Bir yumur, yüz tökür gözüm, gecələr,
“Qərib Veten” adlı dərbədərim var!
Yalannan,dil-ucu qacır dodagım,
Yarsan,sinəm dolu, dərdi-sərim var!
Cabir Qurbanov.
Poeziya onda ürəklərə yol tapır ki, o elin-obanın hiss və duyğularını özündə etiva etsin..İstər sevinci olsun, istər dərdi-qəmi? Cabir Qurbanov da doğma yurd-yuva nisgilli, el-oba həsrətli bir şairimizdir. Cavan olsa da duyğularında bir qədim-qaimilik yuva salıb. Həsrət dolu şeirlərinə də elə “Həsrət nəğmələri” adını verə bilərik:
Yox isti bucagım,yox isti küncüm,
Yada əsir düşüb,yaqutum,incim.
Elə o zamandan kəmdi sevincim,
23 yaşında bir kederim var!
Bu dərdi tək Cabir Qurbanov yox, bütün məcburi köçkünlərimiz yaşayır:
Desəm zaman yetmez, dərdimi bir-bir,
Daralıb hövsələm, tükənib səbir
İlahi, əncam çək,neyləsinsin Cabir,
Axı gözü yolda, Kelbecerim var?!
Həqiqətən də belə məqamlarda yenə də Allaha ümid bəsləyirik. Yenə də Tanrıdan ümid gözləyirik.
Neçə illərdi bir tədqiqatçı kimi Kəlbəcər poeziyasının keçmişi və bu günü ilə maraqlanıram. Rəhmət Ulularımıza, böyük bir mənəvi xəzinə qoyub gediblər. Zaman-zaman belə Ulularımızın mübarək kəlamları ilə könül dünyamıza bir rahatlıq gətirmişik. Çəkinmədən demək olar ki, Kəlbəcər ədəbi mühiti Ağdabanlı Şair Qurbanla başlamışdır. Hələ o dövrdə “Qurban bulağı” adlı şeir məclisləri keçirilərmiş ki, burada da Aşıq Ələsgər, Növrəs İman, Bimar Əli və o dövrün tanınmış söz adamları iştirak edərmiş. Bizlərə və gələcək nəsillərə böyük bir məktəb qoyub getmiş ulularımızdan çox ibrətli kəlamlar qalıb. Ağdabanlı Şair Qurban:
..”Bir nadan söz anlayınca,
Yüz qanan əldən gedər”..
Dədə Şəmşir:
Cənnət bağı demək olmaz hər açılan güllərə,
Namərdlərə bel bağlayıb, uyma yağlı dillərə.
Leyli deyib aşıq olma hərcayi gözəllərə,
Təzə aşna axtarınca, köhnə yar əldən gedər...
Bimar Əli:
“Ah” deyərsiz, “vay” deyərsiz bir zaman,
Keçən günlər daha düşməz birdə ələ.
Səd, heyif əlindən, aman, cavanlıq,
Buraxmaram yaxan keçsə birdə ələ...
Bax bütünlüklə belə ibrətamiz sözlər bəlkə də çoxumuza gələcək ömür yolumuzda təkan oldu. “Gəncliyində elə yol tut ki, qocalığında heyifsilənməyəsən”...Allah sizə qəni-qəni rəhmət eləsin. Yatdığınız dərgah nura boyansın, Ulularımız.
İyirminci əsrin ortalarında Kəlbəcər ədəbi mühitinin ikinci mərhələsi başladı desəm daha düzgün olardı..Ayrım Əhməd, Bəhmən Vətənoğlu, Məmməd Aslan, Ənvər Rza, Sücaət, Aşıq Allahverdi Qəmkeş, Qara müəllim, Əli Qurban Dastançı, Şamil Dəlidağ kimi dəyərli söz sahibləri bu mühiti daha da genişləndirdilər. Və deyərdim ki, rəngarəng, yaddaşlarda qalan bu örnək poeziya məktəbini daha da mükəmməl etdilər.
