Prezident İlham Əliyev mayın 27-də Kəlbəcər şəhərinə səfər edib. Dövlət başçısı səfər zamanı Kəlbəcərdə hərbi hospitalın açılışında iştirak edib, eləcədə bir neçə kəndin təməlini qoyub, işğaldan azad edilmiş ərazilərdə görülən işlərlə tanış olub.
Bəs Kəlbəcərə köç nə zaman başlayacaq? Hazırda bərpa işləri necə gedir?
Kalbajar.com xəbər verir ki, bu barədə Modern.az-a danışan Kəlbəcərin deputatı Aqil Məmmədov bildirib ki, Prezidentin Qarabağa səfərləri burada görülən işlərin daha sürətli və keyfiyyətli həyata keçirilməsinə müsbət təsir göstərir:
“Mayın 27-də cənab Prezident Kəlbəcərə səfər edərək, orada açılışlarda iştirak edib, əsgər və zabitlərimiz üçün yaradılan şəraitlə tanış olub. Bundan başqa, Zallar kənd yaşayış məntəqəsinin əsasını qoyub. Zallar 480-dən çox ailənin yaşayacağı böyük bir kənddir. Tezliklə vətəndaşlarımızın Kəlbəcərə köçü başlayacaq. Hər səfərin özünəməxsus əhəmiyyəti var. Cənab Prezidentin səfərləri orada görülən işlərə şəxsən nəzarət etdiyini göstərir. Layihələri həyata keçirən şirkətlər cənab Prezidentin məsələlərə birbaşa nəzarətini dərk edərək işləri daha sürətlə və yüksək keyfiyyətlə icra etməyə çalışırlar. Bu da gələcəkdə orada yaşayacaq sakinlərin rifahının yüksəldilməsinə xidmət göstərən amillərdəndir”.
Deputat onu da bildirib ki, Kəlbəcərə ilk olaraq Zallar kənd sakinləri köçürüləcək:
“Cənab Prezidentin həm daxili, həm xarici səfərləri intensiv xarakter daşıyır. Onun yorulmaz fəaliyyəti Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilir. Cənab Prezidentə çox təşəkkür edirik. Gərgin iş rejiminə baxmayaraq, bu cür məsələləri diqqətdən kənarda qoymur. Onu da diqqətə çatdırım ki, kəlbəcərlilərin ilk köçürüləcəyi ərazi Zallar kəndi olacaq. Orada tikinti işləri artıq başlayıb. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi köç prosesini həyata keçirəcək. Bu günə qədər məcburi köçkünlər üçün tikilən qəsəbələrin layihələşmə, tikinti işlərini həmin qurum həyata keçirib. Mən elə başa düşürəm ki, bu ilin sonu, yaxud gələn ilin əvvəlində Kəlbəcərə köçə başlanacaq”.
Qeyd edək ki, Prezidenti İlham Əliyev mayın 27-də Kəlbəcər rayonunun Zallar kəndinin təməlqoyma mərasimində iştirak edib. Dövlət başçısına kəndin layihəsi barədə məlumat verilib.
Bildirilib ki, Zallar kəndində ümumilikdə 487 ailənin məskunlaşması nəzərdə tutulub. Yaşayış məntəqəsinin salınması üçün 20 illik perspektiv və həmin müddətdən sonrakı inkişaf nəzərə alınmaqla 137 hektar torpaq sahəsi ayrılıb. Birinci mərhələdə kəndə 350 ailənin köçürülməsi üçün birmərtəbəli fərdi evlərin inşası planlaşdırılır. Tikiləcək 350 evin 100-ü ikiotaqlı, 167-si üçotaqlı, 57-si dördotaqlı, 26-sı isə beşotaqlı olacaq. Burada, həmçinin 360 şagird yerlik məktəb, 120 yerlik uşaq bağçası inşa ediləcək.
Zallar kəndində əhalinin məşğulluğunun və istirahətinin təmin edilməsi üçün hər cür şərait yaradılacaq, geniş abadlıq və yaşıllaşdırma işləri görüləcək. Burada evlərin və küçələrin işıqlandırılmasında “yaşıl enerji”dən istifadə olunacaq.
Comments