Mənim muzeyim də, mətbuatım da,
Elin ürəyidir, el də bəsimdi!
“Xalq Şairi” rəsmi adı olan şairdən söz getmir bu yazıda. Elə indi, bu yazının lap ilk sətirlərindəcə “xalq şairi” ifadəsinin Azərbaycanda kifayət qədər çoxmənalı olduğunu vurğulamaq zərurəti duyuram. Belə şairlərin bəzən bu xalqa gerçəkdən dəxli olmur, məsələn o xalq o adda şairin varlığından belə xəbərsiz qala bilir. 70 illik sovet dönəmində bu ada layiq görülənlərin böyük bir qismini təxminən “partiya şairi”, ya da ona yaxın bir mənada qəbul etsək məsələyə daha dəqiq yanaşmışıq.
Onlar Azərbaycan xalqının şairləridir, burda mübahisə-filan mənasız şeydi. Amma burda “xalq şairi” ifadəsi milli mənsubiyyətinə görə bu xalqa aid olan mənasındadı-ancaq bu qədər!
Mənə görə xalq şairi ən azı bu xalqın gözəl tanıdığı, özündən bildiyi, özünə doğma saydığı, həmişə bu xalqla olan, onun hisslərinin, duyğularının ifadəçisi olan və bu xalqa heç vaxt xəyanət etməyən sənətkardı... Mənə görə Azərbaycanda ən böyük xalq şairlərindən biri yeddidən yetmişə hər kəsin azı bir neçə bəndini əzbər bildiyi “Azərbaycan” şeri yazarı Səməd Vurğundu. Daha bir böyük xalq şairi çoxsaylı uşaq şerləri ilə gözümüzü açandan həyatımıza daxil olan Abdulla Şaiqdi, “Vətən” şeri müəllifi Abbas Səhhət, “Hophopnamə” yazarı M.Ə.Sabir də o böyük xalq şairləri siyahısına başçılıq edənlərdəndi... Xoşbəxtlikdən Azərbaycanda bu siyahıya daxil olan şairlər çoxluq təşkil edir. Sücaət həmin bu siyahıya daxil olan həqiqi xalq şairlərindəndir...
Yaxşı yaman bilən gündən,
Elin səsi səsim olub.
Biri haqsız döyüləndə,
Qəlbim əsim-əsim olub.
...Dodaqlardan atılan ox,
Sücaətə dəyibdi çox,
Dağlardakı duman, çən yox,
Mənim tüstüm, hisim olub!
Qohumları, onu yaxından tanıyanlar qaçqınlıq illərində şerlərini kitab halında nəşr etdirdikləri zaman Sücaət deyərmiş ki: ”Niyə zəhmət çəkirsiniz? Bu şerləri camaat əzbər bilir-bu mənə ən böyük mükafatdı. Kitab çap etməklə, qəzetdə şer çap etdirməklə adam şair olmaz!”
Mən onu necə tanıdım?
Dodaqlardan atılan ox,
Sücaətə dəyibdi çox.
Dağlardakı duman-çən yox,
Mənim tüstüm hisim olub
Dodaqlardan atılan ox,
Sücaətə dəyibdi çox.
Dağlardakı duman-çən yox,
Mənim tüstüm hisim olub.
Yaradıcılığa sovet dövründə başlasa da Sovet dövründə, demək olar ki, şerləri çap olunmayıb. Özü ehtiyac hiss etməyib şerlərini çap etdirməyə. Tanıyanlardan eşitdiyimə görə qadağan olunub bəzi şerləri.
Şair imzasıyla çap olmaq üçün,
Zəhərə bal deyib yeyəsən gərək.
Əyrini dünyaya düz tanıtdırıb,
Düzün dişlərinə döyəsən gərək.