Hazırda çağdaş Kəlbəcər poeziyasında öz sözünü sanballı deyən, və bu ənənələri layiqincə davam elətdirən şairlərimiz qədərincədir. Ad çəkmək istəmirən. Çün ki, indinin özündə qədərincə gözəl şairlərimiz Ulu Sözün keşiyində mübarək şeirləri ilə layiqincə dururlar..Bunlar isə nə beş nəfərdi, nə on nəfər. Mənim tədqiqatımda yüzdən yuxarı Kəlbəcər şairlərinin imzası tanınır və oxucuları tərəfindən sevilir.
Bu gün isə sizi bu ənənənin davamçılarından olan gənc bir şairlə və onun yaradıcılığı ilə tanış edəcəyəm. Bu Dədə Şəmşir ocağından pərvəzlanan, gözəl şair Ovçu Ələsgərin oğlu Cabir Qurbanovdu.
İndiki vertual aləmin, elektron dünyanın böyük üstünlüklərindən biri də budur ki, istənilən yaradıcı adam öz aləmində bir səhifə açır və ürək sözlərini, hiss və duyğularını və şeirlərini paylaşa bilirlər. Bir neçə gün bundan qabaq Feysbuk səhifəsində bir şeir oxudum. Şeir xoşuma gəldi. Status cavan bir kəlbəcərli gəncin idi. Şerin möhürbəndində Cabir imzası qoyulmuşdu. Yadıma ilk gələn şair dostum, mərhum Cabir Umud oldu. Gəncdən xahiş etdim ki, şerin müəllifini tam aydınlığ ilə yazsın. O cavab verdi ki, mən oğlumun statusundan yazıram və sənin həm qohumun, həm də dostun Cabir Ələsgər oğlu Qurbanovdur. Çox sevindim, şerə görə təbrik də etdim..Dedi ki, bəs bir kitabım da nəşr olunub. Bir gün sonra kitabını da mənə hədiyyə göndərdi. Kitabın adı belədir: “Kəlbəcərtək elim var”. 175 səhifə..qalın ciliddə. “Elm və təhsil” nəşriyyatında çap olunub. Məsləhətçi: elimizin-obamızın gözəl ziyalı ağsaqqalı Qənbər Şəmşiroğlu. Redaktoru: Fizuli Ramazanoğlu.. Təbriklər, əziz dost.
Cabir Ələsgər oğlu Qurbanov.
Tərcümeyi halından qısa arayış:
1974 cü il, mart ayının 5 də Kəlbəcər rayonunun Ağdaban kəndində ziyalı ailəsində anadan olub.1996 ildə Memarlıq və İnşaat mühəndisləri Universitetini bitirib. Hazırda ixtisası üzrə mühəndis işləyir. Leyla və Toğrul adlı iki övladı var. Dədə Şəmşirin nəvəsidir.
Şairin kitabını oxuyandan sonra qərara gəldim ki, belə mənalı və gözəl şeirləri öz oxucularımla da bölüşəm..
Cabiin şeirlərində soy-kökünə bağlılıq özünü daha çox göstərir. Bu onun divanilərində, ustadnamələrində, hətta qoşma və gəraylılarında da açıq-aşikar hiss olunur:.
Yaxşı ara, səlis düşün hər mənanı sözdə gəz...
Yoxuşa cıx, dərəyə yen, dolayı gəl, düzdə gəz...
Günah edib dərin gəzmə, səvab eylə üzdə, gəz…
Yalan demə, səhv danışma, qoy olmasın dil gödək.
Gözəl ustadnamədir. Bu məqamda bir nüansı da deməyi özümə borc bilirəm. Hər bir bənd şairin şəxsiyyət vəsiqəsidir..Zamanı gələndə həmin bənd şairi xoşbəxt də edə bilər, hörmətsiz də edə bilər. Bunu hər bir yaradıcı insan yaddaşında saxlamalıdır.
