Kəlbəcər Qarabağın ən gözəl rayonlarından biri kimi göz oxşayır. Bu rayon hərbi, siyasi cəhətdən olduqca önəmli strateji mövqedə yerləşir. Eyni zamanda Kəlbəcər həm də turistik bölgə kimi qiymətləndirilə bilər. Buranın coğrafi, tarixi zənginliyi Kəlbəcərin regionun turizm mərkəzinə çevrilməsinə imkan verir. 30 ilə yaxın işğaldan sonra azadlığa çıxan Kəlbəcərdə bərpa-quruculuq işləri tamamlandıqdan sonra rayon yenidən öz şöhrətini bərpa edəcək və nəinki yerli, həm də xarici turistlərin üz tutduğu məkanlardan biri kimi məşhurlaşacaq.
Kalbajar.com xəbər verir ki, bunu Modern.az-a danışan turizm üzrə ekspert Ceyhun Aşurov bildirib ki, Kəlbəcərin hündür dağ rayonu olması turizim baxımından önəmli faktordur.
Ekspert deyib ki, rayon öz gözəl təbiəti, əlverişli relyefi, tarixi abidələri, faydalı qazıntıları və mineral sularına görə fərqlənir:
"Heç təsadüfi deyil ki, bu rayonun turizm potensialı hələ Sovet dövründə qiymətləndirilib. Buna görə də, Kəlbəcərdə müəyyən turizm infrastrukturları inşa edilmişdi. Rayonda aşağı və yuxarı mineral su yataqları var ki, bunlar həm daxili, həm də xarici xəstəliklərin müalicəsində istifadə oluna bilir. Turizm nöqteyi-nəzərdən görülən inşaat işləri, infrastruktur layihələri, beynəlxalq hava limanının tikilməsi, təbii ki, gələcəkdə turizm potensialını üzə çıxaracaq. Biz nəzər salsaq, görərik ki, ərazidə əslində 80-ci illərdə həm sanatoriya, həm də sudoldurma zavodu inşa olunmuşdu. O dövrdə sanatoriya ildə 50 minə yaxın turisti qəbul edirdi. Sudoldurma zavodunda su qablaşdırılaraq satışa gedirdi. Bu mənada hazırda bu kimi layihəyələrə davam edilməsi, yenidən bölgəyə canlılığın gətirilməsi, turizmin canlandırılması baxımdan əhəmiyyətlidir. Gələcəkdə də bu, Azərbaycana turzim müxtəlifliyi nöqteyi-nəzərdən, sağlıq turizmi nöqteyi-nəzərdən həm yerli, həm xarici turistlərin cəlb olunması üçün yaxşı səbəblərdən olacaq”.
C.Aşurov turizm baxımından Kəlbəcərin gəlir əldə etmək imkanlarını da dəyərləndirib:
“Kəlbəcər təkcə sanatoriya, sağlıq turizmi nöqteyi-nəzərdən yox, eyni zamanda tarixi abidləri ilə, alban abidələri ilə zəngindir. Eyni zamanda, orada qayaüstü rəsmlər var ki, biz bunu müxtəlif ədəbiyyatlardan da bilirik. Bunlar hamısı turistlərdə maraq doğuracaq turizm elementləridir. Bu elementlər turistlərin istirahət edərək, xoş, maraqlı, həm də sağlıqlarını bərpa edərək, tarixə nəzər salaraq, zövq alaraq istirahət etmələrinə şərait yaradacaq.
Kəlbəcər Sovet vaxtında ildə 50 minə yaxın turist qəbul edib. Orada sudoldurma zavodu suyu qablaşdıraraq satırdı. Bundan sonrakı dövrdə sanatoriya neçə yerlikdirsə, o qədər də gəlir olacaq. Səhv etmirəmsə sanatoriya 300 yerlikdir. Gələcəkdə ərazi tam təhlükəsiz zona elan edildikdən sonra, infrastruktur tam düzəldikdən sonra əlbəttə, orada daha çox gəlir əldə edilməyə başlanacaq. İnşallah bu gəlir minlər, milyonlarla ölçüləcək".
Qeyd edək ki, uzun illər işğal altında qalan Kəlbəcərdəki yeraltı və yerüstü sərvətlərimiz illərlə erməni vandalları tərəfindən istismar olunaraq talanıb. 44 günlük müharibə nəticəsində Azərbaycan öz sərvətlərini də düşmən əsarətindən azad edərək, onları əsl sahiblərinə qaytarıb. Artıq işğal, müharibə dövrü geridə qalır. İndi bütün diqqətlər doğma Qarabağımızın yenidən qurulması işlərinə yönəlib.
Böyük Qayıdış ərəfəsində Kəlbəcərin “İstisu” sanatoriyasının tikintisinə başlanılıb. İyunun 26-da Prezident İlham Əliyev Kəlbəcər rayonunda “İstisu” sanatoriyasının təməlqoyma mərasimində iştirak edib. Prezidentin İşlər müdiri Ramin Quluzadə dövlətimizin başçısına sanatoriyada görüləcək işlərlə bağlı məlumat verib.
Bildirilib ki, 34 hektar ərazidə salınması nəzərdə tutulan “İstisu” İstirahət-Müalicə Kompleksi gündəlik 300 nəfər qəbul etmək imkanına malik olacaq. Kompleksdə sağlamlıq-bərpa mərkəzi ilə yanaşı, 10 kottecin tikilməsi də planlaşdırılır.
Bundan əlavə, diqqətə çatdırılıb ki, Kəlbəcərin İstisu kəndinin məşhur mineral suyu olan "İstisu" bulağı ətrafında 1928-ci ildə eyniadlı sanatoriya yaradılıb. İşğal dövründə yararsız hala salınan sanatoriya yeni simada tam bərpa olunacaq və əvvəlki şöhrəti qaytarılacaq.
Kəlbəcərin İstisuyu nəinki ölkəmizdə, hətta regionda dillər əzbəridir. Bu suyun faydaları saymaqla bitməz. Hətta sovetlər dövründə istisuyun istismarına xüsusi diqqət yetirilib. 1970-ci ildə SSRİ hökumətinin qərarı ilə İstisu kurortu ümumittifaq əhəmiyyətli kurortlar siyahısına daxil edilib. Burada hər il 50 min nəfər müalicə olunub və istirahət edib.
1980-ci illərdə sanatoriyanın tərkibində sudoldurma zavodu tikilib. Burada Yuxarı İstisu, Aşagı İstisu, Qoturlu və Tutğun mineral su yataqlarından gündə 800 min litrdən artıq mineral su istehsal edilirdi. 1993-cü ildə Kəlbəcər Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildikdən sonra sanatoriya tamamilə dağıdılıb. Düz 29 ildən sonra İstisu sanatoriyasının yenidən qurumasına start verilib.
Modern.az
Comments