Şair kimi məşhurlaşması Azərbaycan torpaqlarının itirildiyi dövrə və ondan sonraya aiddir. 1993-cü ildə Kəlbəcər işğal olunduğu zaman evini-eşiyini itirən şairin əlyazmaları da əsir düşdü. Sonralar çap olunan şerlər yalnız sücaətsevərlərin yaddaşında qalan, əzbər bildikləri şerlərdi, şairin zəngin irsinin cüzi bir hissəsidir. Qəribə taledir... Hər şairə şeri insanların yaddaşlarına həkk olunmaq nəsib olmur. Sücaət elə şairdi ki bir dəfə eşidən unutmur, misralar özü həkk olur insanın yaddaşına.
...Bir gün torpaqlarımız uğrunda şiddətli döyüşlər getdiyi zamanlarda Qarabağda kiçik qardaşım Sənanın maşınında yol gedirdik, kimsə şer deyirdi.
Bəlalı başımın qalma-qalıyla,
Hər yerdə, hamıdan seçilmişəm mən.
Zəhərdən açıdır bəxtim, taleyim,
Pis günün boyuna biçilmişəm mən.
Bütün həqiqi şairlər kimi şeri son dərəcə gözəl oxuyurdu müəllif, yaşayaraq oxuyurdu. Kədər, ağrı dolu misraları dinlədikdən sonra “Kimin şeridi bu?- dedim...”Sücaətindi”-“Tanımırsan?”-dedi.
Bir az günahkar kimi: “yox!”-dedim. Sənan: “Qarabağda az toy olar ki orda Sücayət şerlərini əzbər deməsinlər”-deyərək əlavə etdi.
Sücaət şer deyirdi maqnitofonda:
Sınmayaydı qanadlarım,
Quş, yerinə mən olaydım!
Uçardım düz Dəlidağa
Kaş, yerinə mən olaydım!
Həyat yalan, ömür talan,
Dərdə düşsün dərdə salan.
O dağlarda məğrur qalan
Daş, yerinə mən olaydım!
Sücaəti unutma sən,
Həsrətindi məni didən,
Yanağından axıb gedən
Yaş yerinə mən olaydım!
O vaxt mənim də iki qardaşım Qarabağ uğrunda döyüşlərdə iştirak edirdi. Sücaətin torpaq həsrəti, yurd harayı, dağlar hayqırtısı onları da güclü təsirləndirmişdi... Və onun ilk şerini öz ifasında mən belə eşitdim. O şeri və Sücaət adını bir də heç unutmadım. Unudula bilən şair deyil Sücaət... Bircə şerini eşitmək kifayətdi ki, insanın həyatına ömürlük daxil olsun. Bircə şeri kifayətdi ki, ömürlük sənin doğmana, əzizinə çevrilsin. Sonralar çox şerlərini müğənnilərin, hətta Güney Azərbaycan aşıqlarının ifasında eşitdim. “İstedad sərhəd tanımır” deyirlər. Onunla şəxsən tanışlıq nəsib olmadı mənə. O zaman harda yaşadığını belə bilmirdim. Öncə audio kasetlərini tapdım, sonra internetdə haqqında bilgi almağa, şerlərini tapmağa çalışdım. Haqqında az məlumat tapa bildim o zaman. Nəhayət, illər sonra Bakıda çap olunmuş “Sən ağlama, mən ağlaram”, “Dəlidağın dəliləri”, “Sücaəti unutma sən” kitabları keçdi əlimə. Bu kitablardakı şerlər Sücaət irsinin kiçik bir qismini əhatə edir. Bu yaxınlarda fəaliyyətə başlayan, bir Sücaət heyranı tərəfindən yaradılan “Sücaəti unutma sən” adı facebook səhifəsi də Sücaətsevərlərə əvəzsiz töhfədi.
Sücaət haqqında ən gözəl söz, ən gözəl təqdimat onun misralarıdı, dillər əzbəri şerləridi. Nə desən- o şerlər gücdə olmayacaq, nə qədər çalışsan-Sücaət deyəni deyə bilməyəcəksən. O şerləri oxumaq, mümkünsə Sücaətin öz ifasında dinləmək gərək... İstər sevgi mövzusunda, istər ictimai mövzularda yazdığı şerlər axıcılığı, təbiiliyi ilə seçilir...
Güldüm gülüşümü qəm qucaqladı,
Ağladım, gözümün yaşı da yandı...
