ŞAİRİN POEZİYASINA QISA BAXIŞ.
Hələ zirvələlərə qalxmamısız, siz; Kaş ki, görəydiniz, bir səhər-səhər .. Ətrafda buludlar – dalğalı dəniz; Elə bil, qayıqdı, üzür zirvələr. Vaqif Səlimov.
Mən Vaqifi hələ Kəlbəcərdən, orta məktəb illərindən tanıyıram..Yadımda qalmayıb bəlkə hələ yoldaşlığımız da olubdur.. O zamanlar hiss etməzdim ki, bu gəncin ürəyində böyük bir poeziya eşqi yuva salıb..İllər öz qayğısıyla baş alıb getdi..Necə ki, bizim gəncliyimiz bizi ömrün yarı yolunda tərk edən kimi..
Sonra məlum Qarabağ hadisələri, yurd-yuvamızdan didərginlik və qaçqınlıq-köçkünlük qayğıları demək olar ki, çoxumuzu bir-birinə yad elədi. Qohumlarla, dostlarla yalnız xeyirdə-şərdə görüşə bilirik.. Yaxşı ki, bu vertual aləm varmış. Elə bu aləmin vasitəsi ilə az-az da olsa bəzi keçmiş dostlarla əlaqə yarada bildik.. Vaqif Səlimov işləri ilə əlaqədar Rusiya Federasiyasının Minvod şəhərində yaşayır.. Statusunda paylaşdığı şeirlərlə maraqlandım..Onun da poeziyasında yurd-yuva nisgili, vətən ağrı-acısı özünü açıq-aydın göstərirdi. Şairin şeirləri ürəyəyatımlı və klassik ənənələrə söykənmiş olduğundan özünə oxucu toplaya bilmiş və könüllərə yol tapmışdır. Tərcümeyi halından qısa arayış: Vaqif Hüseyn oğlu Səlimov 1950-ci il 15 noyabrda Kəlbəcər rayonunun Quşyuvası kəndində anadan olmuşdur. Ç. İldırım adına AzPİ-nin (indiki Texniki Universitetin) avtomobil nəqiliyyatı fakultəsini bitirib.. Hal-hazırda Rusya Federasiyasının Minvod ( Minarolnıe voda) şəhərində yaşayır. Şərab zavodunda direktor mavini vəzifəsində çalışır.. ,,BƏXTİMİ ÖZÜM YAZDIM" adl bir kitabım çap olunmuşdur.
Onun gəraylıları, qoşmaları, təcnisləri həmişə poeziya sevərlərin diqqətini özünə cəlb eləmiş və yeri gəldikcə məclislərin bəzəyinə çevrilmişdir. Bəzən özünü danlamaq da şeirlərində nəzərə çarpır:
A yları-illəri verib heç nəyə; Mən özüm etmişəm, talan ömrümü... Gəzdikcə nə gördüm, dünya -boş dəyə; Sizsiz yaşamışam olan ömrümü !.. Qurduğum yuva da qəlbimə yatmır... Deməyin qismətdi, başıma batmır.. Ha ölçüb-biçirəm bir yana çatmır, Bilmirəm neyləyim, qalan ömrümü ?!. Nə deyib Vaqifi salasız yada ? Bəs külüm hardadır, yandımsa oda? Məndən nə qalacaq, sizə dünyada; Yalan yaşamışam, yalan ömrümü .
Şeirlərindəki məna çalarları və axıcılıq şairin yadda qalmasının qarantıdır..Vaqif Səlimov yaradıcılığı da mən tərəddüd etmədən deyərdim ki, Kəlbəcər poeziyasının özünə məxsus bir şaxəsidir.. Yenə də şairin bir şeirinə birlikdə nəzər yetirək:
Ömrü ömür kimi yaşamadım ki, Mənim yaşadığım illərə heyif... Bir xəzəl yerinə -- qızıl günləri, Sovurub vermişəm yellərə heyif.
Ötən illərdən hesabat hər bir şairin poeziyasında çox vaxt gileylə səslənir..Vaqif Səlimov da özündən razı olmadığından tez-tez belə mövzulara qayıdır:
Hanı ,,can-can" deyə, məni səsləyən Məni oğul bilib, ümid bəsləyən ?.. Məni sığallayan, məni gözləyən, Bələyib böyüdən əllərə heyif .
Hansımız ana-ata itirmədi ki?..Üstəlik yurd-yuva itirməyimiz də çəkilməz bir ağrı, dözülməz və dərmanı müəmma olan bir dərd kimi bizimlə yol yoldaşıdır. Bütün bu ağrı-acılar həmişə şairin şeirlərindən oxucusuna boylanır. Şair öz yaradıcılığında həyatın amansız qanunlarını qabaqcadan metafora kimi verə bilir:
Yandım, isinmədi kimsə istimə, Kor olan çox oldu acı tüstümə... Nə vaxtsa, bir gün də mənim üstümə Yığılıb tökülən güllərə heyif . Necə aciz oldum, necə bəxtikəm ; Məndən əl üzmədi nə həsrət, nə qəm... Bilmirəm gedəndə nə qoyub gedəm, Vaqif haraylayan dillərə heyif ..
