Kəlbəcər - divarları silsilə dağlar, bürcləri dağ zirvələri olan təbii bir qaladır. O möhtəşəm qalanın nədən belə asanlıqla düşmənə təslim olması, çoxlarımız kimi mənim üçün də bir müəmma, bir sirrdir. Artıq onun ermənilər tərəfindən işğalından düz 25 il, yəni əsrin dörddə biri qədər zaman keçir. Bəs görəsən, Aşıq Ələsgərin “Sərdara söz deməz, şaha baş əyməz, Qüdrətdən səngərli, qalalı dağlar.”-ı niyə bu qədər zamandır ki, işğal altındadır? Təbii ki, mən Kəlbəcərin, işğal altında olan digər torpaqlarımızın utancverici bu işğaldan azad olunacağına və o yerlərin sakinlərinin, Cocuq Mərcanlı camaatı kimi, öz yurd-yuvalarına qayıdaraq yeni həyata başlayacaqlarına inanıram, amma hələlik o yerləri unutmamaq və unutdurmamaq gərəkdir. Düzdür, oralarda doğulub boya-başa çatmış insanların yaddaşından həmin yerlər silinə bilməz, lakin ortada bir zaman amili var, o isə heç nəyə baxmadan axıb gedir...və torpaq həsrətli, vətən nisgilli insanları yavaş-yavaş aramızdan aparır, doğma yurd yerlərini bir daha görmədən haqqın dərgahına qovuşdurur. Onlardan biri də bu yaxınlarda dünyasını dəyişmiş tələbə yoldaşım, dəyərli insan, AMEA-nın Geologiya və Geofizika İnstitutunun aparıcı elmi işçisi, geologiya-mineralogiya elmləri namizədi Əzim Salahov idi. O, Dəlidağın ətəklərində, Başlıbel kəndində anadan olmuş və orada da boya-başa çatmışdı. Başlıbel Kəlbəcərin ən böyük kəndi olmaqla bərabər, həm də rayonun ən ucqar, ən hündür və ən mənzərəli kəndlərindən idi. Amma Əzim o yerlərdən danışmağı xoşlamazdı, həssas adam olduğundan danışarkən xiffətini gizlədə bilmirdi, bu da ona əzab verirdi. Kəlbəcərin işğalı onu yaman sındırmışdı. Son illərdə ağır xəstəliyə tutulması bəlkə də müəyyən qədər torpaq nisgili, vətən həsrəti ilə əlaqədar idi. İnsanların da balıqlar kimi genetik yaddaşında doğulduğu, uşaqlığı keçən yerlərlə bir bağlılığı var. Hara getsə, harada yaşamasına baxmayaraq, ömrü böyu bir anlığa da olsa, o yerlərə qayıtmaq, o yerləri görmək, seyr etmək istəyir. Amma təəssüf ki, Əzim və yüzlərlə digər Qarabağlı, Kəlbəcərli soydaşımız o arzularına qovuşa bilmədi və Əzimin, üzərində həvəslə çalışdığı doktorluq dissertasiyası da Kəlbəcərə qayıtmaq arzusu kimi yarımçıq qaldı.
Əzim Dəlidağı, Tutqun dərəsini çox sevirdi, axı, ömrünün uşaqlıq və gənclik illəri o dağın ətəklərində, Tutqunçayın züm-zümələrini dinləməklə keçmişdi. Doğrudan da o yerləri sevmək, o yerlərdən ötrü darıxmaq üçün heç də Kəlbəcərli olmağa ehtiyac yoxdur, yetər ki bir dəfə görəsən. Mən də görmüşdüm, özü də dəfələrlə. Ötən əsrin 80-ci illərində Kəlbəcərdə, əvvəl tələbə kimi çöl təcrübəsi keçmişəm, sonra isə geoloq kimi bir neçə il geoloji-axtarış dəstələrində işləmişəm. Dağlarla da ilk dəfə Kəlbəcərdə yaxından təmas qurmuşam, onların vüqarına, əzəmətinə heyran olmuşam. İndi isə Dəlidağ, Keti, Sərçəli, Keçəldağ, Xocayurt və s. dağlar, Dilqəm və Şahbaz kimi, əsirlikdədir. Axı, buna necə dözək, necə üzülməyək!? Həqiqətən, Dəlidağı sevməmək olmaz. Hamar yamacları yamyaşıl, zirvəsi isə ilin əksər aylarında qarlı olur. O, Kəlbəcərin və