“ETİBAR EYLƏMƏ ZATIQIRIĞA, DESƏLƏR:-ALLAHIN YANINNAN GƏLİR”!
İQBAL ÇƏPLİ YARADICILIĞI HAQQINDA...
Kim bilmir ki, xoş ünsiyyət qalmaqaldan şirindi.. Gec də gəlsə hər həqiqət, xam xəyaldan şirindi... Qoy olsun bu dünya gözəl, yar olmasa nə fayda, Könül sevən “qara-çirkin”, gül cəmaldan şirindi..
İnsanlığın anasıtək tanımışıq qadını, Öz canından yaradır o, “bala” qoyur adını.. Qatır doğa bilmir deyə, bilməz bala dadını, Doğa bilsə o da duyar, “bala baldan şidindi..
Ürəyini dərd deşirsə, əhli-halı tap onda, Dərsi kamil istəyirsən, pürkamalı tap onda... İqbal kimi eşq əhlisən, gülcamalı tap onda, Sevənlərə yar vüsalı, hər vüsaldan şirindi... Kəlbəcər. İqbal Çəpli. İnsafən desək çox gözəl ustadnamədir. Mən hələ iyirminci əsrin yetmişinci illərindən həm bu imzanı, həm də İqbal Çəplini çox yaxşı tanıyıram. Əslində xalaoğluyuq. Elə o zamandan da gəraylıları, qoşmaları el aşıqlarının, söz sərraflarının dilinin əzbəri idi. Tərcümeyi halından qısa arayış: İsmayılov İqbal Abdan oğlu. Şair İqbal Çəpli. 12 avqust 1945 ci ildə Kəlbəcər rayonunun Çəpli kəndində anadan olmuşdur. O, 1971 ci ildə Həsənbəy Zərdabi adına Gəncə Pedaqoji İnstitunun Dil ədəbiyyat fakultəsini bitirmişdir. Uzun illər müəllim işləmişdir. O zamankı güclü ədəbi mühit və eyni zamanda Bəhmən Vətənoğlu ilə bir müddət eyni məktəbdə işləməsi onun da könlünü sözə, poeziyaya bağlamışdır. Hazırda Gəncədə yaşayır. .
İqbal müəllim ilk qələm nümunələrindən onun şeirləri dolğun və mənalı olduğu üçün geniş oxucu kütləsi qazanmışdır. Bu yazımda şairin ayrı-ayrı zaman kəsiyində yazdığı şeirlərindən söz qədri bilən oxucularıma ərməğan edəcəyəm. İqbal Çəpli də öz yaradıcılığında klassik ənənələrə söykənən bir şairdi. Şeirlərinin məna yükü həmişə dolğun olub. Fikirləri yığcam və mənalıdır. Şairin adi qoşmaları var ki, ustadnamə kimi məclislərin bəzəyinə çevrilib:
Hər papaq qoyana kişi deməzlər, Kişiyə kişilik canınnan gəlir. Qoz deyil tökülə, hər gələn yığa, Atanın- ananın qanınnan gəlir.
Məsəl var:-“Dərisi yükdü arığa”, Arıqsansa, gen gəz, girmə qoruğa. Etibar eyləmə zatıqırığa, Desələr:-“Allahın yanınnan gəlir”!
Dostluq sədaqətdən pərvəriş tapar, İqbal düz ilqardan Qalalar yapar. Borcu dinarla ver, paya pay apar, Hər şey hesabınnan, sanınnan gəlir. Nə tutarlı bir deyim:-“Etibar eləmə zatıqırığa, Desələr Allahın yanınnan gəlir”! Təhlilə ehtiyacı qalmayan bir aforizmdir. İqbal Çəpli yaradıcılığında mövzu rəngarəngdir və yaşadığımız həyatdan doğur. Şairdə zəif qafiyələrə rast gəlməzsən. O şeri zorla yazmır. Bunu sizə təqdim etdiyim digər nümunələrdə də görəcəksiniz. İqbal müəllim anadangəlmə şairdir. Yeri gəlmişkən onu da xatırladım ki, İqbal Çəpli də Şıx Vəli, yəni Molla Vəli Vidadi şəcərəsindəndir ki, şairliyi də nəsildən gəlir. Bu məqamda şairin özünə ithaf etdiyi bir qoşmasını da birlikdə nəzərdən keçirək:
Məni naşı bilmə! Naşını, xamı, Tanıya-tanıya saç ağartmışam. Kərəmsiz, səxasız namərd adamı, Qınaya-qınaya saç ağartmışam.
