzusu yadımdadır: “o qıza” və təbiətə aid idi. Kəndimizdə toyda gördüyüm "o qıza" yazdığım şeirin 1-2 bəndini yaddaşım hələ də qoruyub saxlamaqdadır. Mən bir toyda gördüm onu, Necə də göyçəkdi o qız. Lalə kimi al yanağı, Elə bil çiçəkdi o qız. Danışmağa üz vermədi, Ünvanını düz vermədi. Bir söz dedim, söz vermədi, Məni dara çəkdi o qız... Konkret kimdən təsirləndiyimi də deyə bilməyəcəyəm, ancaq ilk dəfə maqnitafonda qulaq asdığım, sonradan qəzet və kitablardan oxuduğum şeirlərin təsirinin olması isə danılmazdır. - İlk oxucunuz kim olub və onun reaksiyası çox maraqlıdır bizim üçün. - Anam poeziyanı çox sevirdi. Məni şair doğan da, şeirlərimi ilk dinləyib sevinən də anam olub. Ancaq əvvəl bu “sirri” gizli saxlamağa üstünlük verdim. Və cızma - qaralarımı başqa müəllifin adına bağlayıb “yaxşıdı”, “halaldı” kimi ürəkləndirici, xoş sözlər eşidəndən bir müddət sonra həmin yazıları üzə çıxarmağa başladım. Heç yadımdan çıxmır: orta məktəbdə oxuyurdum. Bir gün Kəlbəcərdə çıxan “Yenilik” rayon qəzetində belə bir elana rast gəldim: ““Dəlidağın nəğmələri ” Ədəbi Birliyinin növbəti yığıncağı (məşğələsi) filan vaxtı redaksiyanın binasında keçiriləcəkdir. Maraqlananlar iştirak edə bilər". Həmin gün müəllimim, həm də doğma əmim öğlu Hümbət müəllimlə bir yerdə getdik rayon mərkəzinə. O da şeir yazırdı. Yolda redaksiyaya gedəcəyini dedi. Ancaq mən hansı məqsədlə rayona getdiyimi bildirmədim. Rayonun mərkəzində avtobusdan düşəndən sonra aradan çıxdım. Bir az düşünəndən sonra redaksiyaya getməyi qətiləşdirdim. Həyəcanlı halda redaksiyanın ikinci mərtəbəsinə, tədbirin keçiriləcəyi otağa yaxınlaşdım. Çəkinə-çəkinə qapını döydüm, “buyur” kəlməsindən ürəklənib içəri daxil oldum. İlk dillənən əmim oğlu oldu, “gəl, gəl. Şeir həvəskarıdı, yəqin qulaq asmağa gəlib”, dedi. Şövkət adlı xanım şair bir az qırağa çəkilib yanında mənə yer elədi. Köynəyimin altında gizlədiyim şabalıdı rəngli ümumi dəftərimi çıxardıb indi də dizimin üstündə daldaladım. Şairlər növbə ilə şeir oxuyur, ardınca müzakirələr edilirdi. Bəyənilən şeirlər ““Dəlidağın nəğmələri ” Ədəbi Birliyi təqdim edir” adı altında “Yenilik” qəzetinin bütöv bir səhifəsində oxucuların ixtiyarına verililəcəkdi. Mənim yanımda əyləşən şairin ağzından sonuncu misra çıxan kimi “mən də şeir oxumaq istəyirəm”, dedim və kiminsə “oxu” sözündən sonra təbiətə aid 2 bəndlik şeirimi udquna-udquna oxudum. “Hardansa köçürməmisən, ədəbiyyat müəllimin baxıbmı?..." kimi bir neçə sualdan sonra həmin şeiri yazıb verməyimi dedilər. Barmaqlarım titrəyə-titrəyə şeiri kağıza köçürüb verdim. Qısa bir zamanda şeir qəzetin səhifəsində dərc edildi. Və sonralar bir vaxtlar əlçatmaz saydığım qəzet və jurnallarda şeirlərim dərc edildi. Ancaq “Yenilik” qəzetinin səhifəsində yer alan həmin şeirin sevincini təkrar yaşamadım. Qeyd edim ki, həmin məclisdə şeirlərini sevə-sevə oxuduğum Yaqub Cabbarov, Şamil Əsgərov, Əlqəmə, Mirsəyyaf Zamanlı və başqaları ilə tanış oldum. Onu da vurğulayım ki, elə o vaxtdan qəzetlə sıx əməkdaşlıq etdim. Şeir və məqalələrim mütəmadi olaraq "Yenilik" qəzetində dərc edildi. Xeyli vaxt həmin qəzetin ştatdankənar müxbiri kimi fəaliyyət göstərdim. Jurnalistlik həyatımda bu redaksiyanın çox