ümumiyyətlə, Kiçik Qafqazın ən uca və ən möhtəşəm zirvələrindəndir, hündürlüyü 3616 m-dir. Konusvari görünüşü onun qədim geoloji dövrlərdə aktiv vulkan olduğundan xəbər verir, lakin son min illərdir ki, bu vulkan ocağı sönmüş və öz sakit həyatını yaşamaqdadır. Toponimin mənşəyi ehtimal ki, Dəlidağın ətrafında formalaşmış iqlimlə - hava şəraitinin gözlənilməz dəyişmələri, ətrafa qəfil çən-duman, qar-boran gəlməsi ilə əlaqıdardır. Yadımdadır, 1975-ci ilin iyun ayının əvvəlləri idi. Dəlidağ tərəflərdə qızıl yataqlarının axtarışı ilə məşğul olan geoloji dəstəmiz İstisudan təxminən 1-2 km yuxarıda, Tərtər və Bağırsaq çaylarının kəsişdiyi yerdə düşərgə salmışdı. Axtarış işlərimiz maraqlı, havalar da həmişəkindən isti keçirdi, lakin bir axşam hava kəskin dəyişdi, güclü külək əsməyə başladı, göy üzünü qara buludlar aldı, yağış, dalınca da şıdırğı dolu yağdı, havanın temperaturu xeyli aşağı düşdü. Səhər yuxudan duranda artıq hər tərəfdə sakitlik hökm sürürüdü, səma tər-təmiz idi, gün çıxmışdı. Gözlərimizə inanmadıq, Dəlidağ öz şıltaq xarakterini göstərmişdi: dağın başı xeyli aşağılara qədər dümağ qarla örtülmüşdü. Bu yerdə Dədə Ələsgərin “Dağlar” şeirinin:
“Üstünə nur yağsın, ay dəli Qoşqar!
Yayın ortasında yağdırırsan qar,”
- misraları yada düşür və nədən ünlü aşığın bu misraları Dəlidağ üşün demədiyini bilmək mənim üçün maraqlı olardı. Aradan 3-4 gün keçəndən sonra baş qeoloq, rəhmətlik Vaqif Ramazanovla Dəlidağın zirvəsi istiqamətində axtarışa çıxdıq. Bağırsaq dərəsi, sonra dağ yalları boyu qızıl saxlayan kvars damarları axtara-axtara təxminən 3300m hündürlüyə qədər qalxa bildik. Xeyli yorulmuş olsaq da qarşımızda açılan ecaizkar görüntü bizə hər şeyi unutdurdu: buradan digər dağ silsilələri, Taxta düzü, binələr, kəndlər, dərələr ovuc içi kimi görünürdü, aşağılar yamyaşıl, ətrafımız isə ağappaq qar idi. Təsəvvür edirsinizmi, iyun ayının ortası, aran yerləri istidən “od tutub yanır”, biz isə Dəlidağda təzə düşmüş qardan yeyir və qar üstündə sürüşürdük. İlk dəfə belə bir mənzərə ilə qarşılaşdığımdan bu, mənə hədsiz fantastik görünürdü.
Yeri gəlmişkən, qızıl axtarışı ilə bərabər, ərazidəki dağ süxurlarının radioaktivliyini də öyrənirdik. O ətraflarda süxurların radioaktivliyi ölkəmizin digər yerlərində olduğundan xeyli artıq idi, 50-60, istusu bulaqları çıxan yerlərdə isə 100-150 mkr/saata çatırdı və bu göstəricilər ərazidə uran yatağı olma ehtimalını artırırdı. Çay dərələri boyu bir neçə yerdə İstisu tipli bulaqların, hətta 10 metr yüksəkliyə fışqıran qeyzerlərın mövcudluğu qürurverici olsa da, külli müqdarda sərvətin axıb çaylara qarışması təəssüf hissi oyadırdı. Bəzən 50-60 C dərəcəli isti bulağın yanında, 5-10 m aralıda buz kimi sərin suyu olan başqa bir bulaq çıxırdı. Bu, mənə çox sirli, sehirli görünürdü və təbiətin bu möcüsəsinə heyran qalmamaq mümkün deyildi. Kəlbəcər torpaqları belə təbiət sirləri, möcüzələri ilə zəngindir. Onlardan biri də Vəng deyilən yerdə, Tərtərçayın sol sahilində dik dayanan və öz əzəməti ilə insanı valeh edən “dirək qayalar”dır. Bu tipli qayalar geoloji