Dosta sağlıq olub arzu-diləyim, Açıq süfrəm olub, halal çörəyim. Xətir-hörmət üstə, xəstə ürəyim Qanaya-qanaya saç ağartmışam.
İqbal, əl kəsəni, ətək kəsəni, Yalanlar söyləyib, kələk kəsəni, And-aman eyləyib çörək kəsəni, Sınaya-sınaya saç ağartmışam.
İqbal müəllimin son illər yazdığı şeirlərində, bütün Kəlbəcərli şairlər kimi yurd-yuva nisgili, el-oba dərdi sızıldayır. O da vətən həsrətli şairlərimizdəndir. Amma mən bu yazımda onun bu mövzudakı şeirlərindən söz açmayacağam. Lakin bəzi mövzulardakı mübarək şeirlərini sizlərə ərməğan edəcəyəm.
Kəlbəcər şairlərinin hər birinin “Ana” rədifli şeirləri var. Hər biri də bir-birindən möhtəşəm..Bu mövzu bəşəri bir mövzudu ki, nə qədər yaılsa da yenə də ehtiyac hiss olunur, yenə də az hesab edirik. İqbal müəllimin Ana şerini sizlərə təqdim edirəm: Bir ana gözünü yaşlı görəndə, Özümü dünyada yox bilmişəm mən. Ananın qəlbinə dəyən hər sözü, Sinəmə sancılan ox bilmişəm mən.
Anasız bəşərmi gələr cahana, Anadı insanı gətirən cana. Müqəddəsdi ana, ülvidi ana, Onu bir Haqdan da Haqq bilmişəm mən.
Anasız görəndə dünya oynunu, Bala bənövşətək bükər boynunu. Dərddən gizlənməyə ana qoynunu, Qalın ormanlardan sıx bilmişəm mən.
Allah da eşidir ana səsini, Qovur üstümüzdən şər nəfəsini. Ananın bircə yol «can» deməsini, Bütün nemətlərdən çox bilmişəm mən.
Anam qəlbimdədi, anam gözümdə, Anam arzumdadı, anam sözümdə. İqbal, qoy yaşasın anam özümdə, Analı gözümü tox bilmişəm mən. İqbal Çəpli məhsuldar bir yaradıcıdır desəm yanılmaram. Bu çətin məcburi köçkün həyatında müəllimliyi ilə yanaşı qələmininin də məhsulunu şagirdlərinə və oxucularına çatdıra bilmişdir. O 2001 ci ildən bəri iki şeirlər kitabı və “Lənət dağı”, Murov dağının müsibəti” adlı poemaları, “Bir gəncin röyası” adlı mənzum dramı, “Salatına zülm dünya” və “Arğalı” adlı iki hissəli romanların, əlavə olaraq neçə-neçə hekayələrin müəllifidir. Onun kitabları həmişə oxucular tərəfindən hörmətlə qarşılanıb və imzası sevilir. Bu məqamda yenə də şairin bir divanisinə nəzər salmaq gözəl olardı: Mən sözümə bütöv oldum, ilqarımı gözlədim, Bir yar sevdim, bir yar seçdim, bir yarımı gözlədim. Hərcayıyla dost olmadım, sərgərdanla gəzmədim, Əyilənə əyilmədim, vüqarımı gözlədim.
Qazancıma qail oldum, tamaha yol vermədim, Yüz yol ölçdüm, bir yol biçdim, insafsız iş görmədim. Nə qohumla, nə də yadla bəhsə-bəhsə girmədim, Namusumu, qeyrətimi, öz arımı gözlədim.
Haqq deyənə “bəli” dedim, baş endirdim ürəkdən, Tor qurmadım bir kimsəyə, kənar gəzdim kələkdən. İlqarından dəm vuranı tez keçirdim ələkdən, Saxta çıxsa sədaqəti, uyarımı gözlədim.
Güllə sıxdılar gözümə, doğru yolu atmadım, Zər gözümdə zibil oldu, mənliyimi satmadım. Mişovultək miras qalan qızıl üstə yatmadım, Əllərimlə qazandığım az varımı gözlədim.