böyük təsiri oldu. O günləri və qəzetin baş redaktoru Zimistan Həsənov, əməkdaşlardan Məhəmməd Nərimanoğlu, Amil Novruzov, Qəhrəman Nağıyev, Qənifə Səmədova və digərlərini hər zaman ehtiramla xatırlayıram. Dünyasını dəyişənlərə rəhmət, qalanlara can sağlığı diləyirəm. -Şairlər ruh insanlarıdır və məncə, onları digər adamlardan fərqləndirən budur. Sizcə, şair olan insan hansı xüsusiyyətlərə malik olmalıdır? - Şairliyin xüsusi məktəbi olmadığı üçün şair olan kəslərin də hansısa fərqli xüsusiyyətlərə malik olması mütləq deyil. Şairlik ruhi xəstəlik deyil ki, onu hər an, hər dəqiqə canında, üstündə gəzdirəsən. Və yaxud da şairin başında palıd ağacı bitmir ki, onu başqalarından fərqləndirsin. Məncə də yaradıcı adamlar müəyyən məqamlarda digərlərindən seçilirlər: ilhamı, təbi gələndə. Yaratmağa köklənəndə. Bu bütün yaradıcı adamlara- rəssama, bəstəkara, aktyora, eləcə də şairə aiddir. - Namiq bəy, şairliyə, ümumiyyətlə, bədii yaradıcılığa qazanc mənbəyi kimi baxmaq olarmı? Bu yolla ailə saxlamaq fikrinə münasibətiniz? Şairlik bir peşə, sənət kimi qəbul olunmalıdırmı? - Ümumiyyətlə, bütün dövrlərdə dəyərli sözün, gözəl rəsm əsərinin, yaxşı musiqinin bazarı kasad olub. Yəni, qəlp məhsul daha yaxşı və baha qiymətə alınıb-satılıb. Bu gün bayağı mahnılara, söz yığını olan şeirlərə daha çox qulaq asılır və oxunur. Əsl sənət və yaradıcılıq bütün hallarda kölgədə qalır. Bizim cəmiyyətdə yaradıcı adamlar ailə saxlaya bilmir, əksinə, ailə onlara kömək edir. Şairliyin peşə, sənət kimi qəbul olunması işinə isə mən baxmıram, başım çıxmır. Bu deputatların işidir. -Sizcə, "Yaradıcı insanlara dövlət qayğısı" dedikdə, kimlərə hansı formada yardım nəzərdə tutulmalıdır? -Elə indiki kimi. İlk növbədə "çömçə tutan" qohum - əqrəbasına, dost-tanışına, sinif və qrup yoldaşına pay çəkməlidi. Həmçinin, həmişə ön cərgədə yeri olan məddahlar, yaltaqlar və satqınlar yeməlidi. Sonra isə 3-5 yaradıcı adam nəzərə alınmalıdı. Daha nələr olur, bilmirəm… - Məlum olduğu kimi jurnalistlər dövlət tərəfindən evlə təmin olunur. Şairlər üçün belə bir xidmət olarsa, sizcə, bu insanların hansı xüsusiyyətləri nəzərə alınmalıdır? -Mənə elə gəlir ki, yuxarıda müəyyən qədər bu sualın cavabını vermişəm. Yəqin ki, burda da tanışlar, qohumlar, katibə və sürücülər 1-ci kateqoriyaya aid olacaqlar. Artıq qalanlar isə zəngnən-zadnan öz sahibini tapacaq. -Köhnə şeirlərin adını dəyişərək yeni kitab kimi nəşr etdirənlərə necə baxırsınız? - Bunun özü də yaradıcılıq işidi. Adam var ki, şeirinə heç ad qoya bilmir. Pul onun, şeir onun. Özü bilər. Mən də hərdən şeirlərimin adını təzələyirəm… - Plan, xüsusi tapşırıq və məqsədlə yazan şairlərə münasibətiniz? - Bu artıq yaradıcılıq yox, dolanışıq işidi. Bacaranlara həsəd aparıram. Daş qaldırmır, hasar hörmür, göy-göyərti satmır, sözlə oynayıb pul qazanır. Yaxşı baxıram. -Heç şeirlırinizdın inciyən olubmu? Əgər olubsa, onların könlünü necə alırsınız? - Çox olub. Ancaq iki nəfər ciddi inciyib. Özümə haqq qazandırmaq üçün demirəm, ikisində də günah qarşı tərəfdə olub. Bir gün eşitdim ki, bizim qonşu kənddən bir cızma-qaraçı orda - burda ağzını yan qoyub danışır ki, mən Dəlidağlı ləqəbini götürmüşəm, o niyə Dəlidağlı gedir.