Yaxud
Mən ölənə yaşın qalmaz,
Sən ağlama, mən ağlaram...
Yaxud
Talanan talanıb, qalan ömrümü
Ömrünün üstünə yazın anamın!
Belə misraların sayı-hesabı yoxdu Sücaət poeziyasında...
Ömür yoluna bir nəzər
El arasında sadəcə olaraq “Sücaət”, bəzən də “Sücaət Dəlidağlı”, “Sücaət Kəlbəcərli” adları ilə məşhur olan Sücaət Yunus oğlu Əhmədov Azərbaycan Respublikasının Kəlbəcər rayonunda 1943-cü ildə anadan olmuşdur. Hələ uşaq yaşlarında şer yazmağa başlamış, Kəlbəcərin məşhur İstisu kurortunda rəhbər vəzifələrdə çalışmışdır. Şairlik Sücaətə irsən keçən bir keyfiyyət idi. Əmisinin, bir sıra qohumlarının da gözəl şerləri məlumdu. Sücaətin şerləri əsasən dildən-dilə yayılmış, dillər əzbəri olmuşdur. El şənliklərində öz ifasında şerləri kasetlərə yazılmış, bu yolla Sücaətsevərlər arasında yayılmışdır. Sücaət iki dəfə qanunsuz həbs edilmiş, qısa ömrünün 8 ilini zindanlarda keçirmişdi. Bir təkrarsız şair ömründən namərdlər əlilə qoparılan 8 il!
Taladılar, alovlara çatdılar,
Gözüm kimi saxladığım illəri!
Xoşbəxtlikdən bulaq kimi durulub,
Tərtər kimi çağladığım illəri!
Onun haqq tərəfdarı olması, haqsızlığa dözə bilməməyi, gücsüzü müdafiə etməsi hər iki həbsinin əsas nədəni olmuşdu. Kəlbəcərin işğalından sonra şair Gəncədə məskunlaşmış, 2002-ci ildə orada vəfat etmişdir.
Kəlbəcər harayı-torpaq yanğısı
Ömrünün son illərini Kəlbəcərsiz, qaçqın-köçkün kimi yaşadı Sücaət-əgər buna yaşamaq deyilirsə... Əzab-ağrı içində yanıb qovrula-qovrula, inləyə-inləyə, Kəlbəcərə ağı deyib ağlaya-ağlaya yaşadı. Yaşaya bilmədi-öldü Kəlbəcər həsrətindən-dağlar dərdindən:
Yanmışamsa külüm hanı,...
Obam hanı, elim hanı?!
Qardaş, belə zülüm hanı?!
Sən ağlama, mən aglayım.
Obam hanı elim hanı?
Qardaş, belə zülüm hanı?
Sən ağlama, mən ağlayım..
Yaxud,
Obam hanı, elim hanı?!
Qardaş, belə zülüm hanı?!
Sən ağlama, mən aglayım.
Gözümü açanda Murovu gördüm,
Kəlbəcər yadıma düşdü bu səhər.
Ürəyimdən nələr keçdi, ay Allah!!
Ayrılıq bağrımı deşdi bu səhər.
ya da,
Bu odlu, alovlu ömür yolumun,
Bir ilin bir günə keçirəm daha.
Arxamca döşünə döyməsin ölüm,
Dünyadan könüllü köçürəm daha.
Sücaətəm, oldum qərib, xəstə mən,
Köçürəm dünyadan asta-asta mən,
Həsrət qaldım qohuma mən, dosta mən,
Qəza yollarımı bağladı, neynim
Bir Kəlbəcər vardı bu dünyada-cənnət guşəsi—bizim idi- bu gün bizim deyil. Yağı tapdağında, gözləri yol çəkən bir Kəlbəcər var dünyada! Kəlbəcəri, torpaqlarımızı itirəndən sonra itirə-itirə yaşamağa da öyrəşdik...Bir Kəlbəcərli Sücaət vardı bu dünyada-təpədən dırnağa səmimiyyət, təpədən dırnağa ağrı, təpədən dırnağa hicran, həsrət dolu şerlər müəllifi! Kəlbəcərə ağı deyən, onu oxşayan, əzizləyən, onun dərdindən ölən bir şair vardı-məclislər yaraşığı, dillər əzbəri, el şairi, xalq şairi Sücayət!
