Azərbaycanın dilbər guşələrindən olan Kəlbəcərin işğaldan azad edilməsindən iki il ötür.
Kəlbəcər zəngin təbii sərvətlərə və əsrarəngiz gözəlliyə malik olan diyardır. Ərazisi faydalı qazıntılarla zəngindir. Rayonun gözəl təbiəti, əlverişli relyefi, saf dağ iqlimi, zəngin mineral suları, o cümlədən Yuxarı İstisu, Aşağı İstisu kimi müalicəvi təsirə malik mineral su yataqları vardır. Kəlbəcərdə eyni zamanda 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri, çöp şəkilli qədim türk əlifbası nümunələri aşkar edilib. Buradakı daş abidələr Şimali Azərbaycanda erkən dövr türkçülüyün, atəşpərəstliyin, xristianlığın, VII əsrdən isə İslamın yayıldığı dövrlərdə yaradılıb.
Kəlbəcər ərazisinin dağlıq relyefi, füsunkar təbiət mənzərələri, keyfiyyətli su ehtiyatları və tarixi abidələri buranın gələcəkdə turizm məkanı kimi şöhrət tapacağına zəmin yaradır. Rayon ərazisi nəinki yay turizminin, eləcə də qış turizminin də inkişafı üçün böyük potensiala malikdir. Rayonda infrastrukturun yaradılması, otel və digər turizm mərkəzlərinin inşa edilməsi yerli turistlərlə yanaşı, xarici ölkələrdən turistlərin buraya cəlb edilməsinə şərait yaradacaq.
Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də ermənistan ordusu tərəfindən işğal olunan zaman, 53 478 nəfər rayon sakini öz ata-baba yurdundan qovulmuşdur. BMT Təhlükəsizlik Şurasının 30 aprel 1993-cü il tarixdə qəbul etdiyi 822 nömrəli qətnaməyə görə, Kəlbəcər rayonu və digər işğal olunmuş rayonlarımız qeyd-şərtsiz azad olunmalı idi. Lakin Ermənistan həmin qətnaməni və qəbul edilmiş digər üç qətnaməni icra etməkdən imtina etdi. Qətnamələrin icra edilməsinə məsul olan beynəlxalq qurumlar isə bunu görməzdən gəldilər. Bu təcavüzün qarşısının alınması üçün heç bir səy göstərmədilər.
44 günlük Vətən müharibəsində Azərbaycan Prezidentinin diplomatik məharəti, prinsipiallığı, dəmir iradəsi və Azərbaycan Ordusunun şanlı Zəfəri Ermənistanı kapitulyasiya aktını imzalamağa və əraziləri boşaltmağa məcbur etdi. Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistanın baş nazirinin imzaladığı birgə Bəyanata əsasən 2020-ci il noyabrın 25-də Kəlbəcər rayonu Ermənistan ordusu tərəfindən boşaldıldı. Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edildi.
Lakin verilmiş 10 gün möhlət müddətində də ermənilər xislətlərinə uyğun davranaraq, Kəlbəcərdə dağıntılar törədib, 27 il işğalda saxladıqları rayonu tərk edərkən evləri, binaları, tikililəri talan edib, yandırıb, ağacları qırıb, ekoloji terrora əl atıblar.
Noyabrın 25-də Azərbaycanın işğal altında olan ən böyük rayonu – Kəlbəcərin işğaldan azad edilməsi mühüm əhəmiyyət daşıyır. Çünki Azərbaycan üçün strateji önəmə malik olan bu rayon xalqımızın qədim tarixini özündə yaşadır.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun düşmən üzərində qazandığı şanlı Qələbə nəticəsində işğaldan azad edilmiş digər ərazilərimiz kimi, Kəlbəcərə də həyat yenidən qayıdır. Demək olar ki,rayon yeni inkişaf dövrünə qədəm qoyub. Kəlbəcər şəhərinin Baş planı bölgənin təbii gözəlliyini özündə ehtiva edir. Kəlbəcər rayonunda həyata keçirilən layihələr sırasında Toğanalı-Kəlbəcər avtomobil yolunun inşası xüsusi əhəmiyyət kəsb edir. Göygöl və Kəlbəcər rayonlarını birləşdirən Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun layihə uzunluğu 80,7 kilometr təşkil edir.
2021-ci ilin avqustunda Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər rayonunda səfərdə olublar. Ali Baş Komandan Kəlbəcər şəhərində Azərbaycan bayrağını ucaldıb. Dövlət başçısı və Birinci xanım rayonda təməlqoyma mərasimlərində, bir sıra tədbirlərdə iştirak ediblər. Hazırda Kəlbəcərdə bərpa-yenidənqurma işləri aparılır, yeni infrastruktur qurulur.
Kəlbəcər rayonu alimlər, şairlər, aşıqlar diyarı kimi də məşhurdur. Elə buna görə də cənab Prezidentin göstərişinə əsasən, burada aşıq mərkəzinin inşa edilməsi də nəzərdə tutulub.
Bəli, haqq-ədalət bərpa olunub və Azərbaycanın ən gözəl rayonlarından biri, Kiçik Qafqazın xəzinələr diyarı, cənnəti olan Kəlbəcər azadlığına qovuşub. İndi bu füsunkar bölgənin inkişafı ilə bağlı strateji planlar sürətlə reallığa çevrilir, Böyük qayıdış üçün mükəmməl layihələr gerçəkləşdirilir. İndi Kəlbəcərin 77 000-dən çox əhalisi doğma yurda qayıdış gününün başlanmasını səbirsizliklə gözləyir.
Bir gün gülə-gülə qayıdacaqdır
Ağlaya-ağlaya köçən Kəlbəcər!
–deyən el şairi Sücaətin də, Məmməd Aslanın da, Bəhmən Vətənoğlunun da ruhları bu gün şaddır.
Azər Məmmədov
Abşeron RİH-nin əməkdaşı, Kəlbəcər rayon sakini
Comentários