Bu gün Azərbaycanın görkəmli şairi, publisist, bənzərsiz söz sahibi Məmməd Aslanın anım günüdür. Bugün şairin ölümündən üç il keçir. Məmməd Aslan 2015-ci il sentyabrın 23-də vəfat edib.
Məmməd Aslan 1939-cu il dekabrın 24-də Kəlbəcər rayonunun Laçın kəndində ziyalı ailəsində anadan olub. Klassik ədəbiyyata dərin bələd olan atasının gözəl şeir demək təbi olsa da, onları çap etdirməyib. Lakin bunlar kiçik yaşlı oğlunda şeirə-sənətə tükənməz həvəs oyatdıb. Kəlbəcər qəsəbəsində orta məktəbi bitirdikdən sonra Azərbaycan Pedaqoji İnstitunun Filologiya fakültəsində təhsil alıb (1957-1962).
Əmək fəaliyyətinə Kəlbəcər rayonundakı Yanşaq, İstisu kənd məktəblərində müəllim kimi başlayıb. O, Kəlbəcər qəsəbəsində bir müddət müəllimlik etdikdən sonra rayonda nəşr olunan çoxtirajlı "Yenilik" qəzeti redaksiyasında məsul katib işləyib. 1970-ci ilin axırlarında Bakıya köçüb, burada "Ulduz", "Azərbaycan təbiəti" jurnallarında, "Azərbaycan gəncləri", "Ədabiyyat və incəsənət" qəzeti redaksiyalarında çalışıb, "Yazıçı" nəşriyyatında böyük redaktor olub. Bədii yaradıcılığa 1960-cı ildə "Azərbaycan müəllimi" qəzetində çıxan ilk şeirilə başlayıb. Dövri mətbuatda müntəzəm çıxış edib. Keçmiş SSRİ xalqları ədəbiyyatından tərcümələrə xüsusi qayğı ilə yanaşıb. Zülfiyyənin "Torpağa səcdə", qazax şairi Qədir Murzalıyevin "Bu bağda bülbüllər ötər" (1980) şeirlər məcmuələrini şərikli tərcümə edib. Bir sıra beynəlxalq və respublika mükafatları laureatı olub. "Şöhrət" ordeni ilə təltif edilib (2000). Saysız-hesabsız şeirlərin müəllifi olan Məmməd Aslan 2015-ci il sentyabrın 23-də vəfat edib.
Comments