ədəbiyyatda “sütunvarı ayrılmalar” adlanır və onlar təbiətin ən möhtəşəm abidələrindən sayılır. “Dirək qayalar”a hər yerdə rast gəlmək olmur. Milyon illərlə öncə vulkan püskürməsi nəticəsində axan bazalt tərkibli lavanın tədricən soyumasından əmələ gələn belə daş sütunlar hər bir ölkədə təbiət abidəsi kimi qeydə alınır və dövlət tərəfindən qorunur. Yəqin çoxları bilmir ki, Kəlbəcərin “dirək qayaları” da Azərbaycanın təbiət abidələri siyahısında layiqli yerini tutmaqdadır. Bəli, Kəlbəcərdə insanı heyrətləndirə biləcək təbiət mənzərələri, abidələri yetərincədir. O cənnətməkan yerlər haqqında hafizəmə həkk olunmuş çoxlu şirin və məzəli xatirələrimi “Kəlbəcər, Qarabağ yaddan çıxmasın, unudulmasın” ideyasına dəstək olsun deyə, yeri gəldikcə dostlarla, tanışlarla və KİV səhifələrində oxucularla bölüşməyi özümə borc bilirəm. Bu günlərdə maraqlı bir faktla qarşılaşdım. Novruz bayramı ərəfəsində hansısa televiziya kanalında Azərbaycanın ən məşhur uşaq filmlərindən olan “Bir qalanın sirri” nümayiş etdirilirdi. Kanalı dəyişdirərkən təsadüfən, uşaqlıq illərində dəfələrlə sevə-sevə baxdığım bu nağıl-filmdəki tanış təbiət mənzərələri bir anlığa diqqətimi çəkdi. Alp çəmənlikləri, meşə, dağ çayı və s. gözəl görintülər, həmin kadrların Kəlbəcər rayonu ərazisində çəkildiyinə şübhə yeri qoymurdu. Xüsusən, filmin sonuna yaxın əsərin qəhrəmanı Elşən və Kamran babanın Kəlbəcərin yuxarıda qeyd etdiyim “dirək qayalar”ının altndan keçib getməsi kadrları mənim ehtimalımı təsdiqlədi. O möhtəşəm qayaları filmdə “canlı” görmək mənə xüsusi zövq verdi. Dərhal internet sıhifələrinə baş vurdum və hər şey aydın oldu. Film 1959-cu ildə Məmmədhüseyn Təhmasibin “Çiçəkli dağ” nağıl-pyesi əsasında rejissor Əlisəttar Atakişiyev tərəfindən çəkilmiş və filmdəki təbiət mənzərələri ilə əlaqədar kadrlar həqiqətən, Kəlbəcər və İsmayıllı dağlarında lentə alınmışdır. Allah Əlisəttar müəllimə qəni-qəni rəhmət eləsin, nə yaxşı ki, Kəlbəcərin o gözoxşayan mənzrələrini, xüsusilə də “dirək qayaları”nı filmdə əbədiləşdirib. Bu gün o yerlərə gedə bilməsək də belə kadrlara baxmaqla sanki həsrətimizə, nisgilimizə bir sığal çəkilir, bir sərinlik səpilir. Film-nağılda əlindən torpağı və suyu alınmış xalqın namuslu və qeyrətli övladlarının amansız və qəddar hökmdar Simnar xana, onun əlaltısı Göygöz kosaya qarşı mübarizəsindən danışılır. Əsərin qəhrəmanı Elşən qüvvətlidir, lakin həkim Eldostu ona başa salır ki, düşmənə qalib gəlmək üçün güc kifayət deyil, həm də elmli və bilikli olmaq gərəkdir. Filmdə həm də göstərilir ki, el gücü və xalqın birliyi, elmlə gücün birliyi şər qüvvələr üzərində zəfər çalır, minlərlə adama sevinc, xoşbəxtlik bəxş edir. Bəli, bu gün Kəlbəcər qalası, bütövlükdə Qarabağ Simnar xandan daha əzazil və Göygöz kosadan daha hiyləgər düşmənlərin əlindədir. Torpaqlarımızı xilas etməyin yolu xalqın və elmlə gücün birliyindən keçir və biz, Əzim Salahov, eləcə də minlərlə soydaşımızın arzusunun gerçəkləşməsi üçün buna mütləq nail olmalıyıq. Bakı, 24.03.2018
Rəşid Fətəliyev
geologiya-mineralgiya elmləri namizədi
Comments