Cabir Qurbanovun şeirlərinin əksəriyyətində klassik ənənələrə bağlılıq var:
İstərəm bir şirin təranə olam,
Dinəm bal ləhcəli dodaqlarda mən.
Qoşulam kükrəyən dag caylarına,
Durulam süzülən bulaqlarda mən.
Yanan səhralarda sərin meh olam,
Yaşıl çəmənlərdə billur şeh olam,
Kədərli üzlərdə xoş fərəh olam,
Açılam gül kimi yanaqlarda mən.
Gözəl arzulardı..O şair xoşbəxtdir ki, şeirləri ürəklərə yol tapır, özünə oxucu kütləsi qazana bilir. Mən əminəm ki, belə də olacaq..İnşallah:
Bar olam bəhrərsiz baxca-baglara,
Od sacam səngiyən od-ocaqlara.
Qartal tek hay salam dogma daglara,
Qalmayam Vetenden uzaqlarda mən.
Amin, şair..İnşallah biz yenidən doğma dağlarımıza qayıdacağıq..Ulu ocaqlarımızı bir daha yandıracağıq. Bu sənin kimi hər bir yurd-yuva həsrətlimizin arzusudur:
Soyuq ürəklərdə yanar köz olam,
Zülmət gecələrə bir gündüz olam.
Cabirəm, istərəm elə söz olam,
Solmayam saralan varaqlarda, mən.
Amin..İnşallah yazdıqların hamısı könüllərdə özünə yer tutacaq..Cabir, qardaşım. Bunu sənin mükəmməl yaradıcılığın özü deyir.
Təbii ki, yurd-yuva itirən hər bir şairin yaradıcılığının bəzi anlarında el-oba dərdi, doğma dağların həsrəti, nisgili boylanacaq. Cabirin də şeirlərində bu nüansı tez-tez görürük:
Nə vaxtdı yuxuma gəlmir Kəlbəcər,
Yəqin intizardan o da yoruldu.
Durulmur bulaqlar, kükrəmir Tərtər,
Dəryalar incidi, su da yoruldu.
Könüllər sevinib gülmür ürəkdən,
Çələnglər toxunmur güldən, çiçəkdən.
“Darıxma, qayıdıb gəlləm” deməkdən,
Dillər qabar oldu, ya da yoruldu.
Mələşmir quzular göy yaylarqlarda,
Mamur bağlayıbdı buz bulaqlar da.
Namərdlər yurd salır doğma dağlarda,
Kəsildi səs-səmir, səda yoruldu...
Cabir, sən çalış ki, mənalı danış,
Küsməsin sözündən nə dost, nə tanış.
Hə haqsız bir iş gör, nə hədyan danış,
Demə ömür getdi bada, yoruldu.
Şairin bir şerində olan məna bütün bəndlərdə eyni fikrə söykənməlidir..Bəli, bu nüans Cabir yaradıcılığında əsas sayılır. Amma açığını deyim ki, tanınmış şairlər görmüşəm ki, üç bənd şerinin hər bəndi başqa mənadan söz açır..Nəinki belə...hətta tanınmış şair var ki, üç bəndlik şerini dostları tez-tez paylaşır..amma bəndlər arasındakı rədif qafiyələri yoxdu..Özüm ad çəkmək istəmirəm.
