O, 1924-cü il iyunun 15-də gözəlliklər diyarı Kəlbəcərin Laçın kəndində doğulub. Hümmət Məhəmməd oğlu Həsənovun doğulduğu Laçın kəndi, həqiqətən, dağlar qoynunda göylərə pərvaz edən laçına bənzəyir. 1931-ci ildə Laçın kənd ibtidai məktəbinin birinci sinfinə gedən Hümmət Məhəmməd oğlu dördüncü sinifdən sonra təhsilini Zülfüqarlı kəndində davam etdirib, 1938-ci ildə orta məktəbi bitirərək Gəncə şəhəri Klara Setkin adına Pedaqoji İnstitutun qiyabi şöbəsinə daxil olub. 1942-ci ildə institutu bitirən gənc mütəxəssis doğma kəndlərində müəllim kimi fəaliyyətə başlayıb. Təşkilatçılıq bacarığı nəzərə alınaraq, sonralar həmin məktəbin direktoru kimi fəaliyyət göstərib.
1951-ci ilin mart ayında Azərbaycan KP MK-nın qərarına əsasən Kəlbəcər rayonunun dörd kolxozu – “Qızıl əsgər” (Almalıq kəndi), “Bəsti Bağırova” (Ağ qaya kəndi), “8 Mart” (Laçın kəndi) “Dmitriyev” (Mərcimək kəndi) ləğv edilərək bir təsərrüfatda – “Dmitriyev” kolxozu adı altında birləşdirilir və Hümmət Həsənov düz beş il həmin kolxoza rəhbərlik edir. O illərdə kəndlərin elektrikləşdirilməsi, yeni yolların salınması, məktəb, mağaza, mədəniyyət evlərinin tikintisi Hümmət müəllimin adı ilə bağlıdır. Tulxun çayı üzərində körpü salınmasını da əlavə etmək lazımdır. 1955-ci ildən 1988-ci ilə kimi doğma kəndlərində müəllim və direktor işləyən Hümmət müəllim 1988-ci ildən təqaüddədir.
Onun təsərrüfata rəhbərliyi, müəllim kimi şərəfli əməyi dövlət tərəfindən layqincə qiymətləndirilmiş, Hümmət Həsənov “Arxa cəbhədə qulluğa görə”, “Stalin” və “Lenin” yubiley medalları, fəxri fərmanlar və mükafatlarla təltif edilmişdir.
1993-cü ilin aprel ayından – Kəlbəcərin ermənilər tərəfindən işğalından sonra Bakıya köçən Hümmət Məhəmməd oğlu Həsənov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 1 oktyabr 2012-ci il tarixli sərəncamı ilə “Əməkdar müəllim” fəxri adına layiq görülmüşdür. Əməyinə verilən bu yüksək qiymətə görə ölkə başçısına dərin təşəkkürünü bildirən Hümmət müəllim həmçinin iki dəfə Azərbaycan müəllimlərinin qurultaylarına nümayəndə seçilmişdir. Eyni zamanda Hümmət müəllimin sinəsini “Qabaqcıl maarif xadimi” döş nişanı bəzəyir. Onun dərs dediyi şagirdlər indi ölkəmizdə və onun hüdudlarından kənarda müxtəlif məsul vəsifələrdə çalışırlar. Bir vaxt Hümmət müəllimin şagirdi olması ilə fəxr edən neçə-neçə elmlər doktoru, professor, general, ədəbiyyat və elm xadimi 92 yaşa çatmış müdrik el ağsaqqalını, maarif xadimini unutmur, onunla fəxr edir.
Müdrik el ağsaqqalı Hümmət Həsənovla görüşüb söhbətləşməyimizin özü, əslində, bugünkü gənclik üçün bir örnək, məktəbdir. Hümmət müəllim dağ vüqarı, nikbinliyi, sabaha inamı ilə hər bir kəlbəcərliyə nümunədir. Onun söz-söhbəti, düşünürəm ki, oxucularımız üçün də maraqlıdır:
– Hümmət əmi, hər kəs Sizi el ağsaqqalı, ağır günlərin sınaqlarından çıxmış dəyanətli, mərd, sözübütöv bir kişi kimi tanıyır. El-obanın verdiyi qiymət illərin sınağından keçmiş qiymətdir. O, var-dövlətlə, malla, pulla ölçülməz. Bu mənada az qala bir əsrə yaxın şərəfli ömür yaşamış insan kimi çox varlısınız, elə deyilmi?
