Misirov Zakir Həsən oğlu, 1935-ci ildə Kəlbəcər rayonunun Zallar kəndində, ziyalı ailəsində anadan olmuşdur.
Misirov Zakirin uşaqlıq illəri ağır zamanlara təsadüf edir. Böyük Vətən Müharibəsinin ağırlığı, acılı günləri idi. Kəndin demək olar ki, bütün başı papaqlıları müharibəyə getmişdi. Çoxları ağır döyüşlərdən qayıtmadı. Kənddə sağlam, hərbiyə yararlı bir kişi vardı, o da Zakirin atası Həsən Misir oğlu idi (ona hamı Misir oğlu deyirdi). Həsən kişi kolxoz sədri olduğu üçün ona “bron” deyilən (Müharibəyə aparılmaması üçün icazə vəsiqəsi idi) vəsiqə verilmişdi. Belə vəsiqələri Sovet hökuməti o şəxslərə verirdi ki, həmin şəxs arxa cəbhədə dövlət tərəfindən əvəzolunmas sayılırdı.
Z.H.Misirov 1941-ci ildə doğma kəndi olan Zallarda kənd ibtidai məktəbin birinci sinfinə daxil olmuşdur. Məktəbin direktoru (o vaxt müdir adlanırdı) Qələm Cəfərova idi. Savadlı, özü və xasiyyəti gözəl olan, qayğıkeşliyi ilə fərqlənən Qələm müəlliməni, indi də xoş xatirələrlə yad edən Zakir müəllim onu unutmur.
Z.H.Misirov Zallar ibtidai məktəbini bitirdikdən sonra, Yanşaq kənd orta məktəbinə daxil olub və həmin məktəbi 1951-ci ildə bitirmişdir. Elə həmin il, o, Kənd Təsərrüfatı İnstitutunun Baytarlıq fakültəsinə qəbul olunmuşdur. 1967-ci ildə institutu fərqlənmə diplomu ilə qurtarmışdır. İşləmək və rayona daha çox xeyir vermək arzusu ilə təyinatını doğma Kəlbəcərə almışdır.
Z.H.Misirov 10 il Kəlbəcər rayonunun kənd təsərrüfatı sahələrində müxtəlif vəzifələrdə işləmişdir. O, sahə müdiri, rayonlararası baytarlıq laboratoriyasının direktoru və s. vəzifələrdə işləyərkən, özünü ən təcrübəli və işgüzar mütəxəssis kimi göstərmişdir. İşlədiyi müddətdə öz elmi biliklərini daha da artırmaq fikri onu rahat buraxmamışdır. Bunun nəticəsi idi ki, 1966-ci ildə Azərbaycan Elmi Tədqiqat Baytarlıq İnstitutunun elmi işlər üzrə direktor müavini, Baytarlıq elmləri doktoru, professor İslam Fərzəliyevin rəhbərliyi ilə “Davarların kontiqioz ektiması” mövzusunda dissertasiya müdafiə edən Z.H.Misirova “Baytarlıq elmləri namizədi” alimlik dərəcəsi verildi.
Dissertasiya müdafiəsi Azərbaycan ETBİ-in Elmi Şurasında keçirilmişdi və vaxtından əvvəl SSRİ Ali Attestasiya Komissiyası tərəfindən bəyənilib, təsdiq edilmişdir. Onun dissertasiyasına çoxlu yüksək elmi təşkilatlar və ayrı-ayrı alimlər rəy vermişdilər. Onlardan Moskva Baytarlıq Elmlər Akademiyası, Ümumittifaq Baytarlıq Preparatlarına Elmi Nəzarət İnstitutu və Ümumittifaq Virosologiya İnstitutunu xüsusilə göstərmək olar.
Z.H.Misirov 1969-cu ildən 1979-cu ilə qədər 10 il müddətində baş elmi işçi vəzifəsində çalışmışdır. Bu müddət ərzində o, Moskva, Lelinqrad və Vladimir şəhərlərində, İstanbulda keçirilmiş Ümumittifaq və Beynəlxalq Elmi Konfranslarda məruzə ilə çıxış etmişdir. Elə həmin müddətdə Misirov 27 elmi əsər yazıb çap etdirmişdir. O, 1979-1993 cü illərdə Azərbaycan Quş Sənaye İdarəsində şöbə rəisi, Quşçuluq fabrikinin direktoru vəzufəsində çalışmış və özünü respublikada tanınmış bir mütəxəssis alim kimi göstərmişdir.
Z.H.Misirovun dörd övladı var. Böyük oğlu İstək inşaat mühəndisi, qızı Ləyaqət həkim-nevropotoloq, Həsən inşaatçı, kiçik oğlu Vüqar isə politoloqdur. Həsən və İstək Qarabağ Müharibəsi döyüşçüsü olmuş, 4 il demək olar ki, bütün müharibə bölgələrində döyüşmüşdülər. Dörd dəfə ağır yara almış Həsən II qrup müharibə əlilidir.
Comments