Gülməli və dayaz düşüncənin məhsuludu bu fikir. Çünki Dəlidağ nə onun, nə də mənim dədəmin deyil. İkincisi isə, Dəlidağ ləqəbi ilə hələ Kəlbəcərdəykən mən dərc olunurdum. O vaxta kimi elə bir tanınan imza olmamışdı ki, o adla məndən əvvəl dərc olunsun, Şamil Əsgərov istisna olmaqla. O da Dəlidağlı yox, Dəlidağ kimi çap olunmağa başladı. Sayıqladığı üçün həmin adama bir həcv yazdım və eşitdim ki, bərk inciyib. Onu da deyim ki, bizim kəndimiz Dəlidağın ətəyində yerləşən sonuncu kənddi. Deməli, o dağın adını daşımağa mənim haqqım daha çoxdu. Kəlbəcərin işğalından sonra dəlidağlılar çoxalıb. Hətta, bu ləqəbi daşıyan aşığımız da var. Tənqidi şeir yazdığıma görə şair dostlarımdan biri də məndən bərk incidi. Elə böyük vəzifə daşımasa da, yazı-pozu adamlarının əksəriyyətinin işi düşən müdir-şairə bir çox qələm əhli gözəl şeirlər həsr edib. Və demək olar ki, bu hardasa bir ənənə halını alıb. Bir gün bu ənənəni mən pozdum. Ounun “bığının altından” keçmək üçün yox, vaxta-vədəyə həddən artıq səhlənkar yanaşdığını qabardan, üzə vuran bir şeir yazdım. Çox incidi. Üstündən 5-6 il keçsə də, hələ də həmin şeirin misralarını dostumuz həzm edə bilmir. -Namiq bəy, təbiniz qanadlananda Kəlbəcər sərhədlərini keçə bilirmi? Şair ruhu ilə vətənin dialoqu hansı simə köklənir? -Mənə nə var ki, özüm də, təbim də azaddı. Ancaq əli-qolu bağlı olan yurd yerlərimizə mənim azadlığımın nə faydası?Bir oğul olaraq Kəlbəcərin yanında elə böyük və bağışlanılmaz suçum var ki, onun mənim nə təbimə, nə də mənnən dialoqa ehtiyacı yoxdu. -Yeri gəlmişkən, bu gün-sentyabrın 29-da növbəti doğum gününüzü qeyd edəcəksiniz. Kövrək, bir az da həzin payız günündə gəlmisiniz dünyaya. Bu hal şeirlərinizə də sirayət edirmi? - Nədənsə payız mənim yaddaşımda ayrılıqlar fəsli kimi qalıb. Bu aylar çox kövrək oluram. Şübhəsiz ki, bu kövrəklik yaradıcılığıma da təsir edib. -Gənc, yeni "pöhrələyən” şairlərə, ümumiyyətlə, Azərbaycan insanına arzunuz ,sözünüz nədir? -Qarabağın tezliklə azad olunmasını diləyirəm insanlarımıza. Sözüm də odur ki, gəlin gedək Qarabağa! Əziz oxucular, beləcə, bir şair dostumuzla səmimi söhbətimizə son verdik.
Düşündüyümüz suallara cavab aldıq. Ancaq məni təsirləndirən Namiq Dəlidağlının çağırışı oldu. Həqiqətən, "GƏLİN QARABAĞA GEDƏK!"
Həmsöhbət oldu Nailə Mirzəyeva, filologiya üzrə fəlsəfə doktoru
____________________________
Kalbajar.com olaraq,Namiq müəllimi doğum günü münasibətilə təbrik edir,yaradıcılıq fəaliyyətində uğurlar arzu edirik !
תגובות