– Çox sağ ol, qızım, sualının yükü ağırdır. Lap aranı dağa, dağı arana aparıb-gətirdin. Mən gözümü dağların qoynunda açmışam. Dövlətim məhəbbət, varım səxavət olub. Yəni doğulduğum evdə, eldə-obada hamı bir-birinə hörmət, məhəbbət bəsləyib. Son tikəsini bir-biriylə bölüşüb. O boyda çətinliklərin içində mən insanları əyilən, sınan, aciz qalan görməmişəm. İnsanlar, elə bil, təbiətdən yaxşılıq öyrəniblər. Bir də ki, bu qoca, müdrik dağlar insanlara çox şey öyrədib. Doğmaya qucaq açmağı, düşmənə qarşı səngər olmağı, gecə-gündüz çalışmağı, arı kimi pətəyinə bal, qarışqa kimi yuvasına dən daşımağı öyrədib. Mən ata-babamdan, el-obamdan, bu ulu dağlardan aldığım ən gözəl insani keyfiyyətləri insanlara qaytarmışam.
Bilirsiniz, ən böyük, ən müdrik müəllim bu ana təbiətdir. Onun sınağından çıxıb, imtahanından kəsilməyən adam həyatda hər şeyə qadirdir.
– Hümmət əmi, deyirlər, Laçın kəndinə yolu da Sizin təşəbbüsünüzlə çəkiblər. Söhrab Tahir gözəl deyir:
Qızıl taxıl dənəsidi yaxşılıq,
Ver özgəyə, dönəsidi yaxşılıq.
– Bilirsən, qızım, Laçın kəndində gördüyüm işləri el-obamın, insanların rahatlığı üçün eləmişəm. Yoldu, körpüdü, binadı, ağacdı – bunlar nişanədi, yadigardı. Yoldan, körpüdən insanlar keçib gedir, bu xeyirxahlığı edənə rəhmət oxuyurlar. Binalarda yaşayanlar rahatlığa görə həmişə o binanı tikdirəni xoş anlarla yad edirlər. Ağacın kölgəsində dincələnlər o ağacı əkənin ruhuna dua oxuyurlar. Görürsünüzmü xeyirxahlıq, yaxşılıq nə gözəl şeydir! İnsan özü belə hiss etmədən yolla, binayla, ağacla heykəlləşir, xatirələrdə yaşayır.
– Hümmət əmi, Sizi həm təbiət aşiqi, həm də mahir ovçu kimi tanyırlar. Sizə elə gəlmirmi ki, bunlar bir-biriylə uyuşmur?!
– Mən təbiətin, gözəlliyin aşiqi, “ovçu”su olmuşam. Kəlbəcərin gözəlliyi qarşısında əsir olmamaq mümkünmü? Ova isə çox vaxt təbiəti elə seyr etmək, dincəlmək üçün çıxmışam. Amma bir dəfə kənddə sevimli şagirdim olmuş Qubad İbrahim oğlunun sözünü yerə salmamışam. Qubad çox mərd, ağır təbiətli, el-obasına bağlı bir oğlan idi. Köçüb rayonda yaşayırdılar. Nə sözüm olsaydı, yerə salmazdı. Bir gün kəndə gəlib dedi ki, Hümmət müəllim, qadan alım, ağsaqqalım, müəllimimsiniz, utanıram da deməyə. Siz mahir ovçusunuz, mənə ovlanmış bir cüyür lazımdı. Soruşdum ki, cüyürü neyləyirsən? Dedi ki, avtokalonun müdirinə verəcəyəm. Söz verib ki, cüyür vurub gətirsən, səni avtobus sürücüsü kimi işə götürəcəyəm.
Qubadı, əmioğlum Qəzənfəri, Comərd kəndindən Xanları da götürüb ova getdik. Çovdarşahkərəm kəndində qəşəng bir cüyür vurdum, dərisini soyub verdim Qubada, o da sevincək aparıb verdi avtokalonun müdirinə, ondan sonra avtobusu götürüb verdi Qubada işlətməyə.
– Rəhmətlik Mənzər nənəylə uzun bir ömür yaşamısınız, çox ləyaqətli, tərbiyəli, nümunəvi övladlar böyütmüsünüz. Gənclik illərinizi necə xatırlayırsınız?
– Mənzər qonşu Bağlıpəyə kəndindən idi. Özümün bəyənib sevib-seçdiyim qız idi. Evləndik, gözəl ömür sürdük. 2002-ci ildə haqq dünyasına qovuşdu. Son dərəcə mehriban, fədakar, qeyrətli, övladları, ailəsi üçün həyatını verən bir qadın idi. Mən həmişə işdə-gücdə olmuşam. Uşaqların tərbiyəsi ilə o məşğul olub. Mən bu gün övladlarıma, nəvələrimə, nəticələrimə fərəhlə baxanda gözlərim dolur. Uşaqların hamısının üzərində Mənzərin əzab-əziyyəti çox olub. Bir sözlə, əsl ana idı. Böyük həriflərlə yazılacaq Azərbaycan ANASI!
