Sıra-sıra düzülən maşın karvanının ucunu-bucağını görmək mümkün deyil. Hər kəs Murovun o biri üzünə keçməyə tələsir. Yük maşınında qalaq-qalaq insanlar intizarla ora-bura boylanır, yolun nə zaman açılacağını gözləyir. Acı, dəhşət, qorxu bir-birinə qarışaraq insanlığın ən kədərli mənzərəsini cızıb onların üzündə. Ucu şiş, sıldırım qayalarda daha qartallar qıy vurmur. Göyün üzünü qara bulud kimi örtmüş leş qarğalarının qarıltısı insan ah-naləsinə qarışıb. Bu il nədənsə bahar da gecikirdi. Əvvəlki illərdə baharın gəlişinə hələ bir müddət qalsa da, kol altından boylanardı bənövşələr. Bu boynubükük, utancaq güllərdən dəstə tutardı cavan oğlanlar öz sevdiklərinə... - Ana, yemək ver... - Nə verim, ay bala? Heç nə yoxdur axı yeməyə. Bir az döz... - Yemək istəyirəm... Aclıqdan qıvrılan qarnımı qucaqlayaraq, zülüm-zülüm ağlayırdım. Əslində bu gün məktəbə geyinməli olduğum ağ kolqotkanın dizləri ağzımın-gözümün suyundan tamamilə islanmışdı. Birdən yanımızdakı bir xalanın dediyi sözlər məni o qədər sevindirdi ki, tez ağlamağımı kəsib, əlimi irəli uzatdım. O, əlindəki boğçanı aramla açıb içərisindən Novruz bayramında bişirdiyi quzu fiqurunu çıxardı, başını kəsərək mənə uzatdı. - Al ye... Niyə ağlayırsan ki, yekə qızsan... Tez mənə uzadılan şirniyyatdan iri bir tikə qopardım və çeynəyib udmağa hazırlaşırdım ki, gözlərim quzunun gözlərinə sataşdı. Bu mixək gözlər mənə o qədər şeylər xatırladırdı ki, ağzımdakı tikəni elə hey çeynəyir, çeynəyir, uda bilmirdim... ***
Xıdır Nəbi idi. Xıdır Nəbi bizdə fevral ayında keçirilirdi. Bu, çərşənbələrin, Novruzun gəlişinə hazırlıq idi. Hər həftənin dördüncü günü kosa gəzdirilirdi. Kəndin cavan oğlanları bir evə yığışır, kosaya dəridən hazırlanan xüsusi papaq, tərs çevrilmiş dəri gödəkcə geyindirilir, əlinə taxtadan qılınc verilirdi. Axsam şər qarışanda kosa digər cavanların müşayiəti ilə ev-ev gəzib, məşhur “A kosa, kosa, gəlsənə...” mahnısını oxuyur, payını yığırdı. Ona un, yağ, şəkər tozu, bəzən də pul verirdilər. Bütün evləri gəzib qurtardıqdan sonra əldə olunan ərzaqdan halva çalınır, bütün kəndə paylanırdı. Pul isə kosa gəzdirənlər arasında bölünürdü. Hələ çox balaca idim və kosadan çox qorxurdum. Səsi gələndə qaçıb girdim çarpayının altına. Nə illah elədilərsə, Kosa gedənə qədər ordan çıxmadım. Anam isti çörək bişirib, soyuması üçün süfrənin üzərinə düzmüşdü... Hələ də o gün bişən çörəyin ətri burnumdan getməyib. *** Yanvar ayından etibarən yuxudan duran kimi uşaqların ilk işi toyuq hininə baş çəkmək idi. Çox yumurtaya ehtiyacımız var idi. O qədər çox ki, həm anamıza şirniyyat bişirmək üçün yetməli, həm onları al-əlvan boyamalı, ən əsası da döyüşdürməli idik. Yumurta döyüşdürmə işinə adətən qardaşlarım baxırdı. Yumurtalardan birini seçir, onu duzlu suda o qədər qaynadırdılar ki, daş kimi olurdu. Nəticədə qalib də mütləq onlar olurdu. Yadıma düşmüşkən, balaca qardaşım heratı növündən olan bir xoruz saxlayırdı. Biz cürət edib böyüklər olmadan həmin xoruzun həndəvərinə yaxın dura bilmirdik. Axırıncı çərşənbədə xoruzları döyüşdürürdülər. Acı bibərdən yeyib, qəzəbini çıxarmağa yer axtaran xoruzlar bir-birinin pipiyini al-qana boyayırdı. ***
