Kəlbəcər rayon 11 saylı orta məktəbin kollektivi “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin təşkilatçılığı ilə görkəmli yazıçı, ədəbiyyatşünas alim, filologiya elmləri doktoru, professor Mir Cəlal Paşayevin anım günü münasibətilə ədibin Gəncə şəhərində yerləşən Ev Muzeyini ziyarət ediblər.
Tədbirdə bildirilib ki, “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi 2013-cü ildən İctimai Birliyin sədri Qənbər Şəmşiroğlunun rəhbərliyi ilə “Mir Cəlal irsinin təbliği” layihəsini həyata keçirir. Layihə çərçivəsində Bakı Dövlət Universitetinin tələbələri arasında Mir Cəlal Paşayevə həsr edilmiş məqalə müsabiqəsi keçirilib, ədibin Gəncə şəhərində yerləşən Ev muzeyinə BDU tələbələrinin ekskursiyası təşkil edilib, Mir Cəlal Paşayevə həsr olunmuş kitab buraxılıb. Eyni zamanda bu layihənin uzunmüddətli olacağı və layihə çərçivəsində daha böyük işlərin görüləcəyi diqqətə çatdırıb. Çıxış edənlər görkəmli ədibin ədəbi və elmi yaradıcılığından, eyni zamanda pedaqoji fəaliyyətindən bəhs ediblər. Qeyd olunub ki, Mir Cəlal Paşayev Azərbaycan estetik fikrinin formalaşmasında mühüm rol oynayıb. Onun hekayələri, romanları, eləcə də elmi əsərləri ədəbiyyat və elm tariximizdə qiymətli mənbələr kimi hər zaman əhəmiyyətini saxlayacaq.
Comments