Vaqif, qardaşım, bir belə də qəmə köklənmək olmaz, elə demə..Sən də sağlığında mən deyərdim ki, zamanın süzgəcindən keçən Kəlbəcər şairlərindən birisən.. Vaqif Səlimov öz yaradıcılığına məhsuliyyətlə yanaşan, kimsənin poeziyasını təkrarlamayan bir el şairidir.
Gəlmə mehribanım, gəlmə əzizim , Gəlmə!.. Gözlərimin didəsi, gəlmə !.. Daha öyrəşmişəm sənsizliyinə, Sən ki, gedəsisən gedəsi, gəlmə !.
Nə sən sən deyilsən, nə də mən mənəm Qalmışıq xatirə dəftərimizdə... Sən necə gözəlsən. mən necə şənəm?.. Bir vərəq etibar qalmayıb bizdə!.. Gəlmə, qoy göylərdən enim yerimə, Seyrəlib həsrətin dumanı, çəni, Gəlmə !.. Görəcəksən mənim yerimə, Bir qoca yol üstə , gözləyir səni
Sevgi-məhəbbət gileyləri söyləyən bu şeirində şair öz oxucularını bir daha keçmiş günlərə qaytara bilir. Bəzən hansı bir şairinsə şeirinin sehrinə düşüb azmı nəzirə yazmışıq..Vaqifin bir gəraylısı da belə bir sehrin məhsuludur..Həqiqətən də şairin bu gəraylısı Bəhmən Vətənoğlunu gəraylısı ilə elə həmahəng səslənirdi ki, çoxu hələ də bilmir ki, bu gəraylı Vaqif Səlimovundur.Çün ki, Vaqif burada möhürbənd belə qoymayıb:
Elə baxma, toxunarsan, Yarası var ürəyimin!.. Para bölüb, aparmısan- Parası var ürəyimin. Ay eşqimin andı, ilki, Təkcə sənsən qəlbimdəki... Səndən özgə kim deyir ki, Çarəsi var ürəyimin ?!. Sənsiz könlüm heç gülməmiş Qəm-qüssəsiz keçinməmiş. Həsrətindən od düşməmiş- Harası var ürəyimin ? Gəl bir çıxaq Dəlidağa, Mən qul olum,sən bir Ağa... Gecələsək, saxlamağa Arası var ürəyimin...
Əziz oxucular əsil həqiqət budur. Vaqif Səlimov öz yaradıcılığına həmişə məsuliyyətlə yanaşmışdır.O hansı bir şairəsə sığınıb, onunla yanaşı məktublaşmalar şəkilində poeziya yaratmayıb. O özünün anadangəlmə şairlik istedadı nəticəsində poeziyasını yaratmış və yaratmağındadır. Düzdü hamı kimi onun da mənalı məktublaşmaları var.. Şair həmişə öz yaradıcılığına qiymət verib, elə şeirlər yaradır ki, zaman-zaman bu şeirləri dillər əzbəri olaraq könüllərdə yaşayacaq. Nankor adamlara azmı rast gəlmişik..baxın görün ki, belə nankorları möhtəşəm poeziyanın dili ilə necə də kəskin satira atəşinə tutub Vaqif Səlimov:
Bu gün elə bil ki, tanımır məni, Dünən adam bilib, əl verdiklərim. Üzünüzdən iraq, danır dünəni; Yalın ayağına " nal " verdiklərim . Kiminə qul oldum, kiminə ata, Dar gündə əl atdım, qoymadım bata... İnanmırdım məni qəpiyə sata, Yolunda yüzlərlə pul verdiklərim. Qanana çəkəsən, zəhmət çəkəndə, Qanmazda getməyə bircə tikən də !.. Görəsən, yolumda tikan əkəndə, Xəcalət çəkirmi gül verdiklərim?!. Kimdən dostluq umdum, qəhər gətirdi; Dedim: -Çiynimdə gəz , yəhər gətirdi... Əlində qarşıma zəhər gətirdi, Əlimlə həmişə bal verdiklərim. Vaqif, uzatmayaq çox da söhbəti, Bir yönnü dostunu görmədim qəti !.. Özünə hürmədi heç kəsin iti, Mənə mırıldadı, yal verdiklərim.
Vaqif Hüseyinoğlu Səlimovun poeziyası haqqında nə qədər desən xoş sözlər yazmaq olar..Amma hər bir deyim, hər söz qədərində olanda daha yaxşı olur. Əziz dostum, Allah bizə imkan versin ki, doğma dağlarımızdan bir-birə hay verək. Sənə yeni-yeni yaradıcılıq uğurları diləyirəm.. Yeni-yeni kitablarınla, uğurlarınla oxucularını və dostlarını sevundirəsən. İnşallah “Qələbə şeirini “ də doğma yurdlarımızdan öz səsinlə eşidərik..Allah rüsxət versin, ömür də imkan.
Kəlbəcər poeziyasına hörmətlə: şair-publisist Yusif Hüseyn. “Qızıl Qələm” mükafatı laureatı.
Comments