Fevral ayının axırıncı həftəsi səməni qoyardıq. Mütləq mən də bir nəlbəki götürürdüm və öz səmənimi özüm qoyurdum. Hər gün gedib-gəlir bu balaca nəlbəkidəki səməniyə o qədər su verir, əlimlə buğdaları o tərəf - bu tərəfə çevirirdim ki, axırda səməni adına bir iki cücərti çıxırdı. Amma həmin bir iki, tel səməni də mənə bəs edirdi fəxrlə deyim ki, bu, mənim səmənimdir. *** Bütün gün gözləyirdik ki, şər nə vaxt qarışacaq, tonqal qalayaq. (Biz buna küləş qalamaq deyirdik). Bir neçə gün malların qabağından yığdığımız saman, ot qalığını toplayaraq, səbirsizliklə axşamı gözləyirdik. Ən çox da məftilin ucuna bir topa əski dolayaraq hazırladığımız lopaları alışdırmaq üçün ürəyimiz gedirdi. Nəhayət, o an yetişirdi və biz tonqalı qalayırdıq. Lopalar göyün üzünə işıq saçırdı. Bir də görürdün, lopadan sıçrayan qığılcımlar hansısa ot tayasına düşdü. Beləcə, səhərə qədər böyük bir tonqal yanırdı və bu əlbəttə, daha çox biz uşaqları sevindirirdi. Əmim gedib gizlətdiyi tapançasını gətirirdi və bir neçə dəfə göyə atəş açırdı. Eynilə də kəndin bir neçə cavanları. Bu da bir adət idi və mənasının nə olduğunu dəqiq bilmirəm. Özüm tonqalın üstündən sərbəst tullanmağa qorxduğum üçün atam məni qucağına alaraq tonqalın üstündə o yana, bu yana üç dəfə fırladırdı. “Ağırlığım, uğurluğum, tökül-tökül burda qal”. Hoppp... *** Bir də gördüm nənəm məni səsləyir, ay bala, get gör əmin evdədir? Gəlsin bu kömbəni kəssin, atan evdə yoxdur. Hər bayram nənəm quyruq yağı, qoz, süd, undan kömbə bişirərdi. Bir yekə sacın içini yuyur, xəmiri ora yayırdı. Daha sonra başqa bir sacın da içini yuyub onun ağzına qapaq kimi qoyurdu. Sacın altını və üstünü tamamilə közlə örtürdü və nəticədə qıpqırmızı ləzzətli kömbə hazır olurdu. Amma adətə görə mütləq həmin kömbənin ilkini ailəli kişi kəsməli idi. Daha sonra kömbə səliqə ilə doğranır və bütün qonşulara da pay verilirdi. Amma nənəm rəhmətə getdiyi üçün indi də bilmirəm ki, niyə həmin kömbəni məhz kişi kəsməli idi. Təbii ki, nənəm sağ olan dövrdə də mən çox kiçik idim və bu cür halları təbii qəbul edərək sual verməyi belə, ağlıma gətirmirdim. *** Bir neçə qonşu yığışaraq, şəkərbura, paxlava, ümumiyyətlə, bayram şirniyyatını bir yerdə bişirirdi. Bu, həm şirniyyatların bişirilməsini asanlaşdırır, həm də qız-gəlinin deyib-gülmək üçün bir yerə yığışmasına bəhanə olurdu. Səhərə qədər yatmır, şirniyyat bişirirdilər. Biz uşaqlar da yuxu güc gələnə qədər bu prosesdə iştirak edirdik. Gah şəkərburaya içlik qoymaq, gah da paxlavanın üzərinə fındıq qoymaq kimi kiçik tapşırıqları yerinə yetirirdik. Onu da qeyd edim ki, bir gün əvvəlcədən kəndi taqqıltı səsi başına götürürdü. Əsasən də uşaqlar bir əlində çəkic sabahkı şirniyyatları bişirmək üçün qoz, fındıq, badam qırırdı. Elə ki şirniyyatlar tamamilə bişib qurtarırdı, bərabər şəkildə onu paylara bölürdülər. Uşaqlardan birinin gözlərini bağlayırdılar, əllərini payın birinin üstünə qoyaraq soruşurdular ki, bu kimin payı, uşaq da deyirdi tutaq bu, filankəs xalanındı. Beləcə, bütün paylar ədalətli şəkildə bölünürdü. Axırda da gözü bağlanan uşağa mükafat kimi bir şəkərbura, bir paxlava verilirdi. Buna görə də bu vəzifə üstündə uşaqlar arasında o qədər dava düşürdü ki... *** İlaxır çərşənbə tonqalı yandırıldıqdan sonra bütün süfrələr bəzənirdi, xüsusilə də şirniyyatlarla, meyvələrlə. Xonçanın ortasında isə quzu fiqurlu şirniyyat olurdu. Boğazına qırmızı bağlayar, ağzına da bir tel səməni qoyardılar. Əksər hallarda bu quzuların bir qulağı yerində olmurdu. Çünki... Elə təzəcə stolun altından başımı çıxararaq əlimi quzunun qulaqlarına uzadırdım ki, kiminsə gəldiyini eşitdim. Tələsik qulaqlardan birini qoparıb ağzıma qoydum, o biri isə əlimdən süfrəyə düşdü. Stolun altına girib elə