–Övladlarınızdan, onların cəmiyyətdə tutduğu mövqedən bir ata kimi razısınızmı?
– Ata övladları ilə ucadır. Mənim üçün övlad vətəndir. Eldar hüquq elmləri doktoru, professordur, təcrübəli diplomatdır. Azərbaycanın Serbiyadakı fövqəladə və səlahiyyətli səfiri, II dərəcəli dövlət ədliyyə müşaviridir. Şahin texnika elmləri doktoru, professordur. Ələkbər hüquq üzrə fəlsəfə doktorudur, o biri övladlarım da hamısı təhsilli, ağıllı, kamallıdırlar. Amma mənim Vətən adlı bir balam da var. Yaşımın bu ixtiyar çağında işğal altında olan o balanın – yurdumun, elimin-obamın həsrətini çəkirəm. Mənimlə birlikdə balalarım o həsrəti, o zilləti yaşayır. Qəribədir, öz yurdunun içində, elə bil, qəribsən, yurdunda, doğulduğun yerdə ölmək, torpağa qovuşmaq istəyirsən. Vətən insanın ilham qaynağı, güc aldığı bir məkandır. Bu müqəddəs vətəndə yaşayıb-yaratmağı, öləndə torpağına qarışmağı kim arzulamır ki?!
Vətən hissinin məndə nə qədər güclü olduğunu övladlarım da yaxşı bilir. Mən onların hər birinə hərəkətimlə, yerişimlə, duruşumla vətən dərsi keçmişəm. Mən həm də müəlliməm axı. Müəllim övladı olmaq, müəllim çörəyi yemək də bilirsiniz Azərbaycanda, Kəlbəcərdə nə deməkdir. Bir ata kimi övladlarımla fəxr edirəm. Ən başlıcası, onlardakı vətən sevgisinə görə qürur hissi keçirirəm. 8 övladım – beş oğlum, üç qızım, 25 nəvəm, 26 nəticəm böyük bir nəslin zəncirbəndidir. Düşünürəm ki, sonra gələn nəslin davamçıları bu zənciri qırılmağa qoymayacaq.
– Bəs Kəlbəcər dərdini necə daşıyırsınız?
–Daşımıram, ay qızım, ölüb-dirilirəm. Böyük Məmməd Arazın yaxşı bir şeiri var:
Tanrım məni məndən qopar,
Qoş məni dağ küləyinə.
Dağların bəyaz qarından
Rəng alan ağ küləyinə.
Öz nəğməsi daşın, qumun..
Nəyim qalır, nə də umum...
Söykənim doğma yurdumun
Xəfif, yumşaq küləyinə.
– Mən “Kəlbəcərin saz qalası” kitabımda Eldar müəllimlə müsahibəmdə yazmışdım ki, doğulduğum yurd yeri üçün ruhum alışanda, bağrım yananda, gözlərim dolanda əfsanələrdən gələn qaranquş fədakarlığı yadıma düşür. İsti yerlərə uçub getmiş qaranquş yazağzı köhnə yurda dönəndə yuva qurduğu evin alovlar içində yandığını görüb, özünü dəryaya çırpır, dimdiyində su gətirib yanan evi – ocağı, yuvasını xilas etmək istəyir. Mən həmişə hər bir vətən övladında bax o qaranquş fədakarlığını görmək istəyirəm.
– Çox ibrətamiz misaldı... Vətən heç vaxt insandan aldığının haqq-hesabını çəkməz. O bizim həm də anamızdır. Ana baladan nə umar? Bizim hər birimiz əlimizdən nə kömək gəlirsə etməliyik.
– Hümmət əmi, 92 yaşa gəlib çatmağın özü də hünərdi. Sizi kəlbəcərlilər adından bu şərəfli ad gününüz münasibətilə təbrik edirəm və 100 yaşınızın tamamında da Sizi təbrik etmək istərdim. Allahdan bir təmənnam, bir istəyim də var: nəslinizin adını, millətimizin şərəfini uca tutan övladlarınızın başı qoy vətən qarşısında həmişə uca olsun!
Allah bizə Kəlbəcərimizdə görüşməyi qismət etsin! Bundan böyük səadət görmürəm.
Allah Hümmət müəllimə rəhmət etsin !!!
Cəmilə Çiçəyin (İsbəndiyarova)
AMEA Folklor İnstitutunun doktorantı,
AJB və AYB-nin üzvü, Prezident təqaüdçüsü
15 iyun 2016
Σχόλια