İqbal, ömrüm keçdi belə, pissə də, yaxşısa da, Pis qohum var, pis yaradı, qurbanam yaxşı yada. Buraxmadım ətəyini, dedim yetişər dada, İlahini pənah bildim, “Ol yarım”ı gözlədim. Şairin özünə məxsus məhəbbət şeirlərində də bir qədim-qaimilik, klassik ənənələrə söykənmək özünü açıq-aşikar göstərir: Gözlərin Ülkərmi, Dan ulduzumu?, Qaşını qüdrətin qələmi çəkib. Aləmə nur saçan gül camalını, Qadasın aldığım eləmi çəkib?!
Dodaqların qızılgülün ləçəyi, Yanaqların Dəlidağın çiçəyi. Yarananda göyçəklərin göyçəyi, Bəxtin, ustadını diləmi çəkib?!
Xəlq edən sənin tək gözəl xanımı, Sevgi sultanımı, könül xanımı. Gözəlliyin bir gün mənim canımı Alacağın bilə-biləmi çəkib?!
Cavansan, aldanma tərifə, küyə, Canmı almalısan gözəlsən deyə?! Durmusan İqbalın qəsdinə niyə, Şeytanlar qəlbini feləmi çəkib?! Mən belə hiss edirəm ki, şairin bu qoşmasının da heç bir təhlilə ehtiyacı qalmır. İqbal müəllimin bütün şeirlərində məna tutumu var. O şeri şeir sayı artırmaq xatirinə yazmır. Şairin daha bir sanballı qoşmasını da sizlərə təqdim edirəm, əziz oxucular: Çiçək meyvə olar yaz vədəsində, Zimistanda açıb, yetişə bilməz. Yumurta quş olar, uçar dağlara, Dağlar bircə qədəm sürüşə bilməz.
Zirvə əzəmətdi, zirvə vüqardı, Yazda da, yayda da örpəyi qardı. Buludlara həmdəm, göylərə yardı, Gedib ulduzlara yetişə bilməz.
İstərəm hər insan yetsin muraza, Bir kimsə getməsin yersiz güdaza. İnsanı tapası olanda qəza, Sandığa da girsə, sovuşa bilməz.
Ellərdə toy olsun, büsat qurulsun, Dünya gözəlləşsin, sular durulsun. Könül bir şüşədir, qoyma qırılsın, Qırılsa, qayıdıb bitişə bilməz.
Ay İqbal, cahanda qonaqdı bəşər, Heç kəsi tapmasın nə xəta, nə şər. Quşun da balası hey civildəşər, Ac olsa yuvada yatışa bilməz. Hər bir bənd tutarlı el misalı üstündə qurulub. Yaradıcılığı ilə yaxından tanış olduqca çox maraqlı məqamlara rast gəlirik. Onun təcnislərində, gəraylılarında və qoşayarpaq şeirlərində də təbli bir ürəyin çırpıntıları duyulur. Şairdən bir “Qoşayarpaq”:
A qaşı hilallı, mələk misallı, Özü gül camallı, bəri dön, bəri. Yanaqları xallı, dodağı ballı, Ağıllı, kamallı, bəri dön, bəri.
Əsil həqiqətim, sirli xəlvətim, Əhdə sədaqətim, yara hörmətim. Eşqim, məhəbbətim, taleh qismətim, A gözəl xilqətim, bəri dön, bəri.
Axtarar yarı yar, ay nazlı nigar, Qoymusan intizar, fikrində nə var? Eyləyib çar-naçar, duyub iftixar, Olmazsan bəxtiyar, bəri dön, bəri.
Vurğunam camala, yanağı lala, Qıyma əhli-hala qəm qılınc çala. Qəsd etmə İqbala, yetir vüsala, Dərdini çap-tala, bəri dön, bəri. İqbal Çəplinin yaradıcılığı haqqında da nə qədər xoş söz var demək olar. Amma mən yazıma burada sonluq vermək istəyirəm.O gün olsun ki, şairin səsini doğma yurd yerlərindən eşidək. Bu hər bir vətən həsrətlimizin arzusudur. Kəlbəcər poeziyasına hörmətlə: şair-publisist Yusif Hüseyn. “Qızıl Qələm” mükafatı laureatı. 16 yanvar 2017 ci il. Saat 10-00.
Bình luận