ləzzətlə yeyirdim ki, bu quzu qulağını... Qopan digər qulaq isə çox güman ki, yenidən kibrit çöpü ilə yerinə calaq ediləcəkdi... *** Qoz, fındıq, şirniyyat, konfet, meyvə dolu boşqablarda qonşulara, qohumlara çərşənbəlik payı daşıyırdıq. Boşqablarımız boş qaytarılmır, ora bizim payda olmayan şirniyyatlardan, meyvələrdən qoyularaq geri göndərilirdi. Hərəmizin də günlər əvvəldən hazırladığımız ağzıbüzməli torbalarımız olurdu. Uşaqlar dəstə-dəstə yığışaraq həmin torbaları qapılara atıb, Novruz payı yığırdılar. Elə olurdu ki, bir qapıya 3-4 dəfə torba atırdıq. Heç birində də boş qaytarılmırdıq. Eh uşaqlıq... Səhər tezdən də bütün uşaqlar durub axşam paylardan, torbalardan yerə tökülən qoz fındığı yığırdıq... *** Həyətimizdə söyüd ağacı var idi. Bayram axşamı elə hey gözləyirdik ki, onun başı nə zamansa yerə dəyəcək və bizim arzularımız həyata keçəcək. Bir də görürdük ki, yatıb qalmışıq və söyüd ağacı da çoxdan başını göyə qaldırıb. Səhər o başdan hələ dan üzü ağarmamış qızlar durub gedirdi çay başına, lal su gətirməyə. Həmçinin də balaca çınqıllar götürürdülər. O sudan evin hər küncünə, həyətə, səpər, çınqıllardan çörək təknəsinin dibinə, un kisəsinə qoyardılar ki, ev daim ruzili və bərəkətli olsun. *** Martın 21-i isə “aş bayramı” idi. Belə deyirdik. Mütləq evlərdə qaralı plov dəmlənərdi. Yanında da çöl armudu qaxından hazırlanmış şirə. Bu gün qohumlar, qonşular bir-birinin evinə gedir, mütləq o aşdan bir qaşıq da olsa dadardı. Kəndin ortasında Novruz şənliyi keçirilərdi. Mütləq kəndirbaz olardı və Azərbaycanın heç bir bölgəsində olmayan Maral oynadırdılar. Bu oyunda maral başlı və al-əlvan xalçalara bürünmüş kişi zurna sədaları altında elə gözəl rəqs edirdi ki... Sinəsinə saz basmış iki aşıq meydanda gərdiş edir, Koroğlunun “Ərzurum səfəri”ndən danışırdı... *** 1993-cü ilin mart ayı idi. Elə bil ki, bu il bahar gəlməyə tələsmirdi. Havanın qaş-qabağı heç açılmırdı. Kol dibində bənövşələr gözə dəymirdi... Artıq bir il idi ki, ermənilər Kəlbəcərin işıqlarını söndürmüşdü. Evlər ancaq neft lampaları ilə işıqlandırılırdı. Batareya ilə işləyən radiolardan istifadə edilirdi. Amma radionu açmağa qorxurduq. O dövrlər idi ki, Xocalının, Şuşanın, Laçının bir-birinin ardınca ermənilər tərəfindən tutulduğu elanını eşidirdik radiodan... Heç kimin əli qalxmırdı ki, Novruza hazırlaşsın, bayram sevinci yaşasın. Biz uşaqlar isə bütün bunlardan xəbərsiz idik. Analarımızı məcbur etmişdik ki, kənddə generatorla işləyən çörək sexində bizə şirniyyat bişirsin. Amma nə sirr idisə, bu Novruzda bişən şirniyyatların heç dadı yox idi... *** 1993-cü il aprelin 1-i. Maşın karvanının ucu-bucağı görünmürdü. Qoca, cavan, uşaq dolu bu maşın karvanı bizi o xoşbəxt günlərdən sürətlə uzaqlaşdırırdı. Elə uzaqlaşdırırdı ki, indi o bəxtəvər günlərə xatirələrin yaddaşı ilə də qayıda bilmirik, bəlkə də qayıtmağa qorxuruq. Xatirələrimizə nisgil hopub, kədər ayaq açıb. - Ay bala, bəs bayaqdan özünü öldürürdün ki, acından ölürsən. Niyə udmursan o ağzındakı tikəni? Kəsilmiş quzu başının mixək gözlərindəki kədər süzülüb içimdəki nisgilə qarışaraq, məni elə boğur ki... Ağlamaq, ürəyimi parçalayan bu ağırlıqdan qurtulmaq istəyirəm, amma ağlaya bilmirəm... *** ...Və 25 ildir, bu yorğun, qəm yükü çəkən köç bir qadının dizlərinə döyə-döyə “Atam yurdu girov qaldı, aman heyyy...” hayqırtısının altında gecə-gündüz elə hey dayanmadan bilinməyənə doğru yol gedir... Yasəmən Bağırova Manevr.az
Comments