Şerin duzu, dadıdır o
Ruhumuza qidadır o...
Ustadlar ustadıdır o
Unutmayaq Sücaəti…
Şerlərindən örnəklər
Daha
Bu odlu, alovlu ömür yolumun,
Bir ilin bir günə keçirəm daha.
Arxamca döşünə döyməsin ölüm,
Dünyadan könüllü köçürəm daha.
Hər şeyin mətahın bilmək yaxşıdır,
Düşmən qabağında gülmək yaxşıdır.
Belə yaşamaqdan ölmək yaxşıdır,
Ağılla ölçürəm-biçirəm daha.
Doğru danışanın kəsilir dili,
Məğrur dayananın qırılır beli.
Bu alçaq dünyanın fitnəsin, felin
Baş barmağım kimi seçirəm daha.
Kitablar bir yalan yuxudur, yuxu,
Həyatı həyatın özündən oxu.
Saxta yaşamağı neynirəm axı
Bunların adından qaçıram daha.
Sücaətəm, doğranmışam bıçaqsız,
A xoş günlər, niyə məndən qaçaqsız?
O qədər yanmışam odsuz, ocaqsız,
Suyu da üfürüb içirəm daha.
Bilməz
O yar ürəyimi dağlayan kimi,
Fələk də çalışsa, dağlaya bilməz.
Həsrət ürəyimdə çağlayan kimi,
Sellər də, sular da çağlaya bilməz.
Həsrətim "hə" desə, dağları dələr,
Göz yaşım kükrəyər, sel olub gələr.
Hamı mənim kimi sevinə bilər,
Heç kəs mənim kimi ağlaya bilməz....
Nur saçmır yoluma çırağı yarın,
Üzüb Sücaəti fərağı yarın,
Təki, təki gəlsin sorağı yarın,
Ölümdə yolumu bağlaya bilməz.
Nur saçmır yoluma çırağı yarın,
Üzüb Sücaəti fərağı yarın,
Təki, təki gəlsin sorağı yarın,
Ölümdə yolumu bağlaya bilməz.
Məni
Ağlım təzə-təzə kəsirdi hələ
Sən vara, dövlətə satanda məni.
Məhəbbət yandırıb kül eləmişdi
On səkkiz yaşıma çatanda məni.
Saçımda dolanan dən idin onda
Gözümdə dumandın, çən idin onda
Özündən xəbərsiz sən idin onda...
Axtaran da məni, atan da məni.
Yollarım od olub, ayağım yalın
Əlində qalmışam dərdin, məlalın
Əridib şam kimi şirin xəyalın
Soyuq zindanlarda yatanda məni.
Onun məhəbbəti dilində idi
Həqiqət gözümün selindəidi
Əlin o alçağın əlində idi
Həsrətin odlara satanda məni.
Birimiz ağlarıq, birmiz də şən
Dağdan ağır dərddi Sücaət çəkən
Həmişə yadıma sən düşəcəksən
Hər ürək ağrısı tutanda məni.
Ana
Deyib dönə-dönə ərlər, ərənlər,
Bədbəxtlik hər şeydən uludur, ana.
Tale verən dərdi necə çəkməyim?!..
İnsan yaman günün quludur, ana.
Çəkdiyin ağrılar bəsdi bolhabol,
Yoruldun, az ağla, az nigaran ol.
Mənim yana- yana keçdiyim bu yol,
Məğrur kişilərin yoludur, ana...
Məhbus Sücayətəm, bimar misalam,
Qorxuram yorulub yollarda qalam,
Demə zindanlarda təkcədi balam,
Bura biçarəynən doludu, Ana! Aybəniz Kəngərli Almaniya, Köln, 23.12.2013 DİGƏR ŞAİRLƏRİMİZ BURADAN BAX .....
Comments