PS. Dostumuz Hacı Abbas, Cabir Qurbanov və mən dəfələrlə birlikdə olmuşuq..xudmani yemək və söz məclislərində..Bir dəfə də aşıq dostumuz İlham Aslanbəylini də götürüb, təbii ki öz sazı ilə bərabər, gözəl bir guşədə, dördlükdə sazlı-sözlü bir məclis yaratdıq. Bəlkə də dörd saatdan çox davam edən bu məclisin sonunda Aşıq İlham Aslanbəyli bircə cümlə dedi:
-Dostlar mən neçə-neçə böyük məclislərdə, toylarda, ad günlərində olmuşam..Amma açığını deyim ki, bu məclisin dadını-duzunu, gözəlliyini və mədəniyyətini heç bir yerdə görməmişəm..Var olun. Bunu niyə yazdım? Səbəbini açıqlayıram:
-Mənə bu gün maraqlı gələn odur ki, Cabir nə orda, nə də başqa vaxtlarda özünün şeir yazdığını demədi.Ən azı bir dost kimi, bir qohum kimi bunu deməliydi axı. Bu da şairin çox yüksək intellektə malik olduğunu göstərir..Bu gün isə mən bu yazımı ürəklə yazıram.Hələ Cabirin özünün də xəbəri yoxdur bu yazımdan. İnşallah statusda paylaşanda yəqin ki sürpriz olacaq. Çün ki, bu yaradıcılıq da Kəlbəcər mənəviyyatının tərkib hissəsidir. Hər bir gözəl şairin balaca bir kitabını mən Kəlbəcərin poeziya abidəsinə bir kərpic hesab edirəm.
Yenə də qayıdaq şairin şeirlərinə,onun poeziyasına.
Cabir Qurbanov mövzu cəhətdən heç vaxt çətinlik çəkmir. Bunu müxtəlif çalarlarda yazdığı dolğun şeirlərindən görmək olar. Ürəyi Vətən eşqi ilə çırpınan bir şairin bir şerinə də birlikdə nəzər salaq:
Tanrım, Sənə eyləyirəm əmanət,
Doğma yurdda əsir qalan eşqimi.
Doğulub, dünyaya heç gəlməmişdən,
Məni intizara salan eşqimi.
İndi əlim çatmır, qalıb uzaqda,
Qayıtmaz, nə qədər arzulasaq da.
Buz tutub boranda, qarda-sazaqda,
Gül kimi saralıb-solan eşqimi.
Başımız dünyada çəkmədi nələr?!
Həyanım tək-tənha zülmət gecələr.
Heç rahat buraxmır xoş xatirələr,
Səmirsiz uyğuya dalan eşqimi.
Gah alova dönər, məni yandırar,
Gahdan da buz kimi kəsər, dondurar.
Kim təsəlli verər, kim ovundurar,
Ağlayıb saçını yolan eşqimi?!
Acılı-şirinli xatirələrin,
Dərdi var sinəmdə, dərindən dərin.
Bir sual beynini didir Cabirin:
Görəsən nə etdi yalan, eşqimi?!
İnsanda ən böyük eşq Allah eşqidir. Ondan sonra Vətən eşqi, Ana eşqidir. Allah hər birimizdən bu eşqi əsirgəməsin. Cabirin şeirlərini oxuyanda onun sözə necə səmimiyyətlə, necə məsuliyyətlə yanaşdığının şahidi olursan. Belə şairlər anadangəlmə şairlər adlanır. Elə kökdən də, nəsildən də şairlik belə olur. Cabir Qurbanov Ulu bir şəcərənin, böyük bir məktəbin irsi daşıyıcısıdır. Bu nəsil Miskin Abdal şəcərəsinin davamı olan Kəlbəcər qoludur ki, Ağdabanlı Şair Qurban, onun oğlu, hələ sağlığında Dədə titulu almış Dədə Şəmşir, Dədə Şəmşirin oğlu, şair Ovçu Ələsgər və nəhayətdə Ovçu Ələsgərin oğlu Cabir Qurbanovdur. Bu məqamda oxuculara bir xatırlamam da var. Dədə Şəmşirin həyat yoldaşı Güllü xalamız isə Şıx Vəli, Yəni Molla Vəli Vidadinin nəslindəndir. Nəsildən-kökdən gələn şairlik belə olmalıdır. Ölənlərə rəhmət, qalanlara can sağlığı arzulayıram.
