Vətən qaladır. Əzəmətli, vüqarlı qala. Qalanı ucalıq mərtəbəsində tutan, ruhunun ucalığı bilən, sal qaya kimi düşmənin qarşısını kəsən oğullardır. Biri-birinə arxa-dayaq olan bu qayaların ürəkləri Vətən sevgisiylə, Vətən eşqiylə döyünür. Onlar Vətənimizin işıqlı sabahları, aydın səmaları üçün döyüşür, Vətən üçün can əsirgəmir, şəhadətləriylə ölümü ucaldıb ölümsüzlüyə, əbədiyyətə qovuşurlar. Səməd Vurğunun "Ölüm var ki, həyat qədər dəyərli" - misrası nə qədər yaşarıdı. Şəhidliyin, qəhrəmanlığın məkanı, zamanı olmur. Şəhidlər xalqın kimliyini, mənliyini qoruyub işıqlı sabahımıza boylanan azadlıq pöhrələri, yüksəlişə, ucalığa can atan könül dünyamızdır. Heç kimə bənzəmədən öz ömrünü ömürlərə - Vətənə bağışlayan oğullardı qəhrəmanlar. İşıqlı duyğularla, niyyətlərlə yaşayan böyük əməl sahibləri seçdikləri yolda sona qədər əzmlə, yorulmadan, usanmadan maneələri heçliyə çevirərək irəliləyirlər. O yolun sonunun işıqlı sabahlara qovuşacağına əmin olduqlarından simalarındakı nurlu təbəssüm də, gözlərinin dərinliyindəki məna da "Öncə Vətəndir!" deyir. Qəhrəmanların niyyəti, məqsədi, dönməz iradələri xalqının, millətinin mənafeyinə xidmət edir. Vətən sevgisinin bənzərsiz tərcümanları olanları ruhumuzla hiss edirik. Müqəddəs zirvəyə ucalanların ürəklərinin dərinliyində Vətən dərdlərinin hüznlü həsrəti olmasaydı, onlar böyük sevgi yolunun yolçularına çevrilə bilərdilərmi?! Xalqımızın şanlı tarixi çoxlu sayda qəhrəmanlıq səhifələri ilə zəngindir. Şərait qəhrəmanlar yaradır, qəhrəmanlar isə tarix. Vətən sevgisiylə bizlərin qüruru, vüqarı, fəxri, ölməzliyi, örnəyi olan Mübariz İbrahimov kimi. Heç kəs anadan qəhrəman doğulmur. Onu yaşadığı zaman, ətrafında cərəyan edən hadisələr, malik olduğu xarakter, ən başlıcası, xalqın ruhunun can ortağı olan ruhu yetişdirir. Mübariz Qarabağ müharibəsi ilə həmyaşıd idi. Ağlı kəsəndən, dili söz tutandan evdə, məktəbdə, televiziya verilişlərində erməni vəhşilikləri barədə çox görüb eşitmişdi. 4 yaşındaydı Xocalı faciəsi baş verəndə. Məktəbdə Xocalı faciəsindən inşa yazanda, tədbirlərdə iştirak edəndə, televiziyada erməni vəhşiliklərini əks etdirən süjetlərə baxanda onunla həmyaşıd olan uşaqlara, qadınlara, ağsaqqallara, ağbirçəklərə yalnız azərbaycanlı olduğuna görə erməni cəlladlarının işgəncələr verərək öldürdüklərini görəndə, tərtəmiz ürəyinə göstərəcəyi qəhrəmanlığın ilk sətirləri yazılırdı. Mübariz ona qoyulan adı doğrultdu. Adının möhtəşəmliyini, Vətənin, torpağın yaddaşına yazılan əbədiyaşarları zamanın küləkləri, tufanları silə bilməyəcək. Mübariz üçün Vətən hər şeydən üstün, hər şeydən qiymətli, hər şeydən uca idi. Hər dəfə sevgidən söz düşəndə deyərdi ki, mənim vurğunu olduğum Vətəndir! Vətən torpağı düşmən tapdağındadır, nəfəsiniz işğalı sona yetirməlidir. Hərənin öz yolu var deyirdi. “Mən yolumu seçmişəm. Düşməndən ürəyimcə qisas almasam, elə bilərəm ki, Allahım da, valideynlərim də məni bağışlamaz. Vətənin azadlığı üçün qurban lazımdırsa, biri mən...” Şəhidlik yenilməzlik əlamətidir. Mübariz işğal altında olan Vətən torpaqlarımızın, boynu bükük dağlarımızın, məlul baxışlı meşələrimizin, dili kilidlənmiş bulaqlarımızın həsrətini çəkirdi. Dözə bilmirdi bunlara. Sözünün əvvəli də, axırı da Vətən idi. Vətəni qorumağı, şəhid olmağı bir övlad kimi şərəf borcu sayırdı. ...Mübariz baharı çox sevərmiş. Yazda gülə-çiçəyə tamaşa etməkdən doymazmış. İyirmi iki bahar yaşadı. Şəhidlik zirvəsinə qovuşanda da ömrünün bahar çağıydı. İllər ötəcək, Mübariz bu yaşda ömrünün baharında qalacaq... Onu tanıyanların söhbətinə sakitcə qulaq asmaq olmur. Bu söhbətlər insanın varlığında qeyri-adi hisslər, ürəyində kövrək duyğular oyadır. İyirmi iki yaşlı qəhrəmanın ruhu qarşısında istər-istəməz baş əyirsən. Vətən uğrunda canından keçənlər ölmür. Şəhidlər əbədiyaşardır. Onlar Vətən uğrunda vuruşdular, Vətən naminə canlarından keçməyi bacardılar. Torpağı vətənləşdirən onlardır. Türk şairi Mithat Cemal Kuntay bunu necə dolğun ifadə edib: Bayraqları bayraq yapan üstündəki qandır, Torpaq, uğrunda ölən varsa, Vətəndir! ...Yüksəklikdə bir postumuz var. Bu postda Mübarizin də ayaq izləri qalıb yəqin. Buradakı daşa, torpağa onun da nəfəsi hopub. Bu post Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun adını daşıyır. Cəsur əsgərlərimiz qəhrəmanın adını daşıyan bu posta göndərilməyi haqlı olaraq etimad kimi qəbul edir, Mübarizin şərəfli adına layiq olmağa çalışırlar. Cəsurluq, igidlik, mərdlik nümayiş etdirən Mübariz İbrahimov Azərbaycan əsgərinin qəhrəmanlıq rəmzidir.
Azərbaycan Ordusu (mod.gov.az)
Comments