Cabir Qurbanovun Babamıza ünvanladığı şeri də təqdirə layiqdir. Adı Azərbaycanımızın Klasikasına qızıl həriflərlə yazılmış Babamızın Ruhuna yaraşan bir şeir. Var ol, qardaş...Ruhu şad olsun Dədəmizin:
Gəlmişəm dünyaya Pir Ocağında,
İsmimi özündən almışam, Dədə.
Sinəm bir qaynayan billur bulaqdı,
Nurumu gözündən almışam, Dədə.
Gülü çəmənindən, barı bağından,
Eşqi ürəyindən, qarı dağından,
Saf, təmiz ilqarı etibarından,
Yolumu izindən almışam, Dədə.
Yarın həyanısan, dostun karısan,
Elimin-obamın şüx vüqarısan.
Xalqımın əbədi sənətkarısan..
İlhamı sözündən almışam, Dədə..
Daim əlimdədi, Haqqın kitabı,
Ondan öyrənmişəm salam-savabı.
Fəhmi, fərasəti, dözümü, tabı,
Taqəti- dizindən almışam, Dədə...
Cabirəm, doğrudan dönən deyiləm,
Tanrının gözündən yenən deyiləm...
Əbədi məşələm, sönən deyiləm,
Odumu közündən almışam, Dədə.
Bu yerdə rayonumuzun dəyərli ziyalısı elimizin-obamızın arxası, yolgöstərəni, Şəmşir ocağının odqoruyanı, gözəl şair Qənbər Şəmşiroğlunu yaddan çıxarmaq günah olar. Həmişə öz dəyərli məsləhətləri ilə, bizim hamımıza yol göstərib. Elə Cabir qardaşımızın kitabının çıxması məsləhətini də ağsaqqalımız eləyib. Allah uzun ömür və can sağlığı versin, ay Xalaoğlu, Dəyərli Ağsaqqalımız Qənbər Şəmşiroğlu...
Yenə də qayıdıram şairin yaradıcılığına. Onun gəraylılarında da ustadların nəfəsi duyulur:
Tüstüsü bol alovdansa,
Bir hənirli köz yaxşıdı.
Min yalançı bəhanədən,
Bircə dürüst söz yaxşıdı.
Ər igiddə vüqar ola,
Gözəldə namus-ar ola,
Əhdə təmiz ilqar ola,
Vədə doğru-düz yaxşıdı.
Uzağam fitnə-nağıldan,
Dövlətim-varım ağıldan.
Əlli biqeyrət oğuldan,
Bir qeyrətli qız yaxşıdı.
Gəraylı olsa da, gözəl ustadnamədi. “Əlli biqeyrət oğuldan, Bir qeyrətli qız yaxşıdı”..Zaman gələcək ki, bu beyt atalar sözü kimi yaddaşlarda qalacaq..Əhsən, qardaş:
Cabir gərək deyə hərdən,
Uzaq olun bədnəzərdən,
Haram noğuldan, şəkərdən,
Halal çörək-duz yaxşıdı.
Mayası halalıqdan yoğrulan bir nəsilin şair oğlu və onun şeriyyəti haqqında nə qədər desən xoş söz demək olar. Amma hər şey qədərində olanda daha gözəl olur. Bu məqamda yazıma xoş arzularla sonluq vermək daha gözəl olardı:
-Əziz dostum Cabir Qurbanov, sənə yeni-yeni yaradıcılıq uğurları arzulayıram. Allah bizi doğma yurd yerlərimizdə görüşdürsün. Mən inanıram ki, şeirlərin və kitabların seviləcək və böyük oxucu kütləsi qazanacaqsan.
Kəlbəcər poeziyasına hörmətlə: şair-publisist Yusif Hüseyn. Azərbaycan Yazıçılar birliyinin üzvü. “Qızıl Qələm” mükafatı laureatı
Comments